Məhkəmə qərarları › İş №e-2-2(113)-4277/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4277/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4277/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mobil rabitə xidməti müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2016-cı il tarixli abunə müqaviləsinə əsasən 148,55 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli abunə müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş əlavədə müəyyən edilən nömrələr ilə cavabdehi təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir və cavadeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtıvaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikər pozulmuş, göstərilmiş xidmətlərin haqqı vaxtında ödənilməmişdir. Nəticədə, hazırki vaxta cavabdehin iddiaçıya 148,55 manat borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı MMC və Cavabdeh MMC arasında 12 dekabr 2016-cı il tarixli abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən hazırkı Müqaviləyə əsasən, İddiaçı siyahısı bu Müqaviləyə 1 saylı Əlavədə müəyyən edilən Nömrəni (Nömrələri) təmin edir, açıq rabitə xətti ayırır və Xidmətlərin göstərilməsini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu Müqavilədə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətin dəyəri icra olunma tarixinə qüvvədə olan Tarif Planına əsasən müəyyən olunur. Müqavilənin 5.2ci bəndinə əsasən hesab-faktura aldıqda Abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi qəbul edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə onu hər iki Tərəfin imzaladığı tarixdən (2.3-cü bəndinə uyğun olaraq həyata keçirilən nömrə daşınması halında belə daşınmanın uğurlu həyata keçməsi tarixindən etibarən) etibarən qüvvəyə minir və Müqavilə ilə nəzərdə tutulmuş qaydada xitam verilənədək etibarlı hesab olunur. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli Abunə Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, İddiaçı MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2016-cı tarixli Abunə Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, xx.xx.2017-ci il tarixdən etibarən Müqavilə əsasında Azerfon tərəfindən Abunəçiyə aşağıdakı cədvəldə göstərilən şərtlərə və tariflərə əsasən əlavə Nar nömrələr təqdim olunur. Təqdim olunmuş əlavə Nar nömrələr ilə bağlı Abunəçi Müqavilənin 4.3-cü maddəsi ilə nəzərdə tutulmuş öhdəliklərinə riayət etməlidir. Müqavilənin bütün digər şərtləri və müddəaları dəyişdirilmədən qüvvədə saxlanılır. Əlavə Nar nömrələr Abunəçinin istifadəsinə hazırkı Əlavəyə 1 saylı Qoşmada qeyd olunan Təhvil təslim aktı əsasında və orada nəzərdə tutulmuş şərtlərə əsasən təhvil verilir. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli Abunə Müqaviləsinə 1 saylı Əlavəyə 1 saylı Qoşmaya əsasən xx.xx.2016-cı il tarixli Abunə müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 saylı Əlavənin şərtlərinə uyğun olaraq, 31 iyul 2017ci tarixdə Əlavədə sadalanan 130 ədəd Corpo Silver tarif planı ilə Nar GSM nömrələrini Təhvil verən Təhvil alanın istifadəsinə verir və Təhvil alan qeyd olunan nömrələri təhvil alır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə 15 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əsasən 148,55 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli **********04 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, borcun yaranması tərəflər arasında 12 dekabr 2016-cı il tarixli abunə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni abunə haqqının ödənilməməsindən irəli gəlir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edirəm ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə cavabdehə cəmi 148,55 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız xx.xx.2025-ci il tarixli maliyyə arayışı əlavə edilmiş, həmin maliyyə arayışına əsasən cavabdehin iddiaçıya olan hazırkı borcu 148,55 manat qeyd edilmişdir. Həmin maliyyə arayışı isə iddiaçının özü tərəfindən tərtib edilmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edim ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə qeyd etməyi zəruri hesab edirəm ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 148,55 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayıram və onun rədd edilməsi qənaətinə gəlirəm. Hesab edirəm ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar