Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4029/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbi üzrə Açar sözlər: zərərin ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, MASTERCARD İNTERNATİONAL-ın vo VİSA İNTERNATİONAL-ın üzvü kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan Bank, müəssəisəni vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bank, kartlarla aparılmış əməliyyatların müqabilində bu müqavilənin 3.1 və 3.4-cü bəndlərində göstərilən komisyon haqqını müəssisəyə çatası pul məbləğindən çıxdıqdan sonra qalan məbləği müəssisənin müvafiq bank hesabına köçürür. Müqavilənin: 1.1. 2.3.19-cu bəndinə əsasən, Müəssisə POS terminallar vasitəsi ilə Maestro və Visa Electron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsi ilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞEN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır. 1.2. 3.1-ci bəndinə əsasən, bank tərəfindən müəssisədən tutulan komisyon haqqı (bank komissiyası) xarici ölkələrin prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə əməliyyat məbləğinin 3.5%-i, AFB Bankda və ölkədaxili prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyat məbləğindən isə 2% təşkil edir. 1.3. 5.1-ci bəndinə görə Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə əsasən məsuliyyət daşıyırlar.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixə aid 100034 nömrəli qəbzlə (kartla ödəmə satış) “Elit” TM-dən 512211******8941 nömrəli kart hesabından ödənilməklə 3550 manat, xx.xx.2022-ci il tarixə aid 100043 nömrəli qəbzlə (kartla ödəmə satış) “Elit” TM-dən 539231******0590 nömrəli kart hesabından ödənilməklə 4500 manat alqı-satqı məliyyatı aparılmışdır.
3. İngilis dilindən tərcümə edilmiş “Mübahisəli əməliyyat bəyanatı” adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə “Elit” TM-dən 3550 manat dəərində ödəniş əməliyyatı edilmişdir. Eləcə də, ingilis dilindən tərcümə edilmiş “Mübahisəli əməliyyat bəyanatı” adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə “Elit” TM-dən 4500 manat dəərində ödəniş əməliyyatı edilmişdir. Hər iki “Mübahisəli əməliyyat bəyanatı” adlı sənəddə də qeyd edilir ki, kart sahibi yuxarıda adı çəkilən ticarət mərkəzində heç vaxt olmamışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı 4.735,3 ABS dollarl məbləgində borc və borclunun icranı gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydaslnda — illik 5% olmaqla) 527,43 ABS dollari məbləgində pulun Azorbaycan Respublikası Mərkəzi Bankənın ödoniş gününə müəyyən etdiyi manat məzənnəsinə uygun cavabdehdən onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya müraciət edərək ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərdiyi (Elit Ticarət Mərkəzi) obyektdə ekvayrinq xidmətləri üçün POS-terminal quraşdırılmasını xahiş etmiş və Bankla bağlanmış, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən həmin ünvanda yerləşən ticarə mərkəzində ekvayrinq xidmətləri üçün iddiaçının 73502300 nömrəli POSterminalı quraşdırılmışdır. Aşağıda qeyd olunan tarixlərdə POS-terminalda SamsungPay xidmətindən istifadə edilməklə aparılan əməliyyatlar kart sahibi tərəfindən etiraz (chargeback) verilərək mübahisələndirilmişdir: Mastercard 51221****8941 ELİT TM xx.xx.2023 xx.xx.2023 2088.2 usd 73502300 Servismat MMC X2 və Mastercard 53923****0590 ELİT TM xx.xx.2023 xx.xx.2023 2647.1 usd 73502300 Servismat MMC X2. Əməliyyatın həqiqətən kart sahibi tərəfindən aparıldığına dair təsdiqedici sənədləri cavabdeh Banka təqdim etmədiyi üçün X1 Mastercard tərəfindən kart sahibinin etirazı təmin edilmiş və aparılan əməliyyatların məbləği 4.735,3 ABŞ dolları iddiaçıdan tutulmuşdur. Cavabdehlə bağlanan müqavilənin 2.3.19-cu bəndinə görə “Müəssisə POSterminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞEN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır”. Müqavilənin 5.1-ci bəndinə görə Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə əsasən məsuliyyət daşıyırlar.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçının nümayənəsi ərizə ilə məhkəməyə müraciət eədərk onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmşdir.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
17. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. İddia ərizəsindən, iş materiallarından görünür ki, tərəflər arasında Mastercard və VİSA beynəlxalq ödəniş sistemlərindən istifadə etməklə bank xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı cavabdehin fəaliyyət göstərdiyi “Elit” TM-də yerləşən mağazasında (obyektində) ekvayrinq (ticarətçilər tərəfindən kartla ödənişlərinin qəbul edilməsi, sonradan həmin ödənişlərin bank hesabına köçürülməsi) xidmətinin göstərilməsi üçün özünün POS terminlallarını quraşdırmışdır.
25. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus POS terminlal vasitəsilə cavabdehə məxsus “Elit” TM-də yerləşən mağazadan əvvəlcə (xx.xx.2022-ci il) 3550 manat, daha sonra isə (xx.xx.2022-ci il) 4500 manat pul dəyərində alı-veriş üçün ödənişlər edilmiş, sonradan müəyyən edilmişdir ki, həmin ödənişlər Taivan vətəndaşının 5122 1188 8405 4158 nömrəli (3550 manat) və 5242 5562 2800 9641 nömrəli (4500 manat) kart hesabından çıxılmaqla həyata keçirilmişdir. Taivan vətəndaşı tərəfindən xx.xx.2022-ci il tarixdə “Mübahisələndirilmiş əməliyyat üzrə ərizə/bəyanat” (Affidavit of dispute tranzaction) ilə ona xidmət göstərən E. SUN BANK-a iki müraciət edilmişdir. Hər iki müraciətin ingilis dilindən tərcüməsində də qeyd edilmişdir ki, kart sahibi yuxarıda adı çəkilən “Elit” TM-də heç vaxt olmamışdır.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2023-cü i tarixdə iddiaçıdan 250101 CHARGEBACK- MV (bank kartı ilə edilmiş ödənişin müştərinin etirazı əsasında (təmin olduğu halda) geriyə qaytarılması) hesabı üzrə 4500 manat və 3550 manat pul (CBK 113-ELİT TM CB LOST, qarşı hesab ***-*******6-9002, Alan/Göndərən bank – AFB Bank ASC) iddiaçıdan tutularaq Taivan vətəndaşının hesabına köçürülmüşdür.
27. Şərh edilənlərdən də göründüyü kimi, cavasbdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymiş, araşdırma üçün lazımı sənədləri vcaxtında verilməməsi nəticəsində iddiaçının hesabından pul vəsaiti silinərək Taivan vətəndaşının hesabına qaytarılmışdır.
28. Tərfəflər arasında bağlanmış xx.xx.2022-i ci il tarixi müqavilənin 2.3.19-cu bəndində də qeyd edilmişdir ki, Müəssisə POS terminallar vasitəsi ilə Maestro və Visa Electron növlü kartlara xidmət göstərərkən Chargback halları baş verərsə (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə, yəni iddiaçı daşıyacaqdır.
29. Mülki Məcəllənin 443.1-ci maddəsinin mənasından da görünür ki, müqavilə şərtləri çərçivəsində öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 21-ci maddəsində zərər həm pozulmuş hüququnu bərpası üçün çəkilmiş və ya çəkilməli olan xərclərin bərpasını, həm hüquq sahibinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, həm də əldən çıxmış fayda formasında hüquq sahibinin düşdüyü zərəri ehtiva edir. Cavbdehin hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixdə Taivan vətəndaşının hesabına çıxılan pul vəsaiti həcmində iddiaçı əmlakından (pul vəsaiti formasında) məhrum olmuş və nəticədə maddi zərər çəkmişdir. Odur ki, iddia tələbi 4735,3 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
30. Lakin məhkəmə hesab edir ki, iddia tələbi illik 5% nisbətində faizin tutulması hissəsində qismən təmin edilməldir. Belə ki, adi riyazi hesabla ilə müəyyən edilir ki, 4735,3 ABŞ dolları məbləğində pulun illik 5% nisbətində həcmi 236,76 ABŞ dollarına bərabərdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia qimən təmin edilməklə, iddiaçıya məxsus pul vəsaitini ödəməməyə görə cavabdehdən bir il müddəti üçün 236,76 ABŞ dolları məbləğndə pul tutulmalıdır.
31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində kreditorun illik beş faiz nisbətində pul tələbi irəli sürməsi üçün iki şərt müəyyən edilmişdir: kreditrorun pul vəsaitinin borcluda olması və borclunun həmin pul vəsaitini vaxtında qaytarmaması (gecikdirməsi). Hər iki şərtin mövcudluğu iş materilları ilə müəyyən edilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4735,3 ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla), həmin pul vəsaitinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5% nisbətində hesablanmaqla 236,76 ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) məbləğində pul və ödənilmiş 109 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı