Məhkəmə qərarları › İş №e-2-2(113)-4215/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4215/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4215/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.567 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,67 manatın və hüquqi yardıma görə ödənilmiş 1000 manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli M 046/18 №-li müqavilənin 1-ci bəndinə əsasən “Sifarişçi” öz mülkiyyətində olan və siyahısı hazırki Müqavilənin ayrılmaz hissəsi olan 1 №-li Qoşmada göstərilmiş avtomobillərini “İcraçıya” verir, “İcraçı” isə ona verilən avtomobillərin təmirini öhdəsinə götürür. Qeyd edilən müqavilədən irəli gələrək cavabdeh qanuni istifadəsində olan “Niva” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə təmir üçün iddiaçıya vermiş, qüsur və təmir aktları tərtib edilməklə 5567.00 manat məbləğində xərclər müəyyən edilmişdir. İddiaçıya qeyd edilən avtomobili təmir edərək xx.xx.2024-cü il tarixdə 033№-li xidmətlərin təhvil-təslim aktına əsasən cavabdehə təhvil vermişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli M 046/18 №-li müqavilənin 4-cü bəndinə əsasən ödəniş təhvil-təslim aktı və hesab faktura verildikdən sonra 12 (on iki) bank günü ərzində ödənilməlidir. Lakin cavabdehin nümayəndəsi təmirin baha olmasını bəhanə gətirərək qiymətlərin razılaşdırılması protokolunu imzalamaqdan boyun qaçırmış və təmirə çəkilmiş xərc olaraq 5567.00 manat məbləğində pul bu günə kimi iddiaçıya ödənilməmiş qalmışıdır. İddaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanmış, lakin cavabdeh tərəfindən bu günə kimi müqavilə üzrə öddəliklər yerinə yetirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dəyişdirilmiş, xx.xx.2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (sifarişçi) ilə İddiaçı (icraçı) arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır.

9. Müqavilənin 1-ci bəndinə əsasən sifarişçi öz mülkiyyətində olan və siyahısı hazırki müqavilənin ayrılmaz hissəsi olan 1№-li Qoşmada göstərilmiş avtomobillərini İcraçıya verir, İcraçı isə ona verilən avtomobillərin təmirini öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına uyğun olaraq qüsur aktına görə qəbul etməyi, vaxtı-vaxtında əsaslı təmir etməyi və təhvil-tədlim aktına görə sifarişçiyə təhvil verməyi öhdəsinə götürür.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi təmir olunmuş avtomobilləri təhviltəslim aktı və hesab-faktura əsasında icraçıdan qəbul edir.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı hazırki müqavilənin 2.1 maddəsində göstərilən öhdəliklərin yerinə yetirilməsini təsiqləyən qüsur aktını və təhvil-təslim aktını sifarişçinin nümayəndəsinə təqdim edir. Həmin akt əsasında sifarişçi avtomobillərin təmir qiyməti üçün icraçının sadələşdirilmiş vergisi daxil olmaqla hesab-fakturada göstərilən təmir haqqını icraçıya ödəyir. Ödəniş təhvil-təslim aktı və hesab-faktura verildikdən sonra 12 (on iki) bank günü ərzində ödənilir.

13. Müqavilə tərəflərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

15. Belə ki, hazırda iddiaçı cavabdeh tərəfindən ona təmir üçün verilən Niva markalı 99PX291 dövlət qeydiyyat nişanlı avtomobili təmir edərək, xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verdiyini, lakin cavabdehin təmir xidmət haqqını ödəmədiyini bildirərək, xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir.

16. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.

17. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" (Prime Cotton MMC) MMC-nin nümayəndələri arasında 99PX291 dövlət qeydiyyat nişanlı avtomobil barəsində xx.xx.2024-cü il tarixli qüsur aktı və təmir aktı, xx.xx.2024-cü il tarixli xidmətlərin təhviltəslim aktı tərtib edilmiş və imzalanmışdır.

18. Bundan başqa məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi təmir işləri ilə bağlı tələb edilən məbləğlə razı olmadığını bildirmiş, daha aşağı məbləğlə bağlı iddiaçı ilə danışıqlar aparılmasını mümkün ola biləcəyini bildirmişdir.

19. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdehə məxsus 99PX291 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xidmətlərini göstərilməsi işin mübahisəsiz halıdır.

20. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam “Niva” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri xərcinin nə qədər təşkil etməsidir.

21. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qüsur aktına və iş materiallarına əlavə olunmuş fotoşəkillərə və videoya müqayisəli şəkildə (eyni zamanda avtomobilə baxış keçirməklə) baxış keçirməklə “Niva” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün nə qədər vəsait tələb olunduğunun müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmişdir.

22. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Lada-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa dəyəri 6.060 manat təşkil edir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi rəyin nəticəsinə etiraz edərək, şişirdilmiş məbləğ olduğunu bildirsə də, təmri-bərpa dəyərinin daha az məbləğdə olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.

24. Belə olan halda iddiaçının da tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, 5.567 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,67 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Bundan başqa məhkəmə 1.000 manat məbləğində hüquqi yardıma çəkilmiş xərcin əvəzinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. Belə ki, işdən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün Ağcabədi rayon Vəkil Bürsounun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən Ağcabədi rayon Vəkil Bürosunun hesabına 1.000 manat məbləğində pul ödənmişdir.

28. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pulun tutulması daha ağlabatan və ədalətlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 600 manat təşkil edir və qeyd edilən pul iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, 600 manat məbləğində pul da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.

30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 5.567 (beş min beş yüz altmış yeddi) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq ödənilmiş 600 (altı yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar