Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-406/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, maliyyə arayışı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1035/19 nömrəli müqavilə üzrə 10451,71 AZN və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 AZN xidmət haqqı, ümumilikdə 10651 AZN məbləğin cavabdehin hesabından tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət olunaraq, Bakı şəhəri, Binəqədi şossesinin qərb hissəsində inşa edilən 3(üç) ədəd anbar binalarının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən qeyri-yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, cavabdeh ilə S. Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu arasında 1035/19 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək qeyri yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 1035/19 nömrəli müqavilə üzrə 10451,71 AZN (on min dörd yüz əlli bir manat ,71 qəpik) borc bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli 1035/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin qərb hissəsində inşa ediləcək 3 ədəd binalarınn tikintisində istifadə ediləcək inşaat materiallarınn keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən sınaq işlərinin qiyməti hər m2 üçün 1,00 manat razılaşdırılır və bu müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət (ƏDV-siz) 13518,40 manat təşkil edir. ƏDV məbləği 2433,31 manat, ümumilikdə 15951,71 manat təşkil edir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30 %-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 11/2-1835/2023 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə (ƏDV-18%) daxil olmaqla xx.xx.2021-ci il tarixə 1000 manat, xx.xx.2021-ci il tarixə- 2000 manat ödəniş olunub. Sifarişçinin (ƏDV-18%) ilə birlikdə 10451,71 manat + (200 manat mediasiya xərci) borcu qalıb.
13. Tərəflər arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 07/21 saylı yoxlama sınaq işlərinin təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən 15951,71 manat məbləğində işlər icra edilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə 15951,71 manat məbləğində hesab faktura təqdim edilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin hazırkı tələbii tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 noyabr 2019-cu il tarixli 1035/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin 12 noyabr 2019-cü il tarixli 1035/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10451,71 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10451,71 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10451,71 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borc, ödənilmiş 200 manat mediasiya xərci, ümumilikdə 10651,71 (on min altı yüz əlli bir manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova