Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4399/2023 04.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 aprel 2022-ci il tarixli 38 nömrəli “Satınalma müqaviləsi” üzrə ödənilməmiş 317.664.20 manat məbləğində əsas borcun, həmin müqavilənin 11.8-ci bəndinə əsasən hər gün üçün gecikdirilmiş əlavə olaraq 700 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim verərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabından 288215 manat əsas borcun, həmin müqavilənin 11.8-ci bəndinə əsasən hər gün üçün gecikdirilmiş əlavə olaraq 441,05 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (X1 şəxsində) ilə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (X5 şəxsində) arasında 20 aprel 2022-ci il tarixli 38 nömrəli “Satınalma müqaviləsi” bağlanılmışdır. Tərəflərindən müqavilə öhdəliklərinə tam riayət edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Müdafiə Nazirliyinin Satınalma və Təhcizat İdarəsi müqavilədə göstərilən malların satın alınması və Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarına texniki qulluğun göstərilməsi və onlar üzərində təmir işlərinin görülməsi üçün müqavilədə göstərilən malların, xidmət və işlərin satın alınmasına dair İddiaçı MMC-nin 317.664.20 manat məbləğində tender təklifini qəbuletmişdir. Həmin müqavilənin 2.2-ci bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetrilsə də, lakin cavabdeh orqan 2.3-cü bəndin şərtlərini pozaraq müqavilə üzrə qeyd olunan pul məbləğini İddiaçı MMC-nin hesabına ödəməmişdir. (Elektron qaimələr ərizəyə əlavə edilmişdir). Müqavilənin 11.8-ci bəndinə əsasən “Müqavilə özrə ödəmələr (o cümlədən avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0.001 faiz hesablanması” nəzərədə tutulmuşdur. Eyni zamanda 12.2-ci bəndinə əsasən müqavilə 25 dekabr 2022-ci il tarixədək qüvvədə olmuşdur. Buna görə də, 11.8-ci bəndinə əsasən ödənilməmiş əsas borcdan əlavə olaraq 25 dekabr 2022-ci ildən bu günə qədər gecikdirilmiş hər gün üçün ümumi olaraq 700 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilməlidir.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddiaçının əsas borc üzrə iddia tələbinin 288215 manat hissədə təmin olunması, iddiaçı tərəfindən əsassız olaraq artıq hesablanmış 700 manat məbləğində cərimə ilə bağlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və ümumi dəyəri 317 644.20 manat olan 38 nömrəli satınalma müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə qeyd olunan müddətdə Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarına texniki qulluq göstərməli və onların üzərində təmir işləri görməli idi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixli 38 nömrəli müqavilə bağlandıqdan sonra 2022-ci ilin dekabr ayınadək müxtəlif tarixlərdə Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarına 288 215.00 manat dəyərində texniki qulluq göstərməklə yanaşı onların üzərində təmir işləri gömüşdür. Müdafiə Nazirliyinin sözügedən müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu dəqiqləşdirmək məqsədilə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 10/1129 nömrəli məktubla Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə sorğu verilmişdir. Sonuncu idarənin xx.xx.2023-cü il tarixli 8/2824 nömrəli məktubunda Müdafiə Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 288 215.00 manat məbləğində qalıq borcunun olduğu qeyd edilmişdir. “Aqrolayn" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 077998, xx.xx.2022-ci il tarixli 266804, 25.11,2022-ci il tarixli 855240 və 855408, xx.xx.2022-ci il tarixli 471554 və 472921, xx.xx.2022-ci il tarixli 001959, 003831, 003453 və 004664, xx.xx.2022-ci il tarixli 310878 və xx.xx.2022-ci il tarixli 521036 nömrəli elektron qaimələrdən də görünür ki, Müdafiə Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 288 215.00 manat məbləğində qalıq borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə sözügedən müqavilə üzrə 317 644.20 manat qalıq borcun Müdafiə Nazirliyi tərəfindən ona ödənilməsinin təmin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin gecikdirilməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin 700 manat məbləğində cərimə olunmasını iddia ərizəsində qeyd etmiş və cərimə məbləğini qanunsuz olaraq artıq hesablamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 38 nömrəli müqavilənin 11.8-ci bəndində müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0.001 faiz hesablandığı qeyd edilmişdir. Həmin müqavilənin 11.1 -ci bəndində müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-fakturalar, elektron vergi hesabfakturası, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparıldığı qeyd edilmişdir. "xxxx" MMC-nin müqavilə öhdəliklərinin icrası ilə bağlı təqdim etdiyi qaimələrin tərtib olunduğu tarixdən 15 bank günü sonrakı tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2023- cü il tarixinədək olan müddət nəzərə alınaraq tərəflərindən hesablamalar aparılmışdır. Hesablamalara görə xx.xx.2022ci il tarixli 077998 nömrəli qaimə üzrə 226 bank günü olmaqla (33110.80x0.001%=0.33, 0.33x226=74.58) 74.58 manat, xx.xx.2022-ci il tarixli 266804 nömrəli qaimə üzrə 164 bank günü olmaqla (37453.2x0.001 %=0.37, 37x164=60.68) 60.68 manat, 25.11,2022-ci il tarixli 855408 nömrəli qaimə üzrə 147 bank günü olmaqla (45412.30x0.001%=0.45/0.45x147=66.15) 66.15 manat, xx.xx.2022-ci il tarixli 855240 nömrəli qaimə üzrə 147 bank günü olmaqla (43258.80x0.001 %=0.43, 43x147=63.21) 63.21 manat, xx.xx.2022-ci il tarixli 471554 nömrəli qaimə üzrə 141 bank günü olmaqla (50557.10x0.001%=0.51, 0.51x141=71.91) 71.91 manat, xx.xx.2022-ci il tarixli 472921 nömrəli qaimə üzrə 141 bank günü olmaqla (13623.10x0.001 %=0.14, 0.14x141 = 19.74) 19.74 manat, xx.xx.2022-ci il tarixli 003453 nömrəli qaimə üzrə 136 bank günü olmaqla (9204x0.001 %=0.09, 0.09x136=12.24) 12.24 manat, xx.xx.2022-ci il tarixli 001959 nömrəli qaimə üzrə 136 bank günü olmaqla (10354.50x0.001 %=0.10, 0.10x136=13.60) 13.60 manat, xx.xx.2022-ci il tarixli 003831 nömrəli qaimə üzrə 136 bank günü olmaqla (12372.30x0.001%=0.12, 0.12x136=16.32) 16.32 manat, xx.xx.2022-ci il tarixli 004664 nömrəli qaimə üzrə 136 bank günü olmaqla (14460.90x0.001%=0.14, 0.14x136=19.04) 19.04 manat, xx.xx.2022-ci il tarixli 310878 nömrəli qaimə üzrə 132 bank günü olmaqla (9204x0.001 %=0.09, 0.09x132=11.88) 11.88 manat, xx.xx.2022-ci il tarixli 521036 nömrəli qaimə üzrə 130 bank günü olmaqla (9204x0.001 %=0.09, 0.09x130=11.70) 11 70 manat olmaqla gecikdirilmiş günlər üçün cərimənin ümumi məbləğinin 441.05 (manat olduğu müəyyən edilmişdir. Müdafiə Nazirliyi hesab edir ki, Sözügedən maddəni, Müdafiə Nazirliyinin mənafelərini, habelə Nazirliyinin xərclərinin dövlət büdcəsindən maliyyələşməsini nəzərə alaraq iddiaçının tələb etdiyi cərimə məbləği iddiası məhkəmə tərəfindən təmin olunmaya bilər. Bununla yanaşı iddiaçının irəli sürdüyü 317 644.20 manat iddia tələbinin 29 429,20 manat hissəsi əsassız, artıq hesablandığına görə iddia tələbi 288 215.00 manat hissədə təmin olunmalı və həmçinin əsassız olaraq hesablanmış 700 manat məbləğində cərimə ilə bağlı iddia tələbi təmin olunmamalıdır.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Məmmədəliyeva iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən ilkin olaraq tələb edilən 317.664.20 manat məbləğində pul tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəridir. Lakin həmin müqavilə üzrə iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri cavabdehin də bildirdiyi kimi 288215 manat təşkil edir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli 38 nömrəli satınalma müqaviləsinə əsasən sifarişçi müqavilədə göstərilən cədvəldə göstərilən malların satın alınması və Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarına texniki qulluğun göstərilməsi və onlar üzərində təmir işlərinin görülməsi üçün cədvəldə göstərilən malların, xidmət və işlərin satın alınmasına dair icraçının 317644,20 manat məbləğində tender təklifini qəbul etmişdir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malın təhvil verilməsini, texniki qulluğun və təmir işlərinin, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür. Göndərilmiş mallar, görülmüş xidmət və işlər verilmiş təkliflərə, müvafiq standartlara və xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir.
14. Müqavilənin 11.8-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0,001 faiz hesablanır.
15. İddiaçi tərəfindən cavabdehə EBCL 004664 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 003453 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 471554 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 472921 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 855240 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 855408 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 266804 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 077998 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 521036 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 310878 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 003831 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 001959 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr (ümumilikdə 288215 manat) göndərilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 8/2824 saylı məktubuna əsasən cavabdeh 20 aprel 2022-ci il tarixli 38 nömrəli satınalma müqaviləsinə əsasən 288215 manat məbləğində iş və xidmətlərin icra edildiyini göstərib pul vəsaitinin olmamasının nəzərə alınaraq ödənişin edilməsinin mümkün olmadığını bildirmişdir.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli 38 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı və xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 288215 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli 38 nömrəli müqavilənin 11.8-ci bəndinə əsasən hesablanmış 441,05 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
28. İddiaçı iddia tələbində cavabdehdən 441,05 manat dəbbə pulunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi dəbbə borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 441,05 manat dəbbə borcu tutması mümkün deyil.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 288215 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 288215 (iki yüz səksən səkkiz min iki yüz on beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 400 (dörd yüz) manat mediasiyaya dair xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova