Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4317/2022 01.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndələri X2 və X3, Cavabdeh və nümayəndəsi, Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat həcmində avans qaydasında ödənilmiş məbləğ, 404,25 manat məbləğində faiz borcu, 115,5 manat həcmində cərimənin, 261,16 manat həcmində 8-22 noyabr 2021-ci il tarixli (həmin tarixin məzənnəsinə uyğun olaraq) aviabiletlərin qiyməti və həmin müddət ərzində 6120 manat həcmində otel və digər məsrəflər, 121,20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10522,11 manat həcmində məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, aramızda bağlanan 27 avqust 2021-ci il tarixli, TM 21/08 saylı xidmət müqaviləsi və onun ayrılmaz tərkib hissəsi sayılan əlavə 1-də razılaşdığımız qaydada, icraçı Cavabdeh tərəfindən bizə “Web-saytın qurulması” xidməti göstərilməli, qarşılığında isə tərəfimizdən 7000 manat dəyərində xidmət haqqı ödənilməlidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, xidmət təhvil-Təslim Aktı əsasında təhvil alınır. Müqavilənin 1 saylı əlavəsinə əsasən xidmət haqqının 50 % hissəsi avans olaraq, digər 50 % hissəsi isə təhvil-təslim aktı və elektron qaiməyə əsasən icraçının təqdim etdiyi hesab faktura əsasında ödənilməlidir. xx.xx.2021-ci il tarixdə müqavilə üzrə öhdəliyimizi yerinə yetirərək xidmət haqqının 50% hissəsini təşkil edən 3500 manat qismini avans olaraq cavabdehin bank hesabına köçürdük. Razılaşma tarixindən 11 aya yaxın müddət ötməsinə baxmayaraq hələ də cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı xidməti müqavilə və 1 saylı əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə qüsursuz şəkildə həyata keçirir və razılaşdırılmış müddət (45 gün, Əlavə 1-də) ərizədə təhvil verir. Həmin müqavilənin 2.2ci bəndinə əsasən, xidmətdə qüsur, nöqsan, və ya çatışmazlıqlar aşkar olunarsa, icraçı sifarişçidən icra üçün əlavə müddət tələb edə bilər. Əgər öhdəliyin icrası üçün müəyyənləşdirilmiş əlavə müddətin tamamında xidmət təhvil verilməzsə, sifarişçi müqavilədən imtina edə bilər. Xidmətin göstərilməsi üçün əlavə icra müddəti müəyyən olunsa da, öhdəlik yerinə yetirilməmiş olaraq qalır. İcraçının xidməti bizə təhvil verdiyinə dair heç bir əsaslı sübutu mövcud deyil. Nə əlavə 1-də qeyd olunan, nə də icra üçün müəyyənləşdirilmiş əlavə müddət ərzində icraçı tərəfindən bizə heç bir xidmət tamamlanıb təhvil verilməmişdir. Dəfələrlə xidməti təhvil verməsini tələb etməyimizə baxmayaraq, icraçı xidmətin icrasını yubatmış, dəfələrlə vədlər vermiş və əməl etməmiş, bizim planlaşdırılmış iş proqramımızı ləngidərək işin gedişatına maneə törətmişdir. Hətta sifarişçi şirkətin rəhbəri X1, xidmətin hazır olduğuna inandıraraq, xidmətin biznesdə tətbiq olunması üçün Moskva şəhərinə getməsində bir əngəl olmadığını demiş və X4 yalnız qonşu ölkənin paytaxt şəhərində olduqda xidmətin hazır olmadığını öyrənmişdir. Yenidən əlavə vaxt razılaşdırıb işin bitməsini ümid etsə də, vaxt bitdikdən sonra iş yekunlaşmamış və heç bir dəyişiklik olmamışdır. Bu səbəbdən də whatsapp yazışmaları üzərindən müqavilədən imtina etdiyini bildirmək məcburiyyətində qalmışdır. Məsələnin şifahi qaydada həllinin mümkünsüzlüyünə əmin olduqda icraçının ünvanına pretenziya məktubu göndərərək aramızdakı problemin həllinə cəhd etsək də nəticə dəyişməz olaraq qalmışdır. Beləliklə, öhdəliyin icrasından yayınan və zərər vuran icraçı xidməti təhvil verməmiş və tərəfimizdən ödənilən avans məbləğini tələb etməyimizə baxmayaraq qaytarmamışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icraatda olan e-2-2(113)-4317/2022 saylı iş üzrə İddiaçı MMC-nin tələbinin rədd edilməsini, tərəflər arasında imzalanmış TM21/08 saylı xx.xx.2021-ci il tarixli xidmət Müqaviləsi üzrə müqavilənin ayrılmaz tərkib hissələri olan 01 saylı əlavə üzrə qalıq 3500 manat və 02 saylı əlavə üzrə 500 manat və cəmi isə 4000 manat məbləğində borcun İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə tutulmasını, əldən çıxmış fayda kimi 1000 manat məbləğin İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə tutulmasını, vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğin İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə tutulmasını, mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğin İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə tutulmasını, 80 manat qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumun və 60 manat məbləğində mediasiya xərcinin cəmi isə 140 manat məbləğin İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə tutulmasını, ümumilikdə 6445,40 manat məbləğində borcun cavabdeh İddiaçı MMC-dən alınaraq xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, AR MPM-nin 155 və 156-cı maddələrinə əsasən e-2-2(113)- 4317/2022 saylı iş üzrə cavabdeh tərəfindən iddia tələbinə dair etiraz olaraq qarşılıqlı iddia ərizəsi verilir. Bundan öncədə Bakı Kommersiya Məhkəməsinin icraatında bu tərəflər arasında müvafiq mübahisəyə dair işlər icraatda olmuşdur. Nəzərinizə çatdırılır ki, iddiaçı və cavabdeh X5 şəxsində İddiaçı MMC-nin direktoru TM21/08 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müvafiq müqavilənin predmeti kimi icraçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (bundan sonra 1 saylı əlavə) göstərilən xidməti (web-saytın qurulması) göstərir və sifarişçidə bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədə nəzərdə tutulduğu kimi 45 gün ərzində xidmət olaraq web-saytın qurulması və razılaşdırılmış ümumi 7000 manat məbləğin 3500 manat hissəsini sifarişçi icraçıya ödəməsini üzərinə götürür. Bundan sonra tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2021-ci il tarilxi 02 saylı əlavə (bundan sonra 02 saylı əlavə) imzalanır (67 gün sonra) müvafiq 02 saylı əlavənin mahiyyəti yeni modulların əlavə edilməsini və müvafiq əlavə xidmətə görə 500 manat xidmət haqqının ödənilməsini müyyən edir. Lakin baxmayaraq ki, icraçı müqavilə şərtlərinə görə xidməti (web-saytın qurulması) qüsursuz və vaxtında yerinə yetirmişdir (müqavilənin 2.1-ci bəndi) sifarişçi hər dəfəsində artıq qurulmuş və hazır olan sayta əlavə və müxtəlif dəyişikliklərin edilməsini tələb edirdi və bir çox belə halların olmasına görə icraçı da öz növbəsində 02 saylı əlavə ilə bu əlavə və müxtəlif dəyişikliklər kimi sifarişlərin bir hissəsinin rəsmiləşdirilməsinə nail olmuşdur. Bunlara baxmayaraq sifarişçi (cavabdeh) vaxtında icra edilmiş xidmətə görə ödənişin edilməsinə dair icraçının (iddiaçı) tələblərindən yayınaraq hər dəfəsində hansısa üçüncü tərəfin ödəniş etməməsini bəhanə etmişdir (buna dair tərəflər arasında olmuş müvafiq yazışmaları əks etdirən sübütlarda əlavə edilir iş materiallarına). Halbuki müqavilə imzalanarkən hər hansı üçüncü tərəfin mövcudluğu və ya xidmətə görə ödənişin icrası hər hansı digər üçüncü tərəfin öhdəliyi kimi nəzərdə tutulmamışdır. Bütün bunlardan sonra cavabdeh tərəfin xidmət haqqının ödənilməsindən yayınması kimi növbəti bəhanələri ondan ibarət olmuşdur ki, iddiaçı sifarişi razılaşdırılmış vaxtda hazır etməmiş və buna görədə cavabdeh xidmət haqqı ödəməmişdir. Lakin işin faktiki halları bu istinadı tam təkzib edir. Beləki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixində bağlanıb və 67 gün sonra sifarişçi əlavə xidmətlərin göstərilməsi kimi yeni modulların əlavə edilməsinə görə xidmət haqqından başqa da, 500 manat məbləğin icraçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinində icraçı iş materiallarına işin vaxtında görülməsini və müvafiq web-saytın sifarişçinin istifadəsinə test variantının verilməsini (həmin sayt üzərindən müvafiq pul köçürmələrinin həyata keçirilməsini təsdiq edən sübutlar) əks etdirən dəlillərini əlavə edir. Beləki, işin faktiki hallarında biridə odur ki, icraçı tərəfindən hazır edilmiş web-sayt üzərindən sifarişçinin mənafeyi və maraqları naminə göstərdiyi xidmətlərə görə bank ödənişləri həyata keçirilib və bu da onu sübut edir ki, xidmətin icraçı tərəfindən qüsursuz yerinə yetirilməsindən sifarişçi bəhrələnmişdir. Lakin buna da baxmayaraq sifarişçinin qalıq borcların ödənilməsindən yayınması, icraçını müvafiq saytdan istifadəsini məhdudlaşdırmağı məcbur edib. Bundan da başqa əlavə xidmət üçün 02 saylı əlavə üzrə 500 manat məbləğin ödənilməsinə dair öhdəlikdə götürülmüşdür və əgər sifarişçi görülən işlərin nəticəsindən narazı olduğu təqdirdə nəyə görə əlavə xidmət üçün ayrıca 500 manat məbləğin ödənilməsinə dair öhdəliyi qəbul edirdi? Bundan da başqa AR MM-nin 1132-ci maddəsinə görə malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Yanı ki, maddi hüquq normasının tələbinə görə əgər cavabdeh tərəf iddia edirsə ki, iddiaçı (icraçı) işi qüsurlu görmüşdür və bunun da nəticəsində o zərər çəkmişdir, demək belə olan halda bu fakt üzrə (xidmətin qüsurlu görülməsi və zərərin çəkilməsi) sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin buna dair cavabdeh tərəfindən heç bir mötəbər sübut və dəlil təqdim edilməyib. Həmçinin də bütün bunlardan başqa iddiaçının xidməti vaxtında və qüsursuz yerinə yetirdiyini təsdiq edən cavabdehin işçisi olmuş və məhz bu işin icrası vaxtı bütün proseslərdə şəxsən yaxından iştirak etmiş şahid qismində dindirilə bilən şəxsdə hər şeyi olduğu kimi təsdiq etməsi üçün məhkəməyə dəvət edilə bilər. İddiaçının iddia tələbinin əsaslı və qanuni olmasını nəzərə alaraq iddia ərizəsinə həmçinin də cavabdehin bank hesabında iddia tələbi həcminə uyğun 6 440 manat məbləğində vəsaitin üzərinə həbs qoyulması (donrurulması) barədə vəsatəti əlavə edir. Müqavilənin 6.4, 6.5, 8.1 və 8.2-ci bəndinə uyğun olaraq 500 manat əlavə xidmətə görə (02 saylı əlavə) xidmət haqqının ümumilikdə isə 4000 manat məbləğində borcun ödənilməsinə dair dəfələrlə edilmiş tələbə baxmayaraq Müqavilənin 1.1-ci bəndi üzrə yaranmış öhdəliyi cavabdeh (Sifarişçi) bu günə kimi də icra etmir. Pretenziya tələbinə müqavilənin 2.3, 3.1.2, 3.2.1 və 3.2.3-cü bəndinə müvafiq olaraq “İcraçı” tərəfindən qüsursuz yerinə yetirilmiş xidmətə dair Təhvil-Təslim aktıda əlavə edilmişdir. Beləki, cavabdeh tərəfindən müvafiq Aktın imzalanıb, möhürlənməklə rəsmi qaydada icraçıya təqdim edilməsi təmin edilməliydi. Məlum olduğu kimi “İcraçı” tərəfindən Əlavə № 1 şərtləri üzrə ödəniş qaydasma uyğun olaraq elektron qaimə fakturasımn təqdim edilməsi artıq çoxdan təmin edilmişdir və cavabdeh tərəfdə bu elektron qaiməni sistem üzərindən təsdiq edib. Bundanda başqa müqavilənin 2.2, 3.1.3 və 3.2.2-ci bəndi ilə müəyyən edilmiş halın baş vermədiyini nəzərə alaraq (hər hansı fakt üzrə tərəflər arasında buna dair vaxt təyin edilməyib və bu barədə heçbir müraciət belə edilməyibdə) və əksinə xidmətin “İcraçı” tərəfindən tam yerinə yetirilməsini təsdiq edən kifayət qədər sübutun mövcud olması (Xidmətin icra edilməsi tamamlanıb) cavabdeh tərəfindən öz öhdəliyinin yerinə yetirilməsini vacib edir. Məhkəmə iclasında iştirak İddiaçı MMC-nin nümayəndələri X3 və X2 ilkin iddianı müdafiə edərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq İddiaçı MMC tərəfindən “Flowerplace.ru” adlı domenin əldə edildiyini, lakin onu işlək vəziyyətə gətirmək üçün, yəni həmin adın altında veb saytın qurulması (proqramın yazılması) məqsədi ilə Cavabdeh müraciət edildiyini və “Flowerplace.ru” domenenə rahat daxil olub proqramı yerləşdirmək məqsədi ilə sözügedən domeninin açarlarının (kodlar və sair) icraçıya təqdim edilməsinə baxmayaraq “Flowerplace.ru” domeninin üzərində sayt qurulmamış və nəticədə müqavilə icra edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh və nümayəndəsi, Vəkil ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etmişlər, əlavə olaraq Cavabdeh izahatında “Flowerplace.ru” domeninə rahat daxil olub proqramı yerləşdirmək məqsədi ilə sözügedən domeninin açarları (kodlar və sair) İddiaçı MMC tərəfindən ona təhvil verildiyindən və hazır məhsulun domendə yerləşdirmək imkanının olmasına baxmayaraq, İddiaçı MMC tərəfindən görülən işlərə görə pulu ödəmədiyinə görə o, sifariş edilən proqramı Flowerplace.ru” domeninə yerləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 avqust 2021-ci il tarixli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TM 21/08 nömrəli xidmət müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən xidmətləri göstərməyi, İddiaçı MMC isə bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.3-cü maddəsinə əsasən Cavabdeh bu müqavilənin şərtləri daxilində müəyyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə müəyyən olunmuş ümumi dəyərin 0,01 faizi məbləğində İddiaçı MMC-yə cərimə ödəyir. Müqavilənin 2.3-cü maddəsinə əsasən Cavabdeh yerinə yetirdiyi xidmət təhvil-təslim aktı imzalanmaqla İddiaçı MMC tərəfindən təhvil alınır. 27 avqust 2021-ci il tarixli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TM 21/08 nömrəli xidmət müqaviləsinə 01 saylı əlavədən görünür ki, web-saytın qurulması üçün xidmət haqqı 7000 manat təşkil edir və ödəniş xidmətin dəyərinin 50%-i öncədən qalıq 50%-i isə təhvil-təslim aktı və elektron qaimə fakturaya əsasən Cavabdeh təqdim etdiyi hesab fakturaya əsasən 20 iş günü ərzində həyata keçiriləcək. 27 avqust 2021-ci il tarixli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TM 21/08 nömrəli xidmət müqaviləsinə 02 saylı əlavədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında web-sayta yeni modulların əlavə edilməsi ilə bağlı qiymətlərin razılaşma protokolu bağlanmış və həmin xidmətin qarşılığında Cavabdeh 500 manat ödənilməsi razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli AZ0010006 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC işlərin görülməsi üçün Cavabdeh 3500 manat məbləğində avans ödənişi etmişdir. 02 iyul 2022-ci il tarixli MŞB/6-3624 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 65 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən internet məkanında istifadə edilməsi üçün “Flowerplace.ru” adlı domen əldə edilmiş, lakin onu işlək vəziyyətə gətirmək üçün, yəni həmin adın altında veb saytın qurulması (proqramın yazılması) məqsədi ilə icraçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmış və bununla bağlı İddiaçı MMC tərəfindən icraçıya 3500 manat məbləğində avans ödənişi edilmişdir. Bununla yanaşı “Flowerplace.ru” domenenə rahat daxil olub proqramı yerləşdirmək məqsədi ilə İddiaçı MMC tərəfindən sözügedən domeninin açarları (kodlar və sair) icraçıya təqdim edilmişdir. Lakin Cavabdeh istinad etdiyi kimi sifarişə uyğun məhsulun (proqram təminatı) hazır olmasına və icraçının “Flowerplace.ru” domenenə rahat daxil olub proqramı yerləşdirmək imkanının olmasına baxmayaraq, Cavabdeh tərəfindən “Flowerplace.ru” domeninin üzərində sayt qurulmamış və nəticədə tərəflər arasında bağlanılan müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulan sifarişin yerinə yetirildiyini əks etdirən təhvil-təslim aktı imzalanmışdır. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsinə əsasən icraçının öhdəliyinin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktı təqdim edilməmiş, Cavabdeh isə “Flowerplace.ru” domenenə rahat daxil olub proqramı yerləşdirmək imkanının olmasına baxmayaraq, bunu etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia ərizəsi üzrə avans ödənişi 3500 manat tələbi hissəsində tam, cərimə, dövlət rüsumu və faiz tələbi hissəsində qismən təmin edilməli, aviabiletlərin qiyməti kimi 261,16 manat, otel və digər məsrəflər kimi 6120 manat tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə 404,25 manat tələbi ilə bağlı bağlı qeyd edir ki, 3500 manat məbləğində avans ödənişi xx.xx.2021-ci il tarixdə edildiyindən İddiaçı MMC isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən həmin tələb 156,04 manat (3500x5%360x321(gecikdirilən günlər)) hissədə təmin edilməlidir. Məhkəmə İddiaçı MMC-nin 121,2 manat dövlət rüsumu tələbi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün tərəf 65 manat məbləğində mediasiya xərci ödədinildiyini, ilkin iddia tələbinin 34,78%-nin təmin olunduğunu, mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 56,20 manatın (121,2-65=56,20) 34,78%-i, yəni 19,54 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 65 manat məbləğində vəsait mediasiya xərci kimi tələb edilmədiyindən rədd edilməlidir. Məhkəmə həmçinin cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, hesab edir ki, cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İcraçı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilənin 2.3-cü bəndinə əsasən icranı təsdiq edən xidmət təhviltəslim aktı məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia tam həcmdə rədd edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh avans kimi ödənilmiş 3500 manat, 156,04 manat faiz, 19,54 manat dövlət rüsumu və 3,42 manat cərimə, cəmi 3679 manat məbləğində vəsait tutularaq ilkin iddia üzrə İddiaçı MMCyə ödənilməlidir. İlkin iddia üzrə digər tələblər rədd edilməlidir. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilənin ayrılmaz tərkib hissələri olan 01 saylı əlavə üzrə qalıq 3500 manat və 02 saylı əlavə üzrə 500 manat və cəmi isə 4000 manatın, əldən çıxmış fayda kimi 1000 manatın, vəkil xidməti üçün ödənilmiş 300 manatın, mənəvi zərərin əvəzi kimi 1000 manatın, qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu kimi 80 manat və mediasiya xərci kmi 60 manatın cəmi 6445,40 manat məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutulması barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh avans kimi ödənilmiş 3500 manat, 156,04 manat faiz, 19,54 manat dövlət rüsumu və 3,42 manat cərimə, cəmi 3679 manat məbləğində vəsait tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilsin. İlkin iddia üzrə digər tələblər rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilənin ayrılmaz tərkib hissələri olan 01 saylı əlavə üzrə qalıq 3500 manat və 02 saylı əlavə üzrə 500 manat və cəmi isə 4000 manatın, əldən çıxmış fayda kimi 1000 manatın, vəkil xidməti üçün ödənilmiş 300 manatın, mənəvi zərərin əvəzi kimi 1000 manatın, qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu kimi 80 manat və mediasiya xərci kmi 60 manatın cəmi 6445,40 manat məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutulması barədə qarşılıqlı iddiası rədd rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4317/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4317/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver