Məhkəmə qərarları › İş №e-2-2(113)-4213/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4213/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4213/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə, Vəkil1, Cavabdeh və onun nümayəndəsi/Vəkil2 Tofiq oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə görülən işlər və mallara görə ödənilməli olan 72 150 manat əsas borc, gecikdirilmiş 153 gün (1 sentyabr-31 yanvar) üçün müqavilənin 6.4-cü bəndinə uyğun olaraq hər günə 238 manat gecikmə cəriməsi hesablamaqla 36 414 manat cərimə borcu, qəlib üçün köməkçi materialların (cilovuz və dikt) icarəsinə görə ödənilən 8 250 manatın, 1000 ədəd cilovuz və 110 ədəd diktin, 503 manat dövlət rüsumu olmaqla, ümumilikdə 117 317 manat borcun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf cavabdeh (xxxxxxx) Cavabdeh ilə xx.xx.2024-cü ildə 27/08/EL saylı Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən “icraçı” iki Quba rayonu ərazisində yerləşən evin tikinti və təmirini hər biri 121 kvm olmaqla 242 kv sahəni o, cümlədən hovuzu, saunanı həyətyanı landşaftı (dərhal istafadə üçün) hazırlamalıdı idi. Müqavilənin tərərflərin hüquq və öhdəliklərinə əsasən icraçı tərəf iki evin təmirini həmin evin həyətini (7 sot) daha sonra yenə alınmışdır, evlərin çertyoju çəkilmiş , relyef hisəssi düzədilmiş, bir neçə topoqrafla evlərin künclərini (45 dərəcə) hesablanmış və düzəldilmiş, daha sonra lentvari bünövrəsi qazılmış 2 ev üçün, beton verilmiş 240 kvm ev olduğu üçün digər mərtəbələri tam hazır edilmiş kalonları atılmış, 2 qat hörülmüşdür və s. İşlər görülmüşdür. Görülən işlərin siyahısı və materiallar iddia ərizəsinə əlavə edilib. Müqavilənin 1-ci maddəsinə əsasən “İcraçı” xidmət müqaviləsinə əsasən yuxarda qeyd edilən işləri görməli “ Sifarişçi” isə müəyyən edilmiş xidmət haqqını ödəməlidir. Amma, cavabdeh tərəf müəyyən edilən xidmət haqqını ödəməmişdir. Müqavilənin 5-ci maddəsində göstərilmişdir ki, müqavilə dəyəri 238.000 (iki yüz otuz səkkiz min) təşkil edir. Həmin maddəsinin 5.2–ci hissəsində bildirilmişdir ki, sifarişçi icraçıya 79.000 (yetmiş doqquz min) avans, 79.000 (yetmiş doqquz min) 50% manat iş yekunlaşanda 80.000 (səksən min) manat iş tam yekunlaşanda və təhvil-təslim aktı imzalananda “Sifarişçi” ödəməlidir. Müqavilənin 6.4-cü maddəsinə əsasən “Sifarişçi” müəyyən edilmiş ödəmələri razılaşdırılmış tarixədək ödəməyi öz öhdəsinə götürür. “Sifarişçi” “İcraçı”-ya müəyyən edilmiş tarixdə ödəmələri köçürmədiyi təqdirdə hər gecikmiş günə ümumi məbləğin (238.000) 0,1% yəni 238 (iki yüz otuz səkkiz) manat cərimə tətbiq olunur və məcburi qaydada ödənilir. Borcun ödənilməsi barədə xəbərdarlıq göndərilsə də borcla bağlı ödəniş həyata keçirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 21, 385.1, 386.1, 386.2, 390.1, 399.1, 425.1, 442, 445, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2024-cü ildə 27/08/EL saylı Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən “icraçı” iki Quba rayonu ərazisində yerləşən evin tikinti və təmirini hər biri 121 kvm olmaqla 242 kv sahəni o, cümlədən hovuzu, saunanı həyətyanı landşaftı hazırlamalıdı idi. Müqavilənin tərərflərin hüquq və öhdəliklərinə əsasən icraçı tərəf iki evin təmirini həmin evin həyətini daha sonra yenə alınmışdır, evlərin çertyoju çəkilmiş , relyef hisəssi düzədilmiş, bir neçə topoqrafla evlərin künclərini hesablanmış və düzəldilmiş , daha sonra lentvari bünövrəsi qazılmış 2 ev üçün, beton verilmiş 240 kvm ev olduğu üçün digər mərtəbələri tam hazır edilmiş kalonları atılmış,2 qat hörülmüşdür və s. İşlər görülmüşdür. Görülən işlərin siyahısı və metarillar iddia ərizəsinə əlavə edilib. Müqavilənin 1-ci maddəsinə əsasən “İcraçı” xidmət müqaviləsinə əsasən yuxarda qeyd edilən işləri görməli “ Sifarişçi” isə müəyyən edilmiş xidmət haqqını ödəməlidir. Amma, cavabdeh tərəf müəyyən edilən xidmət haqqını ödəməmişdir. Müqavilənin 5-ci maddəsində göstərilmişdir ki, müqavilə dəyəri 238000 manat təşkil edir. Həmin maddəsinin 5.2–ci hissəsində bildirilmişdir ki, sifarişçi icraçıya 79000 avans, 79000 manat 50% iş yekunlaşanda, 80000 manat iş tam yekunlaşanda vətəhvil-təslim aktı imzalananda “Sifarişçi” ödəməlidir. Müqavilənin 6.4-cü maddəsinə əsasən “Sifarişçi” müəyyən edilmiş ğdəmələri razılaşdırılmış tarixədək ödəməyə öz öhdəsinə götürür. “Sifarişçi” “İcraçı”-ya müəyyən edilmiş tarixdə ödəmələri köçürmədiyi təqdirdə hər gecikmiş günə ümumi məbləğin 0,1 % yəni 238 manat cərimə tətbiq olunur və məcburi qaydada ödənilir. Müqavilə üzrə görülən işlər və mallara görə ödənilməli olan 97150 manat əsas borc, gecikdirilmiş 153 gün (1 sentaybr-31 yanvar) üçün müqavilənin 6.4-cü bəndinə uyğun olaraq hər günə 238 manat gecikmə cəriməsi hesablamaqla 36414 manat cərimə borcu, 400 manat dövlət rüsumu olmaqla ümumilikdə 133989 manat cavabdehdən tutulmalıdır. Cavadeh tərəfindən həmin məbləğin 25000 manatı ödənilmişdir. Cavadehin 108964 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli baxış iclasında işlərin yerinə yetirilməsinin mübahisəsiz hal olduğunu, işlərin müəyyən mərhələdə görüldüyünü, əlavə dəyişikliklərin edilməsinin əlavə xərclərin olmasına gətirib çıxardığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq Vəkil1 cavabdeh tərəfindən 25000 manat ödəniş edildiyini, həmin məbləğin ödənilməsinin işin mübahisəsiz halı olduğunu, həmin məbləğin iki dəfəyə ödənildiyini, ödənişin nağd və ya köçürmə yolu ilə olması barədə məlumatının olmadığını, müxtəlif bəhanələr gətirərək müqavilənin icrasından boyun qaçırıldığını, müqavilə üzrə ödənişlərin həyata keçirilməli olduğunu, tərəflər arasında olan münasibətlərə əsasən avans ödənişi olmadan artıq tikintiyə başlanıldığını, elektron qaimələrdə qeyd olunan materialların iddiaçı şirkət tərəfindən alındığını, sırf həmin tikintidə istifadə olunduğunu, həmin dövrdə iddiaçı tərəfin yalnız bu şirkətlə xidmət müqaviləsinin olduğunu, qaimədə olan materiallarla bağlı fotoşəkillər var ki, həmin materialların həmin ərazidə istifadə olunduğunu, alınan malların ora boşaldılmasının şahid ifadələri ilə təsdiq olunduğunu, Sədrlik edənin suallarına cavab olaraq Vəkil1 tərəflər arasıda işgüzar münasibətlər olduğu üçün avans məbləği ödənilmədən işə başladıqlarını, bu müqavilədən başqa tərəflər arasında xidmət və ya podrat müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatının olmadığını, iddiaçı tərəfə cavabdehə inandığı üçün ödəniş edilmədiyi halda işlərin görülməsini dayandırmadığını, 72000 manat məbləğə qədər xərclər çəkildiyini, qaimələrin hamısının təsdiqləndiyini, geri qaytarmanın olmadığını, görülən işlərlə bağlı təhvil-təslim olması barədə məlumatının olmadığını, tikinti işlərinin aparılması ilə əlaqədar video-görüntülərin məhkəməyə təqdim olunduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli baxış iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsinin suallarına cavab olaraq mal-materialların pulunu Davuda verdiyini, lakin həmin pulların konkret olaraq mal-materiala xərcləndiyini bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq hazırda Davuda qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, Davuddan pulun müəyyən hissəsini aldığını, yerində gedib işlərlə tanış olmadığını, materialları Bakı şəhərində satış yerindən aldıqlarını, "xxxx" MMC-dən materialların alınması ilə bağlı müqavilə bağlanıldığını bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi Vəkil2 Tofiq oğlu məhkəməyə izahatında bildirmişdir ki, iddia ərizəsi həqiqəti əks elətdirmir. Tərəflər arsında bu müqavilədən başqa bir müqavilə münasibətləri, işgüzar münasibətlər olmamışdır. Bilavasitə gedib özü müqavilə bağlamamışdır. Belə ki, hər iki tərəfin ortaq tanışçılığı əsasında bu müqavilənin bağlanılması təşəbbüsü irəli sürülmüşdür. Tərəflər arasında çox soyuq münasibətlər olmuşdur. Müqavilə şərtlərindən biri də həmin binaların layihələrinin hazırlanması və təsdiq edilməsi idi. Tərəflər arasında olan münasibətlər bundan sonra soyumağa başladı. Qarşı tərəfə 25000 manat pul verir ki, layihə təsdiq olunsun, layihə təsdiq olunmur. Ayda 2 dəfə audit yoxlaması gəlib oraya yoxlanış edir. Çünki götürülən məbləğin əsas təyinatı bina tikintisi üçün olmuşdur. Cavabdeh tərəf də məcbur olub layihəni də özü hazırladıb, təsdiq elətdirir. Bununla bağlı sübutları məhkəməyə təqdim etmişlər. Şahid ifadələrində də bu hal təsdiqini tapır. Binanın tikintisinə sərf olunan məbləğ şişirdilmişdir. Evin bünövrəsini dəfələrlə səhv inşa edən qarşı şirkət lahiyyədən kənara çıxmış, bunu bildikdə söküb yenidən səhv inşa etmişdir. Həmin bünövrə azı üç dəfə şirkətin səhvi ilə əlaqədar sökülüb-tikilib və daha sonra işlərini yarımçıq qoyaraq cavabdehin adına tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektlərinə və orada işləyən usta və digər işçilərə kifayət qədər borc edərək çıxıb getmişlər. Binanın tikintisinə sərf olunan mişar daşı da cavabdehin öz tərəfini hasara aldığı yerin sökülməsi nətiəsində əldə olunan daşdır. Onlar dəfələrlə ödəniş etməsi ilə bağlı Davud adlı şəxs ilə əlaqə saxladıqda sonuncu cavabdehə şirkətin vergi oranında probleminin olmasını və başqa bir hesab verəcəyini, həmin hesaba pulun ödəniləcəyini bildirmiş, lakin dəfələrlə tələb etmələrinə baxmayaraq Davud adlı şəxs dediyi hesabı təqdim etməmişdir. Onlar da bu səbəbdən pulu ödəyə bilməmişlər. Onların təşəbbüsü ilə işin icrası dayandırılmamışdır. Çünki onlar götürdükləri məbləği təyinatı üzrə yalnız bir yerə istifadə edə bilərdilər və onlar da məcbur idi ki, əsas məqsədləri həmin binanın tikilməsi idi. Bina tikildikdən sonra oranı icarəyə verib ordan əldə olunan gəlir hesabına banka olan 7400 manat kreditini ödəyəcəkdi. Cavabdeh artıq iddiaçı ilə olan işin alınmadığını gördükdə başqası ilə müqavilə bağlıyıb oranın tikintisini onlara əmanət etdi. Bu adamın fikri məhz binanın tikilib başa çatması idi. Lakin qarşı tərəfin özünün də bildirdiyi səlahiyyətli nümayəndələri Davudun israrla pulu ödəməyə qoymamağı idi. Səs yazıları da məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli baxış iclasında iddianı sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfin iddiası ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etmədiyini, 25 000 manat məbləğin Davud tərəfindən alınmasının, hasarın sökülməsinin şahid ifadələri ilə təsdiq edildiyini, iddiaçının həmin əraziyə ümumiyyətlə getmədiyini, malmaterialların oraya boşaldılıb-boşaldılmaması barədə məlumatı olmadığını bildirdiyini, iddiaçı ilə cavabdeh arasında qəti münasibətlərin olmadığını, Davudun aldığı məbləğlə, çəkilmiş xərclərlə bağlı sübutların məhkəməyə təqdim edilmədiyini, görülmüş işləri, çəkilmiş xərcləri müəyyən etmək xüsusi bilik tələb edən məsələ olsa da, iddiaçının ekspertiza təyin olunmasına ehtiyac olmadığını bildirməsini qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq cavabdehin nümayəndəsi Vəkil2 Tofiq oğlu iddiaçı tərəfindən işlər görüldüyünü, hansı tarixlərdə görülməsi barədə məlumatı olmadığını, layihə təqdim edildikdən sonra Davud tərəfindən 3 dəfə səhv tikildiyini, tikintinin 2 daşdan yuxarı qalxmadığını, ilkin avans məbləğini ödəmək istədiklərini, lakin iddiaçı tərəfin hesabda vergi ilə bağlı problem olduğu üçün ödəməməyimizi bildirdiklərini, ödənişlə bağlı təklifin işə başlanılan zaman edildiyini, 25000 manatın İşə başlamamışdan öncə sənəd məsələlərinin həll edilməsi üçün verildiyini, sədrlik edənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi orada 25000 manat dəyərində işlər görülmədiyini, həmin qaimələrdən köhnə tarixlərə aid qaimə hazırladıb məhkəməyə təqdim edilməsinin mümkün olduğunu, əsas məsələnin qaimədə qeyd edilən materialların bu müqavilə üzrə sərf olunub-olunmaması olduğunu, qarşı tərəfin bunu sübut edə bilmədiyini, əsas məsələ Davud adlı şəxsin özünün briqadasının olmaması, fəhləişçilərin ödənişini etməməsi, tikinti-materialları olan yerlərə cavabdehin adına borcların yığılması olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh izahatında bildirmişdir ki, ayrılan vəsaitin təyinatı sırf binanın tikintisi üçün idi. Belə ki, mən sözügedən müqavilədə nəzərdə tutulmuş tikililəri inşa etdirmək üçün X3 müraciət etmişdim və mənə həmin tikililərin inşası üçün güzəştli kredit ayrılmıştır. Cavabdeh şirkət müqavilə üzrə öhdəliyini icra etmədi və mənə nəticədə külli məbləğdə zərər vurdu. Həmin tikililər altı ay ərzində başa çatdırılmalıydı və mən həmin tikililərdən əldə etliyim gəlir hesabına götürdüyüm krediti ödəməliydim. Tikintisi nəzərdə tutulmuş evlərin lahiyyəsini müqaviləyə əsasən həmin şirkət hazırlamalı olmasına bakmayaraq onlar öhdəliklərini icra etməmədiyi üçün evlərin bütün sənədləşmə işlərini, tikinti lahiyyəsini mən hazırlamışam və xərclərini özüm qarşılamışam. Tikintiyə başlanmazdan əvvəl həmin tikintinin aparılacağı sahəni mən əvvələcədən öz hesabıma dört tərəfinə hasar çəkdirmişdim. Lakin mənim icazəm və xəbərim olmadan qarşı tərəf mənim inşa etdirdiyim hasarı söküp mənim şəxsi vəsaitim hesabına alınmış mişar daşını sökərək evin bünövrəsinin inşasına başlamışdır. İddiaçının nümayəndəsinin sualına cavab olaraq cavabdeh işlərin iddiaçı tərəfindən 2024-cü ilin sentyabr-dekabr aylarında görüldüyünü bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq Cavabdeh 10 gün keçdikdən sonra da ödəniş köçürülməsi ilə bağlı dəfələrlə müraciət etdiyini, Davudla danışığının tikintiyə başlamamışdan öncə olduğunu, 3ü görüşdükdə iddiaçının əsas probleminin Davudla olduğunu bildirdiyini, bir növ bu iddianı Davudla olan mübahisəni həll etmək üçün qaldırdığını bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü ildə 27/08/EL saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən "İcraçı" iki evin tikinti və təmirini hər biri 121 kvm olmaqla 242 kvm sahəni, o cümlədən hovuzu, saunanı, həyətyanı landşaftı və bütün infrakstrukturu tam inşa edilmiş vəziyyətdə (dərhal istifadə üçün) təhvil verilməsini öhdəsinə götürür. 1.2-ci bəndə əsasən sifarişçi hazırkı müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət üzrə müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. 3.1.3-cü bəndinə əsasən Xidmətin təmin edilməsi məqsədi ilə Dövlət orqanlarından və ya digər aidiyyatı olan orqanlardan tələb edilən icazələri və razılaşdırmaları almaq İcraçının öhdəliyidir. 4.1-ci bəndə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir. 5.1-ci bəndə əsasən müqavilənin dəyəri 238.000 manat təşkil edir. 5.2-ci bəndə əsasən sifarişçi tərəfindən ödəmələr icraçıya aşağıdakı ardıcıllıqla həyata keçirilir: 5.2.1. 79.000 manat avans: 5.2.2. 79.000 manat işin 50% yekunlaşanda; 5.2.3. 80.000 manat iş tam yekunlaşanda və təhvil-təslim akrı imzalananda. 6.4-cü bəndə əsasən "Sifarişçi" müəyyən edilmiş ödəmələri razılaşdırılmış tarixədək ödəməyi öz öhdəsinə götürür. "Sifarişçi" "İcraçı"ya müəyyən edilmiş tarixdə ödəməni köçürmədiyi təqdirdə hər gecikmiş günə ümumi məbləğin (238.000) 0,1%, yəni 238 manat məbləğində cərimə tətbiq olunur və məcburi qaydada ödənilir. 6.5-ci bəndə əsasən "İcraçı" işi müəyyən edilmiş tarixdə, yəni 31 mart 2025-ci il tarixdə təhvil verilmədiyi təqdirdə iki tərəfli razılıq əsasında 80.000 manat məbləğ ödənilmir və ödənilmiş 79.000 manat məbləğ 12 təqvim günü ərzində "Sifarişçi"yə geri qaytarılır. İddiaçı tərəfindən təqdim olunmuş ******* nömrəli qaimə-fakturaya əsasən şalmona görə 135 manat, ******* nömrəli qaimə-fakturaya əsasən (Ar 67, 300x23x690) kəsmək, fəhlə) 720 manat, ******* nömrəli qaimə-faktuaraya əsasən (Ar167 150x2,3=345, məftil, metrə, kəsmək) 400 manat, ******* nömrəli qaimə-fakturaya əsasən (katinka, çən, araba, lapatka, sap, əlcək, Ar 167 2508x23=5768, maşın, fəhlə) 7 630 manat, iddiaçının əlyazması ilə kağız daşıyıcıda aparılan qeydlərə əsasən (sement, ip, qıfıl, əlcək, fəhlə) xərclərə görə 400, şalmon, elektrik, fəhlə, maşını dartmaq xərclərinə görə 235 manat, digər əlyazmada qeyd olunan xərclərə görə 2687 manat, 3186 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Azər adlı şəxsdən Davud adlı şəxsə göndərilən xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə-fakturada dikt 0,40/152-140 ədəd, 0,60/1,52 140 ədəd, cilovuz 1000 ədəd, cəmi dikt 100 ədəd, aylıq ödəniş 730 manat qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə Azər Həsənov adlı şəxs tərəfindən yazılmış əlyazmada qeyd olunmuşdur ki, mən X8 xx.xx.2024- cü il tarixdə İddiaçı MMC-yə 1000 ədəd cilovuz, 110 ədəd dikt kirayə vermişəm. Malın ümumi maya dəyəri 5700 manat, aylıq kirayə haqqı 750 manat olmaqla mal göndərmişəm. xx.xx.2024-cü il tarixdən bugünkü tarixə qədər mənə nə kirayə haqqı ödənilib, nə də mallar geri qaytarılıb. xx.xx.2025-ci ilə olan borc 8250 manatdır. İşdə olan cədvələ əsasən 18 ədəd görüləcək işlərin təsviri və materialın adı, işçiliyin qiyməti, işçilik, material xərclərinin ümumi məbləği 97 150 manat təşkil edir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 20.961 ton dəmir listin dəyərinin ödənilməsi üçün MT2410 seriyalı, 10477687 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 29 680,77 manat olan elektron-qaimə faktura göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə beyaz saten 25 kq, giper makina suvağı 30 kq, giper astar (sıva) 30 kq, extra prof standart keramika yapışdırıcısı 25 kq, azbentonit universal 40 kq (M400), azbentonit standart 40 kq (M300) adlı malların dəyərinin ödənilməsi üçün MT2409 seriyalı, 11670049 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 4336,72 manat olan elektron qiamə-faktura göndərilmişdir. Rovshan İsaev tərəfindən İddiaçı MMC-yə görülən işlərlə bağlı MT2411 seriyalı, 11274309 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 19252 manat, X7 tərəfindən isə görülən işlərlə bağlı MT2411 seriyalı, 11273743 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 5350 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 757 saylı kredit ayrılmasına dair məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən "xxxx" ASC-yə X2 dəstəyi ilə güzəştli kredit ayrılması üçün müraciət etmişdir. Müraciət ilə bağlı müvafiq təhlili aparıldıqdan sonra xx.xx.2024-cü il tarixində X6 etdiirlməsi məqsədi ilə 200.000 manat məbləğində bank tərəfindən X4 dəstəyi ilə güzəştli kredit ayrılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilən Şahid1 izahatında cavabdehin dəfələrlə gördükləri işi bəyənmədiyini, daha sonra işin yarısında işin görülməsini istəmədiyini bildirdiyini, tərəfindən işlərlə bağlı üzləşmə edilməsi üçün cavabdehə məlumat verildiyini, lakin cavabdehin onlarla üzləşmək istəmədiyini qeyd etmiş, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq materialların və tikintiyə aid hər şeyin özləri tərəfindən alındığını, iş bitdikdən sonra nə qədər materialın ərazidə qaldığını və cavabdeh tərəfin istifadə etdiyini, yerin təmizlənməsi, relyefin düzəldilməsi, armaturların vurulması kimi işlərin iddiaçı tərəfindən icra olunduğunu, cavabdeh tərəfindən ilk dəfə 15 000 manat, daha sonra 10 000 manat ödəniş edildiyini, sonuncu dəfə işlərin 1 il bundan qabaq avqust ayında görüldüyünü, qəliblərin və materialların qaytarılmasına dair tərəfə dəfələrlə müraciət edildiyini, lakin tərəfin onlara cavab vermədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq X1 orada işləmədiyini, 100 000 manatdan çox işlərin görüldüyünü, işlərinin əsası fundamenti vurmaq olduğunu, müqavilədə işin hissəvi şəkildə veriləcəyi ilə bağlı bənd olmadığını, işin 60 %-dən çoxunun görülmədiyini, neçə nəfər işçi olduğunu dəqiq bilmədiyini, beton söküldükdə 15 nəfər işçi olduğunu, zavoddan çıxarılan kubiklərdən istifadə edildiyini bildirmiş, sədrlik edənin suallarına cavab olaraq işlərin son mərhələsinin avqust ayında olduğunu, birinci mərtəbənin tikildiyini, ikinci mərtəbənin arakəsməsinə çatanda işin dayandırıldığını, məhkəməyə təqdim edilən şəklin sökülmədən sonra çəkildiyini, 25000 manat verildiyini, avans olaraq pul verilmədiyini, müqavilə bağlanan zaman özü iştirak etdiyini, tərəfindən vergi ilə bağlı problem olduğunu dediyini, lakin pulun ona nağd qaydada verilməsi, hesabda problem olması mövzusunda danışıqlarının olmadığını bildirmişdir. Şahid qismində dindirilən Şahid2 izahatında şirkətdə tikintiyə nəzarət etdiyini, onlara 3 hissədə ödənişlər ediləcəyinin deyildiyini, layihəyə dəfələrlə dəyişikliklər edildiyini, Bakıdan əraziyə qəlibçilər gətirildiyini qeyd etmiş, iddiaçının nümayəndəsinin suallarına cavab olaraq materialların – daşların, sementlərin, taxtalar və başqa materialların özləri tərəfindən alındığını, ərazinin onlara məxsus texnikalarla düzəldildiyini bildirmiş, cavabdehin nümayəndə/vəkilinin suallarına cavab olaraq tərəfə sementlərin göndərilməsinin şahidlərlə təsdiqləndiyini, nisyə malların götürüldüyünü, ödənişlər edildiyini, ödənişlərin tam edilməsinə dair məlumatının olmadığını, ödənişlərin onlar tərəfindən edildiyini, işçilərin dəqiq sayını bilmədiyini, əraziyə 25000 manatdan çox pul xərcləndiyini, 60x60 olaraq armatur töküldüyünü, Sahilin ərazidə mühafizəçi kimi işlədiyini, tikinti və sökülmə zamanı Sahilin ərazidə olduğunu, layihənin 3 dəfə dəyişməsi ilə bağlı danışıqdan başqa sübutlarının olmadığını, bildirmiş, məhkəmənin suallarına cavab olaraq sahənin dəqiq nə qədər olmasının yadında olmadığını, ərazidə başqa işlərin, düzlənmə işlərinin də onlar tərəfindən görüldüyünü, işə əlavə olunan şəklin sökülmədən sonra çəkildiyini, həmin şəkli Sahil adlı şəxsin göndərdiyini bildirmişdir. Məhkəmənin sonuncu baxış iclasında şahid qismində dindirilən Şahid3 izahatında onu işəgötürənin Davud adlı şəxs olduğunu, oraya gələn işçilərin işə qəbuluna, malmaterialın gətirilməsinə nəzarət etdiyini, işin 30 %-nin belə görülmədiyini, evin bir neçə dəfə söküldüyünü, Davud bəydən ödənişlərin edilməsi tələb edilsə də hər dəfə bəhanələr gətirərək ödənişdən yayındığını qeyd etmiş, cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq orada təxminən 06 usta, 10 fəhlənin işlədiyini, mal-materialları özü gedib Quba rayonunun sədərək bazarından götürdüyünü, Romanın mal-materialların ödənişini bağladığını, ustaların, fəhlələrin pullarını Romandan alıb verdiyini, Davud bəyin konkret olaraq nə qədər məbləğ xərclədiyini bilmədiyini, lakin ümumi olaraq məbləği yüksək olan işlərlə bağlı ödənişlərin Roman bəy tərəfindən edildiyini, Davud bəyin ayda bir dəfə ora gəldiyini, Davudun yalandan onlara Romanın ona heç bir ödəniş etmədiyini bildirdiyini, Romanın isə onlara Davudun hesabında olan problemə görə ödənişlərin edilməsinə icazə vermədiyini bildirdiyini qeyd etmiş, məhkəmənin suallarına cavab olaraq tikinti başlamamışdan əvvəl orada olduğunu, traktoru belə həmin əraziyə özü gətirdiyini, 1 evi belə tamamlamadıqlarını, 1 evi 16 daş qaldırdıqlarını, 2 evi isə 5-10 daş qaldırdıqlarını, hazırda orada işlərin davam etdiyini, işlərin tamamlanmadığını bildirmişdir. Məhkəmənin sonuncu baxış iclasında şahid qismində dindirilən Şahid4 məhkəmənin suallarına cavab olaraq oraya ilk dəfə gələndə 1 evin bir tərəfində cəmi 15 daş, digər tərəfində 7-8 daş olduğunu, oranı dairəvi formada metr yarım sökdüyünü bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, mal-materialların pulunu Davuda vermişdir, lakin həmin pulların konkret olaraq mal-materiallara xərcləndiyini bilmir. 05.02 2025-ci il tarixli **********7 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 400 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə 27/08/EL saylı podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı iki evin tikinti və təmirini hər biri 121 kvm olmaqla 242 kvm sahəni, o cümlədən hovuzu, saunanı, həyətyanı landşaftı və bütün infrakstrukturu tam inşa edilmiş vəziyyətdə (dərhal istifadə üçün) təhvil verilməsini, cavabdeh isə müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət üzrə müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya 25000 manat məbləğində ödəniş edilməsi və iddiaçının hər iki evin bünövrəsini tökməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı tərəf müqavilə üzrə 97150 manat həcmində işlər gördüyünü, cavabdehin ödədiyi 25000 manatı çıxdıqdan sonra qalan 72150 manat pul vəsaitini gördüyü işlərə görə, 8250 manatı qəlib üçün köməkçi materialların (cilovsuz və dikt) icarəsinə görə tələb etdiyini, həmçinin 1000 ədəd cilovsuz və 110 ədəd diktin geri qaytarılmasını tələb etdiyini bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilkin olaraq avansı və gördüyü işlərin dəyərini tam ödəmədiyi, müxtəlif bəhanələrlə ödənişi ləngitdiyi üçün tikinti işləri dayandırılmış və sonradan cavabdeh iddiaçının işçilərini həmin əraziyə buraxmamış, iddiaçının icarəyə götürdüyü müəyyən materiallar da tikinti sahəsində qalmışdır. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini, razılaşmadan fərqli tikinti işləri aparıldığı üçün 3 dəfə tikintinin müəyyən hissəsinin sökülüb yenidən tikildiyini, avans ödənişin tam ödənilməməsinin səbəbinin iddiaçının nümayəndəsinin özünün xahişinə əsasən vergi orqanının iddiaçının hesabına həbs qoyulmasına görə köçürülmədiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında imzalanmış podrat müqaviləsi üzrə smeta tərtib edilmədiyindən dəqiq olaraq hər bir işin qiyməti müəyyənləşdirilməmişdir. Bundan başqa iddiaçı 97150 manat dəyərində işlər gördüyünü bildirsə də, buna dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçının görülən işlərlə bağlı təqdim etdiyi sübutlar özünün “Excell”-də tərtib etdiyi cədvəldən, imzasız və möhürsüz əl ilə yazılmış qaimələrdən, həmçinin əlyazma ilə olan sənədlərdən ibarət olmuşdur ki, bu sənədlər də mötəbər sübutlar kimi qiymətləndirilməmişdir. Çünki həmin sənədlərin kim tərəfindən tərtib olunması, orada qeyd edilən malların həqiqətən mövcud olması qeyrimüəyyəndir, ciddi hesab sənədləri deyildirlər. Eyni zamanda diskdə olan video görüntülərdə bünövrə qazılması, beton tökülməsi və s. müəyyən işlərin icra olunduğu görünsə də, həmin işlərin və sərf edilən materialların dəyəri ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iddiaçının göstərdiyi materialların hamısını cavabdehin tikinti sahəsinə istifadə etməsi, eyni zamanda "xxxx" MMC və başqaları tərəfindən iddiaçıya göndərilən elektron qaimə üzrə aldığı malların hazırkı müqavilə üzrə cavabdehin tikintisinə istifadə etməsi də sübut olunmur. Çünki məhkəmə iclaslarında iddiaçının direktorundan Nümayəndə gördükləri işlərin cavabdehin təqdim etdiyi fotoşəkildəki işlərdən ibarət olub-olmaması, hansı həcmdə işlər görməsi, hansı materiallar sərf edilməsi soruşulmuş, direktor isə bununla bağlı məlumatının olmadığını, hansı həcmdə işlər gördüklərini bilmədiyini, işçisi olan Davudun ona verdiyi məlumata əsasən anbarında olan malların cavabdehin tikintisinə istifadə edildiyini bildirmişdir. Bundan başqa Nümayəndə Cavabdehlə aralarında olan telefon danışığından da Şahid1 dediklərinə əsasən iddia qaldırdığını, ona məxsus malların hara getdiyini dəqiq bilmədiyini, çarəsiz qaldığı üçün məhkəmə işinin sonunu gözləyəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi olan direktoru Nümayəndə özü belə, cavabdehə müqavilə üzrə hansı həcmdə işlər gördüklərini təsdiq edə bilməmiş, sadəcə Şahid1 anbarından götürdüyü malları cavabdehin tikintisinə istifadə etdiyini və tikinti işləri gördüyünü bildirdiyi üçün iddia qaldırmışdır. Buna görə də iddiaçının gördüyü işin həcmi ilə bağlı məhkəməyə dəqiq məlumat verilmədiyindən, məhkəmə tərəfindən də ekspertiza təyin edilərək görülən işlərin cavabdeh tərəfindən ödənilən 25000 manatdan daha çox və ya az olduğu müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının direktoru Nümayəndə hazırkı iddianı Şahid1 anbardan götürdüyü malları cavabdehin tikintisinə istifadə etdiyini bildirdiyi üçün qaldırdığını, bir neçə yerdə tikinti işləri apardığına görə özünün cavabdehin tikinti sahəsində olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iddiaçının nümayəndələrinin qeyd etdiklərini təsdiq etsə də, onun hazırkı işin nəticəsində maraqlı olması istisna olunmur. Çünki o, həm iddiaçının işçisidir, həm də o, direktora iddiaçının anbarından götürdüyü malları cavabdehin tikintisinə sərf etdiyini bildirmişdir ki, bu da iddianın təmin olunmasının onun maraqlarına xidmət etdiyini göstərir. Eyni zamanda Şahid1 Cavabdehlə olan telefon danışığından aydın olur ki, sonuncu ödəniş etmək üçün müraciət etsə də, Şahid1 başqa hesab açacağını və özü məlumat verdikdən sonra həmin hesaba pulu köçürməsini bildirmişdir. Bu da onu təsdiq edir ki, ilkin ödənişin tam olaraq ödənilməməsi cavabdehin təqsirindən deyil, iddiaçının işçisinin təklifinə əsasən ödənilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının işə əlavə etdiyi elektron qaiməfakturalardan "xxxx" MMC və "xxxx" MMC-dən mal-material alınması müəyyən olunsa da, iddiaçı həmin materialların bu ərazidə istifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı bir neçə yerdə tikinti işləri apardığından onun "xxxx" MMC, "xxxx" MMC-dən və başqalarından mal-material alması aydın məsələdir, sadəcə həmin materialların məhz cavabdehin tikintisi üçün istifadə olunması sübut olunmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, şahid ifadələrindən də konkret müəyyən etmək olmur ki, iddiaçı tərəfindən hansı həcmdə işlər görülüb, nə qədər mal-material sərf olunmuşdur. Hətta şahid qismində dindirilən Şahid3 onu işəgötürənin Şahid1 olduğunu, işin 30 %-nin belə görülmədiyini, mal-materialları özü gedib Quba rayonunun Sədərək bazarından götürdüyünü, Romanın mal-materialların ödənişini bağladığını, ustaların, fəhlələrin pullarını Romandan alıb verdiyini bildirmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən cavabdehin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququ var, lakin bu zaman o, iddiaçının yerinə yetirdiyi işlərin haqqını verməlidir. Bununla belə hazırkı işin hallarından görünür ki, cavabdehin müqavilədən imtina etməsinin səbəbi iddiaçının işçilərinin hərəkətləri, yəni layihəni düzgün icra etməmələri, ərazidən çıxıb getmələri olmuşdur. Belə olan halda Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən iddiaçının yalnız yerinə yetirilmiş işlərin haqqını, cavabdehin həmin işlərə marağı olduğu halda tələb etmək hüququ vardır. Tərəflərin izahatlarından aydın olur ki, cavabdehin iddiaçının gördüyü işlərə marağı olmuşdur, çünki cavabdeh iddiaçının yaramcıq qoyduğu işləri qaldıqları yerdən başqa şirkətlə razılaşması əsasında davam etdirdiyini özü təsdiq etmişdir. Buna görə də iddiaçı yerinə yetirilmiş işlərin haqqını tələb etməkdə haqlıdır. Ancaq yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçı tərəf hansı işlərin görülməsi, gördükləri işlərin həcmi, sərf etdikləri materialların miqdarı və s. barədə dəqiq məlumat verə bilmədiyindən, iddiaçının cavabdehin ödədiyi 25000 manat məbləğindən artıq iş görməsi sübuta yetirilməmişdir. Bundan başqa iddiaçı icarəyə götürdüyü 1000 ədəd cilovsuz və 110 ədəd diktin iddiaçının tikinti sahəsində qaldığını, həmin materiallara görə 8250 manat icarə haqqı ödəməli olduğunu bildirsə də, buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının bununla bağlı təqdim etdiyi sübutlar da əl yazmalardan ibarət olmuşdur ki, bu da həqiqətən həmin malların iddiaçı tərəfindən icarəyə götürüldüyünü və başqa tikinti üçün deyil, məhz cavabdehin sahəsində qaldığını təsdiq etməyə kifayət etmir. Həmçinin iddiaçının işçilərinin oradan məcburi çıxarılmadığını, özlərinin könüllü şəkildə ərazidən çıxdığını və ərazinin bağlı olmadığını nəzərə aldıqda, iddiaçının həmin materialları orada saxlaması, ərazidən götürməməsi inandırıcı deyildir. İddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin iddiaya münasibəti bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehə məxsus tikinti sahəsində 97150 manat həcmində işlər gördüyünü, qəlib üçün köməkçi materialların (cilovsuz və dikt) icarəsinə görə 8250 manat ödəniş etdiyini, həmçinin 1000 ədəd cilovsuz və 110 ədəd diktin cavabdehin tikinti sahəsində qaldığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutları təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar