Məhkəmə qərarları › İş №e-2-2(113)-4214/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4214/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4214/2023 20.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 6324,27 manat borc məbləğinin və 30% dəbbə pulunun – ümumilikdə 8221,55 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 1500 manatı, mediasiya xərclərinə görə ödənilmiş 100 manatı və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 18 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında işlərin görülməsi haqqında 23 yanvar 2020-ci il tarixli, 02 №-li müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında cavabdehə məxsus avtomobillərə mütəmadi olaraq həmin avtomobillərin standartlarına uyğun texniki xidmət göstərir, təmir edir, avtomobilin saz vəziyyətə salınması üçün digər xidmətlər göstərir və görülən işlərin keyfiyyətinə zəmanət verməyi, Sifarişçi isə həmin xidmtlərin müqabilində müqavilə ilə razılaşdırılmış qaydada əl muzdu və ehtiyyat hissələrinin məbləğini İcraçıya 10(on) iş günü müddətində ödəməyi üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. 23 yanvar 2020-ci il tarixli № 02 saylı işlərin görülməsinə dair müqavilə üzrə ümumi borc məbləği 9721,55 manat müəyyən edilmiş və cavabdeh tərəfindən qismən ödəniş edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən bu günə qədər yerdə qalan 6324,27 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2023-cü ilin iyun ayının on səkkizinci gününü götürsək, 6324,27 manat məbləğində pul vəsaitinin ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün 1500 manat ödəyərək hüquqi yardıma görə xərc çəkmişdir. Həmçinin tərəfimizdən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci ödənilmişdir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 6324,27 manat borc məbləğinin və 632 manat dəbbə pulu, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 1500 manatı, mediasiya xərclərinə görə ödənilmiş 100 manatın, ümumilikdə 8556 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ödənişlər vaxtında edilmədiyi üçün iddiaçı maddi çətinliklərlə üzləşmiş, bu səbəbdən əlavə olaraq iddiaçıya cavabdeh tərəfindən 632 manat (əsas borcun 10 faizi həcmində) dəbbə pulu, habelə pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq çəkdiyi 1500 manat hüquqi yardımla bağlı xərc də ödənilməlidir, belə ki, hüquqi yardımla bağlı müqavilə və qəbz tərəflərindən materiallara əlavə etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ş.Məmmədli iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini bildirib həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Belə ki, iddiaçı tərəfindən onlara həqiqətən də 6324,27 manat məbləğində xidmət göstərilmiş, bu barədə üzləşmə aktı tərtib edilmiş, tərəflərin imzaları ilə təsdiq edilmiş, lakin cavabdeh icra etdiyi digər layihələr üzrə almalı olduğu vəsaitləri almadığı üçün iddiaçıya olan hazırkı borcunu ödəyə bilməmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər arasında dəbbə pulunun ödənilməsi ilə bağlı yazılı razılaşma yoxdur, izahatının sonunda hüquqi yardımla bağlı tələb edilən xərcin çox olması səbəbindən Məhkəmədən həmin xərcin ağlabatan həddə müəyyən edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli 02 nömrəli işlərin görülməsi haqqında müqaviləyə əsasən icraçı cavabdehə məxsus avtomobillərə mütəmadi olaraq həmin avtomobillərin standartlarına uyğun texniki xidmət göstərir, təmir edir, avtomobilin saz vəziyyətə salınması üçün digər xidmətlər göstərir və görülən işlərin keyfiyyətinə zəmanət verir.

8. Müqavilənin 2-ci bəndinə əsasən avtomobillər təmir və digər xidmətlər üçün servis mərkəzinə sifarişçi tərəfindən göndərildikdə, iki tərəf arasında qiymətlərin razılaşdırma protokolu tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra müqaviləyə əlavə olunur. Qiymətlərin razılaşdırılma protokolunda göstərilən əl muzdu və ehtiyyat hissələrinin məbləği sifarişçi tərəfindən icraçıya 10 iş günü müddətində ödənilir.

9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli 000483 nömrəli 175,82 manat məbləğli, xx.xx.2020-ci il tarixli 000610 nömrəli 197,06 manat məbləğli, xx.xx.2020-ci il tarixli 000548 nömrəli 66,08 manat məbləğli, xx.xx.2020-ci il tarixli 001299 nömrəli 890,90 manat məbləğli, xx.xx.2020-ci il tarixli 001385 nömrəli 217,12 manat məbləğli, xx.xx.2020ci il tarixli 001423 nömrəli 50,74 manat məbləğli, xx.xx.2020-ci il tarixli 001203 nömrəli 320,96 manat məbləğli, xx.xx.2021-ci il tarixli 154,58 manat məbləğli, xx.xx.2021-ci il tarixli 000455 nömrəli 302,08 manat məbləğli, xx.xx.2021-ci il tarixli 000676 nömrəli 206,50 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001307 nömrəli 329,20 manat məbləğli, xx.xx.2021ci il tarixli 001624 nömrəli 323,32 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001610 nömrəli 175 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001867 nömrəli 392,94 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001861 nömrəli 159,30 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001860 nömrəli 265,50 manat məbləğli, xx.xx.2021-ci il tarixli 001068 nömrəli 138,06 manat məbləğli, xx.xx.2021-ci il tarixli 000767 nömrəli 138,06 manat məbləğli, xx.xx.2021ci il tarixli 001180 nömrəli 378,78 manat məbləğli, xx.xx.2021-ci il tarixli 000630 nömrəli 1091,50 manat məbləğli qaimələr göndərilmişdir.

10. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 09 avqust 2022-ci il tarixli üzləşmə aktından görünür ki, 01 avqust 2022-ci il tarixə cavabdehin iddiaçıya borcu 5359,55 manat (ƏDV-siz) təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə EBBO 791929 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 055878 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 707294 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 293017 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 198450 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 491094 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 214903 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 648467 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 386782 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 739885 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 739573 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 738762 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 739078 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791990 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791929 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791935 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791950 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791961 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791941 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791965 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 791985 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli 02 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 23 yanvar 2020-ci il tarixli 02 nömrəli müqavilə imzalanmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6324,27 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Lakin məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli 02 nömrəli müqavilədə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.

22. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

24. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

25. Bundan əlavə iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 1500 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.

26. Materiallardan görünür ki, iddiaçı ilə “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2023-cü il tarixli 250 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən “De Fendo” Vəkil Bürosunun hesabına xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 1500 manat pul köçürülmüşdür.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız 6324,27 manat hissədə təmin edildiyindən 500 manat məbləğində hüquqi yardımla bağlı xərc ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

31. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01044 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc, əlavə olaraq 18 manat dövlət rüsumu ödənilmişdir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə və 18 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6324,27 manat məbləğində əsas borc, 500 manat hüquqi yardımla bağlı çəkilmiş xərc və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6924,27 (altı min doqquz yüz iyirmi dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar