Məhkəmə qərarları › İş №e-2-2(113)-4043/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4043/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4043/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5100 (beş min yüz) manat əsas borc, 1428 (min dörd yüz iyirmi səkkiz) manat cərimə, 87 (səksən yeddi) manat məhkəmə xərci olmaqla, ümumilikdə 6615 (altı min altı yüz on beş) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025ci il tarixində JNP000567 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı sifarişçiyə, yəni cavabdehə “sinxron, multi istifadəli, avtomatlaşdırılmış müqavilə tərtibatı sistemini” təqdim etməyi, cavabdeh isə bunun müqabilində 6500 (altı min beş yüz) manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş 1400 manat təşkil etmiş, lakin razılaşdırılmış 3 növbəti ödənişdən heç biri həyata keçirilməmişdir. Hazırkı tarixə cavabdehin ödəniş etdiyi məbləğ 1400 manat, qalan əsas borc məbləği 5100 manatdır. Müqaviləyə əlavə olunan X1nda göstərildiyi kimi, ödənişin gecikdirilməsi halında hər gecikmiş gün üçün qalıq borcun 0,5%-i məbləğində cərimə tətbiq edilə bilər. Borcun uzun müddət ödənilməməsi nəticəsində bu günə qədər hesablanmış cəmi cərimə məbləği 1428 manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 186.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 11 mart 2025-ci il tarixində İddiaçı direktoru Qanuni nümayəndə bağlanmış müqavilənin birtərəfli qaydada ləğvinə dair bildiriş göndərilmişdir. Həmin bildirişə cavab olaraq İddiaçı bildirişin əsassız sayılması barədə cavabdehə cavab məktubu göndərmişdir. Buradan görünür ki, iddiaçı tərəf həmin tarixdən etibarən cavabdehin xidmətlərindən imtina etmişdir. xx.xx.2025-ci il tarixli, JNP000567 saylı xidmət müqaviləsinin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC (bundan sonra “İcraçı” adlandırılacaq) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1nda qeyd edilən xidmətləri göstərməyi, Cavabdeh MMC (bundan sonra “Sifarişçi” adlandırılacaq) isə X1nda qeyd edilən xidmətlərin dəyərini ödəməyi tam öhdəsinə götürmüş və müqavilə bağlanan tarixdə iddiaçıya 1400 (min dörd yüz) manat ödənilmişdir. Cavabdeh MMC olaraq iddiaçının göstərdiyi xidmətlərdən bir ay ərzində istifadə edildiyi üçün iddiaçıya X1nda qeyd edilən pul məbləği ödənilmişdir. xx.xx.2025-ci il tarixli, JNP000567 saylı xidmət müqaviləsinin 7.1ci maddəsinə əsasən müqavilə 1 (bir) il müddətinə bağlanmışdır. Müqavilənin 1 (bir) il müddətinə bağlanması iddiaçının icraçı olaraq sifarişçiyə 1 (bir) il müddətinə xidmət göstərməsi anlamına gəlir. Hazırkı vəziyyətdə göstərilən xidmətlərdən istənilən əsasda imtina edilməsi müqavilənin birtərəfli qaydada ləğvinə səbəb olmalıdır. Belə ki, xidmətlərin deaktivasiya edilməsi məhz icraçıya məxsusdur. X1nın 4-cü maddəsinə əsasən müəyyən edilmişdir ki, lisenziyanın aktivləşdirilməsi ilkin ödəniş baş tutduqdan sonra həyata keçiriləcəkdir. Görünür ki, sifarişçiyə xidmət məhz lisenziyanın verilməsindən sonra başlanır və ödəniş olunmadığı halda lisenziya deaktiv edilir. Hazırda iddiaçının xidmətlərindən istifadə edilmədiyi halda iddiaçıya ödənişin ödənilməsi ilə bağlı tələb əsaslı deyildir. xx.xx.2025-ci il tarixli, JNP000567 saylı xidmət müqaviləsinin məhz xidmət müqaviləsi adlandırılmasının xüsusi önəmi vardır. Belə ki, X1nda xidmətin adı olaraq “Sinxron, Mülti istifadəli və Avtomatlaşdırılmış müqavilə tərtibat sistemi” qeyd olunmuşdur. Cavabdeh MMC olaraq hər gün yüzlərlə fiziki şəxslə borc və nisyə alqı-satqı müqaviləsi bağlanılır. Hazırda göstərilən xidmətlərdən istifadə etmədən fiziki şəxslərlə müqavilə bağlanmırsa, demək ki, artıq xidmətlərdən imtina edilmişdir. Bundan əlavə, bağlanmış müqavilədə xidmətlərdən imtinanın əsaslandırılması məcburi xarakter daşımadığı üçün bağlanmış müqaviləyə istənilən əsasdan imtina edilməsi qanunidir. Cavabdeh tərəf olaraq iddiaçının xidmətlərindən iddiaçıya müqavilənin birtərəfli qaydada ləğvinə dair bildiriş göndərilən andan sonra istifadə edildiyi halda hər hansı pul tələbindən söhbət gedə bilər. Belə ki, iddiaçı tərəf bu halda cavabdehin onun xidmətlərindən istifadə etməyi sübuta yetirməlidir. Bu halın sübuta yetirilməsi isə mümkün deyildir. Çünki cavabdeh tərəf olaraq, xidmətlərin istifadə edilməsi iddiaçıya bildiriş göndərilməmişdən öncə dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehin etirazına münasibət bildirilmişdir. Qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən “Sinxron, Multi İstifadəli, Avtomatlaşdırılmış müqavilə tərtibatı sistemi” texniki və funksional cəhətdən tam şəkildə hazırlanaraq cavabdehə təhvil verilmişdir. Qarşı tərəf sistemdən aktiv şəkildə istifadə etmiş, lakin təqdim edilmiş xidmətə dair heç bir texniki irad və ya narazılıq bildirməmişdir. Müqavilənin 1.3-cü bəndində açıq şəkildə göstərilir ki, istifadə və ya tam ödənişin həyata keçirilməsi təqdim olunmuş xidmətin qəbul edilməsi kimi qiymətləndirilir. Cavabdeh müqavilənin xidmət müqaviləsi adlandırılmasına istinad edərək, hüquqi məsuliyyətdən yayınmağa çalışır. Bu yanaşma Mülki Məcəllənin 404-cü maddəsinə ziddir. Cari halda müqavilə nəticəyə yönəlmişdir: təqdim edilmiş proqram təminatının istifadəsi və qarşılığında ödəniş. Müqavilənin formal adlandırılmağı bu reallığı dəyişmir. Müqavilənin 7.2-ci maddəsi birtərəfli xitam hüququnu yalnız qarşılıqlı razılıq və ya qanunvericilikdə açıq nəzərdə tutulan hallar üzrə tanıyır. Heç bir texniki qüsur və ya əsaslandırılmış səbəb təqdim edilmədən birtərəfli ləğvə cəhd cavabdehin müqavilə öhdəliklərindən yayınmaq niyyətini göstərir. Pul tələbi əsaslıdır və müqavilə ilə tam təsbit olunmuşdur. Əsas borc: 5100 manat, cərimə: hər gecikən gün üçün 0.5%-lə hesablanmış cərimə: 1428 manat, məhkəmə xərcləri: 87 manat olmaqla, ümumilikdə 6615 manat. Tərəflər bu şərtləri açıq şəkildə razılaşdırmış və müqavilədə rəsmiləşdirmişlər. Cavabdehin etirazları hüquqi əsasdan məhrumdur və prosesi uzatmağa yönəlmişdir. Etiraz ərizəsi forma və məzmun baxımından yalnız mövqe bəyanatıdır, lakin heç bir hüquqi əsaslandırma (maddə-sitat, normativ baza) təqdim edilməmiş, heç bir texniki və ya kommersiya əsaslı sübut irəli sürülməmiş, sadəcə mətn yığını şəklində, ümumi ifadələrlə və ziddiyyətli iddialarla təqdim olunmuşdur. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, JNP000567 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1nda qeyd edilən xidmətləri göstərməyi, sifarişçi isə X1nda qeyd edilən xidmətlərin dəyərini ödəməyi tam öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən xidmətin dəyərinin ödənilməsi sifarişçi tərəfindən icraçının bank hesabına köçürmə yolu ilə ödənilir və ödəniş müddət tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilir; 1.3-cü bəndinə əsasən müqavilənin şərtlərinə əsasən xidmət X1nda göstərilən gün ərzində baş tutmalı, ödəniş isə X1nda tənzimlənən vaxt çərçivəsində baş tutmalıdır. Təhvil-təslim aktı iştirak etməyən sövdələşmələrdə tam ödənişin həyata keçirilməsi işin təhvil alınması kimi qəbul edilir; 2.2ci bəndinə əsasən sifarişçinin xidmətlərin göstərilməsi müqabilində nəzərdə tutulan xidmət haqqını gecikməsiz şəkildə qarşı tərəfə ödəmək öhdəliyi vardır; 7.2-ci bəndinə əsasən müqaviləyə vaxtında əvvəl tərəflərin qarşılıqlı razılığı ilə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduğu digər hallarda xitam verilə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. “JNP000567 nömrəli xidmət müqaviləsinə əsasən görüləcək işlərin 01 nömrəli qiymət razılaşdırılması aktından görünür ki, müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən (Sinxron, Multi istifadəli, Avtomatlaşdırılmış müqavilə tərtibatı sisteminin təhvili) və ümumi dəyəri 6500 manat olan xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Aktın 1-ci bəndinə əsasən sifarişçi ümumi məbləğin 1400 manatını əvvəlcədən ödəyir. Qalan ödəniş, hər ay 1700 manat olmaqla, ilkin ödəniş tarixindən 30 gün sonrakı tarixdən başlayaraq ardıcılı olaraq, 30 günlük periodla 3 ay müddətinə icra edilir; 2-ci bəndinə əsasən əgər sifarişçi müəyyən olunmuş müddətdə ödənişi etməzsə, hər gecikən gün üçün faiz və ya cərimə tətbiq edilə bilər (hər gecikən gün üçün qalıq borcun 0,5%-i qədər). Aktın 4-cü bəndinə əsasən lisenziyanın aktivləşdirilməsi ilkin ödəniş baş tutuduqdan 24 saat ərzində həyata keçirilir. Aktın 6-cı bəndinə əsasən bu aktda qeyd edilən qiymət sistemə əlavə ediləcək (əvvəl nəzərdə tutulmayan) yeni funksionallıqları əhatə etmir və sistemə olunacaq yeni əlavələr qiymətləndirilərək qarşılıqlı razılıq əsasında, digər aktlarla icra olunacaq.

10. xx.xx.2022-ci il tarixli, MT2502 seriyalı, 10115250 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6500 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi JNP000567 nömrəli müqavilə qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, **********1/949947538 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 1400 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2502 seriyalı, 10115250 nömrəli elektron qaimə və JNP000567 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə qeyd edilmişdir.

12. Cavabdeh MMC tərəfindən Joinip” MMC-yə ünvanlanmış müqavilənin birtərəfli qaydada ləğvinə dair bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən bildiriş çatdırıldıqdan sonrakı 3 iş günü ərzində hər hansı münasibət bildirilməzsə, xx.xx.2025-ci il tarixli, JNP000567 nömrəli xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən sözügedən müqavilənin birətərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş müqaviləyə xitam verilməsinə dair müraciətə rəsmi cavab məktubunun məzmunundan müəyyən olunur ki, İddiaçı MMC müqavilənin birtərəfli qaydada xitamına razı deyildir. İcraçı olaraq müqavilədə nəzərdə tutulan bütün öhdəliklər tam yerinə yetirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən sistem təminatını müqavilədə göstərilən müddətdə tam şəkildə sifarişçiyə təhvil verilmişdir. Qarşı tərəf sistemi 1 ay ərzində aktiv şəkildə istifadə etmiş, bu müddət ərzində hər hansı texniki irad və ya narazılıq bildirməmişdir. Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq müqaviləyə yalnız qarşılıqlı razılıq əsasında dəyişiklik edilə bilər, bu isə baş verməmişdir. Müraciət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsaslansa da, həmin maddənin tətbiqi üçün müqavilədə bu barədə açıq müddəa olmalıdır və ya qanun bu hüququ tərəfə açıq şəkildə verməlidir. Müqavilədə sifarişçinin birtərəfli qaydada ləğvetmə hüququ nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin 7.2-ci bəndinə əsasən müqaviləyə yalnız qarşılıqlı razılıq əsasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar üzrə vaxtından əvvəl xitam verilə bilər. Bağlanmış müqavilənin 7.1-ci bəndinə əsasən göstərilmiş xidmətin yalnız növbəti il üçün uzadılmaması və xidmətdən imtina barədə müraciət edilə bilər. Müqavilənin 1.2 və 2.2.1 ci bəndlərinə əsasən sifarişçi xidmətin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür, o da müqavilədə göstərildiyi kimi, xidmətin qəbul edilməsi və istifadə olunması öhdəliklərinin yerinə yetirildiyini təsdiqləyir və bu müddət ərzində qarşı tərəf heç bir rəsmi irad bildirmədiyinə görə xidmət tam şəkildə yerinə yetirilmiş hesab edilir, müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq, qarşı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün ödənişlərin tam şəkildə həyata keçirilməsi tələb olunur. Müqavilənin X1na əsasən ödənişin gecikdirilməsi halında hər gecikən gün üçün borcun 0.5%-i həcmində cərimə tətbiq edilə bilər. Ödənişlər müqaviləyə uyğun olaraq tam yerinə yetirilmədiyi halda, qanunvericiliyə uyğun olaraq hüquqi addımlar atılacaq və borcun məhkəmə qaydasında tələb edilməsi üçün tədbirlər görüləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən müqaviləyə birtərəfli xitam verilməsi ilə bağlı müraciət əsassız sayılmış və qəbul edilməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq, göstərilmiş xidmətlər üçün tam ödənişin həyata keçirilməsi tələb olunmuşdur.

14. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixli, JNP000567 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1nda qeyd edilən xidmətləri göstərməyi, sifarişçi isə X1nda qeyd edilən xidmətlərin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilənin, ona əlavənin bağlanması, elektron qaimənin göndərilməsi, göstərilmiş xidmətə görə ilkin ödənişin edilməsi, iddiaçının göstərdiyi xidmətin nəticələrindən bir müddət istifadə edilməsi, daha sonra istifadə edilməməsi işin mübahisəsiz hallarını təşkil etmişdir. Mübahisəli hal ondan ibarət olmuşdur ki, iddiaçı müqavilədə nəzərdə tutulan xidmətin tam təhvil verildiyini və qalan məbləğin də tam ödənilməli olduğunu, cavabdeh isə qalıq məbləğin 1 il üçün göstəriləcək xidmət üçün nəzərdə tutulduğunu, ona görə də ödənilməli olmadığını bildirmişdir.

18. Həmin halla bağlı qeyd olunmalıdır ki, müqavilənin 1.3-cü bəndinə əsasən xidmət "X1"nda göstərilən gün ərzində, ödəniş isə "X1"nda tənzimlənən vaxt çərçivəsində baş tutmalıdır. Həmin bənd cavabdehin nümayəndəsinin qiymətin 1 illik xidmət üçün nəzərdə tutulduğuna dair qeyd etdiklərini təkzib edir.

19. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı tərəfindən cavabdehə nəzərdə tutulmuş xidmət göstərilmiş, xidmət cavabdehə təhvil verilmişdir. Belə ki, cavabdeh həmin xidmətin nəticələrindən bir müddət (müddətindən asılı olmayaraq) istifadə etmiş, daha sonra isə həmin nəticələrdən istifadəni dayandırmışdır. Müqavilənin şərtlərinə əsasən xidmətin məzmunu məhz "X1"nda göstərilənlərdən ibarət olmuşdur, yəni lisenziya aktivləşdirilmiş, Sinxron, Multi istifadəli, Avtomatlaşdırılmış müqavilə tərtibatı sistemi (təminatı) təhvil verilmişdir. Bunu cavabdehin nümayəndəsi də təkzib etməmişdir. Belə ki, etiraz ərizəsində də iddiaçının göstərdiyi xidmətlərdən bir ay ərzində istifadə edildiyi qeyd olunmuşdur. Bu da onu təsdiq edir ki, xidmət təhvil verilmişdir, çünki təhvil verilməsəydi, istifadə oluna bilməzdi.

20. Hazırda iddiaçı göstərilmiş xidmətin haqqının tam ödənilmədiyini bildirərək, Soliton LTD” MMC-dən 5100 manat əsas borc məbləğinin tutulmasını xahiş etmişdir (iddia tələbinin bir hissəsi).

21. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, tədqiq olunmuş sübutları, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 5100 (beş min yüz) manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1nda qeyd edilən xidməti göstərsə də, cavabdeh həmin xidmətin dəyərini tam ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, xidmətin dəyəri olan 6500 manat məbləğdən 1400 manat cavabdeh tərəfindən ödənilmiş, qalan 5100 manat isə ödənilməmişdir (həmin məbləğ xx.xx.2025-ci il tarixədək ödənilib qurtarmalıydı). İddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimə göndərilmiş və həmin elektron qaimə üzrə cavabdeh tərəfindən 1400 manat ödəniş edilmiş, qalan məbləğ (6500-1400=5100) isə ödənilməmişdir.

22. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən müqavilə üzrə 1428 manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Eləcə də, iddiaçı ödənilmiş 87 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 69,20 manat (altmış doqquz manat iyirmi qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməmlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5100 (beş min yüz) manat borc, 200 (iki yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 69,20 manat (altmış doqquz manat iyirmi qəpik) olmaqla, ümumilikdə 5369,20 manat (beş min üç yüz altmış doqquz manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar