Məhkəmə qərarları › İş №e-2-2(113)-4224/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4224/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4224/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət haqqı) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Saka Kadriyenin, Cavabdeh X1 (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 60/20-BF saylı Birgə fəaliyyət haqqında müqavilə və ona əlavələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzinə ödənilmiş 50.000 ABŞ dolları vəsaitin, həmçinin ərizəyə görə ödənilmiş 345 manat dövlət rüsumunun "xxxx" MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin X5 arasında xx.xx.2020-ci il tarixli, 60/20-BF saylı Birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin yenidən təşkil edilməsi haqqında” Sərəncama və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli çıxarışına əsasən MHM-in hüquqi varisi qismində "xxxx" MMC çıxış edir. Müqaviləyə əsasən, Bank ilə İsveçrə qanunvericiliyi əsasında təşkil edilmiş və fəaliyyət göstərən “BPC AG” şirkəti (Lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2”b” bəndində qeyd edilən öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını Bank təmin etməlidir, MHM isə həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) MHM-nə ötürüldüyü təqdirdə müvafiq Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. Bank ilə Lisenziar arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavəsinin 2 “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən Bank/MHM dövriyyədən asılı olaraq hər rüb üçün müəyyən olunmuş məbləğdə olan lisenziya haqqını təşkil edən vəsaitin ödənişinin həyata keçirilməsini təmin etməlidir. Həmçinin Bank ilə Lisenziar arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə xx.xx.2021-ci il tarixdə 3 saylı əlavə edilmiş və əlavənin şərtərinə əsasən Lisenziar Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir. Lakin cavabdeh tərəfindən Lisenziara razılaşdırılmış qaydada ödənişlərlə bağlı öhdəliklər yerinə yetirilmədiyindən Lisenziara edilməli olan ödənişlər Bank tərəfindən həyata keçirilmiş və nəticədə Banka 50.000 ABŞ dolları məbləğində borc yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Saka Kadriye iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 (Azintelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. - 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

6. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunun: - 30-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. 30-cu maddəsinin 2-ci hissəsinə əsasən nüstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. 30-cu maddəsinin 3-cü hissəsinə əsasən qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh X2 hüquqi varisidir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin X5 arasında xx.xx.2020-ci il tarixli, 60/20-BF saylı Birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır.

10. Qeyd edilmiş müqavilənin 3.6.1-ci bəndinin “r” yarımbəndindən görünür ki, Bank ilə BPC (lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2”b” bəndində qeyd edilən öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını Bank təmin etməlidir.

11. Həmin müqavilənin 3.6.2-ci bəndinin “h” yarımbəndindən görünür ki, Bank ilə BPC (lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) MHM-nə keçdiyi təqdirdə həmin Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin edir.

12. İş materiallarında olan ”Azər-Türk Bank” ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavənin 1-ci bəndindən görünür ki, “BPC AG” şirkəti standart proqram təminatı (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) üçün qeyri-eksklüziv və ötürülməyən lisenziya verir və müştəri bu lisenziyanı qəbul edir.

13. Həmin əlavənin 2-ci bəndindən görünür ki, illik lisenziya haqqı 93.023,26 ABŞ dolları təşkil edəcək.

14. Həmin əlavənin 2-ci bəndinin, “b” yarımbəndindən görünür ki, 01 yanvar 2022ci il tarixdən sonra il ərzində dövriyyə 2.000.000 ABŞ dolları məbləğinədək olduqda 50.000 ABŞ dolları məbləğində lisenziya haqqını ”Azər-Türk Bank” ASC (müştəri) “BPC AG” şirkətinə ödəməyi öhdəsinə götürmüşdür.

15. İş materiallarında olan ”Azər-Türk Bank” ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavənin 1-ci bəndindən görünür ki, “BPC AG” şirkəti tərəflərin imzaladıı əsas müqavilədə və onun bütün əlavələrində nəzərdə tutulan şərtlər və müddəalar əsasında son istifadəçiyə standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) sublisenziya verməyə razılaşır.

16. Həmin əlavənin 2-ci bəndindən görünür ki, son istifadəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3.

17. Həmin əlavənin 4-cü bəndindən görünür ki, son istifadəçi bu əlavədə qeyd olunan cədvəlin təsdiq edilmiş formasında sifarişçi (”Azər-Türk Bank” ASC) arasında sublisenziya müqaviləsi bağlamalıdır.

18. Həmin müqavilənin 5-ci bəndindən görünür ki, sifarişçi (”Azər-Türk Bank” ASC) “BPC AG” şirkətinə müqavilə tərəfləri arasında imzalanmış sublisenziya müqaviləsinin surətini göndərməlidir.

19. Yuxarıda qeyd edilmiş sənədlərdən də, göründüyü kimi, ”Azər-Türk Bank” ASC “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququnu, X4 (indiki Cavabdeh) sublisenziya müqaviləsi əsasında ötürməli idi və bundan sonra da, X2 (indiki Cavabdeh) xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavənin “b” bəndində qeyd olunan öhdəlik yaranmış olacaq idi.

20. Ancaq işin məhkəmə iclasında araşdırılmış hallarından aydın olur ki, İddiaçı ASC ilə X5 (indiki Cavabdeh) arasında hər hansı bir lisenziya və yaxud sublisenziya müqaviləsi bağlanmamışdır.

21. Yəni, ”Azər-Türk Bank” ASC-nin “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ X4 (indiki Cavabdeh) keçməmişdir.

22. Ona görə də, Cavabdeh xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavənin “b” yarımbəndində nəzərdə tutulmuş, hazırda da, ”Azər-Türk Bank” ASC-nin tələb etdiyi 50.000 ABŞ dollarını ödəmək öhdəliyi yaranmamışdır.

23. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdm edilən ”Azər- Türk Bank” ASC ilə “X6” MMC ilə bağlanmış olan xx.xx.2021-ci il tarixli müqavilənin və “X6” MMC-nin dövriyyə üzrə hesabdan çıxarışların hazırkı mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur.

24. Belə ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan yeganə məqam ”Azər-Türk Bank” ASC-nin “BPC AG” şirkətindən almış olduğu lisenziyanın hüququnun X4 (indiki Cavabdeh) keçib-keçməməsi idi.

25. Ancaq bu barədə ”Azər-Türk Bank” ASC ilə X5 arasında hər hansı bir sublisenziya müqaviləsi bağlanmadığından və standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ X4 (indiki Cavabdeh) keçmədiyindən, Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

26. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar