Məhkəmə qərarları › İş №e-2-2(113)-4340/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4340/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4340/2024 24.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, broker müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdehnə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 134,20 manat məbləğində əsas borcun, 30 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun, cəmi 194.20 manat tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən əlavələrlə qarşılıqlı razılaşma ilə müəyyən edilmiş dəyərdə İddiaçı MMC olaraq broker xidmətini göstərilməyi öhdəmizə götürmüşük. Müqavilə üzrə öhdəliklərimizi yerinə yetirsək də, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Nəticədə, iddiaçıya 134.20 manat borcu yaranmışdır. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə, borcun ödənilməsi barədə cavabdeh heç bir hərəkət etməmişdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. Sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdehə: cəmi 134,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar: **********-E-GB tərtibi və **********-X2 Məbləği (Çek əsasında) ƏDV-siz **********- Rəsmiləşmə üçün 134,50 manat tarix xx.xx.2021-ci il tarixli Seriya: EBBD Nömrə: 291997; elektron qaimələr təqdim olunmuşdur. Onun tərəfindən təsdiq edilmiş, heç bir etiraz bugünki günə kimi təqdim edilməmişdir. Yük gömrük bəyannaməsinin rəsmiləşdirilməsi iddiaçı tərəfindən icra edilmişdir. Cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir tədbir görülməmiş, borc ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443, 445.1, 787, 788-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki: İddiaçı MMC “təmsilçi”, Cavabdeh MMC “sifarişçi” olmaqla tərəflər arasında xx.xx.2021-ci il tarixli 21/0100 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətləri göstərməyi, Sifarişçi Təmsilçi tərəfindən xidmətlərin haqqını bu müqaviləyə edilmiş 1 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə köçürmə yolu ilə ödəməli öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırki müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokol №1-də öz əksini tapır. Müqavilənin 3.1-ci bəndinə əsasən təmsilçi sifarişçiyə müqaviləyə əlavə Protokol №1-də göstərdiyi xidmət növünə əsasən hesab-faktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 3 iş günü ərzində köçürmə yolu ilə təmsilçinin hesabına ödənilməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə Sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 3100 nömrəli hesabfakturadan görünür ki, gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən göstərilmiş müxtəlif adda olan xidmətlərin dəyəri 79,50 manat olmuşdur. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 3100 nömrəli hesabfakturadan görünür ki, gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən göstərilmiş müxtəlif adda olan xidmətlərin dəyəri 54,70 manat olmuşdur. EBBD seriyalı, 291997 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 134,20 manat İddiaçı MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. Gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilənin qiymətlərin razılaşdırılması protokolu 1 saylı Əlavədən görünür ki, təmsilçi İddiaçı MMC ilə sifarişçi Cavabdeh arasında idxal və tranzit gömrük əməliyyatları üzrə xidmətlərin müqavilə qiymətləri müəyyən edilmiş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə 20 saylı Vəkil Bürosu arasında bağlanmış 26 aprel 2024-cü il tarixli 005 nömrəli Hüquqi xidmət göstərilməsi dair Müqaviləyə əsasən müqavilə üzrə xidmət vəkil X1 tərəfindən göstərilməsi şərtləşdirilmiş, tərəflərin razılaşmasına əsasən 20 ədəd məhkəmə mübahisəsi üzrə görülməli işin dəyəri 600 manatdır. xx.xx.2024-cü il tarixli 005BUDG241620749 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 787-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında broker müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq sifarişçiyə nəzərdə tutulmuş vasitəçilik xidmətləri göstərsə də, iddiaçıya cavabdeh tərəfindən müqavilədə şərtləşdirilmiş muzd ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, şərtləşdirilmiş muzdu ödəməmişdir. Buna görə də iddiaçının icra etdiyi broker xidməti müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – qiymətlərin razılaşma protokolu, hesab-faktura, elektron qaimələr ilə təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 30 manat hüquqi xidmət xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdehndən 134,20 manat məbləğində əsas borcun, 30 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 194 (bir yüz doxsan dörd) manat 20 (iyirmi) qəpik pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar