Məhkəmə qərarları › İş №e-2-2(113)-4138/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4138/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4138/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, SF082/23 nömrəli müqaviləyə əsasən yaranmış 2204,83 manat əsas borcun, 3775 manat dəbbə pulunun, 300 manat hüquqi yardım haqqının və 80 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6359,83 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, SF082/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdeh üçün od söndürən balonların təkrar doldurulması, siqnalizasiya sistemlərinə xidmət və s. işlərini yerinə yetirmiş, bununla bağlı qismən ödənişlər də edilmişdir. Lakin xidmətlərin tam ödənişi bu günə qədər icra edilməmişdir. Belə ki, cavabdehin sonuncu borclarla bağlı xx.xx.2024-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və həmin aktda 2204,83 manat borc etiraf edilib. Lakin bu borcun ödənilməsi əsassız olaraq yubanır. Məsələ ilə bağlı cavabdehə xx.xx.2023 və xx.xx.2024-cü il tarixli elektron qaimə fakturalar da göndərilmiş və qəbul edilmişdir. Bütün bu borc məbəğlərinin mövcudluğu, ödənişlər, ödənişə möhlət barədə yazışmalar cavabdehin direktoru ilə aparılan şəxsi yazışmalarda da mövcuddur və məsələ etiraf edilir. Dəbbə pulu tələbi: Müqavilənin 4.3 bəndinə əsasən “bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “sifarişçi” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində icraçıya dəbbə pulu ödəyir.” Son elektron qaimə faktura xx.xx.2023 tarixində göndərilib. Həmin tarixdən bu günə qədər 2 il 2 ay, yəni 26 ay keçmişdir. 26 ay hər günə 30 gündən hesablansa, 780 gün edir. 2200 x 0,1%=2,2 manat (hər gün üçün); 780 gün x 2,2 manat =3775 manat (dəbbə pulu miqdarı)

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SF082/23 nömrəli müqaviləyə görə iddiaçı od söndürən balonların təkrar dolumunu və yeni odsöndürən balonların, siqnalizasiya sisteminin servisi və quraşdırılması, yanğın ləvazimatları, təxliyyə planının hazırlanması müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş mallar və ya xidmətlər əsasında sifarişçiyə təhvil verməyi, sifarişçi isə mallar və ya xidmətləri qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə üzrə mallar və ya xidmətlərin miqdarı, çeşidi və qiyməti müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən qiymət razılaşma protokolu ilə müəyyən edilir.

9. Müqavilənin 4.3-cü bəndinə görə bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0, faizi həcmində icraçıya dəbbə pulu ödəyir.

10. Müqavilənin xx.xx.2023-cü il tarixli Əlavəsində görüləcək işlərin dəyəri razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə icra edilmiş işlərlə bağlı (balonların doldurulması) xx.xx.2023-cü il tarixli EBCN 856252 nömrəli 69,03 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 257039 nömrəli 2135,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 277005 nömrəli 169,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 419059 nömrəli 2650,28 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

12. xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə xx.xx.2023-cü il tarixli, SF082/23 nömrəli müqavilə üzrə sifarişçinin icraçıya xx.xx.2024-cü il tarixinə 2204,83 manat borcu vardır. Akt iddiaçı ilə cavabdehin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir.

13. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SF082/23 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2204,83 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 2204,83 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 3775 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat müəyyən edilməlidir.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2204,83 manat əsas borc, 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən göstərilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri “Femida” Vəkil Bürosuna 300 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

30. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 43,05 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 36,95 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2204,83 manat əsas borc, 100 manat dəbbə pulu, 300 manat hüquq yardıma görə xərc, 43,05 manat dövlət rüsumu, ümumilikdə 2647,88 (iki min altı yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 36,95 (otuz altı manat doxsan beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar