Məhkəmə qərarları › İş №e-2-2(113)-4328/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4328/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4328/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə”, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: podrat müqaviləsi üzrə haqqın ödənilməsi, maddi zərər Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin (bundan sonra iddiaçı) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı “pul tələbi” barədə, cavabdehin iddiaçıya qarşı “dəymiş maddi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı, cavabdeh və "xxxx" MMC arasında xx.xx.2024-cü tarixli, TXM-04-24/04 saylı “Texnika ilə xidmət müqaviləsi” (bundan sonra – Müqavilə ) bağlanmışdır. Müqaviləyə görə İcraçı (iddiaçı) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə müəyyən edilən şərtlər əsasında özünə, yəni İcraçıya məxsus xüsusi texnikanın “Vasitəçi”nin ("xxxx" MMC) müaricəti əsasında Sifarişçiyə (cavabdeh) xidmətə verir, Sifarişçi isə göstərilən xidmətin dəyərini müqaviləyə və sözügedən əlavəyə uyğun olaraq İcraçıya ödəyir.

2. Tərflər arasında bağlanmış həmin müqavilənin: 2.1. 2.2-ci bəndinə görə İcraçının balansında olan texnika və nəqliyyat vasitələrini saz və işlək vəziyyətdə təmin etmək İcraçının vəzifəsidir; 2.2. 3.2-ci bəndinə görə Sifarişçiyə verilmiş texnika və nəqliyyat vasitələrinin işlək vəziyyətdə olmasına, saz vəziyyətdə saxlanılmasına və onların təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, bununla bağlı müvafiq tapşırıqlar vermək Vasitəçinin vəzifəsidir; 2.3. 4.2.2-ci bəndinə görə bu müqavilənin qüvvəyə mindiyi tarixdən və müqavilə üzrə təhvil-təslim edildikdən sonra texnikanın mobilizasiya/demobilizasiyasnı təmin etmək və xidmət müddəti ərzində texnikaya aid hər hansı bir zərər, texniki xəsarət, ziyan və s. kimi baş verəcək hadisələrin bütün öhdəlikləri bir başa Sifarişçiyə aiddir; 2.4. 4.2.8-ci bəndinə görə Müqavilə hər hansı əsasla ləğv edildikdə, ləğv edilmə anınadək göstərilmiş xidmətin toplam dəyərini müqavilənin ləğv edildiyi tarixdən 3 (üç) bank günü ərzində İcraçıya tam həcmdə ödəmək Sifarişçinin öhdəliyidir; 2.5. 5.2 və 5.3-cü bəndlərinə görə göstərilmiş xidmət və ya onun mərhələsi İcraçı tərəfindən Sifarişçiyə təqdim olunmuş müvafiq akt əsasında təhvil verilir. Sifarişçi əsaslandırılmış səbəb göstərmədən İcraçı tərəfindən imzalanmış aktı onun təqdim edildiyi tarixdən 3 (üç) iş günü ərzində imzalamadığı halda, sözügedən akt avtomatik olaraq qarşılıqlı imzalanmış hesab edilir və Sifarişçi tərəfindən sonradan edilən etirazlar qəbul edilmir. İcra aktı qarşılıqlı imzalandığı tarixdən 3 iş günü ərzində aktda göstərilmiş məbləğ Sifarişçi tərəfindən İcraçının hesab fakturasına qarşı bank köçürülməsi yolu ilə ödənilir; 2.6. 6.4-cü bəndinə görə hazırkı müqavilə üzrə xidmət göstərildiyi müddət ərzində texnikanın iştirakı ilə baş verən istənilən hadisə nəticəsində dəymiş ziyana, eləcə də bədən xəsarəti və ya insan ölümü ilə nəticələnən istənilən qəzaya görə təqsirli tərəf Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3. Müqaviləyə Əlavə 1 formasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli X2 görünür ki, 1 ədəd “Liebherr HS-885 (120 t)” markalı, 10 J 548 dövlət qeydiyyat nişanlı tırtıllı kranın 1 aylıq xidmət haqqı, ƏDV daxil 22420 manat müəyyən edilmiş, X3 hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. X4 5-ci bəndinə əsasən bu Əlavə üzrə texnika üçün İcraçı tətəfindən 1 nəfər operator təmin edilir.

4. İş materialarına əlavə olunmuş və tərəflər arasında imzalanmaqla, hüquqi şəxslər tərəfindən təsdiq edilmiş Təhvil-təslim aktlarında – iyun ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında ƏDV daxil 7868,56 manat; iyul ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında ƏDV daxil 26030,91 manat, sentyabr ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında ƏDV daxil 27270,48 manat, oktyabr ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında ƏDV daxil 11964,52 manat, noyabr ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında ƏDV daxil 27917,21 manat və dekabr ayı üzrə yerinə yetirilmiş xidmətə dair xx.xx.2025-ci il tarixli təhvil-təslim aktında ƏDV daxil 17946,78 manat olmaqla, cəmi 118.998,46 manat dəyərində xidmətin göstərilməsi əks olunmuşdur.

5. Həmçinin, iddiaçı tərəfindən, cəmi 150.526,58 manat dəyərində xidmətin göstərilməsinə dair 7 ədəd elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-fakturalar cavabdeh tərəfindən qəbul edilmişdir.

6. Bundan başqa, işə əlavə edilmiş iddiaçının işçisi (kran operatoru) Məhəmməd Babayev və cavabdehin 5 nəfər işçisinin verdikləri izahatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə Məhəmməd Babayev tərəfindən kranla qaldırılan zamanı yükün yerə düşməsi baş vermişdir. Məhəmməd Babayev kranın yerinin əyri olduğuna görə, cavabdehin əməkdaşlarının bəziləri isə (Xəyal Quliyev, Şakir Hüseynov, Ramin Şamilov və Əlisafa Xalıqov) yük ağır olduğundan düzgün manevr edilməməmə səbəbindən yükün yerə düşdüyünü bildirmişlər. İddiaçının işçisi tərəfindən xx.xx.2024-cü il tarixdə yükün qaldırılması zamanı onun yerə çırpılması nəticəsində 10500 dollar məbləğində dəymiş ziyanın ödənilməsi barədə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə məktub da göndərilmişdir.

7. Bundan əlavə, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş onunla "xxxx" MMC arasında bağlanmış ADO/SARD/23062024 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə Əlavə №1 formasında imzalanmaış xx.xx.2024-cü il tarixli X5 görünür ki, satıcı qismində cavabdeh bir tonunun qiyməti 4000 ABŞ dolları olmaqla, 60 ton polad bünövrənin (panton) (ƏDV daxil cəmi qiyməti 283200 ABŞ dolları) 30 gün müddətində "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsin 1 nömrəli Əlavəsində qeyd olunan malların vaxtında təhvil verilməməsinə görə ƏDV daxil 28320 manat cərimənin tətbiq edilməsi barədə "xxxx" MMC tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, 03 nömrəli Hesab-faktura göndərilmişdir.

İlkin və qarşiliqli iddia ərizələrinin və onlara ediulən etirazların dəlilləri:

a) İlkin iddia tələbi və onun dəlilləri.

8. İddiaçı icarə müqaviləsinə əsasən 118 998,46 manat əsas borc, 11 899,84 manat dəbbə pulu və 432 manat dövlət rüsumu olmaqla, ümumilikdə 131 330,45 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən iddiaçı və cavabdeh qanuni əsaslarla ona məxsus olan texnika ilə xidmət göstərməyə icarəyə verməyə, sonuncu isə bunun müqabilində xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrdə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və müqaviləl üzrə 118 998,46 manat pul borcludur. Dəfələrlə cavabdehlə razılığa gəlmək istəsələr də hər dəfə müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar.

b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:

10. Cavabdeh ilkin iddiaya yazılı etirazında qeyd etmişdir ki, ilkin iddia tələbi qismən əsassızdır. İddia tələbində əsas borc 10.000 manat məbləği qədər şişirdilmişdir. Adı geden müqavilə ilə iddiaçı tərəfindən cavabdehə 150.526,58 manat məbləğində 7 ədəd elektron qaimə-faktura təqdim edilmiş, cavabdeh tərəfindən həmin qaimələr üzrə iddiaçıya 41.528.13 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Elektron qaimə-fakturaiarın ödənişlərinin cəmi fərqi isə 108.998,45 manat təşkil edir (150 526.58 manat - 41 528,13 manat = 108.998,45 manat). Bu isə iddia ərizəsində göstərilmiş 118.998,46 manat məbləğlndə əsas borcla faktiki borcun fərqinin 10 000 manat olmasını təsdiq edir (118 998,46 mana - 108 998.45 manat = 10 000 manat). Bu hal iş materiallarmda olan elekiron qaimə-fakturalar və ödəniş tapşırıqları ilə təsdiqini tapır. Belə ki MT2409 seriyalı 10542738 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməfaktııraya əsasən qismən ödənilmiş 10 000 manat məbləği iddiaçı tərəfindən nəzərə alınmamışdır. Halbuki, adı gedən qaiməyə əsasən 7433 saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə 8 474,58 manat və 7433 saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə 1 525,4 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Digər tərəfdən tərəflər arasında bağlanılmış müqavilədə cərimənin (dəbbə pulunun) ödəbilməsi nəzərdə tutulsa da, əvvəla iddiaçının tələb etdiyi 11 899,84 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və qanunvericiliyə əsasən işin hallarını, cavabdehin mənafelərini nəzərə alaraq məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq tququ vardır. İddia tələbində əsas məbləğ 10 000 manat qədər artıq göstərildiyindən müvafiq olaraq dəbbə pulu artıq hesablandığından və ümumiyyətlə dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan iddiaçı tərəfindən həmin məbləğə uyğun hesablanmış və məhkəməyə ödənilmiş dövlət rüsumu da əsassız olaraq çox göstərilmişdir. İddiaçı tərəfindən şişirdilmiş iddia tələbi məbləğinə hesablanmış və ödənilmiş dövlət rüsumunun əsassız hissəsinin əvəzi cavabdehdən tutula bilməz.

c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddianın dəlilləri.

11. Cavabdeh arasında bağlanılmış №TXM 04-24/04 saylı, 03 iyun 2024-cü il tarixli “Texnika ilə xidmət” müqaviləsi üzrə xidmətlərin yerinə yetirilməsi zamanı kranla yükqaldırma işləri aparılarkən yükün yerə çırpılması nəticəsində cavabdehə dəymiş 3 ton metalın dəyəri, yəni 10500 dollar məbləğində zərərin, Mərkəzi Bankın 2024 və 2025-ci illərə uyğun təsdiq olunmuş uçot dərəcəsi (1500 dollar) və cavabdehin üçüncü şəxslər qarşısında öhdəliklərini vaxtında icra edə bilmədiyi üçün 28000 dollar məbləğində zərər olmaqla, 40000 dollar pulun və ödənilmiş 300 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə sobradan dəqiqləşdirməklə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Sonradan dəqiqləşdirilmiş qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən iddiaçı cavabdehə qanuni əsaslarla iddiaçıya məxsus texnika ilə xidmət göstərməyi, cavabdeh isə bunun müqabilində xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan 118 998,46 manat əsas borc, 11 899,84 manat dəbbə pulu və 432 manat dövlət rüsumu olmaqla, ümumilikdə 131 330,45 pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müqaviləyə əsasən iddiaçı “Liebherr HR-885” markalı tırtıllı kranla xidmətlər göstərməli idi. Həmin kranla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X8 ərazisində xidmətlərin göstərilməsi zamanı kranın operatoru X6 tərəfindən yükqaldırma işləri aparılarkən təhlükəsizlik qaydaları kobud şəkildə pozulmuş, Məhəmməd Babayev 28 tonluq metal yükü qaldırarkən yükü düzgün qiymətləndirməmiş, yükü düzgün qaldırmamış və yük yerə çırpılmışdır. Nəticədə yerə çırpılan metal yük zədələnmiş və cavabdehə 10500 dollar məbləğində zərər dəymişdir. Hadisə ilə bağlı Məhəmməd Babayev xx.xx.2024-cü il tarixdə yazılı izahat vermiş və həmin hadisənin onun təqsirindən baş verməsi təsdiqini tapmışdır. Müqaviləyə əsasən kranın operatorunun iddiaçı tərəfindən təyin edildiyini nəzərə alaraq cavabdehə dəymiş zərərə görə məsuliyyəti iddiaçı daşıyır və həmin zərər ödənilməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt və hadisəni törədən şəxsin (Məhəmməd Babayev) və cavabdehin işçilərinin izahatları xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X8 ərazisində xidmətlərin göstərilməsi zamanı kranın operatoru tərəfindən yükqaldırma işləri aparılarkən təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və nəticədə cavabdehə 10500 dollar məbləğində zərər dəyməsini təsdiq edir. İddiaçıya ünvanlanmış 141 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixdə kranla yükqaldırma işləri aparılarkən yükün yerə çırpılması nəticəsində dəymniş 10500 dollar məbləğində zərərin 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehə vurulmuş zərərin əvəzi vaxtında ödənilmədiyinə görə, xx.xx.2024-cü il tarixdən etibarən gecikdirilmiş müddətə Mərkəzi Bankın 2024 və 2025-ci illərə uyğun təsdiq olunmuş uçot dərəcəsi 1500 dollar tətbiq edilməlidir. Bundan əlavə, kranın operatoru Məhəmməd Babayev tərəfindən yükqaldırma işləri aparılarkən yükün düzgün qaldırılmamasına görə yük yerə çırpıldığı üçün zədələnmiş və "xxxx" MMC üçüncü şəxslər qarşısında öhdəliklərini vaxtında icra edə bilmədiyi üçün "xxxx" MMC-yə 28 000 (iyirmi səkkiz min) dollar məbləğində zərər vurulmuşdur.

d) İddiaçının qarşılıqlı iddiaya qarşı etirazının dəlilləri.

13. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazında qeyd etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Artıq neçənci dəfədir ki bu cür üsullarla cavabdeh onlar tərəfindən göstərilmiş xidmətin haqqının ödənilməsini süni şəkildə azaldılmasını istəyir. Qarşılıqlı iddia ərizəsində vurulmuş zərər yalnız və yalnız cavabdeh tərəfindən geri tarixlə tərtib olunmuş sənədlərlə öz əksini tapır. Baş vermiş hadisə ilə bağlı tərəflərindən işçi qrupu yaradıldı və hadisə yerinə cavabdehin nümmayəndələri ilə birlikdə baxış keçirildi. Lakin həmin vaxt konkret olaraq ziyanın nədən ibarət olduğu onlara əyani nümayiş etdirilmədi. Bu azmış kimi, işçi qrupları arasında protokol imzalanmasnı təklif etsələr də o zaman cavabdeh bu məsələdən də boyun qaçırdı. Məhkəmə iclasinda verilən izahatlar.

14. İddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddia tələbinə uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın isə rədd edilməsini xahiş etdi.

Məhkəmə baxişinin hədləri.

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

Mülki işə tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəllə:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini, onlara əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslıdır, qarşılıqlı iddia ərizəsi isə əsassızdır.

32. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

33. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

34. xx.xx.2024-cü tarixdə bağlanmış TXM-04-24/04 saylı “Texnika ilə xidmət müqaviləsi”nin məzmunundan görünür ki, iddiaçıya məxsus “Liebherr HS-885 (120 t)” markalı, 10 J 548 dövlət qeydiyyat nişanlı tırtıllı kranın cavabdehə stifadəyə verilməsi ilə bağlı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə müəyyən edilən şərtlər əsasında (X1 5-ci bəndinə əsasən 1 nəfər kranı idarə edən operatorla təmin etməklə) özünə məxsus xüsusi texnikanın “Vasitəçi”nin ("xxxx" MMC) müaricəti əsasında cavabdehə xidmətə verməkdən ibarət oilmuşdur.

35. İddiaçının bu öhdəliynin yerinə yetirilməsi ilə bağlı iş materiallarından görünür ki, 2024-cü ilin iyun, iyul və sentyabr-dekabr ayları üzrə yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında 7 ədəd təhvil-təslim aktı tərtib edilmiş və həmin xidmətlərin göstərilməsinə görə xidmət haqqının bir hissəsi də cavabdeh tərəfindən ödənilmişdir. İşin məhkəmədə baxılması zamanı cavabdeh tərəfindən də həmin xidmətlərin göstərilməsi mübahahisə predmeti olmamış, hətta cavabdeh yazılı etirazında əsas borcun 10 000 manat ödənilmiş hissəsi, dəbbə pulu və cəmi iddia tələbi məbləğinə uyğun ödənilmiş dövlət rüsumunun həcmi istisna olmaqla, ilkin iddianı qalan hissədə qəbul etmişdir. Göstərilən bu hallar iddiaçı tərəfindən özünün işçisi ilə birlikdə ona məxsus “Liebherr HS-885 (120 t)” markalı, 10 J 548 dövlət qeydiyyat nişanlı tırtıllı kranın xidmət üçün cavabehin istifadəsinə verməsi, habelə müqaviləyə uyğun xidmətin göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsi barədə qənaətə gəlməyə tam əsas verir.

36. Lakin iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş göstərilmiş xidmətlə bağlı təhvil-təslim aktlarını imzalmaqla, xidmətin göstərilməsini qəbul etsə də, xidmət haqqını iddiaçıya tam ödəməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 5.3-cü bəndinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, icra aktı qarşılıqlı imzalandığı tarixdən 3 iş günü ərzində aktda göstərilmiş məbləğ onun tərəfindən iddiaçının hesab fakturasına qarşı bank köçürülməsi yolu ilə ödənilir. Mülki Məcəllənin 425.1-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, iddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

37. Lakin məhkəmə hesab edir ki, ilkin iddia tələb edilən xidmət haqqının həcminə münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktları üzrə yerinə yetirilmiş xidmət haqqı, cəmi 118.998,46 manat təşkil etmişdir. 2024-cü ilin iyul ayı üzrə 26030,91 manat dəyərində yerinə yetirilmiş xidmətə dair təhvil-təslim aktı üzə cavabdehə seriya MT2409, 10542738 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-faktura üzrə cavabdeh tərəfindən xx.xx.2024-vü il tarixdə 8474,58 manat və 1525,42 manat olmaqla, cəmi 10000 manat (8474,58 +1525,42 =10000) pul ödənilmişdir. Bu halda, 2024-cü ilin iyul ayı üzrə 26030,91 manat dəyərində yerinə yetirilmiş xidmətə dair görə ödənilmiş 10000 manat nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməmiş xidmət haqqının 108.998,46 manat (118.998,46 – 10000 = 108.998,46) olması müəyyən edilir.

38. Məhkəmə həmçinin, ilkin iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə qismən təmin edilməlidir.

39. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış Müqavilənin 6.6-cı bəndində cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

40. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 5000 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

41. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir.

42. Tərəflər arasında bağlanmış Müqavilənin 6.4-cü bəndinə görə hazırkı müqavilə üzrə xidmət göstərildiyi müddət ərzində texnikanın iştirakı ilə baş verən istənilən hadisə nəticəsində dəymiş ziyana, eləcə də bədən xəsarəti və ya insan ölümü ilə nəticələnən istənilən qəzaya görə təqsirli tərəf Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu halda, cavabdehin qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1 və 443.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin 443.1 və 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin ödənilməsi tələbləri məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, iddiaçıya maddi zərər vurulması, müqavilə öhdəliklərinin pozulması ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, cavabdehin müqavilə üzrə öhdəliyini təqsirli olaraq pozması faktları sübuta yetirilmiş olsun.

43. Cavabdeh qarşılıqlı iddiasının əsası olaraq qeyd edir ki, iddiaçının işçisi Məhəmməd Babayev tərəfindən təhlükəsizlik qaydaları kobud şəkildə pozulmuş, 28 tonluq metal yük qaldırlarkən düzgün qiymətləndirmə aparılmamış, yükü düzgün qaldırmamış, bu səbəbdən yerə çırpılması nəticədə yük zədələnmiş və ona 10500 dollar məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixdə kran vasitəsi ilə yük qaldırılarkən onun yerə düşməsi faktı həm idiaçının işçisi Məhəmməd Babayevin (kranı idarə edən operator) özünün, həm də cavabdehin əməkdaşlarının izahatları ilə müəyyən edilir. Lakin həmnin izahatlardan görünür ki, idiaçının işçisi Məhəmməd Babayev yükün yerə düşməsini kranın yerinin əyri olması (tərəflər arasında bağlanmış Müqavilənin 4.2.2-ci bəndinə görə bu müqavilənin qüvvəyə mindiyi tarixdən və müqavilə üzrə təhviltəslim edildikdən sonra texnikanın mobilizasiya/demobilizasiyasmı təmin etmək və xidmət müddəti ərzində texnikaya aid hər hansı bir zərər, texniki xəsarət, ziyan və s. kimi baş verəcək hadisələrin bütün öhdəlikləri bir başa Sifarişçiyə aiddir) ilə izah etdiyi halda, cavabdehin əməkdaşları yükün ağır olması və kran operatorunun yükü endirərkən düzgün manevr etməməsi səbəbindən onun yerə düşdüyünü bildirmişlər. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi həmin sübutlar əsasında yükün yerə düşməsinin iddiaçının işçisinin təqsirindən baş verməsi müəyyən edilmir, əlavə sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

44. Bundan başqa, yerə düşərək zədələnmiş yükün habelə, zədənin nədən ibarət olması, 10500 dollar ziyanın hansı qaydada hesablanması və s. ilə bağlı iş üün əhəmiyyət kəsb edən sübutları da cavabdeh məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşlıqlı iddia təmin edilə bilməz.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən icarə müqaviləsinə əsasən 108704,46 ( yüz səkkiz min yeddi yüz dörd manat qırx altı qəpik) manat əsas borc və ödənilmiş 432 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ASC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar