Məhkəmə qərarları › İş №e-2-2(113)-414/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-414/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-414/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsi cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icra icraatı çərçivəsində keçirilmiş hərracın etibarsızlığı, hərracın keçirilmə müddəti, əmlakın qiymətinin aşağı salınması, vicdanlılıq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsi cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 (bundan sonra Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Baş X8 İdarəsində aparılmış 20 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti ödənilməmiş 819 550,97 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının İddiaçı ASC-dən tutulması tələbi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmışdır. İşin məhkəmə baxışı zamanı tərəflər arasında qeyd olunan borcun ödənilməsi barədə xx.xx.2011-ci il tarixli 07 saylı barışıq sazişi bağlanmışdır. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-310/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda həmin qərardadla qərara alınmışdır ki, İddiaçı ASC tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin birtərəfli qaydada ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. xx.xx.2016-cı ildə Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. 2.2. xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, İddiaçı ASC məcburi dövlət sosial sığorta haqları üzrə 01 iyul 2009-cu il tarixindən 01 yanvar 2011-ci il tarixədək olan dövr ərzində yaranmış 819 550,97 manat ümumi borc məbləğinin 2011-2013-cü il ərzində barışıq sazişində göstərilən qrafikə uyğun ödənilməsini təmin edir. Həmçinin cavabdeh qrafikdə nəzərdə tutulmuş ödəniş məbləğini artan yekunla əvvəlki ayda ödəyə bilər. Cavabdeh tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda iddiaçı birtərəfli qaydada sazişin ləğv edilməsi və sazişin ləğv edilməsi tarixinə cavabdehin yaranmış borcunun tam məbləğində ödənilməsi barədə iddia qaldıra bilər; iddiaçı isə cavabdehə qanunvericilikdə edilmiş dəyişikliklər barədə mütəmadi olaraq məlumat və hər rübün sonunda qarşılıqlı hesablaşma üzrə üzləşmə aktı verir. 2.3. İcra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, idarənin rəis müavini Kazım Kazımov tərəfindən xx.xx.2016-cı il tarixində icraata başlanılmışdır. Daha sonra icra məmuru Orxan Məmmədov tərəfindən xx.xx.2016cı il tarixli icra ödənişinin tutulması haqqında qərarı qəbul edilmişdir. Bundan sonra tələb icra edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-6491/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə ərizəçiyə məxsus “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və digər avtomobillərin üzərinə həbs qoyulmuş, icra məmurunun qiymətləndiricinin dəvət edilməsi haqqında xx.xx.2022-ci il qərarı əsasında "xxxx" MMC tərəfindən həmin avtomobil 8000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirilmiş avtomobil xx.xx.2023-cü il tarixli 22/20 saylı hərracın keçirilməsi haqqında sifarişlə cavabdehə göndərilmiş və hərracın keçirilməsi xahiş olunmuşdur. 2.4. Cavabdeh tərəfindən hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ilkin hərrac xx.xx.2023-cü il tarixində keçirilmişdir. Lakin hərrac baş tutmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixə yenidən hərracın keçirilməsi təyin edilmiş və iddiaçının mülkiyyətində olan “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satış dəyəri azaldılaraq 20% aşağı olmaqla 6400 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində yenidən hərrac baş tutmamış və təkrarən hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və əmlakın hərracda satış dəyəri eyni qaydada 6400 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində yenidən hərrac baş tutmamış və təkrarən hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və daşınmaz əmlakın hərracda satış dəyəri 30% aşağı olmaqla bu dəfə 5600 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi 5600 manata Cavabdeh2 satılmışdır. Qeyd olunan hərrac üzrə xx.xx.2023-cü il tarixində hərrac yekunları barədə 40/01 saylı protokol tərtib olunmuşdur. 2.5. Yuxarıda qeyd edilən və qanunvericiliyin tələblərinə zidd keçirilən hərrac nəticəsində iddiaçı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq məhrum edilmişdir. Hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Belə ki, hərrac prosesi tamamilə yanlış, yəni qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının tələbləri nəzərə alınmadan keçirilmiş, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi icra icraatı çərçivəsində icra məmuru tərəfindən üzərinə həbs qoyulsa da, bir neçə dəfə, dəyəri kəskin azaldılmaqla və uzun müddət ərzində keçirilmişdir. Bundan əlavə iddiaçıya icraata başlamaq haqqında qərar rəsmi olaraq təqdim edilməmiş, əmlakının qiymətləndirilməsi barədə məlumat verilməmiş, cavabdeh tərəfindən göndərilmiş məktublar ona çatmamış, sonda mülkiyyətindən qanunsuz keçirilmiş hərrac nəticəsində məhrum olmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 416, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İcra haqqında” Qanun) 45.6, 53, 62-ci və s. maddələri göstərilmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadı və s. istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, hazırda mübahisələndirilən hərrac Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən icra icraatı gedişində icra məmuru tərəfindən qanunsuz olaraq qəbul edilmiş xx.xx.2016-cı il tarixli icra ödənişinin alınması haqqında qərar üzrə icra ödənişinin tutulması üçün keçirilmişdir. İcra məmurunun həmin qərarı hazırda Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilir. 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, icra haqqında qanunvericiliyə əsasən, hərracın keçirilmə müddəti iki ay davam etməli olduğu halda, həmin müddət ötürülmüşdür. Digər tərəfdən, nəqliyyat vasitəsi ipoteka predmeti olmadığı halda, ipoteka haqqında qanunvericilik tətbiq edilmiş, nəqliyyat vasitəsinin qiyməti təkrar hərraclarda aşağı salınmışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadında ipoteka haqqında qanunvericiliyin ipoteka predmeti olmayan əmlakın satışına tətbiqinin yolverilməzliyi qeyd edilmişdir. “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışı üzrə hərraclar isə həmin qərardadın qəbul edilməsindən sonra keçirilmişdir.

6. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin nümayəndəsi X4 qeyd etdi ki, iddiaçıya məxsus 3 nəqliyyat vasitəsi üzrə yalnız 1 nəqliyyat vasitəsinin (“Nissan Sunny” minik markalı **-AA- *** dövlət qeydiyyat nişanlı) satışı reallaşmış, digər 2 nəqliyyat vasitəsinin hərracdan satışı barədə sifariş alıcının olmaması əsası ilə geri qaytarılmışdır. “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışı üzrə keçirilmiş hərraclara dair ümumilikdə 2 dəfə iddiaçıya bildiriş göndərilmişdir.

7. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişləri yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

8. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmənin baxış iclasının yeri və vaxtı barədə ünvanına məhkəmə bildirişi çatdırılmaqla məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi tələbinə dair

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. Məhkəməyə təqdim edilən 27 may 2016-cı il tarixdə verilmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 14 aprel 2011-ci il tarixli 2(85)-310/2011 nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı ASC məcburi dövlət sosial sığorta haqları üzrə 01 iyul 2009-cu il tarixindən 01 yanvar 2011-ci il tarixədək olan dövr ərzində yaranmış 819 550,97 manat ümumi borc məbləğinin 2011-2013-cü il ərzində barışıq sazişində göstərilən qrafikə uyğun ödənilməsini və əmək haqqı ödənişləri ilə eyni vaxtda cari məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin edir. Həmçinin cavabdeh qrafikdə nəzərdə tutulmuş ödəniş məbləğini artan yekunla əvvəlki ayda ödəyə bilər. Cavabdeh tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda iddiaçı birtərəfli qaydada sazişin ləğv edilməsi və sazişin ləğv edilməsi tarixinə cavabdehin yaranmış borcunun tam məbləğində ödənilməsi barədə iddia qaldıra bilər. İddiaçı isə cavabdehə qanunvericilikdə edilmiş dəyişikliklər barədə mütəmadi olaraq məlumat və hər rübün sonunda qarşılıqlı hesablaşma üzrə üzləşmə aktı verir.

15. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəis müavini X3 xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarında görünür ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 14 aprel 2011-ci il tarixli 2(85)-310/2011 nömrəli icra sənədi üzrə icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir.

16. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(060)-6491/2016 nömrəli qərardadından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin təqdimatı qismən təmin edilmiş, digər əmlaklarla yanaşı “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır.

17. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 29 dekabr 2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, iddiaçının mülkiyyətində olan, o cümlədən Nissan Sunny” minik markalı **-AA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC tərəfindən qiymətləndirici ekspertin dəvət olunması qərara alınmışdır.

18. Məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 27 nömrəli məktubdan və qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 aprel 2011-ci il tarixli 2(85)-310/2011 nömrəli icra sənədinə əsasən Nissan Sunny” minik markalı **-AA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tez reallaşdırılmasını (satışını) müəyyən edən, likvid qiyməti əks etdirən xx.xx.2023-cü il tarixli 21 saylı hesabat Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, nəqliyyat vasitəsinin qiyməti 8000 manat müəyyən edilmişdir.

19. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli 22/20 nömrəli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, sonuncudan digər nəqliyyat vasitələri ilə yanaşı 8000 manat məbləğində qiymətləndirilmiş “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracının keçirilməsi xahiş olunmuşdur.

20. İş materiallarına əlavə edilən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə, iddiaçıya və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 8000 manat olmaqla hərracının xx.xx.2023cü il tarixdə keçiriləcəyi barədə məlumat verilmişdir.

21. İddia ərizəsinə əlavə edilən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə, iddiaçıya və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 7200 manat olmaqla hərracının xx.xx.2023cü il tarixdə keçiriləcəyi barədə məlumat verilmişdir.

22. Məhkəməyə təqdim edilən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə, iddiaçıya və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətindən 20% aşağı olmaqla 6400 manata satılması barədə hərracının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi barədə məlumat verilmişdir.

23. İş materiallarında olan cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə, iddiaçıya və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətindən 30% aşağı olmaqla 5600 manata satılması barədə hərracının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi barədə məlumat verilmişdir.

24. İddia ərizəsinə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2023cü il tarixli 22/20 nömrəli məktubuna əsasən “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5600 manata Cavabdeh2 satılmışdır.

25. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 2164193/2023 nömrəli məktubundan və kompüter çıxarışından görünür ki, “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə 40/01 nömrəli hərrac protokolu əsasında iddiaçının adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-ME-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

26. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 aprel 2011-ci il tarixli 2(85)-310/2011 nömrəli icra sənədinin icrası ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(060)-6491/2016 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 29 dekabr 2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı əsasında "xxxx" MMC tərəfindən 8000 manat olaraq qiymətləndirilmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli 22/20 nömrəli məktubuna əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən ilk hərrac nəqliyyat vasitəsinin qiyməti 8000 manat müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə, ikinci hərrac nəqliyyat vasitəsinin qiyməti 7200 manat müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə, üçüncü hərrac nəqliyyat vasitəsinin qiyməti 6400 manat müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə, dördüncü hərrac nəqliyyat vasitəsinin qiyməti 5600 manat müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə keçirilmiş, sonuncu hərracda Cavabdeh2 qalib elan edilmiş, 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmiş, həmin protokol əsasında nəqliyyat vasitəsinə yeni **-ME-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq avtomobil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

27. İddiaçı “Nissan Sunny” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulması ilə: 1) hərracın keçirilməsi üçün müəyyən olunmuş 2 aylıq müddətin ötürülməsi; 2) nəqliyyat vasitəsinin dəyəri azaldılmaqla keçirildiyini bildirir və protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Baş X8 İdarəsində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir.

28. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin ikinci hazırlıq iclasında iştirak edən nümayəndəsi mövqelərinin bildirilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, cavabdeh növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir.

29. Digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair öz mövqelərini ifadə etməmişlər.

30. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

31. Belə ki, hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salması “İcra haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.

32. “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulsa da, “İcra haqqında” Qanunda hərracın başqa qaydada keçirilməsi müəyyən olunmuşdur.

33. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

34. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

35. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

36. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

37. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

38. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

39. Göründüyü kimi, mülki qanunvericilikdə və icra haqqında qanunvericilikdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası nəzərdə tutulmamışdır.

40. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında da izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.

41. Digər tərəfdən, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilmə müddətlərinə də riayət edilməmişdir.

42. Belə ki, “İcra haqqında” Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

43. İcra məmuru iddiaçının mülkiyyətində olan əmlakın hərracdan satılması ilə bağlı sifarişi 24 fevral 2023-cü il tarixdə vermiş, hərracın nəticələri haqqında mübahisələndirilən protokol isə 03 avqust 2023-cü il tarixdə, yəni təqribən 6 ay sonra tərtib olunmuşdur. Halbuki Sumqayıt şəhəri üzrə İcra idarəsinə, iddiaçıya və Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan sifarişin həmin tarixdə artıq Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə daxil olması müəyyən olunur.

44. Belə olan halda, hərracın keçirilməsinin qaydalarına (hər bir növbəti hərrac keçirilərkən satışa çıxarılmış əmlakın qiymətinin müəyyən edilməsi və əmlakın hərracdan satılması müddətləri) riayət edilməsi vəzifəsi hərrac təşkilatının üzərində düşdüyündən həmin qaydaların pozulmasına görə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC məsuliyyət daşımalıdır.

45. Mülki Məcəlləyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3).

46. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

47. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən əqd – hərracın yekunlarına dair protokol hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlandığından əhəmiyyətsiz əqddir.

48. Eyni zamanda əqdin tərəfi olan Cavabdeh2 vicdanlı olması da istisna edilir. Belə ki, 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli hərracın yekunları barədə protokoldan icra haqqında qanunvericiliyin (həm əmlakın ilkin satış qiymətinin aşağı salındığı, həm də hərracın keçirilməsi haqqında sifarişdən təqribən 6 ay keçdiyi) pozulduğu aşkar olur. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə isə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

49. Bu isə onu göstərir ki, Cavabdeh2 03 avqust 2023-cü il tarixli hərracın icra haqqında qanunvericiliyin pozulması ilə keçirildiyini bilməli olduğundan həmin hala münasibətdə vicdanlı deyildir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya məxsus “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş 03 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 40/01 nömrəli protokol etibarsız hesab edilməli, həmin protokol əsasında adıçəkilən nəqliyyat vasitəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən aparılmış 20 oktyabr 2023-cü il tarixli dövlət qeydiyyatı ləğv edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00478/02 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat məbləğində mediasiya xərcini ödənmişdir.

52. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

55. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Hazırkı iddianın qiymətləndirilməyən iddia olduğundan ödənilməli dövlət rüsumunun 100 manat olduğunu, ödənilmiş 20 manat mediasiya xərci hissəsində iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğundan 80 manat dövlət rüsumu ödədiyini, iddia tələbinin tam təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 manat, dövlət rüsumunun əvəzi olaraq 80 manat pul cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 tərəfindən keçirilmiş 03 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 40/01 nömrəli protokol etibarsız hesab edilsin. 03 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 40/01 nömrəli protokol əsasında “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən aparılmış 20 oktyabr 2023-cü il tarixli dövlət qeydiyyatı ləğv edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar