Məhkəmə qərarları › İş №e-2-2(113)-428/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-428/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-428/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Cavabdeh2 əlavə dərs vəsaitlərinin nəşrinə və satışının həyata keçirilə bilməməsinə görə 229.177,35 manat, cavabdehin müqaviləyə zidd davranışları səbəbilə İddiaçı MMC-nin formalaşmış işgüzar nüfuzuna dəymiş zərərə görə 10.000 manat və məhkəməyə ödənilmiş 129,33 manat dövlət rüsumu, mediasiya proseslərinə görə ödənilmiş 400 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manat olmaqla, cəmi 239.856,68 manat həcmində məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 10 ilə yaxın zaman sürən əməkdaşlıq olmuş və iddiaçı kitabların çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən ona ödənilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşdırmışdır. Lakin 2021-ci ildə 300 nüsxə qeyd edilən dərs vəsaitləri nəşr edilsə də, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır. Cavabdeh2 ilə İddiaçı MMC arasında müəllif müqaviləsi olmasına və müqavilə münasibətinə əsaslanaraq on minlərlə əlavə dəsr vəsaitlərinin dərc edilməsinə baxmayaraq, Cavabdeh2 müqaviləni tək tərəfli qaydada pozmuş və "xxxx" MMC ilə eyni predmet üzrə xx.xx.2022-ci il tarixində müqavilə bağlamışdır. Belə olan halda dərc olunmuş və satışı həyata keçirilməmiş əlavə dərs vəsaitləri 157.765,06 manat maya dəyəri ilə Cavabdeh2 təklif olunmuş, lakin Cavabdeh2 həmin dərs vəsaitlərini almaqdan və maya dəyərini ödəməkdən imtina etmişdir. Halbuki həmin məhsullar cavabdeh müqaviləyə zidd addımlar atmasa və satılsa idi İddiaçı MMC həmin məhsulların satışı nəticəsində ən azı 229.177,35 manat məbləğ əldə edəcək, bunun 71.412,29 manatı isə İddiaçı MMC-nin xalis gəliri olacaqdı. Həmçinin həmin məhsulların satışı nəticəsində kitab satışı sahəsində qazandığı işgüzar nüfuzu qoruyub saxlayacaq, hətta həmin sektorda mövcud yerini daha da möhkəmləndirmiş olacaq idi. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini pozmaqla İddiaçı MMC-ni külli miqdarda maddi zərərə uğratması və yaranmış zərərin nəticələrini aradan qaldırılmaması açıq və aşkar şəkildə İddiaçı MMC-yə qarşı təqsirli hərəkətə yol verdiyinin sübutudur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Müqaviləyə zidd davranış səbəbi ilə ortaya çıxan zərərin kompensasiya olunması öhdəliyi cavabdehin, yəni Cavabdeh2 üzərinə düşür. Hazırki vəziyyətdə cavabdeh müqaviləyə zidd təqsirli hərəkətə yol verməsi və yaranmış zərər həcmini aradan qaldırmaması onu deməyə əsas verir ki, cavabdeh bu müqaviləni tamamilə formal şəkildə bağlamış və onun üçün bu müqavilə heç bir ciddiyyət daşımamışdır. Bu hal isə hüququn təməl prinsiplərinə kökündən ziddir. Əgər müqavilə formal olaraq bağlanmışdırsa və tələblərinə əməl edilməyəcəkdirsə, bu halda müqavilə bağlamağın da heç bir əhəmiyyəti yoxdur. Cavabdehin 2022-ci ildə əməkdaşlığa son qoymaq istədiyini şifahi olaraq ifadə etməsi iddiaçının 2021-ci ildə nəşr edilmiş əlavə dərs vəsaitlərinin satışına qadağa qoyulmasına əsas ola bilməz.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddi ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

4. Məhkmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəyə izahatında iddiaya etiraz etdiyini bildirərək iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

8. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf cavabdehlə aralarında “müəllif müqaviləsi” olmasını və cavabdehlə 10 ilə yaxın zaman sürən əməkdaşlıq münasibətlərinin olmasına istinad edərək, 2022-ci ilədək cavabdehin müəllifi olduğu kitabların nəşr edilməsi ilə məşğul olduqlarını və hazırda cavadehin hərəkətləri ilə 2021-ci ildə çap edilmiş kitabların satışının həyata keçirilməməsi səbəbindən ziyana düşdüklərini bildirir.

9. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçı ilə cavabdehin arasında ümumiyyətlə hər hansı bir müqavilə münasibətlərinin olmadığını, cavabdehin müəllifi olduğu kitabları tamam başqa bir şirkətin çap etdiyini, 2022-ci ilin mart ayından isə "xxxx" MMC-nin çap etdiyini, iddiaçı tərəfindən hər hansı bir pul və yaxud gəlirin ümumiyyətlə cavabdehə verilmədiyini bildiri.

10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə İddiaçı MMC ilə Cavabdeh2 arasında dərs vəsaitlərinin nəşri, istehsalı və satışı ilə bağlı müqavilə münasibətlərinin olub-olmaması araşdırılmalıdır. Bunun üçün iş materialları və tərəflərin izahatları müqayisəli şəkildə təhlil edilməlidir.

11. İlk növbədə iddiaçı tərəf cavabdehlə 2012-ci ildə yazılı müqavilə bağlandığını və 2022-ci ilədək əməkdaşlıq etdiyini bildirir.

12. Cavabdeh tərəf isə kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan çıxarışı təqdim edərək, belə bir əməkdaşlığın olmadığını və İddiaçı MMC-nin hüquqi şəxs kimi 2017-ci ildə dövlət qeydiyyatına alındığını bildirir.

13. Məhkəmə bu xüsusda qeyd edir ki, işə əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan çıxarışdan görünür ki, həqiqətən də, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu hal isə ən azından 2012-ci ildən xx.xx.2017-ci il tarixinədək iddiaçı ilə cavabdehin müqavilə münasibətlərdə olmasını istisna edir. Belə ki, mövcud olmayan hər hansı bir hüquqi şəxsin hüquq münasibətlərinə daxil olması mümkün deyildir.

14. Bundan sonra iddiaçı cavabdehlə əməkdaşlıq etdiklərini və cavabdehin müəllifi olduğu kitabların çapı və satışı ilə məşğul olduğunu, hər zaman əldə edilən gəlirin 30 faizinin Cavabdeh2 verildiyini bildirir.

15. Cavabdeh tərəf isə buna etiraz edərək, yenidən iddiaçı ilə hər hansı bir əməkdaşlıq olmadığını və iddiaçı tərəfindən cavabdehə indiyədək hər hansı bir pulun verilmədiyini bildirir.

16. Məhkəmə tərəfindən cavabdehə pulun verilməsi ilə bağlı sənədlərin verilməsi iddiaçıya təklif edilmiş, ancaq iddiaçı tərəf belə bir sənədin olmadığını bildirmişdir.

17. Bu xüsusda da, məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçı cavabdehə illər ərzində cavabdehə 30 faiz gəlirin verildiyini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

18. Qeyd edilən hal da, tərəflər arasında müqavilə münasibətlərinin olmadığına işarədir.

19. Bundan başqa iddiaçı tərəf cavabdehlə aralarında müqavilə münasibətlərinin olmasını Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minməmiş xx.xx.2022-ci il tarixli, e-2-2(119)-1673/2022 saylı qətnaməsində qeyd edilmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında vermiş olduğu izahata istinad edir.

20. Cavabdeh tərəf isə buna etiraz edərək Cavabdeh2 hüquqşünas olmadığını, 2012-ci ildə başqa bir şirkətlə müqavilə bağladığını və adlarını səhv saldığını bildirir. Həmçinin həmin müqaviləni qarşı tərəfin həmin şirkətin adını bilməməsi üçün elektron sistemə əlavə etmədiyini, Məhkəməyə isə, baxış üçün təqdim edə biləcəyini qeyd etmişdir.

21. Məhkəmə tərəfindən isə elektron sistemə əlavə edilməmiş sənədlərin sübut kimi qəbul edilə bilməzliyi vurğulanmış və qeyd edilən müqaviləyə baxış keçirilməmişdir.

22. Məhkəmə bu xüsusda qeyd edir ki, hazırkı halda, Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsində xx.xx.2022-ci il tarixində vermiş olduğu izahat birmənalı olaraq tərəflər arasında müqavilə münasibətlərin olması nəticəsinə gəlməyə kifayət deyildir. Belə ki, əgər həqiqətən də, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş olsa idi, iddiaçı bu barədə digər sübutları da, məhkəməyə təqdim etmiş olardı.

23. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

25. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

26. Ona görə də, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsində Cavabdeh2 vermiş olduğu izahata istinad etməklə tərəflər arasında müqavilə münasibətlərinin olması nəticəsinə gəlmək olmaz.

27. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasında 2021-ci ildə Cavabdeh2 müəllifi olduğu kitabları nəşr etdiyini, Cavabdeh2 "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində müqavilə bağladığını qeyd edərək, kitabların satışını həyata keçirə bilmədiyi üçün düşmüş olduğu zərəri Cavabdeh2 tələb edir.

28. Məhkəmə bu xüsusda qeyd edir ki, əgər İddiaçı MMC ilə Cavabdeh2 arasında müqavilə münasibətlərinin olması və hətta ziyana düşməsi fərz edilsə də belə, Cavabdeh2 İddiaçı MMC-nin düşmüş olduğu ziyana görə hər hansı bir məsuliyyət daşımayacaqdı.

29. Belə ki, Mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

30. Hazırda da, görünüyü kimi, iddiaçı cavabdehlə 2022-ci ilədək əməkdaşlıq etdiyini və 2021-ci ildə nəşr edilmiş kitabların satılmaması səbəbindən ziyana düşdüyünü bildirir. Həmçinin də, işdən də, görünür ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində müəlliflik haqqında müqavilə bağlamışdır.

31. Məhkəmə iclasında iddiaçıdan 2021-ci ildə çap edilmiş kitabların satışına Cavabdeh2 hər hansı bir manəe yaradıb-yaratmaması və iddiaçının iddia etdiyi zərərə düşməsi ilə bağlı Cavabdeh2 hansı hərəkəti ilə bağlı olması soruşulmuş, iddiaçı tərəf də, "xxxx" MMC-nin Sumqayıt Kommersiya Məhkəməsində iddiasının təmin olunması ilə bağlı olduğunu qeyd etmişdir.

32. Məhkəmə bu xüsusda qeyd edir ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında müqavilə münasibətləri 2022-ci ilin mart ayından yaranmışdır və qeyd edilmiş tarixdən sonra Cavabdeh2 müəllifi olduğu kitabların nəşrini həyata keçirmişdir. Həmin yəni, xx.xx.2022-ci il tarixinədək nəşr edilmiş kitabların satışının qadağan edilməsi ilə bağlı halın özü də, anlaşılabilən deyildir.

33. İndiki halda, əgər həqiqətən də, İddiaçı MMC tərəfindən Cavabdeh2 müəllifi olduğu kitabların nəşr edilmiş olması fərz edilsə idi, hazırda İddiaçı MMC-nin düşmüş olduğu zərərlə Cavabdeh2 hər hansı bir hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmayacaqdı. Belə ki, iddiaçı tərəf Cavabdeh2 hansı hərəkəti və ya hərkətsizliyi nəticəsində İddiaçı MMC-nin zərərə düşdüyünü əsaslandıra bilməmişdir.

34. Bundan başqa, məhkəmə iddianın cavabdehin müqaviləyə zidd davranışları səbəbilə İddiaçı MMC-nin formalaşmış işgüzar nüfuzuna dəymiş zərərə görə 10.000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından işgüzar nüfuza dəymiş ziyanın nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

35. Yekun olaraq, məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar