Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4044/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cavabdehnə qarşı cavabdehin ödəməli olacağı 17.241.80 manat məbləğində maddi ziyanın və iddiaçı tərəfindən mediasiya xidmətləri üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti Cavabdehnə qarşı cavabdehin ödəməli olacağı 17.241.80 manat məbləğində maddi ziyanın və iddiaçı tərəfindən mediasiya xidmətləri üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "Reklam sifarişçisi” qismində iddiaçı tərəflə "Reklam məhsullarının yayımlanması” haqqında xx.xx.2020-ci il tarixində Vİ- 20/20 nömrəli müqavilə, xx.xx.2021-ci il tarixində Vİ-08/21 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixində Vİ-39/22 nömrəli müqavilə bağlamışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq, Şirkət öhdəsinə düşən vəzifələri vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin, müqavilələrin 3.3 və 4.2 bəndlərinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilələr üzrə cavabdeh 2020-ci il üçün 2.994.13 manat, 2021-ci il üçün 3.717 manat, 2022-ci il üçün 10.530.67 manat olmaqla, cəmi 17.241.80 manat ödəməli olduğu bir halda bu günə qədər heç bir ödəniş etməmişdir. Qarşısıalınmaz qüvvə kimi epidemiyanın ola biləcəyi hal da müqavilədə nəzərə alınmasına baxmayaq, müqavilənin 4.2-ci bəndinə uyğun olaraq cavabdeh, bununla əlaqədar hər hansı bir problem yaranması barədə iddiaçı tərəfə heç bir rəsmi müraciət etməmişdir. Bu barədə cavabdeh tərəfə dəfələrlə bildirilməsinə baxmayaraq, məsələnin həlli üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
8. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli Vİ-20/20 nömrəli, xx.xx.2021-ci il tarixli Vİ-08/21 nömrəli və xx.xx.2022-ci il tarixli Vİ-39/22 nömrəli "Reklam məhsullarının yayımlanması” haqqında müqavilələr imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh reklam məhsullarının xəbərlərdə, TV və 90 FM-də yayımlanmasını sifariş etməyi, iddiaçı isə həmin məhsulları öz efirində yayımlamağı öhdələrinə götürmüşlər.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış "Reklam məhsullarının yayımlanması” haqqında müqavilələrdən irəli gəlir. İş materiallarına əlavə hesab-fakturaların, elektron qaimələrin təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehin reklam məhsullarını xəbərlərdə, TV və 90 FM-də yayımlamış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya göstərilən müqaviləlrə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında "Reklam məhsullarının yayımlanması” haqqında müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehin reklam məhsulları xəbərlərdə, TV və 90 FM-də yayımlanmışdır. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
13. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsində əsaslıdır və iddia təmin edilməlidir.
14. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 15 saylı Mediasiya təşkilatına ödənilmişdir.
VI. Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 17.241.80 manat məbləğində borc və mediasiya xidmətləri üçün ödənilmiş 200 manat tutularaq iddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev