Məhkəmə qərarları › İş №e-2-2(113)-4411/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4411/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4411/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “avans ödənişinin geri qaytarılması və zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, avans ödənişinin geri qaytarılması, zərərin ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “avans ödənişinin geri qaytarılması və zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilmiş 20.400 manat məbləğində avansın, həmçinin iş üzrə məhkəməyə ödənilmiş 151.2 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış PMDH-TCH 01 nömrəli Xidmət Müqaviləsinə əsasən, Cavabdeh “HRB” proqram təminatının quraşdırılması və təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 17 yanvar 2024-cü il tarixli Əlavə ilə dəyişiklik edilmiş və bu əsasla İddiaçı tərəfindən Cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 20400 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. Sözügedən əlavə ilə xidmətlərin hissə-hissə icra olunması və mərhələli şəkildə təhvili nəzərdə tutulmuşdur. Xidmətin əsas texniki xüsusiyyətləri və konkret tələblər müqavilənin xx.xx.2022-ci il tarixli “Xidmətlərin Xüsusiyyətləri” adlı Əlavəsində açıq şəkildə göstərilmiş və sistemin əsas hissəsinin (HR və Əmək haqqı modullarının) 4-6 ay müddətində quraşdırılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən bu müddətlərə nəinki əməl olunmamış, əksinə, proqram təminatı heç bir müəssisəyə tam funksional şəkildə təqdim edilməmişdir. 5 müəssisədə quraşdırılma işlərinə formal olaraq başlanılsa da, təqdim olunan proqramlar texniki və funksional baxımdan yararsız, sistem baxımından qeyri-stabil, təhlükəsizlik və məxfilik baxımından isə ciddi risklərlə müşayiət olunmuşdur. Belə ki, fərqli müəssisələrin məlumatları bir-biri ilə qarışmış, bəzi müəssisələr digər müəssisələrin məlumatlarına çıxış əldə etmiş, bu isə kommersiya sirri və iş etikasına ciddi zərbə vurmuşdur. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, Cavabdeh xidmətləri İddiaçını qane edəcək şəkildə təqdim etməyi öhdəsinə götürmüşdür. Lakin bugünkü tarixə qədər nə bir təhvil-təslim aktı təqdim olunmuş, nə də proqram təminatı normal işlək vəziyyətdə istifadəyə verilməmişdir. İddiaçı tərəfindən dəfələrlə rəsmi müraciət göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən problemi aradan qaldırmaq üçün real və təsirli tədbirlər görülməmiş, bu isə İddiaçının fəaliyyətini ciddi şəkildə ləngitmiş və strateji planlarını pozmuş və maddi itkiyə səbəb olmuşdur. Belə ki, program təminatının düzgün çalışmaması səbəbindən İddiaçı öz müəssisəsində oxşar xidmətlərlə bağlı fəaliyyət göstərən 1C program təminatı xidmətlərindən də istifadə etmişdir. Nəticədə eyni xidmətə görə iki dəfə ödəniş etməli olmuşdur. Cavabdeh, müqavilənin 6.2.1-ci bəndinə əsasən, xidmətlərin peşəkar və səlahiyyətli şəkildə həyata keçirilməsinə təminat versə də, bu təminat yalnız kağız üzərində qalmış, əməldə isə öz təsdiqini tapmamışdır. Yaranmış vəziyyət İddiaçını birtərəfli qaydada müqaviləyə xitam vermək məcburiyyətində qoymuş və bu barədə Cavabdeh xx.xx.2025-ci il tarixli, № T5-25 saylı rəsmi xəbərdarlıq məktubu ilə məlumatlandırılmışdır. Həmin məktubda xidmətlərin göstərilmədiyi qeyd olunmuş və bu səbəbdən ödənilmiş avansın geri qaytarılması tələb olunmuşdur. Lakin Cavabdeh bu haqlı tələbi əsassız olaraq rədd etmiş və İddiaçının maddi və reputasiya baxımından zərərə uğramasına səbəb olmuşdur. Yuxarıdakıları nəzərə alaraq, İddiaçı Cavabdehin qanunsuz hərəkətləri qarşısında özünün məhkəmə müdafiəsi hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh MMC-dən müqavilə üzrə ödənilmiş 20.400 manat məbləğində avansın, 31570 manat məbləğində vurulmuş zərərin və həmçinin iş üzrə məhkəməyə ödənilmiş 151.2 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edilmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, belə ki, İddiaçı MMC Cavabdeh MMC-yə məktubla müraciət edərək müqaviləyə xitam verilməsini istəmişdir. İddiaçı MMC müqavilənin xitam verilməsinə dair tutarlı səbəb gətirməmişdir. Tutarlı səbəb olmadan müqaviləyə xitam verilə bilməz. Cavabdeh MMC İddiaçı MMC-yə məktubla müraciət etmişdir. Həmin məktubda sistem 90% tamamlanması, sərf olunan vaxt və resurslara görə borclu olduqlarını xəbərdar etmişdir. Əgər ödənişdən imtina edilərsə sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasının başladılmasının mümkünlüyü bildirilmişdir. Layihənin gecikməsinə İddiaçı MMC şirkəti səbəb olmuşdur. Gecikmə ilə bağlı bütün müvafiq sənədlər, yazışmalar var. Tərəflərindən bütün ağlabatan tələblər yerinə yetirilmişdir. İddiaçı MMC-yə göndərilən məktubda qrupun baş direktoru və mümkünsə menecerləri ilə görüşüb gələcək addımları müzakirə etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin məktubda əks iddia qaldırılıb müəssisədə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazır olduğu bildirilmişdir. Göründüyü kimi Cavabdeh MMC-nin günahı ucbatından deyil də, İddiaçı MMC-nin müqavilyə xitam vermək istəməsi səbəbindən işin tamamlanmaması Cavabdeh MMC-nin məsuliyyəti deyildir. İddiaçı MMC müqavilənin şərtlərini çətinləşdirmişdir ki, iş icra olunmasın və beləliklə də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilsinlər. Müqavilənin pozulması şəraitini yaratmağa çalışmışlar. Halbuki özləri müqavilənin şərtlərini pozublar. İddiaçı müqaviləni pozmaqla cavabdeh MMC-ni günahkar hesab etmək istəyir. Əgər iddiaçı müqaviləni pozmaq istəsə cavabdehə kompensasiya ödəməli olardı. İddia tələbinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsassız olduğu üçün iddianı təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, görülmüş xidmətlə bağlı bugünkü tarixədək cavabdeh tərəfindən hər hansı təhvil sənədi verilməmişdir. Proqram təminatı işlək vəziyyətdə olmadığından, heç bir şəkildə proqram təminatından istifadə edə bilməmişlər. Tərəflər arası yazışmalar zamanı bu məsələ ilə bağlı iradlar mail yazışmaları ilə qarşı tərəfə bildirilmiş, lakin problem həll edilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirdi ki, iddia tələbinin ikinci hissəsini təşkil edən 31570 manat məbləğ zərərin real zərər növünə aiddir, belə ki, iddiaçı cavabdeh tərəfindən lazımi keyfiyyətdə xidmət göstərilmədiyi üçün yeni müqavilələr bağlamağa və iki dəfə ödəniş etməyə məcbur olmuşdur.

7. 24.06.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müqaviləni özü bağlamışdır. Müqavilə ilkin olaraq 2022-ci ildə iddiaçının əvvəlki adı - PMD Hospitality MMC ilə bağlanmışdır, daha sonra şirkətin adı və rəhbərin dəyişmişdir. Cavabdeh tərəfindən iddiaçıya HRB və əmək haqqı proqramları yazılmış, proqramlar 2022-ci ildə başlanılmış 2024-cü ilin dekabr ayında bitmişdir. Müqavilədə müddət göstərilməmişdir, iddiaçının istinad etdiyi 4-6 aylıq müddətə dair məlumatı yoxdur. 2024-cü ilin dekabr ayında 5 oteldə, cəmi 6 müəssisədə iş tamamlanmışdır. Onlar tərəfindən iddiaçıya oktyabr ayında təhvil-təslim aktları göndərilmişdir, aktlar poçt vasitəsi ilə göndərilməmiş, cavabdehin işçisi tərəfindən iddiaçı şirkətə aparılmışdır. Lakin aktlara iddiaçı tərəfindən cavab verilməmişdir. Proqram işlək vəziyyətdə olmuşdur. Onun tərəfindən hotellərə göndərilən məktublar sübut edir ki, sistem quraşdırılıb və istifadə edilir. İddiaçının qanuni təmsilçisi məhkəmənin sualına cavab olaraq bildirdi ki, 20400 manat avans məbləğinin iddiaçı tərəfindən ona ödənilməsini qəbul edir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında dəfələrə yazışmalar olmuş, proqramda problem olduğu təqdirdə düzəldiləcəyi bildirilmişdir. Təhvil-təslim aktları verilmiş, lakin iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı pretenziya məktubu ilə müraciət etmiş, heç bir işin görülmədiyini bildirmişdir. Həmin məktuba cavab olaraq, işlərlə bağlı xidmətlərin görüldüyü qeyd olunmuş, hər hansı problem yaşandığı halda işlərin tamamlanacağı bildirilmişdir. İlkin iddia ərizəsində işlərin görüldüyü lakin, sona qədər görülmədiyi bildirilmişdir. Pretenziya məktubunda isə işlərin görülmədiyi və avansın qaytarılması tələbi vardır. Avans müəyyən iş başlanıldığı və ya başlanılmalı olduğu halda verilir. İşlərə başlanılmışdır. Müəyyən məsələlərə görə isə iddiaçı tərəfindən prosesin ortasında işlər dayandırılmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Cavabdeh MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PMDH-TCH 01 saylı proqram təminatının alqı-satqısı və texniki dəstək müqaviləsinin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə müqavilənin xidmətlərini həcmi və ödəmə şərtlərində göstərilən proqram təminatını quraşdırmalı və həmin proqram təminatına aid texniki dəstəyi razılaşdırılmış şərtlərlə göstərməlidir. Sifarişçi isə proqram təminatını və texniki dəstəyi təhvil alaraq təhvil-təslim aktı imzalayaraq dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür. Proqram təminatı və texniki dəstək birlikdə xidmətlər adlanacaq. 2.1-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri: 2.1.1.İcraçının müqavilənin şərtlərinə əsasən xidmətləri təhvil almaq; 2.1.2.Müqavilə şərtlərinə əsasən lazımi səviyyədə quraşdırılmış proqram təminatına və icra edilmiş texniki dəstəyə görə müqavilə şərtlərinə uyğun icraçıya ödəmək; 2.2-ci bəndinə əsasən sifarişçinin hüquqları: 2.2.1. İcraçının fəaliyyətinə müdaxilə etmədən, onun yerinə yetirdiyi işin gedişatını və keyfiyyətini istənilən vaxt yoxlamaq; 2.2.2. Tərəflərin hesabatların qarşılıqlı üzləşdirilməsi məqsədilə üzləşmə aktlarının icraçıya onun təsdiqi üçün təqdim etmək; 2.2.3. Xidmətlərin keyfiyyətinə və ya icra bütövlüyünə əsaslı etiraz bildirmək. 2.3-cü bəndinə əsasən: 2.3.1. Xidmətləri sifarişçini qane edəcək keyfiyyətdə və müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam həcmdə təhvil vermək; 2.3.2. İcra edilmiş xidmətlərin keyfiyyətidə olan hər hansı çatışmazlıqları sifarişçinin tələbi ilə əvəzi ödənilmədən ən qısa müddətdə aradan qaldırmaq; 2.3.4. Tərəflərin hesabatlarının qarşılıqlı üzləşdirilməsi məqsədilə sifarişçinin təqdim etdiyi üzləşmə aktlarını vaxtlı-vaxtında təsdiqləmək və imzalamaq. 3.1-ci bəndinə əsasən xidmətlərin icrasının xüsusiyyətləri müqavilənin müvafiq əlavəsindəki texniki tapşırıqda tərəflərlə razılaşdırılmışdır. 4.1-ci bəndinə əsasən xidmətlərin dəyəri, hesablaşma qaydası və xidmətlərin yerinə yetirilməsi müddətləri müqavilənin əlavələrində müəyyən edilmişdir. Əlavə 1-də razılaşdırılmış dəyərlərinin razılaşdırıldıqdan sonra artması eyni xidmət üzrə tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. 5.1-ci bəndinə əsasən müqavilə üzrə proqram təminatının quraşdırılmasının təhvili tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan yekun təhvil-təslim aktı əsasında aşağıdakı qaydada rəsmiləşdirilir: 5.2-ci bəndinə əsasən icraçı xidmətlərin icrasını əks etdirən təhvil-təslim aktını 2 nüsxədə sifarişçiyə təqdim edir. 5.3-cü bəndinə əsasən sifarişçi çatışmazlıq aşkar edilməzsə təhvil-təslim aktını 15 təqvim günü ərzində imzalayıb, bir nüsxəsini icraçıya qaytarır. Aktın imzalandığı tarix faktiki olaraq xidmətlərin təhvil verilməsi tarixi hesab olunur. 5.4-cü bəndinə əsasən sifarişçi texniki dəstəyin icrasında çatışmazlıq aşkar edərək təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə, 15 gün müddətində həmin çatışmazlıqların (qüsurların) siyahısını icraçıya təqdim edir. Tərəfər çatışmazlıqların (qüsurların) aradan qaldırılması müddətlərini müəyyən edərək müvafiq akt tərtib edirlər.

11. 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli müqaviləyə 20 iyun 2022-ci il tarixli 1 saylı əlavəyə əsasən İcraçının Sifarişçiyə göstərəcəyi Xidmətlərin ödənilməsi şərtləri aşağıdakı kimi dəyişdirilmişdir.

1. Xidmətlərin adı, təsviri və qiyməti: - Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: "HRB" proqram təminatının quraşdırılması (baş ofis və idarəçiliyində olan 12 müəssisə) - 68000 manat - “HRB” proqram təminatının texniki dəstəyi baş ofis və idarəçiliyində olan 12 müəssisə üçün-28800 manat - “HRB” proqram təminatının quraşdırılması zamanı hesabatların hazırlanmasıödənişsizdir - Lisenziyanın verilməsi-ödənişsizdir. Cəmi 96800 manat

2. Xidmətlərin göstərilməsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır; - Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: "HRB" proqram təminatının quraşdırılmasma görə ödəniş 3 (üç) hissəyə bölünmüşdür və Tərəflərin imzaladığı Təhvil-Təslim Aktları əsasında 15 iş günü ərzində ödəniləcəkdir: - 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 1 müəssisədə “HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; - 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 4 Müəssisədə “HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; - 40 %, yəni 27 200 manat, PMD Hospitality-nin müəyyən etdiyi 8 Müəssisədə “HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; - “HRB” proqram təminatının baş ofis və idarəçiliyində olan 12 müəssisə üçün texniki dəstəyi 1 il üzrə 28800 manat təşkil edir və aylıq əsaslarla təhvil-təslim aktı əsasında tam şəkildə bütün müəssisələrdə proqram təminatının quraşdırılması bitəndən sonra hər ay 2400 manat həcmində ödənilir. - Texniki dəstəyin 1 müəssisə üçün texniki dəstək xərci aylıq 184,61 manat təşkil edir.

3. Ödənişlər tam şəkildə qaimə-faktura əsasında 15 iş günü ərzində tərəflər arasında imzalanmış müvafiq təhvil-təslim aktlarına əsasən nağdsız hesablaşma qaydasında icraçıya ödəniləcək.

12. 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli müqaviləyə 17 yanvar 2024-cü il tarixli 2 saylı əlavəyə əsasən 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli Müqaviləyə əsasən, İcraçının Sifarişçiyə göstərəcəyi Xidmətlərin ödənilməsi şərtləri aşağıdakı kimi dəyişdirilmişdir.

1. Xidmətlərin göstərilməsi üzrə ödənişlər aşağıdakı qaydada aparılacaqdır: - Əmək haqqı və kadrların idarə edilməsinin avtomatlaşdırılması sisteminin tətbiqi: "HRB" proqram təminatının quraşdırılmasma görə ödəniş 3 (üç) hissəyə bölünmüşdür və Tərəflərin imzaladığı Təhvil-Təslim Aktları əsasında 15 iş günü ərzində ödəniləcəkdir: - 30 %, yəni 20 400 manat, əvvəlcədən avans olaraq; - 30 %, yəni 20 400 manat, PMD Hospitality-nin müəyyən etdiyi 5 Müəssisədə “HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə; - 40 %, yəni 27 200 manat, PMD Hospitality-nin müəyyən etdiyi 8 Müəssisədə “HRB” proqram təminatının quraşdırılması təhvil verildikdə;

2. Ödənişlər tam səkildə qaimə-faktura əsasında 15 iş günü ərzində Tərəflər arasında imzalanmış müvafiq Təhvil-Təslim Aktlarına əsasən nağdsız hesablaşma qaydasında İcraçıya ödəniləcək.

3. Hazırkı Əlavə ilə dəyişiklik edilməyən 20 iyun 2022-ci il tarixli PMDH-TCH 01 nömrəli Müqavilənin və onun 20 iyun 2022-ci il tarixli 1 saylı Əlavəsinin digər hissələri olduğu kimi qüvvədə saxlanılır.

13. Cavabdeh MMC tərəfindən İddiaçı MMC -yə göndərilmiş EBDX seriyalı, 869286 saylı xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən “HRB” proqram təminatının quraşdırılması qiyməti ƏDV daxil 20400 manat təşkil etmişdir.

14. 15.02.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına EBDX seriyalı, 869286 saylı xx.xx.2024-cü il tarixli eqaiməyə əsasən 20400 manat məbləğində pul köçürülmüşdür.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda şirkətin hesabına 20400 manat avans köçürüldüyü, lakin həmin pul müqabilində hər hansı xidmətin təhvil verilmədiyi, bu çatışmazlıqların aradan qaldırılması üçün dəfələrlə, həm yazılı, həm şifahi müraciət edilməsinə baxmayaraq, hər hansı bir tədbir görülmədiyi və çatışmazlıqların aradan qaldırılmadığı qeyd olunmuş, sonda məktubun alındığı tarixdən 10 iş günü ərzində ödənilmiş 20400 manat məbləğin geri qaytarılması xahiş olunmuş, məktub əlavə edilmiş qəbzdən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə cavabdehin qanuni təmsilçisi tərəfindən qəbul edilmişdir.

16. İddiaçı MMC ilə "xxxx" MMC arasında proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixli, TG-URC-001 saylı müqavilə bağlanmışdır.

17. İddiaçı MMC (Ramil A. Yolçiyev) tərəfindən Cavabdeh MMC-yə (Dmitriy Pauker) aşağıdakı məktubdan e-mail ünvanlanmışdır: Bu ilin əvvəlindən Qaşaltı otelində noyabr və dekabr ayları üçün hesablamalar aparılmalı olsa da, indiyə qədər Tabia Group tərəfindən bizə heç bir müraciət daxil olmayıb. Eyni zamanda, Qaşaltı otelinin noyabr və dekabr aylarına aid bütün məlumatları hotel tərəfindən sistemə daxil edilib. Oktyabr ayının hesablaması tamamlanmış olsa da, hal-hazırda İdman və Spa şöbəsinin tamamilə silinməsi səbəbindən avtomatik hesablamada yenidən fərq yaranıb. “Qaşaltı”, “Hilton”, “Ağdam”, “Çinar” və “Badamdar” hotellərinin işçi məlumatları sistemə yüklənib. Lakin bütün tabel sənədləri bütün müəssisələr üçün açıqdır və hər bir şəxs tərəfindən görünə bilir. Əlavə olaraq, Hilton otelində əməkhaqqı məlumatları aidiyyəti olmayan şəxslər tərəfindən görünürdü. Bu problemi iki dəfə aradan qaldırdıqdan və iki dəfə təkrar yoxlanıldıqdan sonra məsələ həll edilib. Qeyd etmək istərdik ki, hər ay hesablamalarda fərqlərin yaranması, tabellərin silinməsi, hotelə aid olmayan əməkdaşların siyahıda görünməsi, məlumatların aidiyyəti olmayan şəxslər tərəfindən əldə edilməsi kimi problemlərin mütəmadi olaraq ortaya çıxması sistemin qeyri-effektiv işlədiyini və implementasiya prosesinin uzandığını göstərir» qeyd olunmuşdur.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması və zərərin ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə "xxxx" MMC (hazırda İddiaçı MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PMDH-TCH 01 saylı proqram təminatının alqı-satqısı və texniki dəstək müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı (cavabdeh) sifarişçiyə (iddiaçıya) proqram təminatının quraşdırılması və həmin proqrama dair texniki dəstək göstərilməsini, Sifarişçi isə proqram təminatını və texniki dəstəyi təhvil-təslim aktı əsasında qəbul edərək dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndində icraçı tərəfindən xidmətlərin icrasını əks etdirən təhvil-təslim aktının sifarişçiyə təqdim edilməsi, xx.xx.2024-cü il tarixli müqaviləyə 2 saylı əlavə əsasında isə xidmətlərin göstərilməsi üzrə ödənişin 3 hissəyə bölünməsi və iddiaçı tərəfindən 20400 manat avans ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilən EBDX seriyalı, 869286 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında cavabdehin hesabına ƏDV daxil 20400 manat avans ödənişi köçürülmüş, avans cavabdeh tərəfindən qəbul edilmiş, bu fakt məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi tərəfindən də təsdiq edilmişdir.

20. İddiaçı hazırda avans ödənişinin geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə proqram təminatı üzrə xidmətlərin iddiaçıya təhvil verildiyinə və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğuna istinad edərək iddia tələbinin əsassız olduğunu bildirir.

21. Məhkəmə ilkin olaraq tələbin avans ödənişinin geri qaytarılması hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

22. AR MM-in: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

23. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Məhkəmə qeyd edir ki, tərəflər bağladıqları müqavilənin şərtlərinə əsasən (5.1ci bənd) proqram təminatının quraşdırılmasının təhvil-təslim aktı əsasında rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Digər tərəfdən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək 20400 manat avans ödənişinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.

25. Hazırda iddiaçı cavabdeh tərəfindən xidmətlərin lazımı qaydada göstərilməməsinə, hər hansı bir təhvil sənədinin təqdim edilməməsinə istinad edərək avans ödənişini geri tələb etdiyindən, cavabdeh isə proqram təminatının təhvil verildiyinə istinad etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

26. Lakin cavabdeh məhkəmə iclasında bu aktların mövcud olmasına istinad etməsinə baxmayaraq, həmin sənədləri və etirazında göstərdiyi digər dəlilləri (xidmətlərin lazımı qaydada göstərilməməsinin iddiaçının hərəkətləri ilə bağlı olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş e-mail yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin yazışmalar proqram təminatı quraşdırılan zaman tərəflər arasında danışıqları və əmələ gələn qüsurları əhatə etməklə, proqramın cavabdeh tərəfində müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsini sübut etməyə əsas vermir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin lazımi qaydada icra edilməməsi iddiaçının proqram təminatının quraşdırılması üçün digər şirkətlərlə yeni müqavilə bağlaması ilə də təsdiq edilir. Belə ki, iddiaçı həmin müqaviləni və ödəniş tapşırıqlarını iş materiallarına əlavə etmişdir.

27. Qeyd edilənlərə əsasən məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, tərəflər arasında bağlanan müqaviləyə xitam verilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı avans ödənişinin geri qaytarılmasını tələb etməkdə haqqlıdır və iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 20400 manat avans məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

28. İddiaçı həmçinin 31570 manat məbləğində vurulmuş zərərin tutulması tələbi ilə çıxış edir. Məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

29. İddiaçı tələbin əsası kimi ikinci proqram təminatından istifadə olunması nəticəsində eyni xidmətə görə iki dəfə ödəniş edilməsinə, nəticədə iddiaçıya maddi zərər dəyməsinə istinad etmişdir. Həmçinin iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq 31570 manat məbləğin real zərər növünə aid olduğunu qeyd etmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

31. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün 3 şərt tələb olunur: 1. zərərin özünün varlığı, 2. zərər vuranın təqsirli və hüquqa zidd əməli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) 3. əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu. Beləliklə, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır.

32. Göründüyü kimi, hazırki iş üzrə delikt üzrə məsuliyyətin yaranmasının şərti zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir.

33. Hazırkı işin hallarından delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi Cavabdehin İddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir.

34. Cavabdehdən 151,2 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, ödənilmiş 151,2 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə ödənilmiş 20400 (iyirmi min dörd yüz) manat avans məbləği və 151.2 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar