Məhkəmə qərarları › İş №e-2-2(113)-4106/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4106/2022

16.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4106/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülkiyyət hüququ, hüquqdan sui-istifadə, mütənasiblik, qeyri-yaşayış sahəsi, legitim məqsəd, qanunçuluq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavadeh Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MTK) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində İddiaçı MTK tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə adıçəkilən qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. 2.2. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın birinci mərtəbəsində mağaza kimi istifadə edilən və onun mənzilinə bitişik sahənin də ona məxsus olduğunu bildirmişdir. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 62A ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi cavabdeh Abdullayev Məmmədağa Çırax oğlunun mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 62A ünvanda yerləşən 78 kv.m qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh ilə razılıq alına bilməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesinin uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur. 2.3. Beləliklə, cavabdeh öz hüquq və vəzifələrindən sui-istifadə etmiş, qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçıya ziyan vurulmuş və o, əmlak hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, hazırda iddiaçı cavabdehin mülkiyyət hüququnu pozmur, əksinə cavabdehi istismarı başa çatmış köhnə tikilidə olan qeyriyaşayış sahəsinin əvəzində cavabdehin mülkiyyətində olan sahədən daha böyük və yeni tikili olan qeyri-yaşayış sahəsi ilə təmin edir. Yəni, iddiaçı tərəfindən cavabdehin mülkiyyəti yaxşılaşdırılır. Həmçinin cavabdeh yeni inşa ediləcək qeyri-yaşayış sahəsi ilə təmin edildikdən sonra mülkiyyətindən olan qeyri-yaşayış sahəsinin boşaldılması və yeni ünvana köçürülməsinə belə yardım edir.

3. İddia ərizəsində, eləcə də izahatında iddiaçı tərəf iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına (bundan sonra 86 nömrəli Qərar) istinad edir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, Bakı şəhərinin bir neçə rayonunda abadlaşdırma işlərinin aparılması, istismar müddəti başa çatmış binaların sökülməsi, yeni yaşayış binalarının tikilməsi ilə bağlı 86 nömrəli Qərar mövcuddur. Həmin qərara uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti müvafiq sərancam vermişdir. Baxmayaraq ki, binaların tikintisi ilə bağlı pilot layihələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli Qərarı (bundan sonra 482 nömrəli Qərar) ilə ləğv edilmişdir, lakin həmin Qərarda 2018-ci ilin avqust ayına qədər başlanılmış layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının layihəsi də həmin tarixdən əvvəl başlanmış, zəruri sənədləşmə işləri aparılmış və tikinti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir.

5. Vəkil1 məhkəməyə izahatında həmçinin bildirmişdir ki, hazırkı mərhələdə cavabdehin qeyri-yaşayış sahəsi ilə bağlı razılığa gəlməməsi binanın digər sakinlərinin hüquqlarının pozulmasına səbəb olur, söküntü işlərini, yeni binanın tikintisini ləngidir. Halbuki hazırkı iddia ilə cavabdehin mülkiyyət hüququ nə məhdudlaşdırılır, nə də məhrum edilir, əksinə istismar müddəti başa çatmış, qəzalı bina yenisi ilə əvəz edilir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikinti ilə bağlı ayrıc aktı verilmiş, tikintiyə icazə sənədləri alınmış, tikiləcək binaların layihəsi müvafiq qaydada təsdiqlənmişdir. Həmçinin ayrıc aktında sxemdə göstərilmiş bütün binaların söküntüsü planlaşdırılır. Lakin mübahisə predmeti olan ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədləri yoxdur. Binanın qəzalı vəziyyətdə olmasına dair rəyin olub-olmaması ilə bağlı məhkəmənin sualına cavab olaraq isə bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti rəyi mövcud deyildir, yalnız FHN X3 Xidmətinin xx.xx.2014-cü il tarixli rəyi var. Amma binanın inşaatının başa çatdığı il (1954) onun istismar müddətinin başa çatmasını deməyə əsas verir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, mübahisə predmeti olan bina iki mərtəbəli 7 yaşayış sahəsi, 1 qeyri-yaşayış sahəsindən ibarət olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Əvvəlcə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi nəzərdə tutulmuş, sonradan sözügedən bina sürüşdürülmüş və halhazırda digər yerdə tikilir, sonuncu layihədə cavabdehin obyektinin yerində də obyekt tikilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehə nə üçün məhz həmin yerdə yeni obyektin verilməməsi sonuncuya aydın deyil. Tikilməsi nəzərdə tutulan bina sürüşdürüldüyü halda, mövcud ikimərtəbəli binanın aqibəti barədə iddiaçı tərəfdə vahid fikir yoxdur.

8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahat verərək qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında məhz əvvəlcə sakinlərin razılıqlarının alınması nəzərdə tutulmuş, lakin ikimərtəbəli binanın bəzi sakinləri, o cümlədən cavabdeh ilə razılıq alınmamışdır. Eləcə də iddaçının mübahisəli binanın istismar müddətinin başa çatması, qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən verilmiş hər hansı rəyi mövcud deyildir. O cümlədən, cavabdeh tərəf iddiaçının qeyriyaşayış sahəsində tikiləcək hər hansı obyekt ilə bağlı tikintiyə icazə, inşaat sənədləri ilə tanış ola bilmir, bu isə qarşılıqlı etimad yaranmasını əngəlləyir.

9. Cavabdeh məhkəməyə izahatında, eləcə də məhkəmənin suallarına cavab olaraq qeyd etmişdir ki, o, pul yox, məhz qeyri-yaşayış sahəsi istəyir. Razılıq əldə olunsa, qeyriyaşayış sahəsindən çıxmağa hazırdır. Ona məxsus qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşir, iddiaçının tikintiyə icazəsini aldığı binalar əlverişsiz yerdə yerləşir, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyi isə qeyri-müəyyəndir, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacaqdır.

10. Məhkəmənin barışıq təklifinə münasibət bildirən iddiaçının nümayəndəsi razılıq olunacağı təqdirdə 30 faiz artıqlaması ilə qeyri-yaşayış sahəsinin verilə biləcəyini bildirmiş, qeyri-yaşayış sahəsinin yerinin seçilməsini isə (hazır olan binalar arasından) cavabdehin mülahizəsinə buraxmışdır. Cavabdeh isə bildirmişdir ki, hazır olan binalar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əlverişsiz yerdədir, bu səbəbdən də bu minvalda razılıq qeyri-mümkündür, lakin onun qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək qeyri-yaşayış sahəsindən yer verilməsinə razıdır, bu şərtlə ki, mövcud qeyriyaşayış sahəsindən cavabdehin əldə etdiyi gəlirlər tikinti başa çatanadək kompensasiya edilsin, veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi yer dəqiq müəyyən olunsun. Daha sonra iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin mənzilinin yerləşdiriyi və alqı-satqı əsasında alınan yerdə tikilmiş yeni binadan (3 saylı bina) qeyri-yaşayış sahəsi cavabdehə verilə bilər. Cavabdeh isə 3 saylı binanın onun əvvəlki mənzilinin yerləşdiyi bina olduğunu, həmin binanın əlverişsiz yerdə yerləşdiyini, sahibkarlıq üçün yararsız olduğunu qeyd edib bununla razı olmadığını bildirmişdir. Lakin hazırkı qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən yeni obyektin verilməsinə razılığını ifadə etmişdir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməyib, icazəsi alınmayıb və bu səbəbdən də qeyd edilən yerdə hazırda cavabdehə qeyri-yaşayış sahəsi verilə bilməz. Həmçinin iddiaçı pul yox, yalnız qeyriyaşayış sahəsi təklif edir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

13. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra "xxxx" MTK) istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.6-cı bəndinə əsasən həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

14. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə istifədəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli Ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli xx.xx.2014-cü il tarixli inşaat pasportu hazırlanmışdır.

15. “Bakı Şəhər İcra Hakimiyyəti Başçının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncama əsasən İddiaçı MTK-nın xx.xx.2018-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 173 saylı razılıq məktubu nəzərə alınaraq Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

16. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli, xx.xx.2021-ci il tarixli Tİ-53/21 nömrəli və xx.xx.2022-ci il tarixli, Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə müvafiq olaraq 1 saylı, 1a saylı, 3 saylı və 2 saylı binaların tikintisinə icazə verilmişdir.

17. Məhkəmənin hazırlıq iclasında 14/102 saylı ayrıc aktına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi K.Balakişiyev və Ş.Mirzəyev küçələrinin qovuşduğu yerdə yerləşir.

18. Məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 1708 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən, sahəsi 19 276 kv.m olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MTK-ya icarəyə verilmişdir.

19. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı Şəhər İcra Hakimiyyəti 10 aprel 2014cü il tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki torpaq sahəsi tikintinin layihələndirilməsi üçün "xxxx" MTK-nın istifadəsinə verilmiş, ayrıc aktı tərtib olunmuş, "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin inşaat pasportu hazırlanmış, daha sonra qeyd olunan sərəncam və inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmiş, həmin sahədə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sonuncuya tapşırılmışdır. Müvafiq razılıqlar alınaraq 1, 1a, 2 və 3 saylı binanın tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmış, cavabdehin qeyri-yaşayış sahəsinin yerində tikiləcək bina ilə bağlı sənədləşmə işləri aparılmamışdır.

20. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üçün pul təklif etmir, tikintisi üçün icazə alınmış 3 saylı binada qeyri-yaşayış sahəsi təklif edir, cavabdeh də öz növbəsində pul istəmir, ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa olunacaq binada qeyri-yaşayış sahəsi istəyir. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulmuş obyektin təyinatının müəyyənləşdirilmədiyini, ona görə də, həmin binada qeyri-yaşayış sahəsinin hazırda təklif edilməsinin mümkün olmadığını qeyd edir.

21. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

22. 86 nömrəli Qərarın 1 və 1.1-ci hissələrində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin Qərarın 5-ci hissəsinə görə, bu qərar imzalandığı gündən qüvvəyə minir.

23. 482 nömrəli Qərarın 3 və 4-cü hissələrindən aydın olur ki, 86 nömrəli Qərar ləğv edilmiş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi, ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini və s. tapşırılmışdır.

24. Göründüyü kimi, 86 nömrəli Qərar 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 10 aprel 2014cü il tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür.

25. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, həmin qərarların icrasına cavabdehin maneçilik törətməsi ilə bağlı arqumentləri əsassızdır.

26. Məhkəmə iddiaçının cavabdehin mülkiyyət hüququnu pozmaması ilə bağlı mövqeyi ilə də razı deyildir.

27. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 13-cü maddəsi, 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri).

28. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.

29. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).

34. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

35. Məhkəmə vurğulayır ki, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi 86 nömrəli Qərar isə 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 nömrəli sərəncamı həmin Qərardan əvvəl, yəni 10 aprel 2014-cü il tarixdə qəbul edilmişdir. Ona görə də, 86 nömrəli Qərar da hazırkı iş üzrə qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddianın təmin olunması qanunçuluq prinsipinə cavab vermir.

36. Bundan başqa, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən göstərir ki, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində fərdi sahibkar olan cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN: **********).

37. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

38. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

39. Göründüyü kimi, qanunvericiliklə sahibkarlıq fəaliyyətinin müstəqil həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müstəqillik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin qanunvericiliklə yol verilən istənilən faəliyyət növü ilə məşğul olmasında, həmçinin gəlirləri və xərclərinin riskini sahibkarın özünün daşımasında təzahür edir. Belə olan halda, şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir.

40. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.

41. Məhkəmə nəzərə alır ki, təsərrüfat obyektinin yerinin dəyişdirilməsi zamanı qeyrimüəyyənliklər cavabdehin sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəkdir. Belə ki, iddia tələbində qeyri-yaşayış sahəsinin hansı binadan, neçənci mərtəbədən verilməli olması, qeyri-yaşayış sahəsinin ünvanı kimi əhəmiyyətli hallar göstərilməmiş, bu məsələnin həllində qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəf 3 saylı binadan qeyri-yaşayış sahəsinin veriləcəyini bildirsə də, cavabdeh bununla razılaşmır, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək binada qeyri-yaşayış sahəsi istəyir. İddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməyib.

42. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

43. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavabdehin mülkiyyət hüququna müdaxilə onun qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu nəzərə alındığında və bu hal iddiaçı tərəfindən ədalətli kompensasiya edilə bilmədiyindən mütənasib deyildir.

44. Məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı iddiaçının arqumentini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.

45. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

46. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

47. Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan sui-istifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (Mirolubovs və digərləri Latviyaya qarşı, 2009, §62, S.A.S Fransaya qarşı iş, 2014, §66 Qərarlar).

48. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium) (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair 12 mart 2012-ci il tarixli Qərar).

49. Məhkəmə vurğulayır ki, iddiaçının cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi ilə bağlı izahatları subyektiv mülahizələrdən ibarətdir.

50. Belə ki, iddiaçı cavabdehin yalnız və yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçı və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Həmçinin iddiaçı həmin binada yaşayan digər şəxslərlə bağlı da məhkəmə mübahisələrinin olduğunu qeyd etmişdir.

51. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət hüququndan suiistifadə etməsi işin halları, təqdim edilən sübutlarla təsdiqlənmir, sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

52. Yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olmadığından təmin edilə bilməz.

53. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar