Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4351/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4146,85 manat ƏDV məbləği daxil olmaqla 71912,97 manat əsas borcun və ödənilmiş 306 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (təchizatçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli NFMG 001 saylı müqaviləyə əsasən iddiaçı müqavilə üzrə müəyyən olunmuş malları cavabdehə təqdim etməyi, bunun müqabilində isə cavabdeh alınan malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini layiqincə icra edərək cavabdehə xx.xx.2021-ci il tarixli EBBF 604383 saylı elektron qaimə-faktura ilə 31164,18 manat (o cümlədən 4753,86 manat ƏDV) dəyərində 24,454 ton, xx.xx.2022-ci il tarixli EBBQ 063796 saylı elektron qaimə-faktura ilə 3570,44 manat (o cümlədən 544,64 manat ƏDV) dəyərində 3,69 ton, xx.xx.2022-ci il tarixli EBBV 438219 saylı elektron qaiməfaktura ilə 23614,51 manat (o cümlədən 3602,21 manat ƏDV) dəyərində 17,71 ton, xx.xx.2022-ci il tarixli EBBV 536128 saylı elektron qaimə-faktura ilə 21614,41 manat (o cümlədən 3297,11 manat ƏDV) dəyərində 16,21 ton, xx.xx.2023-cü il tarixli EBDİ 619164 saylı elektron qaimə faktura ilə 27917,01 manat (o cümlədən 4258,53 manat ƏDV) dəyərində 21,906 ton olmaqla cəmi 107 880,55 manat (o cümlədən 16456,35 manat ƏDV) dəyərində 83,97 ton müxtəlif ölçülərdə armatur təqdim etmişdir. 2.2. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək hələ də həmin ödənişlərini tam həyata keçirməmişdir. Sonuncu tərəfindən uzun müddətdən sonra xx.xx.2023-cü il tarixində 8050,97 manat ƏDV, xx.xx.2023-cü il tarixində isə 23658,48 manat əsas və 4258,53 manat ƏDV məbləğləri ödənilmişdir ki, bu da iddiaçını qane etmir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması bildirilərək 71912,97 manat (o cümlədən 4146,85 manat ƏDV) borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsinin təmin olunması ilə bağlı cavabdehə rəsmi qaydada məktub göndərilmişdir və borcun xx.xx.2024-cü il tarixinədək ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericilik aktları rəhbər tutularaq öhdəliklərin gecikdirilməsinə və lazımi qaydada icra edilməməsinə görə digər hüquqi müdafiə tədbirlərindən istifadə edilərək Bakı Kommeriya Məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, cavabdehdən heç bir cavab gəlməmişdir və borc ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin xahişi ilə elektron qaimələrə sonuncunun möhürü də vurulmuşdur. Cavabdehin möhürü olmayan xx.xx.2023-cü il tarixli qaimə tam ödənilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli NFMG 001 saylı müqavilədə malların dəyərinin 100%-nin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, faktiki işgüzar münasibət həmin formada olmamışdır.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 09 aprel 2021-ci il tarixli NFMG 001 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən Satıcı hazırkı müqaviləyə edilmiş əlavələrdə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən malmateriallar ilə Alıcını təchiz edəcəkdir (1.1). Satıcının təchiz etdiyi malın qiyməti və növü tərəflər arasında əvvəlcədən imzalanmış qiymətlərin razılaşdırma protokolu vasitəsi ilə müəyyənləşir və müvafiq olaraq sonradan ümumi məbləğ əlavələrdə və hesabfakturalarda göstərilir (2.1). Bu Müqavilə üzrə mallar tədarük müddətinə müvafiq olaraq təchiz edilməlidir (3.1). Mallar Müqavilə imzalandıqdan və Alıcının sifarişindən sonra 30 (otuz) iş günü ərzində təchiz ediləcəkdir (3.2). Müqavilə imzalandıqdan sonra Alıcı hesabfakturada göstərilən ümumi məbləğin 100%-ni əvvəlcədən köçürmə yolu ilə ödəyir (4.1).
12. Məhkəməyə təqdim edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixli EBBF 604383 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 31164,18 manat, xx.xx.2021-ci il tarixli EBBN 944686 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 16017,79 manat, xx.xx.2022-ci il tarixli EBBQ 063796 seriya və nömrəli elektron qaimə 3570,44 manat, xx.xx.2022-ci il tarixli EBBV 438219 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23614,51 manat, xx.xx.2022ci il tarixli EBBV 536128 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21614,41 manat, xx.xx.2023-cü il tarixli EBDİ 619164 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 27917,01 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 123 898,34 manat dəyərində malın verilməsi üçün rəsmiləşdirilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2023-cü il tarixli EBDİ 619164 seriya və nömrəli elektron qaimə istisna olmaqla digər qaimələrin kağız daşıyıcıda olan nüsxələri cavabdehin möhürü ilə təsdiqlənmişdir.
13. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 sentyabr 2024-cü il tarixli 35-6/953-24 nömrəli məktubundan və ona əlavə olunan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 13574,4 manat, xx.xx.2023-cü il tarixdə 23658,48 manat olmaqla ümumilikdə 37232,88 manat ödəniş edilmiş, ödənişlərin təyinatı olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli EBBN 944686 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDİ 619164 seriya və nömrəli elektron qaimələrə istinad edilmişdir.
14. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı”ndan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2443,39 manat, xx.xx.2023-cü il tarixdə 8050,97 manat və xx.xx.2023-cü il tarixdə 4258,53 manat olmaqla ümumilikdə 14752,89 manat ƏDV məbləği sub-hesaba köçürülmüşdür. Ödənişin təyinatı olaraq xx.xx.2021-ci il tarixli EBBF 604383 seriya və nömrəli, xx.xx.2022-ci il tarixli EBBV 536128 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDİ 619164 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBN 944686 seriya və nömrəli elektron qaimələrə istinad edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 09 aprel 2021-ci il tarixli NFMG 001 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə edilmiş əlavələrdə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə cavabdehi təchiz etməyi, cavabdeh isə mal-materialları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBF 604383, xx.xx.2021-ci il tarixli EBBN 944686, xx.xx.2022-ci il tarixli EBBQ 063796, xx.xx.2022-ci il tarixli EBBV 438219, xx.xx.2022-ci il tarixli EBBV 536128 və xx.xx.2023-cü il tarixli EBDİ 619164 seriya və nömrəli 6 elektron qaimə-faktura əsasında ƏDV daxil olmaqla 123 898,34 manat dəyərində mal verilmiş, həmin elektron qaimələr üzrə cavabdeh tərəfindən 37232,88 manat əsas məbləğ və 14752,89 manat ƏDV məbləği ödənilmişdir.
16. İddiaçı 09 aprel 2021-ci il tarixli NFMG 001 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyərinin – 71912,97 manat məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 09 aprel 2021-ci il tarixli NFMG 001 nömrəli alqı-satqı müqaviləsi üzrə 4146,85 manat ƏDV (18899,74 ödənilməli cəmi ƏDV ödənilən ƏDV 14752,89) daxil olmaqla ümumilikdə 71912,57 (təhvil verilən malların ümumi dəyəri 123 898,34 – ödənilən əsas məbləğ 37232,88 – ödənilən ƏDV məbləği 14752,89) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı ödənilmiş 306 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********74 nömrəli mədaxil qəbzi ilə 306 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2024-cü il tarixli 221 saylı müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 300 manat məbləğində pul “Kəngərli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 306 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4146,85 manat ƏDV daxil olmaqla ümumilikdə 71912,57 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 306 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova