Məhkəmə qərarları › İş №e-2-2(113)-4175/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4175/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4175/2022 11.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1039,72 manat borcun, 103,90 manat məbləğində dəbbə pulunun, mediasiya xidmətinə görə 60 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 150 manat məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Food Packing” MMC (VÖEN: **********) ilə "Ninja” MMC (VÖEN: **********) arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli FP1801/20-1 nömrəli müqaviləyə əsasən, məhsulları alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcının anbarına çatdırmalı, malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunaraq, göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə 30 təqvim günü ərzində həyata keçirilməli idi. Həmçinin müqavilənin 4-cü bəndində alıcı satıcının işinin haqqını vaxtında ödəmədiyi təqdirdə, hər ötən gün üçün məbləğin 0,1%-i həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməli olduğu qeyd olunmuşdur. Lakin, Cavabdeh MMC müqavilə şərtlərini pozaraq satdığı məhsulların ödənişlərini etməkdən yayınır və müraciətləri cavabsız qoyur. Cavabdeh MMC-nin 19 yanvar 2022-ci il tarixinə gecikmiş borc məbləği 1039,72 manat təşkil edir. İddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: 18 yanvar 2020-ci il tarixli, FP1801/20-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı1 MMC ona məxsus olan məhsulları alıcı - Cavabdeh MMC-nin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcıya təhvil verir. Satıcı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında təmin olunması üçün məsuliyyət daşıyır; EBBD seriyalı, xx.xx.2021-ci il tarixli, 532992 nömrəli elektron qaiməyə əsasən 269,51 manat, 533003 nömrəli elektron qaiməyə əsasən 75,52 manat, EBBH seriyalı, xx.xx.2021-ci il tarixli, 072486 nömrəli elektron qaiməyə əsasən 295,12 manat, EBBG seriyalı, xx.xx.2021-ci il tarixli, 106793 nömrəli elektron qaiməyə əsasən 281,31 manat, EBBE seriyalı, xx.xx.2021-ci il tarixli, 571068 nömrəli elektron qaiməyə əsasən 159,06 manat, EBBE seriyalı, xx.xx.2021-ci il tarixli, 570737 nömrəli elektron qaiməyə əsasən 260,07 manat olmaqla, ümumilikdə 1340,59 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir; İddiaçı1 MMC tərəfindən tərtib olunmuş arayışa əsasən cəmi 1340,59 manat dəyərində verilmiş maldan Cavabdeh MMC tərəfindən 1039,72 manat hissəsi ödənilməmişdir; 30 aprel 2021-ci il tarixli, 2119 nömrəli satış qaiməsinə əsasən 75,52 manat məbləğində, 07 iyun 2021-ci il tarixli, 2741 nömrəli satış qaiməsinə əsasən 269,51 manat məbləğində, 25 iyun 2021-ci il tarixli, 3138 nömrəli satış qaiməsinə əsasən 260,07 manat məbləğində, 08 iyul 2021-ci il tarixli, 3469 nömrəli satış qaiməsinə əsasən 159,06 manat məbləğində, 17 iyul 2021-ci il tarixli, 3653 nömrəli satış qaiməsinə əsasən 281,31 manat məbləğində, 10 avqust 2021-ci il tarixli, 4104 nömrəli satış qaiməsinə əsasən 295,12 manat məbləğində ümumilikdə 1340,59 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İş materiallarında olan müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 18 yanvar 2020ci il tarixli, FP1801/20-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı1 MMC ona məxsus olan məhsulları alıcı - Cavabdeh MMC-nin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcıya təhvil verir. Satıcı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında təmin olunması üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə 30 bank günü ərzində həyata keçirilir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş satış qaimələrindən də görünür ki, ümumilikdə 1340,59 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. Satış qaimələri həm İddiaçı1 MMC, həm də Cavabdeh MMC tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 1340,59 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən mallar qəbul olunmuş, borcun bir hissəsi ödənildiyindən, 1340,59 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin satış qaimələri ilə də təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.1-ci bəndində qeyd olunmuşdur ki, alıcı satıcının işinin haqqını vaxtında ödəmədikdə, o hər ötən gün üçün məbləğin 0,1 %-i həcmində, lakin ümümi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində təmin edilməli, 103,9 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə 150 manat hüquqi xidmətlə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 1309,72 manat əsas borc və 103,9 manat dəbbə pulu olmaqla 1413,62 məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı1nə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 60 manat və hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı1nə ödənilsin. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar