Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3946/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdeh “X1 LTD” Şirkətinə qarşı cavabdehdən 40676,75 manat (23927,50 ABŞ dolları) məbləğində əsas borcun, 200,00 manat məbləğində mediasiya xərcinin, 214.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 700 manat məbləğində vəkil xərclərinin, cəmi 41791,49 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 40676,75 manat (23927,50 ABŞ dolları) məbləğində əsas borcun, 200,00 manat məbləğində mediasiya xərcinin, 214.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 700 manat məbləğində vəkil xərclərinin, cəmi 41791,49 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, cavabdeh, hüquqi ünvanı Şri Lanka, No. 26 B, 1 Floor, Alwis Place, Colombo 03, Sri Lanka olan “X1 LTD” Şirkəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu işlərin siyahısı nəzərdə tutulmuşdur ki, hazırki iş tərkibinə görə həmin siyahıda nəzərdə tutulmamışdır. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, hazırki mübahisə "xxxx" MMC ilə “X1 LTD” şirkəti arasında yaranmışdır və hazırki iddia İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli 02 nömrəli “Tapşırıq müqaviləsi”nə əsasən qaldırılmışdır. Buna görə də mübahisəyə baxılmasının aidiyyət qaydaları mübahisənin yarandığı "xxxx" MMC ilə “X1 LTD” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/ACG-40 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilənin tələblərinə uyğun baxılmalıdır. Həmin müqavilənin 5.2-ci bəndində tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı məsələlərin iddiaçı tərəfin ölkəsinin ticarət qanunlarına müvafiq olaraq Ticarət və Sənaye Palatasında (Milli Ticarət Palatasında) beynəlxalq ticarət arbitrajında baxılması nəzərdə tutulmuşdur. Yəni göstərilən tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlməmişlər. Habelə, göstərilən müqavilənin tərəflərini nəzərə aldıqda iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 LTD” Şirkətinə qarşı cavabdehdən 40676,75 manat (23927,50 ABŞ dolları) məbləğində əsas borcun, 200,00 manat məbləğində mediasiya xərcinin, 214.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 700 manat məbləğində vəkil xərclərinin, cəmi 41791,49 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3946/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3946/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver