Məhkəmə qərarları › İş №e-2-2(113)-4020/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4020/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4020/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli Xidmət Müqaviləsi üzrə 90988,92 manat məbləğində əsas borc, 2365 manat məbləğində cərimə və 2350,56 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məbləği olmaqla, ümumilikdə 95704,48 manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 380,12 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra icraçı adlanacaq) ilə Cavabdeh MMC (bundan sonra sifarişçi adlanacaq) arasında 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə görə icraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş xidmətlərin aparılması (bundan sonra xidmətlər adlanacaq), sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra xidmət haqqı) ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə qiymətlərin razılaşdırılması protokolunda xidmətlərin təsviri və qiyməti qeyd olunmalıdır. Sözügedən müqavilənin 2.1ci bəndinə görə müqavilə üzrə xidmət haqqı qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq hesablanır. İcraçı (qiymətlərin razılaşdırılması protokolunda başqa şərtlər nəzərdə tutulmayıbsa) yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktını təmin etdikdən sonra sifarişçiyə hesab-faktura və elektron-qaimə faktura təqdim edir. Sifarişçi (qiymətlərin razılaşdırılması protokolunda başqa müddət göstərilməyibsə), ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirir. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1%-i həddində cərimə ödənilməsini tələb edə bilər. Tərəflər arasında imzalanmış müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş kabel tavaların yanğından mühafizəsi və izolyasiyası üzrə xidmətlərin aparılması 1 m2 üçün məbləğ vergilər daxil 36 manat qeyd edilmişdir. 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışa əsasən icraçı tərəfindən görülmüş xidmətin haqqı 90988,92 manat təşkil etmişdir. Qeyd edilən arayış tərəflər arazında imzalanmaqla öz təsdiqini tapmışdır. Eyni zamanda 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışa əsasən həmin arayışda qeyd edilmiş xidmətlər icraçı tərəfindən 2023-cü ilin 04 avqust tarixindən 14 sentyabr tarixi daxil olmaqla yerinə yetirilmiş və həmin xidmətin ümumi dəyəri ƏDV (18%) daxil olmaqla 90988,92 manat təşkil etmişdir. Qeyd edilən arayış tərəflər arasında imzalanmaqla öz təsdiqini tapmış və həmin arayış sifarişçi Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində imzalanmaqla təhvil alınmışdır. Göründüyü kimi, icraçı İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, göstərilən xidmətə görə məbləğin ödənilməsinə dair üzərinə düşən öhdəliklərini icra etməmişdir. Yekun olaraq müqavilə üzrə tərtib edilmiş arayışlara əsasən görülmüş xidmətlərin haqqı Cavabdeh MMC tərəfindən ödənilməmiş və ümumilikdə 90988,92 (ƏDV 18% daxil) manat məbləğində borcu bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Müqavilə və həmin müqaviləyə əlavə üzrə Cavabdeh MMC-yə göstərilən xidmət tam vaxtında və qüsursuz yerinə yetirilmiş, lakin göstərilən xidmətin müqabilində heç bir ödəniş edilməmişdir. Sifarişçi Cavabdeh MMC tərəfindən qeyd edilən arayış, həmçinin ödəniş tapşırığı xx.xx.2023-cü il tarixindən təhvil alınmaqla, öz imzası ilə təsdiq edilmişdir. Lakin yuxarıda qeyd edilən 30 (otuz) təqvim günü ərzində, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət ərzində Cavabdeh MMC tərəfindən borc ödənilməmiş olaraq qalmışdır. Belə olan halda görünür ki, gecikdirilmiş vaxt üçün illik hesablanan faiz məbləği xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını rəhbər tutaraq qeyd edir ki, Cavabdeh MMC-nin 11 iyul 2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 2350,56 manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 449, 462.1, 752.1-ci maddələrinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:

4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiada qeyd olunan müqavilə üzrə hesablanmış borcla razı deyillər. Belə ki, cavadehin iddiaçıya borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişikliklər baş vermişdir. Şirkətin direktoru xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni direktor təyin edilmişdir. Bununla bağlı şirkətdə təhvil-təslim prosesi başlanılmışdır və təhvil-təslim prosesi davam edir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən irəli sürülən ƏDV daxil 90988,92 manat əsas borc tələbinə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla, bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin xidmət haqlarında uyğunsuzluqlar olduğundan cavabdeh həmin göstərilən xidmətlərin real xidmət haqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmiş və qiymətləndirmə rəyini almışdır. Qiymətləndirmə rəyinin nəticələrinə görə iddiaçının müqavilə üzrə cavabdehdən tələb etdiyi 90988,92 manat əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 45-50% artıq göstərilmişdir. Ehtimal olunur ki, sövdələşmə olmuşdur. İddianın qismən, tələb edilən əsas borc məbləğinin 45-50% aşağı hesablanan hissəsində təmin olunmasına etiraz etmir.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, **********724 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədəki qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş xidmətlərin aparılmasını (bundan sonra xidmətlər adlanacaq), sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləğini (bundan sonra xidmət haqqı) ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən qiymətlərin razılaşdırılması protokolunda xidmətlərin təsviri və qiyməti qeyd olunmalıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq hesablanır. İcraçı (qiymətlərin razılaşdırılması protokolunda başqa şərtlər nəzərdə tutulmayıbsa) yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış tǝhvil-tǝslim aktını təmin etdikdən sonra sifarişçiyə hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Sifarişçi (qiymətlərin razılaşdırılması protokolunda başqa müddət göstərilməyibsə), ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludurlar. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1.-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1% (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz. Cərimənin məbləği 5%-ǝ (beş faizə) çatdıqda icraçı bu müqaviləni ləğv etmək hüququna malikdir.

7. Xidmət müqaviləsinə 1 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, kabel tavalarının yanğından mühafizəsi və izolyasiyasının 1 m2 dəyəri 36 manat təşkil edir. Həmçinin Əlavənin 1-ci bəndinə əsasən xidmətlər bu Müqavilə imzalandqıdan sonra 28 təqvim günü ərzində yerinə yetirilməlidir; 3-cü bəndinə əsasən içracı 1 iş növbəsi ərzində ən azı 143 m2 izolyasiya xidmətlərini təmin etməlidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Xidmət müqaviləsinə 2 nömrəli əlavə ilə tərəflərin məsuliyyəti müəyyən edilmiş, məsuliyyətin təsviri Əlavədə öz əksini tapmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülən işlərin ümumi dəyəri (elektrik və instrument kabel tavalarının oda davamlı izolyasiyası) 90988,92 manat təşkil edir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan görünür ki, görülən işlərin ümumi dəyəri 90988,92 manat təşkil edir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 596141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 90988,92 manat (ƏDV daxil) təşkil edir.

12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də (həmin hal işin mübahisəsiz halıdır), cavabdeh podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçının cavabdehin qəbul etdiyi xidmətin əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə xidmətin göstərilməsi, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimə, tərəflər arasında tərtib edilmiş arayışlar və s.) öz təsdiqini tapır.

16. İddia tələbininin bir hissəsini cavabdehdən 90988,92 manat borcun iddiaçının xeyrinə tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalan 90988,92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş, tərəflərin imza və möhürü ilə təsdiq edilmiş arayışlar və digər sübutlarla öz təsdiqini tapır.

18. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş, lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödənilməli 90988,92 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydə qeyd edilmişdir ki, kabel tavalarının yanğından mühafizəsi və izolyasiyasının 1 m2 material xərci (ƏDV daxil və işçilik haqqı ilə birlikdə) 19,18 manat təşkil edir.

19. Məhkəmənin qənaətinə əsasən qiymət razılaşma protokolu və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi arasındakı fərqlər 90988,92 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.

20. Bundan əlavə iddiaçı cavabdehdən 2365 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

21. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən sifarişçi öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği tam şəkildə təmin edilməli, 2365 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə 2350,56 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin olunmalı, gecikdirilmiş 188 günə uyğun olaraq 2343,27 manat (90988,92x5:100:365x188=2343,27) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

24. Eləcə də, iddiaçı hüquqi yardıma görə ödənilmiş 1000 manatın və ödənilmiş 380,12 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

25. Məhkəmə hesab edir ki, 700 (yeddi yüz) manat hüquqi yardım xərci və dövlət rüsumunun əvəzi olaraq 377,12 manat (iddia verilərkən ödənilməli olan dövlət rüsumu) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 90988,92 manat (doxsan min doqquz yüz səksən səkkiz manat doxsan iki qəpik) əsas borc, 2365 (iki min üç yüz altmış beş) manat cərimə, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 2343,27 manat (iki min üç yüz qırx üç manat iyirmi yeddi qəpik), 700 (yeddi yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 377,12 manat (üç yüz yetmiş yeddi manat on iki qəpik) olmaqla, cəmi 96774,31 manat (doxsan altı min yeddi yüz yetmiş dörd manat otuz bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar