Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4009/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 2440.00 manat əsas borc, gecikməyə görə 207, 40 manat manat, hüquqi yardım üçün 320 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3017 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 yanvar 2024-cü il tarixində “korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə” dair BH- 3590000 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir; yəni Sifarişçiyə daxili və beynəlxalq sərnişin daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, beynəlxalq və yerli tədbirlərin təşkili işlərinin görülməsi, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və Tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri (bundan sonra birlikdə “Xidmətlər” adlandırılacaq) göstərməklə bağlı və həmin müqavilənin 3.7- ci maddəsinə əsəasən, İcraçı göstərdiyi Xidmətlər üçün hesab fakturaları təqdim edəcək və Sifarişçi hesab fakturanı aldığı andan 3 bank günü ərzində onları ödəməklə bağlı öz üzrəinə öhdəlik götürür. Belə ki, 2024-cü ilin aprelayının 25-nə qədər cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan borcun məbləği 2440.00 manat əsas borc, gecikməyə görə 207,40 manat manat müəyyənləşdirilmişdir. İddiaçı əlavə olaraq, hüquqi yardım üçün 320 manat ödəyərək xərc çəkmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş sübutlarla yanaşı təqdim edilmiş vatsapp yazışmaları və qarşı tərəfin məhkəmə iclasına gəlməməsi və iddiaya münasibət bildirməməsi də iddia tələbinin əsaslılığını təsdiq edir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən bir dəfə sifariş daxil olmuş, həmin sifariş üzrə cavabdehin əməkdaşları üçün iki bilet alınmış, lakin göstərilmiş xidmətin dəyəri ödənilməmişdir. Cavabdehin sifarişləri, bilet alınacaq işçilərin şəxsiyyət vəsiqələri cavabdeh tərəfindən iddiaçıya vatsapp proqramı vasitəsilə təqdim edilmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 08 yanvar 2024-cü il tarixində “korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə” dair BH- 3590000 saylı xidmət müqaviləsinə görə icraçı sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir; yəni Sifarişçiyə daxili və beynəlxalq sərnişin daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, beynəlxalq və yerli tədbirlərin təşkili işlərinin görülməsi, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və Tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Xidmətlər Sifarişçinin yazılı (həmçinin elektron vasitələrlə göndərilmiş) Sifarişi əsasında göstəriləcək.
9. Müqavilənin 1.3-cü bəndinə görə icraçı sifariş aldıqdan sonra 1 (bir) iş günü ərzində sifarişçiyə səyahət təklifi təqdim etməlidir. Sifarişçi səyahət təklifini aldıqdan sonra 1 (bir) iş günü ərzində onu təsdiqləməli və ya şərh bildirməlidir. Səyahət təklifi təsdiq edildikdən sonra sifarişin və səyahət təklifinin şərtləri Tərəflər arasında razılaşdırılmış hesab edilir və hər iki Tərəf üçün məcburidir.
10. Müqavilənin 3.9-cu bəndinə görə sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda, icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0.1% həcmində cərimə sanksiyası tətbiq edəcəkdir.
11. 7712935732612 nömrəli elektron biletdən görünür ki, Əliyeva Fərqanə adlı sərnişinə xx.xx.2024-cü il tarixli uçuş üçün aviabilet alınmış və bunun üçün 1220 manat məbləğində ödəniş edilmişdir.
12. 7712935732611 nömrəli elektron biletdən görünür ki, Qanuni nümayəndə adlı sərnişinə xx.xx.2024-cü il tarixli uçuş üçün aviabilet alınmış və bunun üçün 1220 manat məbləğində ödəniş edilmişdir.
13. İddiaçı tərəfindən təqdim edilmiş invoysa görə cavabdehə 2440 manat məbləğində xidmət göstərilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2401 00504168 nömrəli 2440 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, BH- 3590000 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2440 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğu üün təmin edilməli, cavabdehdən 2440 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 207,40 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 120 manat müəyyən edilməlidir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2440 manat məbləğində əsas borc, 120 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Bundan başqa, iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.
31. Belə ki, xx.xx.2024-cü il tarixli, İB**********_408742_240827 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “De Fendo” Vəkil Bürosunun hesabına 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 40 manat dövlət rüsumu cavabdehə, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2440 manat əsas borc, 120 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 40 manat dövlət rüsumu, ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova