Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4040/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Bakı Mühəndislik Universiteti” X4 Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bakı Mühəndislik Universiteti” X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 03 avqust 2021-ci il tarixli qrant müqaviləsi üzrə 9000 manat məbləğində pulun və ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: – 2020-ci ildə Təhsil Nazirliyi universtitetlərə yeni ixtisaslar üzrə qrant layihəsi təyin etmişdir. Layihə üzrə tenderin qalibi cavabdeh elan edilmiş və bu çərçivədə layihə qalibi tərəfindən 210 000 manat dəyərində layihənin Bakı Mühəndislik Universitetində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsi istiqamətində tərəflər arasında 03 avqust 2021-ci il tarixli QM-08/21 saylı qrant müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi, yəni iddiaçı magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni təhsil məzmunun yaradılması və tədrisin təşkili xidmətinin göstərilməsi üçün cavabdehə razılaşdırılmış xidmət haqqı ödəmək şərti ilə sifariş yerinə yetirməli idi. Cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada və zamanda magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (Sabah) qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili xidməti göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqının 210 000 manat təşkil etdiyi, ödənişin birdəfəlik və vaxtında bank yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. – Müqavilədə nəzərdə tutulan xidmətlər iki il müddətinə - xx.xx.2021 – xx.xx.2023cü il tarixlərində həyata keçirilməli idi. Yerinə yetirilən xidmətlərin haqqı da layihə başa çatıb təhvil-təslim edildikdən sonra iddiaçı tərəfindən cavabdehə ödənilməli idi. Lakin cavabdehin müraciəti əsasında iddiaçı müxtəlif müddətlərdə müxtəlif məbləğlərdə ödənişləri ödəmiş, cavabdeh də təhvil-təslimin layihə başa çatdıqdan sonra ediləcəyini bildirmişdir. Bu çərçivədə xx.xx.2022-ci il tarixində 75 956 manat, xx.xx.2023-cü il tarixində 46 274 manat məbləğlərində ödənişlər edilmişdir. Edilən ödənişlərdə (ödənişlərin hansı istiqamət üzrə edildiyi qarşı tərəfin göndərdiyi ödəmə təklifində ayrı-ayrı qeyd olunur) nəzərdə tutulan işlərlə, xidmətlərlə bağlı vəd verilsə də, daha sonra heç bir hesabat sənədi təqdim edilməmişdir. – Universitet rəhbərliyi qarşı tərəfin daha sonra müvafiq sənədləri təqdim edəcəyi ilə bağlı vədlərini nəzərə alaraq ümumi məbləğin 35%-ə yaxın bir hissəsini ödəmişdir. İkinci dəfə edilən ödənişdə isə əsasən işçilərin əmək haqları olduğu üçün yenə də universitet rəhbərliyi qarşı tərəfin tələb olunan sənədləri verməməsində işçilərin heç bir təqsirinin olmadığını nəzərə alaraq ödənişin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Layihə başa çatdıqda 87 769 manat məbləğ heç bir zəruri maliyyə hesabat sənədləri təqdim edilmədiyi üçün ödənilməmişdir. Bu istiqamətdə tərəflər arasında yazılı və şifahi dəfələrlə danışıqlar aparılmış, həm daha əvvəl avans olaraq edilmiş ödənişlərin, həm də ödənilməmiş hissədə zəruri hesabat təqdim ediləcəyi təqdirdə qalan ödənişin ediləcəyi bildirilmişdir. Uzun müddət davam edən danışıqlardan sonra qarşı tərəf ümumiyyətlə hesabat təqdim etməkdən yayınmış, hesabatın Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ediləcəyi bildirilmişdir. – Lakin bu yanaşmanın hüquqi və əsaslı olmadığı bildirilsə də, qarşı tərəf bu iddiasında qalmışdır. Belə ki, əgər təhvil-təslim edilmədən, heç bir hesabat verilmədən həmin vəsaitin olduğu kimi qarşı tərəfə köçürülməsi tələb olunsa idi, o zaman həmin vəsaitin Universitetin hesabına köçürülməsinin heç bir əhəmiyyəti olmazdı. Müvafiq dövlət qurumları tərəfindən məbləğ tam həcmdə birbaşa tenderin qalibi olan cavabdehin hesabına köçürülərdi. Qeyd olunan məsələ barədə qarşı tərəfin də iddialarını nəzərə alaraq, layihəni həyata keçirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, qeyd olunan layihə çərçivəsində maliyyə hesabatının onlar tərəfindən yoxsa universitet tərəfindən aparılmalı olduğu barədə münasibət öyrənilmişdir. Nazirliyin səlahiyyətli nümayəndəsi tərəfindən universitetin baş mühasibinə layihə çərçivəsində nəzərdə tutulan büdcənin universitetə göndərildiyi və müvafiq hesabat sənədlərinə uyğun olaraq ödənişlərin universitet tərəfindən edilməli olduğu bildirilmişdir. – Layihə çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənibxərclənmədiyini müəyyən etmək və tələb olunduğu zaman hesabatını verməyin universitetin öhdəliyi olduğu bildirilmişdir. Hər bir hesabatda olduğu kimi universitet də verdiyi hesabatlarda: maliyyə standartlarına uyğunluğuna cavadehdir Hesabatlarda əks etdirilən məlumatlar mühasibat standartlarında müəyyən edilmiş keyfiyyət xüsusiyyətlərinə (münasiblik, etibarlılıq, tamlıq, müqayisəlilik, anlaşıqlılıq) tam uyğun olmalıdır. – Yuxarıda qeyd olunan səbəblərdən cavabdeh tərəfin verdiyi və ya vermədiyi hesabat heç bir şəkildə maliyyə standartlarına uyğun deyil. Qeyri-müəyyən formada, “sair proqram təminatı” kimi nə olduğu konkretləşdirilməyən bir başlıq altında xərc göstərir, həmçinin işçilərin əmək haqqı adı altında ayrı xərc maddəsi olmasına baxmayaraq, qeyrimüəyyən şəkildə “texniki dəstək xidmətləri” başlığı altında əlavə xərc göstərilir. Eyni zamanda uçotun düzgün aparılması təmin edilməlidir Görülən işlər, satınalınan xidmətlərlə bağlı həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatları barədə uçot tam və düzgün aparılmalıdır. İddiaçı tərəfindən bu istiqamətdə də hesabata uyğunsuzluqlar mövcuddur. Belə ki, dərs vəsaiti adı altında təqdim olunan xərclə bağlı heç bir uçot sənədi təqdim edilməmiş, xərclərin uçot standartlarına uyğun olmayacaq şəkildə kartdan-karta edildiyi, ayrı-ayrı şəxslərə gördüyü işlərə əsasən müxtəlif məbləğlərin qeyri-münasib vasitələrlə ödənildiyi bildirilərək, heç bir uçot sənədi təqdim edilməmişdir. Həmçinin serverdə yer kirayəsi məqsədi ilə üçüncü bir tərəflə müqavilə təqdim edilmiş, lakin həmin müqavilə üzrə üçüncü tərəfin öhdəliklərini yerinə yetirib-yetirmədiyinə dair yenə heç bir məlumat təqdim edilməmişdir. – Bununla yanaşı, iddiaçı maliyyə əməliyyatlarının qanunauyğunluğuna və şəffaflığına görə məsuliyyət daşıyır. Maliyyə resurslarının istifadə və idarə olunması zamanı davamlılıq, hesabatlılıq və şəffaflıq təmin edilməli, hesabatvermə mexanizmi olmalıdır. Layihə çərçivəsində ayrılan vəsait dövlət vəsaitidir və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyi və ya digər pozuntular aşkar edilərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirilir və vəsait dövlət büdcəsinə qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 566.4-cü maddəsinə əsasən “verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır”. – Yuxarıda da ətraflı izah edilən səbərlərə görə ödənişi edilən və ödəniş edilməyən “işlərin görülməsi, xidmətlərin yerinə yetirilməsi” barədə şifahi qaydada təqdim olunan məlumatların lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsaslar olduğu üçün qalan ödəniş edilməmiş, ödənişi edilmiş məsələlərlə bağlı da hesabat tələb edilmişdir. Lakin cavabdeh tərəf dəfələrlə bildirilməsinə baxmayaraq təqdim olunan məlumatların düzgünlüyünə inandıracaq müvafiq xərcləri təsdiq edəcək heç bir sənəd təqdim edə bilməmişdir. Uzun danışıqlardan sonra cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsi qarşısında ödənilməmiş məbləğin ödənilməsi barədə iddia qaldırılmışdır. – Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən e-2-2(119)-747/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə çıxarılmış və qarşı tərəfin iddası qismən təmin edilmiş, təxminən iddia olunan 30000 manat məbləğində tələb rədd edilmişdir. Tələbin rədd edilmə səbəbi təsdiqedici (sübutların) sənədlərin olmaması, müvafiq xidmətlərin yerinə yetirilməsinin sübut oluna bilməməsi olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi də tərəflər arasındakı münasibətə podrat müqaviləsinə xas xüsusiyyətlərin mövcud olduğu və bu sahəni tənzimləyən normaların tətbiq edilməli olduğu müəyyən edilmişdir. – Tərəflər arasında bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətin göstərilməsinə dair xidmət haqqının ümumilikdə 210 000 manat təşkil etdiyi qeyd olunur. Həmin bəndin məzmunundan da aydın olduğu kimi, göstərilən xidmətin haqqı ödənilir, xidmətlər göstərildikdən sonra, yəni layihə tam başa çatıb təhvil-təslim edildikdən sonra ödəniş edilməli idi. Lakin universitet kommersiya müəssisəsi olmadığı üçün rəhbərlik humanist yanaşma nümayiş etdirərək, yuxarıda da qeyd etdiyim kimi, layihənin gedişi müddətində qarşı tərəfin xahişini nəzərə alaraq müxtəlif vaxtlarda avans olaraq müəyyən ödənişlər etmişdir. O cümlədən layihə çərçivəsində hazırlanıb təhvil verilməsi nəzərdə tutulan ümumilikdə 5 dərs vəsaiti olmuşdur ki, onlardan da 3 dərs vəsaiti üçün 9000 manat (hər birinin 3000 manat olacağı nəzərdə tutulmuş və iddia edilmişdir, lakin təsdiqedici heç bir sənəd yoxdur) ödəniş edilmişdir. – Lakin layihə başa çatmasına baxmayaraq cavabdeh tərəfindən universitetə heç bir dərs vəsaiti təqdim edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsində baş tutan məhkəmə çəkişməsində iddia predmeti olan məsələlərdən biri də ödənilməyən 2 kitab üçün 6000 manat pul tələbi olmuşdur. Məhkəmə çəkişməsi zamanı müəyyən edilmişdir ki, ödəniş edilməsi üçün əsas təşkil edəcək heç bir dərs vəsaiti mövcud deyil. Qeyd olunan səbəblərə görə təhvil verilməmiş iş üçün (təhvil verilməmiş dərs vəsaiti üçün) avans kimi ödənilmiş məbləğin də aidiyyəti üzrə xərclənmədiyi məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Göründüyü kimi, bağlanan müqavilədə ödəniş edilməsinin səbəbi kimi “göstərilmiş xidmət” anlayışından istifadə edilmişdir. Belə olduğu halda, cavbdehə dərs vəsaitlərinə görə 9000 manat məbləğində pul ödənişi edildiyi halda, bu xidmətin göstərilmiş olduğunu, yəni həmin dərs vəsaitlərinin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh tərəfindən yerinə yetirilə bilməmiş, ümumiyyətlə, layihə çərçivəsində hər hansı bir dərs vəsaitinin hazırlanmadığı təsbit edilmişdir. – Qeyd olunan layihə çərçivəsində ayrılmış vəsait dövlət büdcəsinin vəsaitidir və məqsədəuyğun şəkildə xərclənməyən hissə müvafiq aydada dövlət büdcəsinə qaytarılmalıdır. Universitet də icra edilmiş hissədə hesabat verəcək, icra edilməmiş hissədə də vəsaitin qaytarılmasını təmin etməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin qərarı qüvvəyə mindikdən və qərarda təmin edilən hissədə ödəniş həyata keçirildikdən sonra əsassız olaraq ödənilmiş olan 9000 manat vəsaitin qaytarılması tələbi ilə bağlı müxtəlif tarixlərdə 2 dəfə cavabdeh tərəfə xəbərdarlıq bildirişi göndərilsə də, qarşı tərəf könüllü icradan imtina etmişdir. Məhkəmə çəkişməsi müddətində mövcudluğu sübut edilməyən kitabların universitet istəyərsə, hazırlanıb təqdim edilə biləcəyi qeyd edilmişdir. – Yuxarıda da ətraflı izah edildiyi kimi, cavabdeh tərəf əvvəlcə təhvil-təslimdən imtian etmiş, daha sonra olmayan kitabların mövcudluğunu iddia etmiş, iddia olunan və təqdim olunan kserokopiya yığınlarının dərs vəsaiti olmadığı sübuta yetirildikdən sonra da indi hazırlanıb təhvil verilə biləcəyini iddia edir. Qanunvericiliyin tələblərindən də görüldüyü kimi, öhdəliyin icrası dedikdə onun vaxtında və tam həcmdə icrası başa düşülür və uzun müddət əsassız olaraq, heç bir hesabat verməyə borclu olmadığını və öhdəliyi də icra etdiyini iddia edən qarşı tərəf, heç bir dərs vəsaitinin olmadığı məhkəmə aktı ilə sübut olunduqdan sonra icra edilə biləcəyini bildirir. Layihə uzun müddət əvvəl başa çatmışdır, cavabdeh tərəfin iddiası əsasında uzun müddət davam edən məhkəmə çəkişməsi baş tutumşdur və hal-hazırda Bakı Mühəndislik Universiteti hər hansı bir dərslik hazırlanmasında maraqlı deyil. Həmçinin yuxarıda da qeyd etdiyim kimi, həmin vəsait müvafiq layihə çərçivəsində dərs vəsaitlərinin hazırlanması məqsədi ilə ayrılmışdır və layihə başa çatdıqdan və aradan uzun müddət keçdikdən sonra universitetin həmin vəsaitin hər hansı formada istifadəsi istiqamətində sərəncam vermək hüququ, səlahiyyəti yoxdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, qrant layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı Mühəndislik Universitetində 2 il müddətinə kibertəhlükəsizlik ixtisası üzrə “SABAH” qrupları üçün magistratura təhsilinin həyata keçirilməsi üçün təyin edilmişdir. Cavabdeh tərəf tədris fəaliyyətini təşkil etməli idi, həmçinin əlavə olaraq 5 ədəd dərs vəsaiti hazırlamalı idi. Tenderi Elm və Təhsil Nazirliyi həyata keçirmişdir. Layihə çərçivəsində universitetin mənfəəti yoxdur. Tələbələr layihə çərçivəsində ödənişsiz qaydada, dövlət hesabına təhsil alırlar. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak edərək işə yeni qoşulduğundan iclasın təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 21-ci bəndlərində həmçinin göstərilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması mübahisənin bilavasitə iddiaçı “Bakı Mühəndislik Universiteti” X4 sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda mümkün olacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 iyun tarixli 223 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”nin 5.11-ci bəndinə əsasən, Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 10 nömrəli Qərarının 1-ci bəndinə əsasən, təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilsin: - ödənişli əlavə təhsil; - məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi; - təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı; - elmi tədqiqat və təcrübi-konstruktor işləri; - elmi-praktiki tədbirlərin təşkili; - nəşriyyat-poliqrafiya işləri; - tədris prosesində və ya təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi; - dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi; - ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili; - təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi; - təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qrantın verilməsi barədə qərarın qeydə alınması barədə Q-34/2021 nömrəli bildirişdən görünür ki, donor qismində iddiaçı, resipiyent qismində cavabdeh çıxış edir və qrantın məqsədi “SABAH magistraturası” layihəsi çərçivəsində “Kiber təhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi “SABAH magistraturası” üzrə magistrlərin ödənişsiz əsaslarla təhsil aldığını, qeyd edilən məsələnin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən icra edildiyini bildirmişdir. Eyni zamanda “Qrantlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən, Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan bələdiyyələr, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz. Göründüyü kimi, qranta verilən anlayış da həmin Qanun çərçivəsində verilən qrantın ictimai (publik) xüsusiyyətlərə malik olduğunu göstərir. Başqa sözlə, qrantlar resipiyentin (donorla münasibətlərində qrant alan resipiyent sayılır) sahibkarlıq fəaliyyəti ilə bağlı olsa da, onların donorun (qrant alanla münasibətlərində qrant verən donor sayılır) sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması istisna edilir. Belə olan halda, istər qrantla ödənişsiz təhsilin təşkil edilməsi, istərsə də qrantın öz təbiəti etibarilə donor (hazırki halda iddiaçı) üçün iqtisadi mənfəətlə nəticələnməməsi xx.xx.2021-ci il tarixli müqavilənin iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını göstərir və hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndinə əsasən, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qeyd olunan Qərarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin X5, digərinin isə kommersiya hüquqi şəxsi statusuna malik olduğu müqavilədən irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda ikincinin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmadığı nəzərə alındığında mübahisənin kommersiya mübahisəsi olması üçün iddiaçının – X4 də sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı AZ1104, ünvan 1esab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Bakı Mühəndislik Universiteti” X4 Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4040/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4040/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver