Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4098/2023 20.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “dövlət ehtiyacları üçün sökülən əmlak üçün kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün sökülən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 16 “a” ünvanında yerləşən əmlakları üçün kompensasiya olaraq 3.300.000.00 manat, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2040 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 000134 qeydiyyat nömrəli, xx.xx.2006-ci il tarixli Mülkiyyət Hüququ Haqqında Şəhadətnaməyə əsasən mülkiyyət hüquqları İddiaçı MMC-yə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 16 “a” ünvanında, Texniki Pasporta əsasən istifadəsində olan 900 kv.m torpaq sahəsi üzərində yerləşən və ümumi sahəsi 966.6 kv.m olan qeyri-yaşayış binası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sökülmüş və iddiaçıya heç bir kompensasiya məbləği verilməmişdir. Əmlakın sökülməsinin məqsədi qeyriyaşayış sahəsinin inşa edilən şosse yolun üzərində olmasıdır və binanın yerində geniş şosse yolu inşa edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 16 “a” ünvanının 2010-2011-ci illəri əhatə edən xəritə görüntülərindən də aydın olur ki, 2011-ci ildən etibarən qeyri-yaşayış sahəsinin yerində şosse yolu inşa edilib. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış yüklülük haqqında arayışın verilməsinə dair ərizələrinə xx.xx.2011-ci il tarixli, 06/27468 nömrəli cavab məktubu ilə qeyri-yaşayış binasının tamamilə sökülməsi təsdiq edilir. xx.xx.2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq dedikdə, mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” X3 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən, Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Daşınmaz əmlak üzərində müstəqil qiymətləndirici tərəfindən aparılmış qiymətləndirməyə əsasən, əmlakın bazar dəyəri 3.300.000.00 manat müəyyən edilmişdir. Tərəflər arasında aparılan yazışmalar nəticə verməmiş, xx.xx.2023-cü il tarixində cavabdehə pretenziya ilə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdeh bildirmişdir ki, sözügedən yolun yenidən qurulması "xxxx" ASC tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 826 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1638 nömrəli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Beləliklə, cavabdehin öz cavab məktubunda bildirdiyi kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2023-cü il tarixdə cavabdehə məsələnin Mediasiyada həlli üçün mediasiya təklifi göndərilmiş, lakin cavab alınmamışdır. xx.xx.2023cü il tarixində 9 saylı mediasiya təşkilatına mediasiya sessiyası üçün müraciət olunmuş, 400 AZN mediasiya xərci ödənilmiş və xx.xx.2023-cü il tarixdə keçilirən mediasiya iclasında agentlik iştirak etmədiyi üçün proses baş tutmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi mübahisənin inzibati mübahisə olması ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra Mülki Prosessual Məcəllə) ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; - 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər; - 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; - 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdakı Qərarında əks olunan mövqeyini və sadalanan normaları nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri xüsusi hüququn nizamasalma predmetinə aid deyildir, yəni münasibətin tərəfləri bərabər mövqedə deyillər. Əksinə hazırkı mübahisə publik hakimiyyət daşıyıcısı ilə hüquq şəxs arasında olan hüquq münasibətlərindən irəli gəlir və inzibati orqan ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Belə ki, iddiaçı əmlakının dövlət ehtiyacları üçün söküldüyünü qeyd edir və kompensasiyanın ödənilməsi tələbi ilə çıxış edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunan mövqeni və formalaşmış məhkəmə təcrübəsini nəzərə alan məhkəmənin yekun qənaətinə görə, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil və mübahisəyə mülki icraat çərçivəsində baxıla bilməz. Odur ki, hazırkı iddia ərizəsinə inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 261.0 və 261.01-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ehtiyacları üçün sökülən əmlaka görə kompensasiya ödənilməsi ilə bağlı olan iddialar mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 2040 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş 2040 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “dövlət ehtiyacları üçün sökülən əmlak üçün kompensasiyanın tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 2040 (iki min qırx) manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılsın. İddiaçıya izah edilsin ki, eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4098/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4098/2023
20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver