Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4349/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 205.830 manat əsas borcun, 182.954,70 manat cərimənin, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 217.930 manat əsas borcun, 202.718,70 manat cərimənin, xx.xx.2022-ci il müqavilə üzrə 1.255.000 manat əsas borcun, 1.239.750 manat cərimənin və 2.442,09 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 03-LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 3 289 330,00 (üç milyon iki yüz səksən doqquz min üç yüz otuz) manat olan birinci müqavilə üzrə dəyəri 441 630,00 (dörd yüz qırx bir min altı yüz otuz) manat olan 300k/kal gücündə 15 ədəd istixana qızdırıcı avadanlıqlarını, ikinci müqavilə üzrə dəyəri 448 700,00 (dörd yüz qırx səkkiz min yeddi yüz) manat olan 60 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları və üçüncü müqavilə üzrə dəyəri 2 399 000,00 (iki milyon üç yüz doxsan doqquz min) manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlıqların dəyərindən 189 070,00 (bir yüz səksən doquz min yetmiş) manat məbləğdə ilkin ödəniş aparmış, qalan 3 100 260,00 (üç milyon bir yüz min iki yüz altmış) manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsini müdafiə edərək ərizənin rədd olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinin Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12. və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 03-LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli lizinq müqavilələri imzalanmışdır.
9. xx.xx.2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən dəyəri 441.630 manat olan bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən 300 k/kal gücündə 15 ədəd istixana qızdırıcı avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir.
10. xx.xx.2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 448.700 manat olan bu müqavilənin təkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun 60 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.
11. xx.xx.2022-ci il müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi dəyəri 2.399.000 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.
12. Müqavilələr tərəflərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
13. İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, lizinq müqavilələri üzrə nəzərdə tutulmuş avadanlıqlar cavabdehə təhvil verilmişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2012-ci il tarixli müqavilə üzrə 397.430 manat məbləğdən 191.600 manat ödənildikdən sonra əsas borc üzrə 205.830 manat, cərimə borcu üzrə 182.954,70 manat borcunun qaldığı qeyd olunmuşdur.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2012-ci il tarixli müqavilə üzrə 403.830 manat məbləğdən 185.900 manat ödənildikdən sonra əsas borc üzrə 217.930 manat, cərimə borcu üzrə 202.718,70 manat borcunun qaldığı qeyd olunmuşdur.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında lizinq alan tərəfindən xx.xx.2022-ci il müqavilə üzrə 2.299.000 manat məbləğdən 1.044.000 manat ödənildikdən sonra əsas borc üzrə 1.255.000 manat, cərimə borcu üzrə 1.239.750 manat borcunun qaldığı qeyd olunmuşdur.
17. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2012-ci il tarixli müqavilə üzrə 205.830 manat, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 217.930 manat, xx.xx.2022-ci il müqavilə üzrə 1.255.000 manat ödənilməmiş borcu qalmışdır
18. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, 06 fevral 2012-ci il tarixli 03-LA/12 nömrəli müqavilə üzrə son ödənişin xx.xx.2016-cı il tarixdə, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli müqavilə üzrə son ödənişin xx.xx.2020-ci il tarixdə, 27 noyabr 2012-ci il tarixli 42-LA/12 nömrəli müqavilə üzrə son ödənişin xx.xx.2020-ci il tarixdə edildiyini, hər üç müqavilə üzrə iddia müddətinin ötürüldüyünü qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
19. Məhkəmə qeyd edir ki, iddia müddətinin keçib-keçməməsi yoxlanılmamışdan əvvəl məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
20. Yuxarıda qeyd edilmiş sənədlərdən görünür ki, lizinq müqavilələri üzrə müvafiq avadanlıqlar cavabdehə təhvil verilmiş və cavabdehin də, müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır.
21. Bundan sonra isə cavabdehin iddia müddətinin keçməsi barədə dəlilinə qiymət verilməlidir.
22. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.
23. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
24. Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.
25. Hazırkı işdən görünür ki, cavabdehlə bağlanmış 06 fevral 2012-ci il tarixli 03- LA/12 nömrəli, 30 may 2012-ci il tarixli 21-LA/12 nömrəli və 27 noyabr 2012-ci il tarixli 42- LA/12 nömrəli lizinq müqavilələrinin müddətləri, ilk iki müqavilə üzrə 2021-ci ilin 4-cü rübündə, üçüncü müqavilə üzrə isə 2022-ci ilin 3-cü rübünədə bitdiyindən həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmin tarixlərdən başlanmışdır.
26. İddiaçı tərəfin isə, hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş olduğundan sonuncunun iddia müddətini ötürmüş olması mümkün deyildir.
27. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 205.830 manat, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 217.930 manat, xx.xx.2022-ci il müqaviləyə əsasən əsas borc üzrə 1.255.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
28. Məhkəmə lizinq müqavilələri üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir.
30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
31. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borca münasibətdə 10.000 manat, xx.xx.2022-ci il müqaviləyə əsasən əsas borca münasibətdə 13.000 manat, xx.xx.2022-ci il müqaviləyə əsasən əsas borca münasibətdə 60.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
32. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 2.442,09 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
33. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 2.442,09 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
34. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 1.670,88 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
35. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 205.830 (iki yüz beş min səkkiz yüz otuz) manat, cərimə borcu üzrə 10.000 (on min) manat olmaqla, cəmi 215.830 (iki yüz on beş min səkkiz yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 217.930 (iki yüz on yeddi min doqquz yüz otuz) manat, cərimə borcu üzrə 13.000 (on üç min) manat olmaqla, cəmi 230.930 (iki yüz otuz min doqquz yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2022-ci il müqaviləyə əsasən əsas borc üzrə 1.255.000 (bir milyon iki yüz əlli beş min) manat, cərimə borcu üzrə 60.000 (altmış min) manat olmaqla, cəmi 1.315.000 (bir milyon üç yüz on beş min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 1.670 (bir min altı yüz yetmiş) manat, 88 (səksən səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov