Məhkəmə qərarları › İş №e-2-2(113)-4367/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4367/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4367/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Competo” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.431,08 manat pul vəsaitinin, məhkəmə xərclərinin və 34,32 manat dövlət rüsumunun cavabdehdən tutulmaqla iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında 33 saylı “PUDO məntəqələrində xidmətlərin göstərilməsinə dair Müqavilə” bağlanmışdır. Müqaviləyə və ona əlavə olunmuş təhvil-təslim aktlarına əsasən, İddiaçı tərəfindən Cavabdehə istifadəyə aşağıdakı avadanlıqlar təhvil verilmişdir: 2 ədəd işıqlandırılan reklam lövhəsi – ümumi dəyəri 1.431,08 (min dörd yüz otuz bir manat səkkiz qəpik) 25 oktyabr 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə Müqavilənin 12.3-cü maddəsinə uyğun olaraq 1 ay əvvəlcədən yazılı bildiriş göndərilmiş və nəticədə Müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Müqavilənin 5.1.9-cu maddəsinə əsasən, Müqavilə müddətinin başa çatması və ya ona xitam verilməsi halında Cavabdeh təhvil aldığı avadanlıqları demontaj edərək İddiaçıya qaytarmaqla öhdəliyini yerinə yetirməli idi. Lakin Müqaviləyə xitam verilməsinə baxmayaraq, Cavabdeh bu öhdəliyi yerinə yetirməmiş və təhvil aldığı avadanlıqları geri qaytarmamışdır. İddiaçı tərəfindən bu barədə Cavabdehə dəfələrlə şifahi bildirişlər verilmiş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixli rəsmi pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq, avadanlıqlar bu günədək qaytarılmamışdır və Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticə etibarilə, Cavabdeh tərəfindən təhvil verilmiş avadanlıqların qaytarılmaması müqavilə öhdəliyinin və mülki qanunvericiliyin pozulmasıdır və bunun nəticəsində İddiaçıya 1.431,08 (min dörd yüz otuz bir manat səkkiz qəpik) məbləğində zərər dəymişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehdən ümumilikdə 2.628,08 manat borc məbləğinin və 31,97 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq iş üzrə qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Pudo məntəqələrində xidmətlərin göstərilməsinə dair müqavilənin 3.1-ci bəndinə görə icraçı sifarişçidən sifarişlərin qəbul edilməsi, sifarişlərin müştərilərə verilməsi, o cümlədən, sifarişlərin verilməsi zamanı müştəridən bank kartı vasitəsi ilə ödənişin qəbul edilməsi, tələb olunmayan malların geri qaytarılması, təqdim edilmiş sifarişlərə görə müştəridən alınmış pul vəsaitlərini sifarişçiyə təqdim edilməsi üzrə xidmətlər göstərməyi, habelə bu müqavilədə nəzərdə tutulmuş əlavə xidmətləri göstərməyi öz öhdəsinə götürür. Sifarişçi icraçı tərəfindən keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilmiş işlərə görə hazırkı müqavilənin şərtlərində müəyyənləşdirilmiş həcmdə xidmət üzrə ödəniş etməyi öhdəsinə götürür.

10. Müqavilənin 5.1.9-cu bəndinə görə icraçı mövcud qanunvericiliyə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olur, dövlət orqanlarından burada nəzərdə tutulmuş təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün bütün lazımi icazələri alır. Xarici reklam yerləşdirildiyi təqdirdə, onun yerləşdirilməsi üçün dövlət və yerli özünüidarə orqanlarından lazımi icazələr alır və xidmət haqqlarını ödəyir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərin pozulması halında İcraçı müstəqil olaraq nəzarət orqanları qarşısında məsuliyyət daşıyır. İcraçı təminat verir ki, bu fəaliyyəti üçün bütün lazım olan lisenziyalara (X1 və sair) və icazələrə malikdir. Bu bəndin tələblərinin pozulması nəticəsində Sifarişçiyə qarşı hər hansı sanksiya (cərimə) tətbiq edildiyi halda Sifarişçi sanksiya məbləğini İcraçıya ödənilməli olan xidmət haqqından birtərəfli tutmaq səlahiyyətinə malikdir. Müqaviləyə xitam verildiyi tarixdən xarici reklamı demontaj etməli və Sifarişçiyə təhvil verməlidir.

11. Müqavilənin 6.3-cü bəndinə görə hesabat ayı üçün icraçının haqqının hesablanması və ödənilməsi iki tərəfin göstərilmiş xidmətlər üçün tərtib edilən aktı təsdiqlədiyi tarixdən etibarən 15 bank günü ərzində həmin aktın və İcraçı tərəfindən göndərilmiş hesab faktura və elektron qaimə-fakturanın əsasında Sifarişçi tərəfindən həyata keçirilir.

12. Müqavilənin 12.3-cü bəndinə görə Müqavilənin vaxtından əvvəl ləğvi Tərəflərin razılığı ilə aparılmalıdır. Bununla yanaşı, Müqavilə Tərəflərdən birinin təşəbbüsü ilə vaxtından əvvəl ləğv oluna bilər və bu barədə digər Tərəfə arzu etdiyi xitam tarixindən 30 (otuz) təqvim günü əvvəl yazılı şəkildə məlumat verməlidir. Bu müddətlərə riayət edilməməsi təqdirdə Müqaviləyə xitam verən digər Tərəfdə baş verə biləcək bütün itkiləri qarşılayacaqdır.

13. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixdə dəyəri 1.197 manat, 836 manat, 595,08 manat olan 3 ədəd işıqlandırılan reklam lövhəsi yeni və tam işlək vəziyyətdə icraçının istifadəsinə təhvil verilmişdir.

14. Həmin akta əsasən icraçı əmlakı qəbul etdikdən sonra əmlakın salamatlığı üzrə tam və şəxsən maddi məsuliyyət daşıyır. Əmlak zədələndiyi, itirildiyi və ya qeyri-işlək vəziyyətə gətirildiyi təqdirdə sifarişçiyə qeyd olunan dəyərin əvəzini 100% həcmində 14 (on dörd) gün ərzində qarşılayacaqdır.

15. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 33 saylı müqaviləyə, həmin müqavilənin 12.3-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir.

16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli Pudo məntəqələrində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, həmin müqavilənin şərtləri çərçivəsində xx.xx.2024-cü il tarixdə akt əsasında iddiaçıya məxsus olan üç ədəd işıqlandırılan reklam lövhələri yeni və işlək vəziyyətdə cavabdehə təhvil verilmiş, tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə baxmayaraq cavabdeh müqavilənin 5.1.9-cu maddəsi ilə üzərinə düşən öhdəliyi icra etməyərək göstərilən malları iddiaçıya geri təhvil verməmişdir. İddiaçı hazırda qaytarılmayan həmin malların aktda razılaşdırılmış dəyərini cavabdehdən tələb etməklə haqlıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2024-cü il tarixli Pudo məntəqələrində xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2628,08 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 2628,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 46,29 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2628,08 manat məbləğində pul, 46,29 manat dövlət rüsumu, ümumilikdə 2674,37 (iki min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar