Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun Cavabdeh MTK-ya qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X3 katibliyi, cavabdehin qanuni təmsilçisi Yaşar Demirin iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun Cavabdeh MTK-ya qarşı 733/20 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu (icraçı) ilə Cavabdeh MTK (sifarişçi) arasında 06 avqust 2020-ci il tarixli 733/20 saylı “sınaq işlərinin aparılmasına dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən «sifarişçi» həvalə edir, «icraçı» isə Abşeron rayonu, Saray qəsəbəsində inşa olunacaq 2 (iki) ədəd, 1 (bir) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ texmərtəbə), 2 və 3 saylı yaşayış binalarının tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən binalar üzrə ümumi sınaq sahəsi - 55678,00 m2-dir; Sınaq işlərinin qiyməti hər 1 (bir) m2 üçün – 1 (bir) manat dəyərində razılaşdırılır və (ƏDV-siz) - 55678 manat, ƏDV-18% - 10.022,04 manat. Cəmi: 65.700,04 manat təşkil edir. - 3.2-ci bəndinə əsasən «sifarişçi» görüləcək sınaq işlərinə görə «icraçı»nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər «icraçı» tərəfindən yerinə yetirildikdən sonra «sifarişçi» onları təhvil-qəbul aktı ilə qəbul edir. - 3.3-ci bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesabfakturaya uyğun aparılır. - 3.4-cü bəndinə əsasən ödənişlər, hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir. - 3.6-cı bəndinə əsasən «icraçı» tərəfindən «sifarişçi»yə 2 (iki) nüsxədə təqdim olunmuş təhvil-qəbul aktı 3 (üç) iş günü müddətində təsdiq olunaraq, 1 (bir) nüsxəsi «icraçı»ya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və «sifarişçi» ödənişin həyata keçirilməsini öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və «30» dekabr 2020-ci il tarixədək qüvvədə qalır. - 4.2-ci bəndinə əsasən tərəflərdən biri müqavilə müddətinin başa çatmasına 1 (bir) ay qalmış digər tərəfə yazılı surətdə müraciət etmədikdə, bu Müqavilənin müddəti daha 1 (bir) il uzadılmış hesab olunur. Bu təqdirdə müqavilə üzrə görüləcək işlərin həcminə və qiymətinə yenidən baxıla bilər. - 5.1.4-cü bəndinə əsasən «icraçı» tərəfindən yerinə yetirən işlərin (xidmətlərin) dəyərini bu Müqavilənin 3.1. bəndinə uyğun olaraq ödəmək sifarişçinin vəzidəsidir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
2. 24.08.2020-ci il tarixli **********0 nömrəli invoice/hesaba əsasən 733/20 saylı müqaviləyə əsasən Dadaşov adına İnstitut tərəfindən Abşeron rayonu Saray qəsəbəsində göstəriləcək xidmətin (özül tavasının (bina 2) qiyməti 2080 manat, 1-ci mərtəbə (bina 2) qiyməri 2080 manat) ümumi dəyəri 4160 manat (+748,8 manat ƏDV=cəmi 4.908,80 manat) təşkil edir (malsatan - Dadaşov adına İnstitut, alıcı - Cavabdeh).
3. 28.08.2020-ci il tarixli 637/20 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün akta əsasən 733/20 saylı müqavilə üzrə Abşeron rayonu Saray qəsəbəsində inşa olunan çox mərtəbəli yaşayış binalarının tikintisində istifadə edilən beton və armatur nümunələrinin yoxlaması (görülmüş işlər - özül tavasının (bina 2) qiyməti 2080 manat, 1-ci mərtəbə (bina 2) qiyməti 2080 manat) ümumi dəyəri 4.908.80 manat (748,8 manat ƏDV + 4160 manat) olan xidmətləri göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 16.03.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə müqavilənin qiyməti ƏDV-siz 55678 manat, görülmüş işlərin qiyməti ƏDV-siz 8.905,60 manat, görülmüş işlərə görə ödənilməmiş məbləğ ƏDV-siz 8.905,60 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu tərəfindən Cavabdeh MTK-ya xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunvericiliyə uyğun tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 733/20 saylı müqavilə üzrə 10.508,61 manat məbləğində borcun və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 10.708,61 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-nın hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə X4 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutuna müraciət olunaraq, Bakı şəhəri, Abşeron rayon, Saray qəsəbəsində inşa olunan 2 ədəd,1 girişli, zirzəmili, 16mərtəbəli (+texmərtəbə), 2 və 3 saylı yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, cavabdeh ilə S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu arasında 733/20 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 733/20 nömrəli müqavilə üzrə 10.508,61 manat borc bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X4 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 448-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Yaşar Demir izahatında bildirmişdir ki, borcun olması ilə bağlı üzləşmə aktını imzalamışlar, sadəcə həmin zaman hesab-faktura verilmədiyi üçün ödənişi etməmişlər. 8905 manat ƏDV-siz borcları qalıb. Onlara 2021-ci ildə xidmət göstərilmişdir. Yaşar Demir izahatında həmçinin bildirmişdir ki, 4160 manat + 748,80 manat ƏDV ilə bağlı e-qaimə onların şirkətin adına göndərilmişdir, lakin şirkətin fəaliyyəti dayandırıldığı üçün sonradan imzaladıqları üzləşmə aktında qeyd edilən məbləğ üzrə e-qaimə vurulmamışdır. Amma borcun olması faktını qəbul edirlər.
12. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu (icraçı) ilə Cavabdeh MTK (sifarişçi) arasında 06 avqust 2020-ci il tarixli 733/20 saylı “sınaq işlərinin aparılmasına dair” müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ƏDV-siz 8.905,60 manat dəyərində işlər (yoxlama sınaq işlərini) görməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MTK-nın göstərilən müqavilə üzrə iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 borcu ƏDV-siz 8.905,60 manat (+18%ƏDV olan 1.603,01 manat=10.508,61 manat) manat təşkil edir.
21. Odur ki, iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun Cavabdeh MTK-ya qarşı tərəflər arasında bağlanılmış 733/20 saylı müqavilə üzrə 10.508,61 manat (8.905,60 manat+1.603,01 manat ƏDV) məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 121,52 manat təşkil edir.
24. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MTK-dan 06 avqust 2020-ci il tarixli 733/20 saylı müqavilə üzrə ƏDV daxil 10.508,61 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva