Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4307/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İB-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindənİddiaçı İB-nin Salyan RQİİ-nin “Rəncbər” qaz paylayıcı stansiyasına hesablanmış 2809,59 manat borcun **********5 abonent hesabından silinməsi və 48,10 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 Təchizatı və Satış idarəsi ilə Salyan RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X5 Təchizatı və Satış idarəsi Salyan RQİİ-nin Hacıqabul rayonu üzrə xidmət sahəsinin “Rəncbər” Qaz paylayıcı stansiyasını elektrik enerjisi ilə təmin etməyi, Salyan RQİİ-si isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Salyan RQİİ tərəfindən istifadə olunmuş elektrik enerjisinin dəyəri təqdim olunmuş hesab-faktura əsasında ödənilir. X5 Təchizatı və Satış idarəsinin X2 Salyan RQİİ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda Salyan RQİİ-nin Hacıqabul rayonu üzrə xidmət sahəsinin “Rəncbər” Qaz paylayıcı stansiyasında elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə 2809,59 manat borcu olması qeyd olunmuşdur. “Rəncbər” Qaz paylayıcı stansiyası SOCAR-ın Qaz İxrac İdarəsinin tərkibində olmuşdur. SOCAR-ın “Əsas vəsaitlərin balansdan-balansa verilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********40020020A00123 nömrəli sərəncamı ilə SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan və siyahısı sərəncama əlavə edilmiş əsas vəsaitlər əvəzsiz olaraq İddiaçı balansına verilmiş, Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli əmri ilə Salyan RQİİ-nin xidməti ərazilərini təbii qazla təchiz edən qaz paylayıcı stansiyalar, o cümlədən “Rəncbər” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verilmişdir. “Rəncbər” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verildikdən sonra 2023-cü ilin yanvar ayında "xxxx" ASC-nin X4 arasında, xx.xx.2024-cü il tarixdə X5 Təchizatı və Satış idarəsi ilə Salyan RQİİ arasında “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektri enerjisinin alqısatqısının birtipli müqavilə”si bağlanmış, İddiaçı İB-nin Salyan RQİİ tərəfindən müqavilə şərtlərinə əməl olunaraq istifadə olunmuş elektrik enerjisinin dəyəri tam ödənilmişdir. Cavabdeh tərəfindən Salyan RQİİ-ilə elektrik enerjisi təchizatı ilə bağlı müqavilələr bağlanarkən “Rəncbər” qaz paylayıcı stansiyasında elektrik enerjisindən istifadəyə görə borcun olması ilə bağlı heç bir məlumat, xəbərdarlıq, bildiriş təqdim edilməmişdir. 2809,59 manat borcun yaranma səbəbləri barədə İddiaçı İB-də heç bir məlumat yoxdur. Qeyd olunan 2809,59 manat borc təmamilə əsassızdır. Belə ki, qeyd edildiyi kimi “Rəncbər” Qaz paylayıcı stansiyası SOCAR-ın Qaz İxrac İdarəsinin tərkibində olmuş, xx.xx.2022-ci il tarixdə Salyan RQİİ-nin balansına verilmişdir. “Rəncbər” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verildikdən sonra xx.xx.2023- cü il tarixdə cavabdehlə elektrik enerjisi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanan zaman elektrik enerjisindən istifadəyə görə borcun olması ilə bağlı Salyan RQİİ-nə heç bir məlumat təqdim edilməmişdir. Yalnız cavabdeh xx.xx.2024-cü il tarixdə 0181 saylı xəbərdarlıq məktubu verərək 2809,59 manat borc olmasını bildirmiş və borc ödənilmədiyi təqdirdə xx.xx.2024-cü il tarixdə elektrik enerjisinin verlişinin dayandırılacağını bildirmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, qeyd edilən borc təşkilatdan təşkilata keçid dövrü yaranan borcdur, "xxxx" ASC-nin fəaliyyətindən əvvəl yaranan borcdur, amma hazırda saldoda da sərfiyyat borcu kimi görünür. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı İB-nə məxsus abunə haqqında məlumat cədvəlinə əsasən 2770,84 manat elektrik enejisindən istifadəyə görə borcu olması qeyd olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 0181 saylı xəbərdarlıq məktubuna əsasən 2809,59 manat enerji səfiyyatı borcunun xx.xx.2024-cü il tarixinə kimi ödənilməsi tələb olunmuşdur.
8. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
9. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
10. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçının təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şifahi olaraq bildirilsə də ki, silinməsi tələb olunan borc sərfiyyatla bağlı yazılmış məbləğdir, lakin həmin borcun dəqiq olaraq hansı dövrü əhatə etməsini, həmin dövrdə hesablanmış borcun ödənilməsinə dair hesab-fakturaların iddiaçıya göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.
11. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:
14. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
15. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.
16. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
17. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
18. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh qurum yaranmış borc məbləğini hansı illəri əhatə etməsinə və buna dair hesab-fakturaları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Lakin, iddiaçı iddia ərizəsində 2809,59 manatın silinməsi tələb etsə də, cavabdehin şifahi izahatından və abonent haqqında məlumatdan görünür ki, mövcüd olan borc cəmi 2770,84 manat təşkil edir. Ona görə iddia qismən, 2770,84 manat hissəsində təmin edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 48,10 manat dövlət rüsumu ödənilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisinə uyğun olaraq) 48 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçınə hesablanmış 2770,84 manat borc məbləği silinsin və dövlət rüsumunun əvəzi olaraq 48 manat "xxxx" ASC-dən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova