Məhkəmə qərarları › İş №e-2-2(113)-4067/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4067/2025

21.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4067/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddiaçı Nümayəndə1 iştirakı ilə, İddiaçı Nümayəndə1 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s” tələbinə dair ilkin, Cavabdeh Nümayəndə1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Nümayəndə1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarə müqaviləsinin şərtlərini pozduğunun tanınması; ona məxsus əmlakın mənimsənildiyinin və obyektə buraxılmamağın qanunsuz olduğunun tanınması; ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi; Alternativ olaraq: Obyektin tam işlək restoran halına gətirilməsi nəzərə alınmaqla, onun obyektə geri qaytarılaraq 1 il müddətinə icarə haqqı alınmadan fəaliyyət göstərməyinin təmin edilməsi və Bu dövrdən sonra yeni icarə müqaviləsinin ən azı 4 il müddətinə birtərəfli xitam hüququ olmadan bağlanması; məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, Nümayəndə1 qarşı qarşılıqlı iddia ərizəsi üzrə Məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, 2.500 icarə haqqı, 10.000 manat zərərin Nümayəndə1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbl edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar baxılmamış saxlanılmalıdır. Məhkəmə ilkin iddianın baxılmamış saxlanması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1, 149.2.3 və 222.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməli, iddianın qiyməti müəyyən olmalıdır. Hazırda isə, ilkin iddiaçı Nümayəndə1, iddia tələbinin ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi hissəsi qeyri-müəyyəndir. Yəni hansı məbləğdə maddi zərərin, hansı məbləğdə mənəvi ziyanın tutulması göstərilməmişdir. Bundan başqa da, ilkin iddianın digər hissələri də, anlaşılmazdır. Buna görə də, Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Nümayəndə1 iddiasının dəqiqləşdirmək yəni, tələb etdiyi maddi zərərin nə qədər, mənəvi zərəri nə qədər tələb etməsini dəqiq rəqəmlə göstərməsi təklif olunmuşdur. Ancaq ilkin iddiaçı Nümayəndə1 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiasını dəqiqləşdirmək niyyətinin olmadığını bildirmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 13-cü bəndinə əsasən, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Ona görə də, Məhkəmə hesab edir ki, ilkin iddia baxılmamış saxlanmalıdır. Qarşılıqlı iddianın baxılmamış saxlanması ilə bağlı isə, Məhkəmə aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə Məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırda isə, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Cəlilabad rayon Məhkəməsində olmasına istinad edərək hazırlıq iclasının təxirə salınmasını xahiş etsə də, bu barədə sübutları ərizəyə əlavə etməmişdir. Nəzərə alınamlıdır ki, Mülki Prossesual Məcəllənin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Göründüyü kimi, işin baxılma müddəti 4 ay müəyyən edilmiş və hazırkı işin də, 7.05.2025-ci il tarixdə daxil olmasını nəzərə alaraq artıq işin baxılmasının 2 ayı ötmüşdür. Ancaq qarşılıqlı iddiaçı heç bir məhkəmə iclasına gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prossesual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hər iki tərəfə izah edir ki, qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən Məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Nümayəndə1 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh Nümayəndə1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət rüsumun əvəzi olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul Nümayəndə1 geri qaytarılsın. Dövlət rüsumun əvəzi olaraq ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Cavabdeh geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar