Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4044/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə1, Kreditor QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativinin iflas prosesinə başlanması və müflis elan olunmasına dair ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Tikinki Kooperativi barəsində iflas prosesinə başlanılması və müflis elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinki Kooperativi 2016-cı ilin 01 fevral tarixindən etibarən fəaliyyətini tam dayandırmışdır və hal-hazırda da heç bir fəaliyyəti mövcud deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-1164/2016 saylı 26.10.2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən İddiaçı Mənzil Tikinki Kooperativindən 16.754.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 27.472.832,48 manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Kreditor QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Kreditor QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı Mənzil Tikinki Kooperativinə məxsus daşınar və daşınmaz əmlaklar götürülmüş və satılmışdır. Kreditor QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 05.02.2021-ci il tarixli hesabdan çıxarışa əsasən İddiaçı Mənzil Tikinki Kooperativinin 11.376.068,29 manat qalıq borcu qalmışdır. Hazırkı halda, İddiaçı Mənzil Tikinki Kooperativi təsdiq edir ki, onun 2016-cı ildən etibarən heç bir fəaliyyəti yoxdur, ödəmə qabiliyyəti yoxdur və mövcud qanunvericiliyin tələbləri qaydasında müflis elan edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Kreditor QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 izahat verərək, ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativi 30.05.1996-cı il tarixdə ********** saylı VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin fəaliyyəti 01.02.2016-cı il tarixdə dayandırılmış və bərpa ediləcəyi tarix kimi 01.02.2021-ci il göstərilmişdir. İş materiallarında olan Kreditor QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən təqdim edilmiş 10.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin 11.376.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 22.094.832,48 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin vergi borcu yoxdur. İş materiallarında olan vergilər.az saytında yerləşdirilmiş elandan çıxarışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. İş materiallarında “İki Sahil” qəzetində 14.08.2021-ci il tarixdə nəşr edilmiş elandan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə, borclu İddiaçı Mənzil Tikinki Kooperativinin Kreditor QSC Bank olmayan Kredit Təşkilatının tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Məhkəmə müflis elan edilmə barədə ərizə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilmiş hallarından məlum olur ki, Kreditor QSC Bank olmayan Kredit Təşkilatı ilə İddiaçı Mənzil Tikinki Kooperativi arasında kredit borcunun ödənilməsi tələbi barədə məhkəmə mübahisəsi mövcud olmuşdur Belə ki, qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)- 1164/2016 saylı 26.10.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Mənzil Tikinki Kooperativindən 16.754.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 27.472.832,48 manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Kreditor QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda da tələblər İddiaçı Mənzil Tikinki Kooperativinə məxsus daşınar və daşınmaz əmlaklarına yönəldilmişdir. Bundan sonra İddiaçı Mənzil Tikinki Kooperativinin əmlakları satılmış və Kreditor QSC Bank olmayan Kredit Təşkilatına ödənsə də, tutulması qət olunan borc məbləğindən ödənilməmiş 11.376.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 22.094.832,48 manat borcu qalmışdır. Ərizəçi həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativi kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2016-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda kreditorun nümayəndəsi məhkəmə iclasında həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyini, ərizəçinin başqa əmlaklarının axtarşının davam etdiyini bildirmişdir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin kreditor qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Mənzil Tikinki Kooperativinin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4044/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4044/2021
23.08.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver