Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4275/2022 30.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9130,82 manat məbləğində pulun, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödədiyi 900 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün tərəflərindən ödənilmiş 200 manat pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun, ümumilikdə 10363,82 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, c-27-2020 saylı Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Sifarişçi”, yəni cavabdeh ona lazım olan malları “İcraçı”ya, yəni iddiaçıya sifariş etməyi, “İcraçı” isə öz növbəsində həmin sifarişlərə əsasən tələb olunan malları “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” tərəfindən ödəniş “İcraçı” tərəfindən təqdim edilmiş qaimə fakturaya əsasən həyata keçirilməli idi. Tərəflərindən bağlanmış müqavilənin şərtləri yerinə yetirilərək cavabdehə sifariş edilmiş mallar təqdim edilmişdir. Təhvil verdikləri mallara görə cavabdehin iddiaçıya 16130.82 manat məbləğində borcu vardır. Daha sonra cavabdeh tərəfindən 4000 manat məbləğində pul ödənilmiş və hazırda borcun məbləği 9130,82 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən iddiaçının əvvəlki adı "xxxx" MMC-dir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli C-27-2020 saylı müqaviləyə əsasən müqavilənin bağlandığı müddət ərzində sifarişçi ona lazım olan malları icraçıya sifariş edir, icraçı isə öz növbəsində həmin sifarişlərə əsasən tələb olunan malları sifarişçiyə təhvil verir. Təchiz olunacaq malların siyahısı, miqdarları, qiymətləri və çatdırılma müddətləri tərəflər arasında imzalanan qiymətlərin razılaşdırılma protokolunda göstərilir. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi qiymətlərin razılaşdırma protokolunda göstərilmiş məbləğin icraçı tərəfindən mallar təhvil verildikdən sonra 30 gün ərzində 100 % ödənilməsini təmin edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli OGL-68/2022 saylı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2020ci il tarixli C-27-2020 saylı müqavilə üzrə yaranmış 16130,82 manat borcunun 3 gün ərzində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı EBAT 024261 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 185886 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 239243 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 266251 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 268308 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 347350 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 383190 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 439206 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xəzinə məxaric orderlərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 2000 manat, xx.xx.2021-ci ildə 1000 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya 4000 manat pul ödənilmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli C-113-2020 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 31070,82 manat (ƏDV daxil) dəyərində mal təhvil verilmiş, ƏDV daxil olmaqla 21940 manat ödənilmişdir. Hazırda ödənilməli olan borcun məbləği ƏDV daxil olmaqla 9130,82 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2020-ci il tarixli C-27-2020 saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 9130,82 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9130,82 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsində vəkilin göstərdiyi hüquqi yardıma görə 900 manat xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı ilə vəkil Nümayəndə1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 41 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən tərəflər hüquqi yardıma görə 890 manat məbləğində xidmət haqqının ödənilməsi barədə razılaşmışlar. xx.xx.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Nümayəndə1 EBBW 275223 nömrəli, EBBW 274904 nömrəli, EBBW 275087 nömrəli elektron qaimələr üzrə ümumilikdə 2700 manat məbləğində pul ödənilmişdir. Nümayəndə1 tərəfindən iddiaçıya göndərilmiş EBBW 275223 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən hüquqi yardımla bağlı ödənilməli olan vəsaitin məbləği 900 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9130,82 manat əsas borc, 900 manat hüquqi xidmətə görə pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28.04 2022-ci il tarixli MŞB/5-01469 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci və 133 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9130,82 (doqquz min bir yüz otuz manat səksən iki qəpik) manat əsas borc, 900 (doqquz yüz) manat hüquqi xidmətə görə pul və ödənilmiş 333 (üç yüz otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4275/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4275/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver