Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4150/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə ödənilmiş 2.300 manat məbləğində avans ödənişi və xidmətlərin icrasının gecikdirilməsi ilə bağlı hesablanmış 230 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2.530 manat məbləğində vəsait və 414 manat məbləğində ƏDV ödənişinin cavabdehdən məcburi qaydada tutularaq X1 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, X1 “EVRASCON" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EAC-XM-115/23 nömrəli xidmət müqaviləsinə uyğun olaraq, hazırda icrası həyata keçirilən X3 yenidən qurulması prosesində bayraq dirəyinin yuyulması icraçıya tapşırılmış, sifarişçi həmin xidmətin müqabilində icraçıya 4.600 manat məbləğində xidmət haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən xidmətin həyata keçirilməsi ilə bağlı sifarişçi tərəfindən icraçıya 2.300 manat məbləğində avans ödənişi və 414 manat məbləğində ƏDV ödənilmiş, lakin bayraq dirəyinin yuyulması ilə bağlı icraçı tərəfindən heç bir iş görülməmiş, ödənilmiş avans ödənişi isə sifarişçiyə geri qaytarılmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında EAC-XM-115/23 nömrəli xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, sifarişçi isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.
11. Müqaviləyə 1 saylı Əlavənin 1-ci bəndindən görünür ki, bayraq dirəklərinin yuyulması xidmətinin dəyəri ƏDV xaric 4.600 manat təşkil edir.
12. Müqaviləyə 1 saylı Əlavənin 4-cü bəndinə əsasən sifarişçi əvvəlcədən icraçıya 50 faiz avans ödəyəcək, qalan məbləğ iş təhvil veriləndən sonra (təhvil-təslim aktı əsasında) ediləcəkdir.
13. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya bayraq dirəklərinin yuyulması ilə bağlı EBDE 658416 saylı dəyəri 5.428 (ƏDV daxil) elektron qaimə göndərilmişdir.
14. İş materiallarına əlavə edilmiş 201OPXO231210083 saylı xx.xx.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığına əsasən məlum olur ki, EBDE seriyalı xx.xx.2023-cü il tarixli qaimə üzrə 2.300 manat məbləğində, 201OPXO231210575 saylı xx.xx.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığından məlum olur ki, ƏDV üzrə 414 manat məbləğində vəsait “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ödənilmişdir.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir.
16. Belə ki, müqavilə üzrə icraçı X4 yerləşən bayraq dirəklərinin yuyulmasını işini icra etməyi öz üzərinə götürmüşdür.
17. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
18. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
19. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
20. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
21. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam, müqavilə üzrə cavabdeh tərəfindən xidmətin icra edilib-edilməməsidir.
24. Hazırda iddiaçı yəni, sifarişçi tərəf cavabdeh yəni, icraçı tərəfindən X4 yerləşən bayraq dirəklərinin yuyulması ilə bağlı işləri icra etmədiyini bildirərək, ödənilmiş olan 2.300 manat və 414 manat ƏDV məbləğini tələb edir.
25. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh tərəf, X4 yerləşən bayraq dirəklərinin yuyulması işinin təxmini 5.500 manat razılaşdıqlarını, 2.300 manat dəyərində və hətta daha artıq işlərin görüldüyünü, qalan ödəniş isə edilmədiyindən tam işlərin görülmədiyini, təhvil-təslim aktı tərtib edilmədiyini bildirdi.
26. Məhkəmə bu xüsusda qeyd edir ki, göründüyü kimi cavabdeh tərəf özü X4 yerləşən bayraq dirəklərinin yuyulması işini tam icra etmədiyini bildirmişdir.
27. Bundan başqa da, cavabdeh tərəf ancaq xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etməklə kifayətlənmiş və həmin iclasda, işlərin 2.300 manat dəyərində və hətta daha artıq dəyərdə görüldüyünü bildirsə də, bu barədə hər hansı bir sübutu Məhkəməyə təqdim etməmişdir. Həmin iclasda, qeyd edilən halı təsdiq edəcək şahidlərin olduğunu qeyd etsə də, təyin edilmiş 20.09.24-cü il, 11.10.24-cü il, 21.10.24-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclaslarına şahidi dəvət etməməklə yanaşı, özü belə məhkəmə baxış iclaslarında iştirak etməmişdir.
28. Ona görə də, Məhkəmə hesab edir ki, cavabdeh tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etmədiyindən, müqavilə üzrə ödənilmiş pul geri qaytarılmalıdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, işə əlavə edilmiş elektron qaimə hazırkı xidmətin göstərilməsini göstərən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, elektron qaimə, müqavilənin bağlandığı gün göndərilmiş və müqavilə üzrə öhdəliyin icra edilməsini təsdiq edən təhvil-təslim aktı olmamaqla, ona ancaq tərəflər arasında müqavilə üzrə razılaşdırılmış xidmətin və onun dəyərinin razılaşdırılması barədə sənəd kimi qiymət verilməlidir.
30. Qeyd olananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və ƏDV borcun tələb edilməsi hissəsində təmin edilməli, 2.300 manat əsas və 414 manat ƏDV borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
32. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 11.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə gecikdirilən hər gün üçün Xidmət dəyərinin 0,1%-i məbləğində cərimə ödəyirlər.
33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
34. Hazırkı işin hallarından görünür ki, cavabdehin 2.300 manat əsas borcuna münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.300 (iki min üç yüz) manat, ƏDV borcu üzrə 414 (dörd yüz on dörd) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat, ümumilikdə 2.814 (iki min səkkiz yüz on dörd) manat məbləğində pul Cavabdehndən tutularaq “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov