Məhkəmə qərarları › İş №e-2-2(113)-4161/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4161/2024

29.08.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4161/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması (açar sözlər: müflis elan edilmə, ödəmə qabiliyyətinin olmaması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Kreditor2 nümayəndəsi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi İddiaçı (bundan sonra İddiaçı MMC) müflis elan edilmə və əmlak inzibatçısının təyin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlak inzibatçısı təyin edilməklə, İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin faktiki əsası olaraq göstərilmişdir ki, ərizəçi İddiaçı MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatından keçmiş, ilk dövrlər uğurlu fəaliyyət göstərməsinə baxmayaraq, sonradan rəqabətə tab gətirə bilməyərək fəaliyyətini uğurlu davam etdirə biməmişdir. Bu səbəbdən İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2016-cı il tarixdən 29862,25 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar ərizəçinin hər hansı vəsaiti və ya əmlakı olmadığı üçün, sonuncu həmin borc məbləğlərini bu günədək ödəmək qabiliyyətində deyildir.

3. Ərizədə hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Müflisləşmə və iflas haqqında” Qanun) 3-cü maddəsinə istinad edilmişdir.

4. Ərizədə İddiaçı MMC-nin kreditoru kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu (29862,25 manat) göstərilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən Kreditor2 nümayəndəsi X4 ərizəçinin 29862,25 manat məbləğində borcun əsası kimi istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3965/2017 nömrəli qərarının Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə ləğv edildiyini, həmin qərarın isə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığını bildirdi.

6. Məhkəmənin sonuncu iclasında iştirak edən kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7 İddiaçı MMC-nin müflis elan edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

7. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin baxış iclasının növbəti dəfə təxirə salınmasını xahiş etmiş, məhkəmə baxış iclasının növbəti dəfə təxirə salınmasına zərurət görmədiyindən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. Məhkəməyə təqdim edilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3965/2017 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 01 oktyabr 2016-cı il tarixə 29862,25 manat (əsas borc – 28880,77 manat, penya 981 manat) məbləğində borcun iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X14 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır.

12. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)- 3965/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu İddiaçı MMC-yə icra sənədini 10 gün müddətində könüllü icra etməsi təklif edilmişdir.

13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 3965/2017 nömrəli qərarından cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 572/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3965/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

14. Adıçəkilən qərardadda qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-503/2021 nömrəli hökmdən görünür ki, İddiaçı MMC-nin fəaliyyətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək faktiki rəhbərlik edən şəxs X9 mülki cavabdeh – təqsirləndirilən şəxs qismində AR CM-nin 213.1- ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası qismən təmin olunaraq, ödənilməmiş vergi və məcburi dövlət sosial sığorta haqları üzrə 60521,47 manat pul məbləğinin X3 tutularaq, dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2101/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən X5 apellyasiya şikayəti və ona əlavə təmin edilməmişdir. Qeyd edilən məhkəmə aktlarına əsasən kollegiya hazırkı mübahisə predmeti olan 29862,25 manat pul məbləğinin də (borc) X6 qarşı irəli sürülmüş ittihamda göstərildiyini və həmin məbləğdə borcun da A.Cəlilovdan tutulmasının qərara alındığını nəzərə alaraq, həmin borcun İddiaçı MMC-dən tutulub-tutulmaması, bir sözlə, hazırda mövcud olub-olmamasını müəyyən etmək məqsədilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə sorğu göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli **********98 nömrəli icraat vərəqəsi üzrə dövlət büdcəsinə 660,03 manat ödənilməli olan borcu vardır.

15. Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2238/2023 nömrəli qərardadı ilə mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

16. Beləliklə, məhkəmə müəyyən edir ki, ərizəçinin istinad etdiyi 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-1(81)-3965/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin əsasında duran 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 3965/2017 nömrəli qərarı ləğv edilmiş, İddiaçı MMC-yə qarşı iddia mümkün sayılmamışdır. Həmçinin ərizəçinin istinad etdiyi 29862,25 manat məbləğində pulun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-503/2021 nömrəli hökmü ilə İddiaçı MMC-nin fəaliyyətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək faktiki rəhbərlik edən şəxs X3 tutulması hökm edilmişdir.

17. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

18. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

19. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.

20. Göründüyü kimi, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.

21. Hazırkı iş üzrə isə qeyd edilən kateqoriyadan olan sübutlar, xüsusilə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilən və ərizəçi tərəfindən yeganə kreditor kimi təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun ərizəçiyə olan tələbininin əsaslandığı məhkəmə qərarı ləğv edilmiş, qeyd edilən tələbin ərizəçiyə deyil, onun fakktiki rəhbərinə münasibətdə təmin edildiyi məlum olmuşdur.

22. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.

23. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar