Məhkəmə qərarları › İş №e-2-2(113)-425/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-425/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-425/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: bank xidmətlərin göstərilməsi müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən bank xidmətlərinin göstərilməsi haqqında müqavilə və qanunvericilik üzrə öhdəliklərinin kobud pozuntusu nəticəsində İddiaçı MMC-yə vurulmuş 35.680 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanılmış bank xidmətlərinin göstərilməsi barədə xx.xx.2017-ci il tarixli cari hesab müqaviləsinə əsasən iddiaçı cavabdeh bankda cari bank hesabına sahib olmaqla bank vasitəsilə əməliyyatlar icra etməkdədir. İddiaçı MMC Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış (No.BE**********) və fəaliyyət göstərən Nitto Belgium NV (Ünvan: Ekelaarstraat 22, B-3600 Genk, Belçika) şirkəti ilə duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlamışdır. Müqaviləyə və digər müşayiətedici sənədlər olan xx.xx.2022-ci il tarixli, 99509814 nömrəli proforma-invoys və xx.xx.2022-ci il tarixində 316027 nömrə ilə təsdiqlənmiş sifarişin öhdəliklərinə əsasən İddiaçı MMC 44.600 ABŞ dolları məbləğində vəsaiti Nitto Belgium NV şirkətinə qabaqcadan 100% həcmində ödəniş etməli idi. Nitto şirkəti ilə malların çatdırılma müddəti və ödənişlərlə bağlı email vasitəsilə müzakirələr aparılıb. Bu danışıqlara naməlum şəxslər tərəfindən kiberhücum həyata keçirilib və nəticədə iddiaçıya Nitto şirkətinin email adresinə oxşar adresdən tələbnamə - bank məlumatları göndərilib, ödənişin bu bank məlumatlarına əsasən aparılmalı olması bildirilib. Nəticədə iddiaçı Aqualink şirkəti tərəfindən xx.xx.2023-cü il tarixində Accesbank Binəqədi filialına internet banking xidməti vasitəsilə ödəniş tapşırığı təqdim olunmuşdur. Bank əməkdaşlarının ödənişi məlumatlarını yoxlamaması səbəbindən həmin ödəniş tapşırığı ilə birgə banka təqdim olunmuş müqavilə və qaimə (invoys) məlumatlarında uyğun olmayan Meksika Respublikasında yaşayan fiziki şəxsə 35.680 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, xüsusilə xarici valyuta ilə ödənişlər icra olunan zaman ödənişlə bağlı banka ilk növbədə müqavilə, həmçinin invoys (qaimə/hesab faktura) və digər əlaqəli sənədlər təqdim olunmalıdır. Bu sənədlər ödəniş tapşırığı yaradılan zaman banka təqdim olunmuşdur. Bank təqdim olunan xx.xx.2022-ci il tarixli pro-forma invoys, müqavilə (ümumi şərtləri) və xx.xx.2022-ci il tarixli sifariş vərəqəsində müqavilə tərəfinin Belçika Krallığının rezidenti olan Nitto Belgium NV şirkəti olduğu görünür. Lakin ödəniş tapşırığının icra olunması üçün təqdim olunmuş saxtalaşdırılmış Nitto şirkətinə aid bank detalları sənədində alıcı bank qismində Banamex – Banco Nacional de Mexico S.A, həmçinin həmin bankla bağlı digər bank məlumatları, alıcı şəxsin məlumatları qrafasında isə X5 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico göstərilmişdir. Beləliklə, banka təqdim olunmuş müqavilə məlumatları (o cümlədən müqavilədə göstərilmiş rekvizitlərlə) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuz olmasına baxmayaraq bank tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilib. Fakt aşkarlandıqdan sonra cavabdeh banka dərhal müraciət olunmuş, ödənişin qanunsuz olaraq icra olunması bildirilmiş, lakin bügunki tarixədək zərərin aradan qaldırılması mümkün olmamışdır. Qeyd olunmuş əməliyyatların icrası zamanı bank tərəfindən müqavilə və qanunvericiliklə üzərinə götürdüyü öhdəliklər icra olunmamaqla, o cümlədən ödəşinin əsası və təyinatı üzrə araşdırma aparılmadan icra olunmaqla şirkətə ciddi zərər vurulmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli X2 3.1.1-ci maddəsinə əsasən, Bank təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq Hesab üzrə aparmağı öhdəsinə götürür. Bank Müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin saxlanmasına və təhlükəsizliyinə təminat verir (maddə 3.1.2). Bank pul vəsaitini Müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə üçüncü şəxslərə verməyi, qanunla müəyyən olunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür (maddə 3.1.3). Bankın səlahiyyətli nümayəndələrinin hesablarla əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq,eləcə də lazımi məlumatların təqdim edilmədiyi halda hesablar üzrə əməliyyatları dayandırmaq hüququ vardır (maddə 3.1.10) Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”-ın 5.3.2.-ci bəndinə əsasən emitent bankın məsul şəxsi təqdim edilən ödəniş tapşırığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxlayır. Həmin Təlimatın 4.11.-ci bəndinə əsasən, ödəniş sənədi aşağıdakı hallarda qüsurlu sayılır: 4.11.2. ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda; 4.11.6. nüsxələr eyni olmadıqda. Göründüyü kimi banka təqdim olunmuş sənədlərdə açıq-aşkar qüsur mövcud olmuş, müqavilə ilə nəzərdə tutulmamış xarici fiziki şəxsin hesabına bank tərəfindən köçürmə icra olunmuşdur. Bu hal bank tərəfindən qanunvericiliyin kobud pozuntusudur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”-nın 3.1-ci bəndinə əsasən, Banklar bank hesablarının açılması, aparılması və bağlanması zamanı “Öz müştərini tanı” prinsipinin tətbiqini təmin edən daxili qaydalara (bundan sonra – daxili qaydalar) malik olmalıdır. Daxili qaydalar PL/TMM Qanununa, bu Qaydanın, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanır və bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur. Qaydaların 3.2.-ci bəndinə əsasən, daxili qaydalarda ən azı aşağıdakı məsələlər əks olunur: 3.2.1. müştərilərin və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2022-ci il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən valyuta əməliyyatları üzrə təsdiqedici sənədlərin siyahısı göstərilmiş, cavabdeh bank tərəfindən həmin sənədlərin mövcudluğu və tamlığı yoxlanılmış, o cümlədən əməliyyatın sənədlərə uyğun aparılıb-aparılmaması yoxlanılmamışdır.

3. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC tərəfindən 35680 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair müştərinin birbaşa özü tərəfindən internet banking üzərindən tərtib edilmiş ödəniş tapşırığı Banka təqdim edilmişdir. Bank tərəfindən müvafiq ödəniş tapşırığı və sənədlər qəbul edilərək müştərinin sərəncamı qanunvericiliyə və müqaviləyə uyğun olaraq icra edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş iddia ərizəsində də etiraf edilir ki, şirkət naməlum şəxslər tərəfindən kiberhücuma məruz qalmışdır. Hazırki izahata əlavə olaraq təqdim etdikləri MMC tərəfindən Mərkəzi Banka ünvanlanmış 15 fevral 2023-cü il tarixli, 69/23 nömrəli məktubda bu əməliyyatın həyata keçirilməsinin cəmiyyətin səhvi olduğu etiraf edilmişdir. AR MM-nin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ödəniş tapşırığında göstərilən hesab iddiaçının işçisi tərəfindən səhvə yol verilərək yalnış hesab nömrəsi daxil edilsə də, Bank tərəfindən də köçürmə etməmişdən öncə müəyyən yoxlamaların edilməsi öhdəliyini pozmuşdur.

5. Məhkəmə iclasında iştirak edən caabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Bank yalnız bank rekvizitlərində göstərilən hesab nömrəsinin ödəniş tapşırığında düzgün əks edilib-edilməməsini, iddiaçı ilə pulun köçürülməsi xahiş edilən şirkət arasında müqavilənin olub-olmamasını yoxlayır. Ödəniş tapşırığı Banka gələrək deyil, elektron bankinq vasitəsi ilə iddiaçı tərfindən tərtib edilmişdir və ona hər-hansı müdaxilə edilməsi qeyri-mümkündür. Və bir şirkətin müxtəlif banklarda bir neçə hesab nömrələrinin olmasını nəzərə alaraq, müqavilədə göstərilən hesabdan fərqli hesaba da pulun köçürülməsi mümkündür. Beləliklə, cavabdeh Bank qanunvericiliyə və cari hesab müqaviləsinə uyğun olaraq iddiaçı şirkətin sadəcə tapşırığını icra edib. İddianın rədd olunmasını xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə "xxxx" QSC-nin Binəqədi filialı arasıdna bağlanmış xx.xx.2017-ci il tarixli cari hesab müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bank müştəriyə hesab açmağı, hesabına daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müqaviq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən hesab üzrə əməliyyatlar aparıldıqca müştəriyə hesabdan çıxarışlar verilir. Müştəri hesabdan çıxarışı aldıqdan sonra 15 təqvim günü ərzində öz iradını banka yazılı şəkildə şəxsən müraciət etməklə və ya sifariş məktubla bildirmirsə, hesabdan çıxarış təsdiq olunmuş hesab edilir.

10. Müqavilənin 2.3-cü maddəsinə əsasən nağd pulun çıxarılması, hesab üzrə vəsaitin köçürülməsi yalnız müştəri tərəfindən verilmiş yazılı sərəncamlar və ya elektron ödəmə sərəncamları əsasında aparılır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən bankın hüquq və öhdəlikləri:

12. Müqavilənin 3.1.1.-ci bənidnə əsasən bank təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq hesab üzrə aparmağı öhdəsinə götürür.

13. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bank müştərinin hesabına daxil olan bütün vəsaitlərinin saxlanmasına və təhlükəsizliyinə təminat verir.

14. Müqavilənin 3.1.3-cü bəndinə əsasən bank pul vəsaitini müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə üçüncü şəxslərə verməyi, qanunla müəyyən olunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür.

15. Müqavilənin 3.1.10-cü bəndinə əsasən bankın səlahiyyətli nümayəndələrinin hesablarla əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahalar və məlumatlar almaq, eləcə də lazımi məlumatların təqdim edilmədiyi halda hesablar üzrə əməliyyatları dayandırmaq hüququ vardır.

16. Müqavilənin 3.2-ci bəndinə əsasən müştərinin hüquq və öhdəlikləri:

17. Müqavilənin 3.2.1-ci bənidnə əsasən müştəri qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla hesab üzrə qeyri-məhdud sərəncam vermək hüququna malikdir.

18. Müqavilənin 3.2.2-ci bənidnə əsasən müştəri banka əvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında dəyişikliyin edildiyi gün dərhal banka məlumat verməlidir.

19. Elektron banking vasitəsi ilə tərtib edilmiş Xarici valyutada köçürmə orderindən görünür ki, İddiaçı MMC tərəfindən AZ18ACABOO**********00556665 saylı hesabdan 35680 ABŞ dolları məbləğində pul vəsaitinin Nitto Belgium NV-nin Banco Nacional de Mexico S.A.-bankında olan **********66051182 nömrəli hesaba köçürülməsi tapşırılmışdır.

20. Bank rekvizitləri (Bank Details) adlı sənəddən görünür ki, Nitto Belgium NV-nin hesabı olaraq **********66051182 göstərilmişdir və həmin hesab nömrəsi də Xarici valyutada köçürmə orderində öz əksini tapmışdır.

21. İddiaçı MMC-nin Mərkəzi Banka ünvanladığı xx.xx.2023-cü il tarixli, 69/23 saylı məktubda Nitto Belgium NV şirkəti arasında malların alışı üzrə bağlanmış müqavilə əsasında tərəflərindən xx.xx.2023-cü il tarixində 8920 ABŞ dolları məbləğində vəsait avans olaraq Cavabdeh QSC Binəqədi filialı vasitəsi ilə Nitto Belgium NV şirkətinin hesabına ödənildiyi, bank tərəfindən 2-ci avans ödəniş həyata keçirilən zaman MMC-nin kiber cinayətin qurbanına çevrildiyi və xx.xx.2023-cü il tarixində cəmiyyətin hesabından təqdim edilmiş saxta bank hesabına 35680 ABŞ dolları məbəğində vəsait köçürülüyü, vəsait köçürüldükdən sonra aparılan araşdırma zamanı təqdim edilən bank hesabının ilkin ödəniş həyata keçirilən şirkətə aid olmadığının müəyyən edildiyi, şübhəli əməliyyatın həyata keçirilməsində cəmiyyətin səhvi olduğu kimi, əməliyyatı həyata keçirən bank tərəfindən müvafiq araşdırmanın aparılmadığının ehtimal etdiklərini və cəmiyyətin ciddi maddi itkiyə məruz qaldığını və işin nəzarətə götürülərək bu əməliyyat üzrə kiber cinayətkarlığı beynəlxalq hüquq çərçivəsində həll edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

22. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

23. Məhkəmə gəlmiş olduğu nəticəni aşağıdakı kimi qiymətləndirilməsini zəruri hesab edir.

24. İşdən göründüyü kimi tərəflər arasında cari hesab müqaviləsi bağlanmış və iddiaçı tərəfin tələbinin əsası kimi həmin müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğu və üzərinə düşdüyü öhdəlikləri icra etmədiyi üçün ona maddi ziyan dəydiyini bildirmişdir. Həmin ziyanın dəyməsinə dəlil kimi isə iddiaçının işçisi tərəfindən səhvə yol verilərək tərəflərindən təqdim edilmiş ödəniş tapşırığında səhv hesab təqdim edildiyini, lakin cavabdeh tərəfindən də ödəniş tapşırığını icra edərkən müəyyən yoxlamaları aparmadan həyata keçirildiyi göstərilmişdir. Eyni zamanda mübahisəyə tətbiq olunacaq hüquqi norma kimi “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”-ın, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”-nın 3.1, 3.2 və 3.2.1-ci bəndlərinə, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na və Mülki Məcəllənin 976.1 və 976.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirmişdir ki, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Ödəniş tapşırığı elektron bankinq vasitəsi ilə bilavasitə iddiaçı tərəfindən tərtib olunaraq banka təqdim olunmuşdur, bankın həmin ödəniş üzərində hər hansı düzəlişlər etmək və ya pulun köçürülməsinə dair iddiaçının iradəsinə müdaxilə etmək hüququ yoxdur. Bank yalnız təqdim olunmuş tapşırıqda bütün məlumatların əks olunub-olunmaması, tərəflər arasında müqavilənin mövcüdluğunu yoxlayır. İddiaçının müqavilə bağladığı şirkətin isə bir necə banklarda hesablarının olmasının istisna olunmadığını bildirdi.

25. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsassızdır.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.

32. Həmin Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

33. Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.

34. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.

35. Həmin Məcəllənin 973.3-cü maddəsinə əsasən ödəniş tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir.

36. Həmin Məcəllənin 975.1-ci maddəsinə əsasən ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir.

37. Qeyd olunan maddi hüquq normalarının tələbləri əsasında məhkəmə qeyd edir ki,cavabdeh tərəflər arasına bağlanmış xx.xx.2017-ci il tarixli X2 tələblərinə zidd hərəkət etməmiş və iddiaçı şirkətin təqdim etdiyi köçürmə orderi, müqavilə və həmin müqaviləyə əlavə edilmiş bank rekviziti əsasında ödənişi həyata keçirmişdir.

38. Qeyd olunanlardan göründüyü kimi bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Əgər belə məhdudiyyət qoyulmuş olsa cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli müqavilənin şərtləri pozulmuş hesab olunardır.

39. Eyni zamanda mübahisə predmeti olan pul vəsaiti əşya hüququ əsasında (Mülki Məcəllənin 135.1- ci maddəsi) iddiaçıya məxsus olmaqla onun üzərində sərəncam vermək hüququ da ona aid olduğundan (Mülki Məcəllənin 954, 957-ci maddələri), məhkəmə hesab edir ki, həmin pul vəsaiti üzərində də istədiyi formada sərəncam vermək hüququ qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun olaraq ona məxsusdur.

40. Qeyd olunanlardan göründüyü kimi bank tərəfindən iddiaçının təqdim etdiyi müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş tapşırığına, tapşırıqda qeyd olunmuş rekvizitlərə uyğun olaraq əməliyyatlar həyata keçirilmişdir.

41. Bununla belə iddiaçı MMC-nin Mərkəzi Banka ünvanladığı xx.xx.2023-cü il tarixli, 69/23 saylı məktubunda da Nitto Belgium NV şirkəti arasında malların alışı üzrə bağlanmış müqavilə əsasında tərəflərindən xx.xx.2023-cü il tarixində 8920 ABŞ dolları məbləğində vəsait avans olaraq Cavabdeh QSC Binəqədi filialı vasitəsi ilə Nitto Belgium NV şirkətinin hesabına ödənildiyi, bank tərəfindən 2-ci avans ödəniş həyata keçirilən zaman MMC-nin kiber cinayətin qurbanına çevrildiyi və xx.xx.2023-cü il tarixində cəmiyyətin hesabından təqdim edilmiş saxta bank hesabına 35680 ABŞ dolları məbəğində vəsait köçürüldüyü, vəsait köçürüldükdən sonra aparılan araşdırma zamanı təqdim edilən bank hesabının ilkin ödəniş həyata keçirilən şirkətə aid olmadığının müəyyən edildiyi, şübhəli əməliyyatın həyata keçirilməsində cəmiyyətin səhvi olduğu etiraf edilmişdir.

42. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində də cavabdeh bank tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş rekvizitlərin saxtalığının müəyyən edilməsi bankın öhdəliyi kimi nəzərdə tutulmamışdır.

43. Yekun olaraq məhkəmə hesab edir ki, cavabdeh bank tərəfindən iddiaçının ödəniş tapırığının lazımınca icra edilməməsi və müqavilə şərtlərinə zidd hərəkət edilməsi halına yol verilmədiyindən iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı Cavabdeh QSC tərəfindən bank xidmətlərinin göstərilməsi haqqında müqavilə və qanunvericilik üzrə öhdəliklərinin kobud pozuntusu nəticəsində İddiaçı MMC-yə vurulmuş 35.680 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar