Məhkəmə qərarları › İş №e-2-2(113)-3940/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3940/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3940/2024 17.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36 (otuz altı) manat ödənilməmiş borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 02 dekabr 2015-ci il tarixli, ***-**** saylı “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 36 manat ödənilməmiş borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 445.2.1, 445.2.2, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, şirkət qismində İddiaçı MMC ilə korporativ abunəçi qismində Cavabdeh MMC arasında 02 dekabr 2015-ci il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib, bu müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün sim kart paketləri ilə birlikdə 3 (üç) ədəd Qold nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və korporativ tarifə (2 saylı qoşma) uyğun olaraq xidmət haqqının vaxtlıvaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə korporativ nömrələrin hər birinin nominal dəyəri göstərilməklə aşağıdakı kimi bölünür: sadə nömrə paketi 10 (on) (ƏDV daxil) manat, gümüş nömrə paketi 50 (əlli) (ƏDV daxil ) manat, qızıl nömrə paketi 250 (iki yüz əlli) (ƏDV daxil ) manat və platinum nömrə paketi 1000 (bir min) (ƏDV daxil) manat. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində qeyd olunan korporativ nömrələrin sadə növü əvəzsiz olaraq təqdim olunur, digər növləri isə şirkətin mülahizəsinə əsasən ödənişli ola bilər. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azadılması korporativ abunəçinin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən şirkət korporativ abunəçiyə nömrələrdən istifadəni təmin etmək məqsədilə öz mülahizəsinə görə və ya korporativ abunəçinin birbaşa yazılı müraciəti və ya elektron məktubu əsasında yeni telefonlar, cihazlar, ödəmə və kontur kartı və ya digər rabitə xidmətləri təqdim edə bilər. Telefonların, cihazların, ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərin dəyəri müvafiq Qoşma(lar) ilə müəyyən edilir və təhvil-təslim aktı əsasında təqdim olunur.

6. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı, 2 saylı, 3 saylı əlavələr təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, CC 150 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 36 manat (30,51 manat + 5,49 manat 18% ƏDV) təşkil edir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

12. İddia tələbini Cavabdeh MMC-dən 36 manat ödənilməmiş borc məbləğinin tutulması təşkil edir.

13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh MMC-dən 36 (otuz altı) manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

14. Eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 36 (otuz altı) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 66 (altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar