Məhkəmə qərarları › İş №e-2-2(113)-4149/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4149/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4149/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil Musa oğlunun cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat ödənilməmiş xidmət haqqı və 200 (iki yüz) manat mediasiya haqqı, 2010 (iki min on) manat vəkil üçün ödənilən haqq olmaqla, cəmi 18.230,86 (on səkkiz min iki yüz otuz manat səksən altı qəpik) manatın cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər ərzində mehmanxana və ictimai-iaşə fəaliyyəti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektidir. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən, icraçı (iddiaçı) sifarişçi (cavabdeh) üçün xidmətlər göstərməyi, sifarişçi isə bu müqavilənin şərtlərinə uyğun olaraq həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən, xx.xx.2019-cu il – xx.xx.2020-ci il dövrü üzrə cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən otel və ictimai-iaşə xidmətləri olmaqla xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq hesab-fakturalar təqdim olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, xidmət haqqını ödəməkdən yayınmış və nəticədə 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat ödəniş vaxtı keçmiş borc yaranmışdır. Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə edilmiş müraciətlərə etinasız münasibət göstərərək, cavab verməmiş və ya cavab verdikdə isə strukturunda baş verən kadr dəyişikliyi ilə əlaqədar müəyyən çətinliklərin olduğunu bildirmişdir. Halbuki, cavabdehin daxili məsələləri ilə xidmət müqaviləsi üzrə öhdəliklərinin icrasının heç bir əlaqəsi mövcud deyil və bu öhdəlik vaxtında və lazımi qaydada icra edilməli idi. Cavabdehin həm rəsmi elektron yazışma ünvanlarına, həm də hüquqi və faktiki ünvanlarına poçt vasitəsilə göndərilmiş 19 may 2022-ci il tarixli, 22/139/01 saylı pretenziya ilə qarşı tərəfə bir daha 16.020,86 manat qalıq borcun ödənilməsi təklif edilmiş və göstərilmiş xidmətlərə dair üzləşdirmə aktı təqdim edilmişdir. Cavabdehin əməkdaşı tərəfindən 13 iyun 2022-ci ildə elektron qaydada göndərilmiş 08 iyun 2022-ci il tarixli, 0328 saylı məktubda, iddiaçının göndərdiyi 7 hesab üzrə 9280,70 (doqquz min iki yüz səksən manat yetmiş qəpik) manat məbləğində borc cavabdeh tərəfindən qəbul edilmiş, digər 6 hesab üzrə (hesab № 46784, 47012, 47026, 47029, 47051, 47069) xidmət göstərilməsinin təsdiq olunmadığını iddia etmişdir. Halbuki, 16.020,86 manat qalıq borcun cavabdeh tərəfindən qəbul edilən hissəsində olduğu kimi, qəbul etmədiyini irəli sürdüyü hissəsi ilə bağlı sifarişin verilməsi, xidmət göstərilməsi və cavabdeh tərəfindən qəbul edilməsinə dair bütün zəruri sənədlər dəfələrlə qarşı tərəfə təqdim edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, cavabdeh borcun 9280,70 manat hissəsini qəbul etsə də, bu günədək həmin məbləği ödəməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mövqeyi tamamilə uydurma xarakterlidir və belə əsassız mülahizələrlə vaxt itkisinə yol verərək iddiaçının səbrini tükəndirmək və öhdəliyin icrasından yayınmaq məqsədi güdür. İddiaçının 14 iyun 2022-ci il tarixli, 22/165/01 saylı məktubunda, cavabdehə bir daha xatırladılmışdır ki, "xxxx" MMC-nin əməkdaşları (məs. Lalə İsmayılova) tərəfindən rəsmi ünvandan sifarişlərin daxil olmuş, həmin sifarişlər əsasında xidmət göstərilmişdir və xidmətdən istifadə edən şəxslərin təsdiqi də mövcuddur. Bunlar əsasında vaxtında hesablar və qaimələrin təqdim edilmiş və heç bir etiraz olmamışdır. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamışdır. Mediasiya xərci kimi 200 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 30 oktyabr 2017-ci il tarixli “Xidmət müqaviləsi”nə əsasən, xx.xx.2019-cu il -xx.xx.2020-ci il dövrü üzrə cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən otel və ictimai-iaşə xidmətləri olmaqla xidmətlər göstərilmişdir. İddia tələbində əks olunan və qeyd olunan cədvəldə sonuncu 6 sayda hesab üzrə iddia tələbi tamamilə əsassızdır. Çünki, iddiaçı həmin tələblər üzrə hər hansı bir xidmət göstərməmişdir. Bununla bağlı iddiaçıya göndərilən “08” iyun 2022-ci il tarixli, 0328 saylı “pretenziyaya cavab” məktubunda da öz əksini tapmışdır. Həmin cavab məktubunda bildirilmişdir ki, “mühasibatlığa göndərilən 15 ədəd hesabdan ödənilməsi cəmi 7 hesab əsaslıdır. Belə ki, hesablardan 2-si təkrar hesablardır, digər 6 hesab (hesab M: 46784, 47012, 47026, 47029, 47051, 47069) üzrə hər hansı bir xidmət göstərilmədiyi üçün təsdiq edilməmişdir. Bununla da iddia tələbi həmin hissədə haqlı olaraq cavabdeh tərəfindən qəbul edilməmişdir. Həmçinin iddiaçının “SOCAR-AQŞ MMCnin əməkdaşları (məsələn: Lalə İsmayılova) tərəfindən rəsmi ünvandan sifarişlər daxil olmuş, həmin sifarişlər əsasında xidmət göstərilmişdir qeydi əsassızdır, çünki “e-mail” göndərilsə də daha sonra həmin xidmətlərdən istifadə olunmayacağı ilə bağlı “tərəflər” arasında telefonla danışıqlar olmuş və “tərəflər” də son olaraq bu barədə razılığa gəlmişdirlər. Digər tərəfdən 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli “Xidmət müqaviləsi”nə əsasən “e-mail” yazışmaların “tərəflər” arasında sübut qismində qəbul edilməsi ilə bağlı hər hansı qeyd olmadığından, iddiaçının bu hissədə olan dəlili də tamamilə əsassızdır. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı “Qərarı”na gəldikdə isə həmin “Qərar”ın 3.4-cü bəndinə əsasən, (bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə- faktura proqram təminatı tərifindən təsdiq edilir.) qeyd olunan 6 (altı) “elektron qaimə-faktura”nın 5 (bes) gün müddətində geri qaytarılmaması icra edilməyən xidmətlərə görə 6.740,16 (altı min yeddi vüz qırx manat on altı qəpik) manat məbləğin ödənilməsi üçün əsas ola bilməz. İstisna şərt olaraq bununla bağlı müqavilə şərtlərində də hər hansı bir qeyd yoxdur. İddiaçı MMC tərəfindən təqdim olunmuş bir sıra elektron qaimə-fakturalar avtomatik qaydada təsdiqlənmişdir və həmin sənədlər üzrə 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli “Xidmət müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, müvafiq təhvil-təslim aktları yoxdur. Başqa sözlə, iddiaçının iddia tələbində qeyd edilən 16.020,86 manat məbləğdən yalnız 9.280,70 manat məbləğ əsaslıdır və tələb edilən 6.740,16 (altı min yeddi yüz qırx manat on altı qəpik) manat (16.020,86 AZN - 9.280,70 AZN - 6.740.16 AZN) heç bir hüquqi əsası olmayan xidmətlərə görə əlavə olaraq tələb edilir. İddiaçının cavabdeh borcun 9280,70 manat hissəsini qəbul etsə də, bu günədək həmin məbləği ödəməmişdir qeydi, həqiqətə uyğun deyildir. Çünki dəfələrlə iddiaçıya faktiki borc məbləği üzrə “X1”nın tərtib edilməsini təklif edilsə də bununla razılaşmamış, əlavə ödənişlər tələb etmiş və nəticədə iş gəlib bu həddə çatmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunu nəzərə alaraq 6 sayda elektron qaiməfaktura üzrə xidmətlərin faktiki icra edilməsi İddiaçı MMC tərəfindən sübuta yetirilməlidir. Cavabdehin nümayəndəsi iddia tələbinin 6.740,16 (altı min yeddi yüz qırx manat on altı qəpik) manat məbləği, 200 (iki yüz) manat mediasiya haqqı, 2010 (iki min on) manat nümayəndə-vəkil üçün ödənilən haqq hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC “sifarişçi” İddiaçı MMC “icraçı” olmaqla imzalanmış, 30 oktyabr 2017-ci il tarixli 116/17/SA nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə xidmətlər göstərməyi, sifarişçi isə bu müqavilənin şərtlərinə uyğun olaraq həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndə əsasən hər bir ayrıca XS üzrə xidmətlərin başa çatmasından sonra tərəflər xidmətlərin XS göstərilən müddət və şərtlər əsasında lazımi qaydada yerinə yetirilməsinə dair təhvil-təslim aktını imzalayırlar. İzmalanmış təhvil-təslim aktları əsasında icraçı sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi bu cür hesab-fakturaları aldığı tarixdən sonrakı 30 təqvim günü ərzində ödənişi icraçının müvafiq bank hesabına köçürür. EBAG seriyalı 866604 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1.805,4 manat, EBAE seriyalı 327750 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.832 manat, EBAG seriyalı 760131 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1.083,24 manat, EBAE seriyalı 326078 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1.083,24 manat, EBAE seriyalı 326285 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1.083,24 manat, EBAC seriyalı 545647 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1.032,5 manat, EBAG seriyalı 984803 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 361,08 manat ödənilməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 45102-2 nömrəli hesab fakturaya əsasən 1083,24 manat, 45102-3 nömrəli hesab fakturaya əsasən 1083,24 manat, 47026 nömrəli hesab fakturaya əsasən 1.283,84 manat, 45677-1 nömrəli hesab fakturaya əsasən 1.805,4 manat, 45702-1 nömrəli hesab fakturaya əsasən 361,08 manat, 45664-1 nömrəli hesab fakturaya əsasən 1083,24 manat, 44813 nömrəli hesab fakturaya əsasən 1032,5 manat, 45089 nömrəli hesab fakturaya əsasən 2832 manat, 47012 nömrəli hesab fakturaya əsasən 1765,28 manat, 47051 nömrəli hesab fakturaya əsasən 962,88 manat, 47029 nömrəli hesab fakturaya əsasən 1.123,36 manat, 47069 nömrəli hesab fakturaya əsasən 641,92 manat, 46784 nömrəli hesab fakturaya əsasən 962,88 manat məbləğində göstərilmiş xidmətlər üzrə hesab fakturalar İddiaçı MMC tərəfindən tərtib edilmişdir. 30 oktyabr 2017-ci il tarixli 116/17/SA nömrəli müqavilə üzrə tərtib edilmiş 31 dekabr 2021-ci il tarixli üzləşmə aktında 31 dekabr 2021 tarixinə 16.020,86 manat məbləğində borc qeyd olunmuş, üzləşmə aktı İddiaçı MMC tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2022 tarixli 1064 nömrəli müqavilə üzrə 2.010 ödəniş olmuşdur. xx.xx.2022 tarixli 204İNTL221810030 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatına məxsus bank hesabına xx.xx.2022-сil tarixli MŞB/3-01208 saylı müraciət əsasında 200 manat köçürülmüşdür Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş vəsaitin qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında imzalanmış 30 oktyabr 2017-ci il tarixli 116/17/SA nömrəli müqavilə üzrə 9.280,70 manat məbləğində xidmətlərin göstərilməsi cavabdeh tərəfindən qəbul edilir. Cavabdeh iddia tələbinin 6.740,16 (altı min yeddi yüz qırx manat on altı qəpik) manat hissəsinə münasibətdə isə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 46784, 47012, 47026, 47029, 47051, 47069 hesab fakturalar üzrə xidmətlərin göstərilməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan hesablar üzrə xidmətlərin göstərilmədiyini bildirsə də iddia tələbi tərəflər arasında yazışmalar, hesab faktura, elektron qaimələrlə öz təsdiqini tapmışdır. Belə olan halda iddia tələbi ödənilməmiş xidmət haqqı hissəsində sübuta yetirildiyindən 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat "xxxx" MMCdən tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, 200 (iki yüz) manat mediasiya xərci, 2010 (iki min on) manat vəkil üçün ödənilən haqq cavabdehdən tutulamlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat və 200 (iki yüz) manat mediasiya xərci, 2010 (iki min on) manat vəkil üçün ödənilən haqq olmaqla, cəmi 18.230,86 (on səkkiz min iki yüz otuz manat səksən altı qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar