Məhkəmə qərarları › İş №e-2-2(113)-4355/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4355/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4355/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 49.136,00 manat məbləğində borcun, ilkin Mediasiya Sessiyasında iştirak üçün ödənilmiş 200 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 49.836,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 49.136,00 manat məbləğində borcun, ilkin Mediasiya Sessiyasında iştirak üçün ödənilmiş 200 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 49.836,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 12 fevral 2021-ci il tarixli, FM 12xx-xx/2021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, “Satıcı” bu Müqavilədə nəzərdə tutulan malları (akloqollu və alkoqolsuz) həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə “Alıcı”-ya verməyi, “Alıcı” isə bu malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında iddiaçı tərəfindən bu müqavilədə nəzərdə tutulan mallar həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə “Alıcı”-ya təhvil verilmişdir. Alıcı isə bunun müqabilində 49.136,00 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürsə də, sonuncu tərəfindən bugünədək ödənişlər həyata keçirilməmişdir. Nəticə olaraq, 12 fevral 2021-ci il tarixli, FM 12xx-xx/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödənilməli olan 49.136,00 manat məbləğində pul hələ də ödənilməmiş olaraq qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya 15000-20000 manat arası borcu ola bilər. Cərimə məbləği ilə razı deyildir. Sonda cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfin təqdim etdiyi şərtlər və qaydalar daxilində, istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və ya hesab faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə və qiymətdə cavabdehə satmağı, cavabdeh isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öhdələrinə götürmüşlər.

10. xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, uçot məlumatlarına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə borc qalığı 62745,90 manat, cavabdehin xx.xx.2022-ci il tarixinə təsdiq etdiyi borc qalığı 17251,53 manat təşkil etmişdir.

11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfin təqdim etdiyi şərtlər və qaydalar daxilində, istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və ya hesab faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə və qiymətdə cavabdehə satmağı, cavabdeh isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öhdələrinə götürmüşlər.

12. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsi və üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Lakin məhkəmə qeyd edir ki, borcla bağlı qarşılıqlı hesablaşmalara dair xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, iddiaçı cavabdehin borcunu 62745,90 manat müəyyən etmiş, cavabdeh isə iddiaçıya 17251,53 manat borcu olduğunu etiraf etmişdir.

15. Bu hal iddiaçını borcun 17251,53 manat hissəsində tələbin əsaslandırdığı faktları sübut etmə vəzifəsindən azad edir. Tələb olunan borc məbləğinin qalan hissəsində tələbin əsaslandırdığı faktları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin borcu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, tələb olunan borc cavabdehin etiraf etdiyi 17251,53 manat məbləği hissəsində təsdiq olunduğundan iddia göstərilən hissədə qismən təmin edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

19. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 15 saylı Mediasiya təşkilatına ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinin iddia tələbinə nisbətini nəzərə alaraq, ödənilmiş 200 manat mediasiya xərcinin 70,22 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 17251,53 manat məbləğində borc, mediasiya xərcinə görə 70,22 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaiti, ümumilikdə 17821,75 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 17251,53 manat məbləğində borc, mediasiya xərcinə görə 70,22 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaiti, ümumilikdə 17821,75 manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar