Məhkəmə qərarları › İş №e-2-2(113)-4392/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4392/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4392/2025 15.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ticarət nümayəndəsi (agent) haqqında müqavilə, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04/24 nömrəli, 16 may 2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 6828 manat əsas borc, 16523 manat faiz borcu, cəmi 23351 manat, vəkil xidməti üçün ödənilmiş 550 manat və ödənilmiş 162 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddaçı"xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (agent) ilə Cavabdeh MMC (subagent) arasında 04/24 nömrəli, 16 may 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC-in (agent) təqdim etdiyi biletləriCavabdeh MMC (subagent) satışınıaparır və müqavilənin 2.2.2- ci bəndinə əsasən hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində biletin pulunu "xxxx" MMC-ə (agent) ödəməyi öhtəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən Müqavilədə göstərilən öhtəliklər subagent tərfindən yerinə yetirilmədiyi halda agentə çatacaq məbləğin hər gecikdirilən gün üçün 1% məbləğində cərimə ödəyir. Cavabdeh MMC (subagent) tərəfindən satılmış 6828 manat məbləğdə olan biletlərin pulu bu günə qədər "xxxx" MMCnə (agent) ödənilməmişdir. Cavabdehlə qalıq pulun ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir davam edir. Belə olan halda iddiaçı, agent şirkət olduğu üçün borcların yığılmaması üçüncü şəxslər qarşısında öz öhtəliklərini vaxtında və lazımınca yerinə yetirilməməsinə səbəb olur ki, bu da şirkətin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Həmçinin xx.xx.2024-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, “Müqavilədə göstərilən öhdəliklər Subagent tərəfindən yerinə yetirilmədiyi halda Agent-ə çatacaq məbləğin hər gecikdirilən gün üçün Subagent 1% məbləğində cərimə ödəyir”. Qeyd etməliyik ki, qeyd olunan borc – 6828 manat Cavabdeh MMC tərəfindən 2024-cü il tarixdən ödənilmir. Bu halda həmin məbləğin 1%-i 16523 manat təşkil edir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi bardə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 6828 manat borc, vəkil xidməti üçün ödənilmiş 550 manat və ödənilmiş dövlət rüsumu olaraq 93 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04/24 nömrəli, 16 may 2024cü il tarixli agentlə sərnişin aviadaşımaların satışı hüququnun verilməsi barədə müqaviləyə əsasən:

10. Müqavilənin 1-ci bəndinə əsasən subagent agentin təqdim etdiyi biletlərinin satışını təmin edir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən agent aşağıdakıları öhdəsinə götürür:

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən bronlaşdırılmış biletlərin siyahısını subagentə təgdim edib, onun sorğusu əsasında əlavə məlumatları dəqiqləşdirmək.

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən subagent aşağıdakıları öhdəsinə götürür:

14. Müqavilənin 2.2-ci bəndinə əsasən bronlaşdırılacaq və ya satılmış biletləri və müştəriləri haqqında agentə yazılı məlumat vermək.

15. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mövcud qanunverciliyinə zidd hərəkətlər etməmək, eləcə də sifarişlə bağlı agentin bütün göstərişlərini yerinə yetirmək.

16. Müqavilənin 2.2.2-ci bəndinə əsasən subagent satılmış bilet, turpaket və digər məhsulların dəyərini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində komissiyon haqqını saxlamaqla ödəmək.

17. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilədə göstərilən öhdəliklər subagent tərəfindən yerinə yetirilmədiyi halda agentə çatacaq məbləğin hər geciktirilən gün üçün subagent 1% məbləğində cərimə ödəyir.

18. Müqavilənin 3.2-ci bəndinə əsasən subagent öz işçilərinin ucbatından Agentə dəymiş zərərə görə məsuliyyət daşıyır.

19. Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflərin heç biri təbii fəlakətlərin (yanğın, zəlzələ, daşqın, şüalarıma və digər təbii fəlakətlər) və tərəflərin iradəsindən asıllı olmayan digər vəziyətlərin (müharibə, blokada, tətil,üsyan, dövlət orqanları tərəfindən qadağan qoyulması və s.) əmələ gəlməsi səbəbdən Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşımır. Belə hadisələrə məruz qalmış tərəf dərhal digər tərəfə bu barədə məlumat verməlidir. Qeyd olunan fors-major vəziyyətləri əmələ gəldikdə Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müddətləri bu vəziyyətlərin davam etdiyi müddətlərə nisbətən uzadılır.

20. İddiaçı tərəfindən cavabdehə malların, xidmətlərin təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixli EBED438479 saylı 5000 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED539545 saylı 1000 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED637474 saylı 4000 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED766332 saylı 2800 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEE083008 saylı 4000 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********08 saylı 6500 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********38 saylı 7700 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********65 saylı 340 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********21 saylı 1279 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********54 saylı 350 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********84 saylı 7675 manat məbləğində e-qaimələr göndərilmişdir.

21. Ödəniş qəbzlərinə əsasən Cavabdeh MMC tərəfindən (təyinatı bilavasitə e-qaimə göstərilməklə) İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixində 1279 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 340 manat, xx.xx.2024-cü il tarixində 6500 manat, xx.xx.2024-cü il tarixində 7000 manat, xx.xx.2024-cü il tarixində 5000 manat, xx.xx.2024-cü il tarixində 4000 manat, xx.xx.2024-cü il tarixində 2000 manat, xx.xx.2024-cü il tarixində 2000 manat, xx.xx.2024-cü il tarixində 1900 manat, xx.xx.2024cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 2900 manat, xx.xx.2024-cü il tarixində 700 manat məbləğində ödənişlər edilmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh İddiaçı MMC arasında 04/24 nömrəli, 16 may 2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən subagent agentin təqdim etdiyi biletlərinin satışını təmin edir.

24. Göründüyü kimi, tərəflər arasında 04/24 nömrəli, 16 may 2024-cü il tarixli agentlə sərnişin aviadaşımaların satışı hüququnun verilməsi barədə müqavilə isə mahiyyət etibarı ilə Mülki Məcəllənin 789.1-ci maddəsində nəzərdə tutulmuş ticarət nümayəndəsi (agent) müqaviləsidir.

25. İddiaçı sərnişin aviobiletlərin satışı ilə bağlı agent hüquqlarını cavabdehə vermişdir. Eyni zamanda, həm bu növ müqavilələrin mahiyyəti, həm də işin mübahisəsiz halıdır ki, cavabdeh satışını həyata keçirtdiyi biletlərin dəyərini iddiaçıya ödəmək öhdəliyini daşıyır. Mülki Məcəllənin 789.4-cü maddəsində də müəyyən edilmişdir ki, müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.

26. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdeh İddiaçı MMC-yə satılması üçün biletlər təqdim etsə də, cavabdeh təyinatı bilavasitə müqavilə və e-qaimələrə istinad edərək qismi ödənişlər etmiş, lakin ödənilməmiş 6828 manat borcu qalmışdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.

32. 789.4-cü maddəsinə əsasən müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.

33. 790.1-ci maddəsinə əsasən ticarət agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci maddəsindən irəli gəlir.

34. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

35. 778.2-ci madəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 6828 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 6828 manat məbləğində əsas borc tutulmalıdır.

38. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 162,60 manat məbləğində dövlət rüsumu (iddiaçı iddia tələbinin azaldılması barədə ərizəsində cəmi 93 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir) və vəkil xərci qismində 550 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

39. Azərbaycan Respublikası MPM-in:

40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

42. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 93 manat və vəkil xərcinin əvəzi olaraq 550 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6828 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 550 manat və dövlət rüsumunun əvəzi olaraq 93 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar