Məhkəmə qərarları › İş №e-2-2(113)-4431/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4431/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4431/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas və cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə dəqiqləmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” əsasında yaranmış öhdəliklərin icra edilməsi məqsədilə 57.877,14 manat və əldən çıxmış fayda kimi 5208.94 manat pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X3” MMC (əvvəlki adı) arasında 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında tərəfimizdən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində olmaqla Cavabdeh MMC-nin Əcəmi,Yasamal, Sumqayıt, Həzi Aslanov ünvanlarında yerləşən filiallarına mallar göndərilmişdir. Göndərilən malların ƏDV-siz ümumi məbləği 50743.35, malların ƏDV məbləği isə 9133.79 təşkil etmişdir. 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi”-nin 1.1-ci maddəsinə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbuledib əvəzində müəyyən edilmiş pulməbləğini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci maddəsinə müvafiq olaraq, Alıcı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq Malın təchizatı müqabilində ödəniş edəcək. Müqavilənin 3.2-3.4-cü müddəaları ilə müəyyən edilmişdir ki, bütün ödənişlər hesabfaktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir. Hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür. Ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Məlum etmək istəyirik ki, müqaviləyə uyğun olaraq Alıcının sifarişləri əsasında mallar onun mülkiyyətinə verilmiş, Alıcı isə Malı qəbul etmişdir. Habelə tərəfimizdən göndərilmiş elektron qaimələr cavabdehlər tərəfindən qəbul edilmişdir. Lakin müqavilə öhdəlikləri üzrə yaranmış məbləğ ödənilməmişdir. Təchizatçı tərəfindən sifariş edilən mallar razılaşdırılmış vaxtda tam şəkildə icra edilmiş və çatdırılmışdır. Müqavilə öhdəliklərinin icrası məqsədilə cavabdeh sifarişçi tərəfindən elektron qaimələr üzrə bizə 59877.14 miqdarında pul vəsaiti ödənilməli idi. 30 avqust 2022-ci il tarixində 29 mart 2022-ci il tarixli, № AYS003/22 saylı “Təchizat müqaviləsi” üzrə malların dəyəri qismində Cavabdeh MMC tərəfindən 2000 manat pul vəsaiti ödənilmişdir. 57877.14 manat məbləğində öhdəlik isə icra edilməmişdir. Bundan əlavə Sifarişçi tərəfindən müqavilə öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməməsi nəticəsində Təchizatçıya, yəni hazırki iddia tələbi üzrə iddiaçıya əldən çıxmış fayda şəklində maddi zərər dəymişdir. Belə ki, 2023-cü il üçün Milli Bankın uçot dərəcəsi üzrə hesablanarsa, minimum 5208.94 manat məbləğində ziyana məruz qalıblar. Və həmin ziyanın hesablanmasına dair iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı izahatdan görünür ki, iş üzrə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdikləri çıxarışdan görünür ki, 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi”-nə əsasən cavabdehə müxtəlif tarixlərdə mallar göndərilmiş və həmin malların göndərilməsinə dair e-qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Malların göndərilməsi 2022-ci il ərzində olduğundan və cavabdeh öhdəliklərini cari 01 (bir) il ərzində icra etmədiyindən dəymiş maddi ziyan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2023-cü il üçün müəyyənləşdirilmiş uçot dərəcəsi (9 %) ilə hesablanmışdır. Sadə riyazi hesablama (57877.14*9/100=5208.94) ilə əldən çıxmış faydanın 2023-cü il üçün (12 təqim ayı) minimum 5208.94 (beş min iki yüz səkkiz manat 94 qəpik) olması müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, cari il ərzində cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra olunmadığı üçün iddia tələbi əldən çıxmış fayda şəklində tələb etdikləri 5208.94 (beş min iki yüz səkkiz manat 94 qəpik) məbləğində pul vəsaiti hissəsində də təmin olunmalıdır.

3. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə EMİS vasitəsi ilə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsini qəbul etmədiklərini və aşağıdakılara əsasən iddia ərizəsinin təmin edilməməli olmasını bildirdilər. İlk əvvəl - iddiaçı trəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndirirlər. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edir. Üzləşmə aktının olması malın verilməsini təsdiq etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri, nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktında 51906,22 manat göstərilsə də, cavabdehin iddiaçıya ödənilməyən borcu 57877,14 manat təşkil edir. Belə ki, tərəflər arasında razılıq olmuşdur ki, əgər vaxtında borc ödənilsə, iddiaçı tərəfindən müəyyən güzəşt olunacaq. Lakin həmin məbləğ ödənilmədiyi üçün elektron qaimələrlə öz təstiqini tapan bütün məbləği tələb edirlər.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddiaçı MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AYS003/22 saylı alqı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin predmeti

11. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları Alının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin dəyəri və ödəniş şərtləri

13. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir.

14. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.

15. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Hesab-fakturanın təqdim edildiyi gündən etibarən 10-cu gün Alıcı tərəfindən mail vasitəsilə Təchizatçıya xatırlatma göndərilir. Bundan sonra qeyd olunan müddətdə ödəniş olunmazsa Alıcı tərəfindən Təchizatçıya ödəniləcək məbləğ də həmin müddətə qədər gecikdirilir.

16. Tərəflərin hüquq və vəzifələri.

17. Həmin müqavilənin 4.1.8-ci bəndinə əsasən Mal təchizatçı tərəfindən təhviltəslim aktı əsasında Alıcının nümayəndəsinə təhvil verilməklə çatdırılır.

18. Tərəflərin məsuliyyəti

19. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə riayət etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

20. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən Təchizatçı lazımi keyfiyyətdə olmayan Mal təchiz etdiyinə görə üçüncü şəxslərə dəyən hər hansı zərər üçün tam məsuliyyət daşıyır və Alıcının müştəriləri tərəfindən verilən bütün iddialardan Alıcını qoruyur.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Onlayn kargüzarlıq və E-VHF sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066929 saylı elektron qaiməyə əsasən 35 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066685 saylı elektron qaiməyə əsasən - 89,68 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066598 saylı elektron qaiməyə əsasən - 1042,58 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066371 saylı elektron qaiməyə əsasən - 134,52 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 065945 saylı elektron qaiməyə əsasən - 589,28 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 065309 saylı elektron qaiməyə əsasən - 1405,39 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 064935 saylı elektron qaiməyə əsasən - 2353,5 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 058992 saylı elektron qaiməyə əsasən - 1425,49 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 040353 saylı elektron qaiməyə əsasən -1824,67 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 038340 saylı elektron qaiməyə əsasən - 3682,76 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 017461 saylı elektron qaiməyə əsasən - 3712,35 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 012881 saylı elektron qaiməyə əsasən - 1085,81 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 010290 saylı elektron qaiməyə əsasən - 2453,1 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 007073 saylı elektron qaiməyə əsasən - 5717,94 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 981666 saylı elektron qaiməyə əsasən - 3925,95 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 979783 saylı elektron qaiməyə əsasən - 1847,48 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 978098 saylı elektron qaiməyə əsasən - 2816,37 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 976058 saylı elektron qaiməyə əsasən - 6186,41 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644152 saylı elektron qaiməyə əsasən - 5078,80 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644154 saylı elektron qaiməyə əsasən - 1747,39 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644156 saylı elektron qaiməyə əsasən - 691,37 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644160 saylı elektron qaiməyə əsasən - 3108,86 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644162 saylı elektron qaiməyə əsasən - 1614,83 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644164 saylı elektron qaiməyə əsasən - 365,15 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644166 saylı elektron qaiməyə əsasən - 2674,47 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644168 saylı elektron qaiməyə əsasən - 4257,98 manat dəyərində (cəmi 59877,14 manat) mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş.

22. Qeyd olunan bütün elektron qaimələr sistem tərəfindən deyil cavadeh Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir.

23. İyun-sentyabr 2022-ci il tarixli mailto:office@aklass.azElektron ünvan 1 və mailto:eibadli@topsupermarket.azElektron ünvan 2 elektron poçt ünvanlarından göndərilən elektron məktublardan görünür ki, iddiaçının və Cavabdeh MMC-nin əməkdaşları arasında alınmış/satılmış mallara dair endirimlərin, kompaniyaların keçirilməsi barədə işgüzar yazışmalar həyata keçirilmişdir.

24. Yelobank ASC tərəfindən təqdim edilmiş əməliyyat üzrə məlumatdan görünür ki, Cavabdeh MMC tərəfindən 30 avqust 2022-ci il tarixində ödəniş təyinatı xx.xx.2022-ci il tarixli AYS003/22 saylı müqavilə üzrə İddiaçı MMC-nin hesabına 1694,92 manat məbləğində vəsait köçürülmüşdür.

25. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə qarşılıqlı üzləşdirmə aparıldığı və xx.xx.2022-cı ilə borc qalığının 51.906,22 manat olduğu təsdiq olunmuşdur. Cavabdeh MMC-nin adından həmin aktı Şahid imzası ilə təsdiq etmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 06 dekabr 2023-cü il tarixli 3-17-5/2-50053/2023 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Şahid X3 MMC-də mühasib-operator vəzifəsində işləmişdir.

27. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

29. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 46266 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.

30. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

31. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.8-ci bənidnə əsasən satıcı hesab faktura təqdim edir və alıcı həmin hesabfaktura əsasında 14 təqvim günü ərzində ödənişi həyata keçirir.

33. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə cəmi 59877,14 manat dəyərində olan mallar elektron qaimə-fakturalar əsasında verilmişdir. Həmin elektron qaimələr sistem tərəfindən deyil, bilavasitə cavadeh şirkətin özü tərəfindən təsdiq edilmişdir. Qeyd olunan malların dəyərindən cavabdeh tərəfindən 2000 manat ödənilsə də, 57877,14 manat ödənilməmiş qalmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbinin 57877,14 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, üzləşmə aktında borc məbləği cəmi 51906,22 manat göstərilmişdir (həmin aktının mövcüdlüğü cavabdehin etirazında da öz təstiqini tapır), təqdim olunan bütün elektron-qaimələrin cəmi məbləği 59877,14 manat təşkil edir və ödənilmiş 2000 manat çıxıldıqdan sonra 57877,14 manat qalır.

38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

40. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

41. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

42. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

43. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

44. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

45. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir, borcun mövcüdluğuna dair şirkətin mühasibi tərəfindən üzləşmə aktı belə təsdiq edilmişdir.

46. Beləliklə, 57877,14 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia ərizəsi təmin edilməlidir.

47. Bundan əlavə məhkəmə iddia tələbinin 5208,94 manat faiz borcu hissəsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

48. Belə ki, iddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddələrinə istinad etmək cavabdehdən tələb etmişdir.

49. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.

50. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.

51. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

52. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

53. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

55. Belə ki, məhkəmə 2022-cı ildə iddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələrin göndərildiyini və göndərilmə tarixindən 14 təqvim günü ərzində həmin qaimələr üzrə ödənişin edilmədiyi nəzərə alaraq hesab edir ki, əsas borca illik 5 faiz (iddiaçının iddia ərizəsində və yazılı izahatında tələb etdiyi yalnız 2023-cü il üçün) hesablanmaqla 2894 manat (57877,14 x 5/100) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli AYS003/22 saylı təchizat müqaviləsi üzrə 57.877,14 (əlli yeddi min səkkiz yüz yetmiş yeddi manat, on dörd qəpik) manat borc məbləği və 2894 (iki min səkkiz yüz doğsan dörd) manat faiz borcu tutularaq İddiaçı MMCyə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar