Məhkəmə qərarları › İş №e-2-2(113)-421/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-421/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-421/2023 22.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixinə hesablanmış 3.510 manat məbləğində əsas borcun, 1.053 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 195 manat pulun, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının və ödənilmiş 70 manat məbləğində mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, saxlayıcı İddiaçı MMC ilə tapşıran Cavabdeh arasında xx.xx.2020-ci il tarixli anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən saxlayıcı sifariş əsasında tapşırana məxsus malları özünəməxsus saxlanc anbarında saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada (aylıq 130 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə əsassızca zəbt etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 3.510 manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Bununla bərabər xx.xx.2022-ci il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmiş, xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında Cavabdeh iştirak edilməməsi barəsində 2-01651/2022 saylı arayış tərtib edilmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2020-ci il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən tapşıran saxlama haqqının gecikdirilməsinə görə saxlayıcıya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği 14.250 manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, cəmi 1.053 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edirlər ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətlərinə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq, səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisə baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İş materiallarından isə görünür ki, hazırkı mübahisə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli anbarda saxlama müqaviləsindən irəli gəlir. Həmin müqavilə saxlayıcı qismində MMC ilə tapşıran qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlansa da, sözügedən müqavilənin Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanması iş materiallarına əsasən öz təsdiqini tapmır. Belə ki: Birincisi, tərəflər arasında bağlanmış saxlama müqaviləsinin “Tərəflərin ünvanları və rekvizitləri” bölməsində tapşıran Cavabdeh VÖEN-i göstərilməmişdir. Eləcə də müqavilədə həmin müqavilənin Cavabdeh həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağanmasına dəlalət edən hər hansı şərt yer almamışdır. İkincisi, xx.xx.2020-ci il tarixli anbara yüklərin təhvil-təslim aktından göründüyü kimi Cavabdeh tərəfindən anbara saxlamaya verilən əşyalar (çanta, stul, stol, xalça, halqa, telefon stolu və s. bu kimi) məişət əşyaları olmaqla tapşıranın müqavilədə göstərdiyi Yeni ünvan 1 ünvanından təhvil alınmışdır. EMİS-dən əldə olunan məlumata əsasən isə müəyyən edilir ki, Cavabdeh fərdi sahibkar kimi qeydiyyata alındığı ünvan ünvan 2alarının pərakəndə satışı ilə məşğul olur. Göründüyü kimi Cavabdeh tərəfindən saxlamaya verilmiş əşyalar ev əşyaları olmaqla yanaşı həmin əşyalar sonuncunun fərdi sahibkar kimi qeydiyyata alındığı ünvandan götürülməmişdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, hazırkı iş üzrə mübahisə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı olsa da, Cavabdeh fərdi sahibkar kimi fəaliyyətindən irəli gəlməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə predmet və hüquq münasibətlərinin xarakreri baxımıdan tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Yasamal rayonunda yerləşdiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar