Məhkəmə qərarları › İş №e-2-2(113)-4032/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4032/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4032/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "X1" MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "X1" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC cavabdeh "X1" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış №-20230303-001 saylı Xidmətlərin Göstərilməsi haqqında müqavilə əsasında yaranmış ƏDV daxil 60.036,99 manat məbləğində olan borcun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, müqavilənin 11-ci bəndinə əsasən borcun ödənilməsinin 676 təqvim günü gecikdirilməsi səbəbindən hesablanmış 44.641 məbləğində cərimənin, ümumilikdə 110.677,99 məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin uzunmüddətli ödəniş gecikdirməsi nəticəsində iddiaçı şirkətə dəymiş maddi zərəri və maliyyə itkilərini nəzərə alaraq 5.000 kompensasiya, 7.184,55 real zərərin əvəzi, 302 manat məhkəmə rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında №- 20230303-001 saylı xx.xx.2023-cü il tarixli Xidmətlətin Göstərilməsi Müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilələrin 2.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya Bakı şəhərində yerləşən “Digah su anbarı” layihəsində sistemlərin quraşdırılmasına dair işlərin görülməsini sifariş etmişdir. Sözügedən Müqavilələrdə qeyd olunan işlər icraçı tərəfindən tam və vaxtında icra edilərək tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDB 579265 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 2278,82 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDD 900447 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 1709.11 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDD 899681 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 511.53 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDH 090675 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 2596 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDİ 301277 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 11693,80 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDİ 305300 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 20052,84 manat, xx.xx.2023-cü il tarixli olan Təhvil-təslim Aktı və EBDJ 021917 saylı Elektron qaiməyə uyğun olaraq Sifarişçinin İcraçı qarşısında ədv ilə birlikdə 31647,55 manat borcu yaranmışdır. Təhvil-təslim Aktılarına əsasən sifarişçiyə təvhil verməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Müqavilələrin 4.4-cü bəndinə əsasən sifarişçi tərtib olunmuş təhvil-təslim aktına əsasən ödənişləri vaxtında icraçının bank hesabına köçürməlidir. Lakin sifarişçi görülmüş işlərə görə icraçıya heç bir ödəniş etməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X1" MMC (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında xx.xx.2023-cü il tarixində 20230303_001 saylı xidmət müqaviləsi bağlanmışdır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə "xxxx" MMC tərəfindən "X1" MMC müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də qeyd olunmuş xidmətləri əhatə edir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti müqavilənin tərkib hissəsi olan İcraçı və Sifarişçi tərəfindən razılaşdırılmış Qiymət Protokolu əsasında təyin olunur.

11. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi icraçının müqavilə üzrə görülmüş işlərin qəbul edilməsini və dəyərinin vaxtında ödənilməsinin təmin etməsini öhdəsinə götürür.

12. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər xidmətlərin adı, miqdarı, ölçü vahidi, qiyməti barədə Qiymət Protokolunu təsdiq etmişlər.

13. Müqaviləyə 2 nömrəli Əlavə ilə tərəflər işlərin podratçı tərəfindən 06 dekabr 2021-ci il tarixdən başlayacağı və 100 təqvim günü ərzində bitməsinin planlaşdırılması barəsində razılığa gəlmişlər.

14. Müqavilə və ona Əlavə tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.

17. Belə ki, iş materiallarına əlavə edilmiş 01 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və xx.xx.2023-cü il tarixli Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 2.278,82 manat məbləğində işlərin, xx.xx.2023-cü il tarixli 02 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 1.709,11 manat məbləğində işlərin, xx.xx.2023-cü il tarixli 03 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 511,53 manat məbləğində işlərin, xx.xx.2023-cü il tarixli 04 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 2.596,00 manat məbləğində işlərin, xx.xx.2023-cü il tarixli 05 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 11.693,80 manat məbləğində işlərin xx.xx.2023-cü il tarixli 06 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 20.052,84 manat məbləğində işlərin, xx.xx.2023-cü il tarixli 07 saylı Xidmət Qiymətinin Razılaşdırılma Protokolu və Yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən tərəflər 31.647,55 manat məbləğində işlərin "xxxx" MMC tərəfindən yerinə yetirildiyini, "X1" MMC şirkətinə təhvil verildiyini, "X1" MMC tərəfindən qəbul edildiyini təsdiq etmişlər.

18. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBDB seriyalı, 579265 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 2.278,82 manat, EBDD seriyalı, 899681 nömrəli, xx.xx.2023cü il tarixli dəyəri 511,53 manat, EBDD seriyalı, 900447 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 1.709,11 manat, EBDH seriyalı, 090675 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.596 manat, EBDİ seriyalı, 301277 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 11.693,80 manat, EBDİ seriyalı, 305300 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 20.052,84 manat, EBDJ seriyalı, 021917 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 31.647,55 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

19. Göründüyü kimi, iddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri, 70.489,65 manat təşkil edir.

20. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya görülümüş işlərə görə xx.xx.2024-cü il tarixdə 021917 saylı elektron qaimə əsasında 4.827,59 manat, xx.xx.2024-cü il tarixdə 579265 saylı elektron qaimə əsasında ƏDV üzrə 347,62 manat, 899681 saylı elektron qaimə əsasında ƏDV üzrə 78,03 manat, 900447 saylı elektron qaimə əsasında ƏDV üzrə 260,71 manat, 090675 saylı elektron qaimə əsasında ƏDV üzrə 396 manat, 301277 saylı elektron qaimə əsasında ƏDV üzrə 390,05 manat, ümumilikdə 6.300 manat pul ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işlər icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

22. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və 64.189,65 manat məbləğində pul (70.489,65-6.300) Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

24. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində, iddia qismən əsaslıdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 3.200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə hesab edir ki, iddia dəymiş maddi ziyanın əvəzi olaraq 5.000 manat məbləğində kompensasiyanın və 7.184,55 manat məbləğində real zərərin tələb edilməsi hissəsində təmin edilə bilməz.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

29. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

30. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

32. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 302 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

33. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun əvəzi olaraq 292,17 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 64.189 (altmış dörd min yüz səksən doqquz) manat, 65 (altmış beş) qəpik, cərimə borcu üzrə 3.200 (üç min iki yüz) manat, cəmi 67.389 (altmış yeddi min üç yüz səksən doqquz) manat, 65 (altmış beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292 (iki yüz doxsan iki) manat, 17 (on yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar