Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4245/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən ödənilməmiş 26175 manat xidmət haqqı məbləğinin, maddi və mənəvi ziyana görə 5000 manat məbləğin, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin, cəmi 31375 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən ödənilməmiş 20870 manat xidmət haqqının, maddi və mənəvi ziyana görə 5000 manat məbləğin, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin cəmi 26070 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ASFX 18/211-2 saylı, xx.xx.2018-ci il tarixli Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehin Qazaxstan Respublikasında həyata keçirdiyi Almatı layihəsində düşərgə, zavod və qurğuların elktrik işləri ilə əlaqədar işlərin icrası və nəzarətini həyata keçirməyi, cavabdeh isə 1 ay üçün iddiaçıya 2370 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə qeyd olunan müqaviləyə dəyişiklik edilərək xidmət haqqının məbləği 2405 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə görə İcraçı bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri Sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə görə ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktları imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə İcraçıya ödənilir. İddiaçı sözügedən müqavilə üzrə bütün vəzifələrini yerinə yetirmişdir. Cavabdeh (Sifarişçi) müqavilə üzrə görülən işlərin müqabilində iddiaçıya hər ay xidmət haqqı ödəməli olduğu halda bir neçə ayın xidmət haqqını ödəsə də digər ayların xidmət haqqıni ödəməmişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 1500 manat xidmət haqqı həyata keçirilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ödəyəcəyi məbləğ 20870 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış Xidmət müqaviləsinin 8.2-ci bəndinə görə tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə dinc qaydada həll olunmalıdır. İddiaçı xidmət haqqının ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət etsə də bu günədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 26175 manat xidmət haqqı məbləğinin, maddi və mənəvi ziyana görə 5000 manat məbləğin, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin, cəmi 31375 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ASFX 18/211-2 saylı, xx.xx.2018-ci il tarixli Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı/İddiaçı Sifarişçinin/Cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində düşərgə, zavod və qurğuların elektrik işləri ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçıya 1 ay üçün 2370 manat xidmət haqqı ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı xidmətləri həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra ödənilir. Müqavilənin 2.5-ci bəndinə əsasən İcraçının layihədəki işlərin icrası və nəzarəti ilə əlaqədar layihəyə gedib-gəlmə xərcləri (təyyarə bileti) 6 ayda bir dəfə olmaqla, Sifarişçi tərəfindən ödəniləcəkdir. Əgər icraçı qeyd olunan müddətdən tez öz istəyi ilə geri dönmək istəyərsə, nəqliyyat xərcləri İcraçının özü tərəfindən ödəniləcəkdir. xx.xx.2019-cu il tarixli ASFX 18/211-2 saylı, xx.xx.2018-ci il tarixli Xidmət müqaviləsinin 1 saylı əlavəsinə əsasən ximət haqqı məbləği dəyişdirilərək 2405 manat müəyyən olunmuşdur. Hesab edir ki, işlərin icra olunmasına dair təhvil-təslim aktları olmadığı üçün cavabdeh müqavilənin 2.3-cü bəndinə əsasən düzgün olaraq iddiaçının xidmət haqqını ödəməmişdir. İddiaçı işlərin icra olunmasına dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmiş, ona görə də iddiası əsassızdır. Eyni zamanda hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
11. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. xx.xx.2018-ci il tarixli ASFX 18/211-2 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı, cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində düşərgə, zavod və qurğuların elktrik işləri ilə əlaqədar işlərin icrası və nəzarətini həyata keçirməyi, cavabdeh isə 1 ay üçün iddiaçıya 2370 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər.
14. xx.xx.2018-ci il tarixli ASFX 18/211-2 saylı Xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı Əlavəyə əsasən ximət haqqı məbləği dəyişdirilərək 2405 manat müəyyən olunmuşdur.
15. “Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri”ndən görünür ki, iddiaçı 2020-ci ilin yanvar-avqust ayları ərzində hər gün 8 saat işdə olmuş və ona ay sonunda xidmət haqqı hesablanmış, cədvəllər filialın direktoru tərəfindən təsdiq olunmuşdur.
16. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xidmət haqqı üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 1500 manat həyata keçirilmişdir.
17. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli ASFX 18/211-2 saylı Xidmət Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı, cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində Almatı layihəsində düşərgə, zavod və qurğuların elktrik işləri ilə əlaqədar işlərin icrası və nəzarətini həyata keçirmiş, xidmət haqqı ayda xx.xx.2019-cu il tarixədək 2370 manat, xx.xx.2019-cu il tarixdən isə 2405 manat məbləğdə olmuş, iddiaçıya cəmi 18543 manat ödənilmiş, qalan 26175 manat məbləğdə pulun ödənilməsi iş materialları ilə təsdiqini tapmır, cavabdeh də bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
18. Bu mənada iddia ərizəsinə etirazda iddiaçının xidmət göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını təqdim edə bilməməsi barədə dəlili əsaslı deyil. Belə ki, işdə olan “Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri”ndən görünür ki, iddiaçı 2020-ci ilin yanvar-avqust ayları ərzində hər gün 8 saat işdə olmuş və ona ay sonunda xidmət haqqı hesablanmış, cədvəllər filialın direktoru tərəfindən təsdiq olunmuşdur. Bütün bunlar da ona dəlalət edir ki, müqavilənin icraçının işi icra etdiyini göstərən təhvil-təslim aktları barədə müddəası formal xarakter daşıyır və əslində həmin şərtə əməl olunmuşdur.
19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia xidmət haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. İddiaçı vurulmuş maddi və mənəvi ziyana görə 5000 manat ödənilməsini tələb etsə də, tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
24. İş üzrə dövlət rüsumu məbləğinin 183,52 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 83,96 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 29,44 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 170,56 manat məbləğ (200-29,44) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ödənilməmiş 26175 manat xidmət haqqı məbləği və mediasiya xərcinə görə 170,56 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməmiş 26175 manat xidmət haqqı məbləği və mediasiya xərcinə görə 170,56 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev