Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4039/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu Cavabdeh Mənzil-Tikinti Kooperativinə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 959/24 nömrəli müqavilə üzrə 19762,84 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,29 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdehin iddiaçıya müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Heydər Əliyev adına X3 yolunun sol tərəfində inşa olunacaq çoxmərtəbəli yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınaqlar ilə əlaqədar xx.xx.2024-cü il tarixli 959/24 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 58406,27 manat olan 959/24 nömrəli müqavilə üzrə 19762,84 manat bu günədək iddiaçınınhesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” xəbərdarlıq çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 959/24 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Heydər Əliyev adına X3 yolunun sol tərəfində inşa olunacaq çoxmərtəbəli yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini, cavabdeh isə həmin işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında görülmüş işlər 15 avqust 2024-cü il tarixli 1526/24 nömrəli və 1527/24 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbul aktları ilə təhvil alınmış, işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 19762,84 manat təşkil etmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli 959/24 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə görülən işlərin dəyəri olan 19762,84 manat borcun tutulmasını tələb edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 959/24 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
23. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
24. İddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.
25. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh göstərilən xidmətin dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
31. Belə olan halda, xx.xx.2024-cü il tarixli 959/24 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 19762,84 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı həmçinin ödənilmiş 149,29 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
33. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbz əsasında müəyyən olunur ki, 149,29 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Beləliklə, iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,29 manat məbləğində pul Cavabdeh MTKdan tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu ilə Cavabdeh arasında bağlanmış 20 may 2024-cü il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 19762,84 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,29 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova