Məhkəmə qərarları › İş №e-2-2(113)-4167/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4167/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4167/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 İlham oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli, 0270-HTİ2-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış, 1007,80 manat dəyərindəki malların dəyəri üzrə əsas borcun və 31 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hüseynli Təbriz İlham oğlu (bundan sonra “Alıcı”) ilə iddiaçı arasında 04 avqust 2020-ci il tarixli, 0270-HTİ-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Babək prospekti, Karkas ehtiyat hissələri mağazasıdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələrində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Hüseynli Təbriz İlham oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 1007,80 (bir min yeddi manat, 80 qəpik) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 saylı əlavələr ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin,sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişisatılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin bugünkü günədək heç bir hissəsini ödəməmişdir. Beləliklə, cavabdeh Hüseynli Təbriz İlham oğlunun müqavilə üzrə əsas borcu 1007,80 (bir min yeddi manat, 80 qəpik) AZN dəyərindədir. Yekun olaraq, 04 avqust 2020-ci il tarixli, 0270-HTİ-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh2 İddiaçı MMC-yə toplam 1007,80 (bir min yeddi manat, 80 qəpik) AZN dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə iddiaçının rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisə tərəfindən cavabdeh şəxs Hüseynli Təbriz İlham oğlu ilə 04 avqust 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Hacı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə cavabdehə 2 partiya mal verilmiş, lakin həmin malların dəyəri ödənilməmişdir. Malların verilməsi ilə bağlı tərəflər arasında təhvil aktları imzalanmış, cavabdeh həmin aktları imzalamışdır.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən təqdim edilmiş 05 mart 2023-cü il tarixli, 0049/GM/24 nömrəli maliyyə arayışına görə İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2020-ci il tarixli, 0270-HTİ2-GM/20 saylı müqavilə üzrə arayışın tərtib edildiyi günə cavabdehin iddiaçıya 1007,80 manat borcu mövcuddur.

8. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli, 0270-HTİ2- GM/20 saylı müqaviləyə görə satıcı alıcının sifarişinə uyğun miqdar və çeşiddə malları alıcıya satır, alıcı isə bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada ödəyir.

9. Müqavilənin 3.1-ci maddəsinə görə alıcı satıcının təqdim etdiyi malların dəyərini həmin mallar satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir.

10. Müqavilənin 3.2-ci maddəsinə görə alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir.

11. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş qiymətlərin razılaşdırılması və təhvil verilməsi haqqında xx.xx.2020-ci il tarixli Akta əsasən 04 avqust 2020-ci il tarixli, 0270- HTİ2-GM/20 saylı müqavilə üzrə 645,20 manat məbləğində mal alıcı tərəfindən qəbul edilmişdir.

12. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş qiymətlərin razılaşdırılması və təhvil verilməsi haqqında xx.xx.2021-ci il tarixli Akta əsasən 04 avqust 2020-ci il tarixli, 0270-HTİ2-GM/20 saylı müqavilə üzrə 362,60 manat məbləğində mal alıcı tərəfindən qəbul edilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış əsasən 04 avqust 2020-ci il tarixli, 0270-HTİ2-GM/20 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1007,80 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1007,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1007,80 manat məbləğində pul, ödənilmiş 31 manat dövlət rüsumu, ümumilikdə 1038,80 (bir min otuz səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar