Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4441/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat, borc, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 16 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 10 620 manat (ƏDV daxil ) əsas borcun, əsas borca illik 5% hesablanmaqla 218,44 manat olmaqla, ümumilikdə 10838,44 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli 16 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə xx.xx.2022ci il tarixli 1 Saylı Əlavəyə əsasən xidmətin icra olunma və təhvil müddəti 01 dekabr 2021ci il tarixindən 31 may 2022-ci il tarixə qədər olmuşdur. Göstərilən xidmətin müqabilində 01 dekabr 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixə qədər olan xidmət haqqı tam ödənilmiş, 01 mart 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə qədər olan 3 aylıq xidmət haqqı, yəni 10.620 manat isə ödənilməmişdir. 3 aylıq ödənişin Cavabdeh QSC tərəfindən ödənilməməsinə əsas olaraq Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlan 04 aprel 2022-ci il tarixli 04/077 nömrəli məktubda bildirilmişdir ki, müqavilənin 1 Saylı Əlavəsində göstərilən xidmətlərdəki qüsurlar İddiaçı MMC tərəfindən tam aradan qaldırılmadığı təqdirdə həmin müqaviləyə Cavabdeh QSC tərəfindən xitam veriləcəkdir. Lakin qeyd olunan məktubda stendlərdə olan qüsurun tərkibi və açıqlaması bildirilməmişdir. Onlar tərəfindən həmin məktuba cavab olaraq Cavabdeh QSC-yə xx.xx.2022-ci il tarixli 017 nömrəli məktub ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, göstərilən qüsurun aradan qaldırılması tələb olunur, lakin məktubda qüsurun tərkibi və açıqlanması bildirilməmişdir. Hər iki tərəfin nümayəndəsinin iştirakı ilə reklam qurğusuna baxış keçirilsin və qüsur aktı hazırlansın. Qüsur aktı hazırlandıqdan sonra 3 iş günü və ya əgər qüsurun aradan qaldılmasına daha çox vaxt lazım gələrsə razılaşma yolu ilə müddət təyin edib, müqavilədə olan öhdəlik yerinə yetiriləcəkdir. Stendlərə yerində baxış keçirilmiş, lakin həmin vaxt qüsurun nədən ibarət olması baxışda iştirak edən Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi tərəfindən qeyd edilməmişdir. Bundan başqa, "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2019-cu il tarixli ABM 18/2 nömrəli İcarə müqaviləsinə əsasən X5 Parkingde ekskluziv olaraq laytbokslarda reklamlar yerləşdirilməsi məqsədilə "xxxx" MTK həmin sahəsini İddiaçı MMC-yə istifadəyə verib, onlar müqavilədə göstərilən şərtlərə əsasən reklamları həmin sahəyə yerləşdirilməsi və bunun müqabilində müəyyən məbləğdə "xxxx" MTK-ya ödəniş edilməsi öhdəliyini üzərlərinə götürmüşlər. İddia ərizəsinə əlavə edilən elektron qaimələrdən də müəyyən edilir ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən həmin elektron qaimələr üzrə "xxxx" MTK-ya ödənişlər edilmişdir. Beləliklə, tərəflər arasında bağlanılmış Xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, müqavilənin 1 Saylı Əlavəsində göstərilən xidmətlər Cavabdeh QSC-yə göstərilmiş, lakin cavabdeh tərəfindən Müqavilə və müqaviləyə əlavə əsasında ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmişdir. Pulun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik hesablanan 5 faiz məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər hesablanmalıdır və həmin məbləğ 218,44 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 752.1, 445.7-ci maddələri qeyd olunmuşdur. II. Tərəflərin mövqeyi
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı cavabdehin reklamını X5 Parkingdə yerləşdirilməsi ilə xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli məktubu aldıqdan sonra reklam qurğusuna baxış keçirmək üçün dərhal cavabdeh tərəf dəvət olunmuş, cavabdeh xx.xx.2022-ci il tarixdə baxış üçün nümayəndəsini göndərmişdir. Baxışın nəticəsinə dair akt tərtib olunmuş, lakin cavabdehin nümayəndəsi aktı imzalamamışdır.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən nümayəndə X4 bildirmişdir ki, reklam lövhəsinə 20 may 2022-ci il tarixdə onun iştirakı ilə baxış keçirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, reklam qurğusuna gec baxış keçirilməsinin səbəbi iddiaçı ilə əməkdaşlıqlarını daha 2 ay davam etdirmək niyyətində olmaqları olmuşdur. Qüsur isə ondan ibarət olmuşdur ki, reklam qurğusunun üzərinə toz yığılmış, işıqlandırma zəif olmuşdur.
6. Cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, reklam yerləşdirilməsiında qüsurun olmasına görə iddiaçının nümayəndəsi ilə whatsappla uzun müddət onların nümayəndəsi arasında yazışma olmuş, iradlarını bildirmişlər, lakin bir nəticə hasil olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qeyd olunan yazışma 2021ci ilin dekabr ayının sonuna qədər davam etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, iddiaçı reklamın yerləşdirilməsiını həyata keçirdiyi ilk gündən qüsur olmuş, onlar tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda müqaviləni ləğv edəcəkləri qeyd olunmuş, müqavilənin 2.2-ci bəndinə əsasən müqaviləyə onlar tərəfindən xitam verilmişdir.
7. Məhkəmənin baxış iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, məhkəməyə yazılı vəsatət verərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən iddiaçının iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi
10. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektibliyi və ədalətliliyi üçün zəruridir.
11. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
12. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək iş materialları əsasında müəyyən edir ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsi bağlanmış, icraçı müqaviləyə əlavədə qeyd edilən xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş, xidmətin məzmunu reklam yerləşdirilməsiının həyata keçirməkdən ibarət olmuşdur. Müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən xidmətlərin göstərilməsi müddəti xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, 6 ay üçün xidmət haqqı 21240 ( 18000 manat xidmət haqqı+ 3240 manat ƏDV olmaqla) manat razılaşdırılmışdır. Dekabr, yanvar, fevral, mart ayları üzrə icraçı tərəfindən hesab fakturalar tərtib olunmuş, sifarişçiyə elektron qaimələr təqdim olunmuş, tərəflərin imzası və möhürü ilə təsdiq olunmuş hər ay üzrə xidmət haqqı barədə müqaviləyə Əlavələr və icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsinə dair Aktlar tərtib olunmuşdur. Cavabdeh tərəfindən dekabr, yanvar, fevral ayları üçün ödənişlər həyata keçirilmişdir.
13. İddiaçı bildirir ki, müqavilə üzrə öhdəliyini tam icra etmiş, müqaviləyə 01 saylı Əlavədə razılaşdırılmış qaydada 01 dekabr 2021-ci il tarixdən 31 may 2022-ci il tarixədək reklam yerləşdirilməsiını həyata keçirmiş, cavabdeh dekabr, yanvar, fevral ayları üzrə reklam yerləşdirilməsinə görə xidmət haqqını ödəsə də, öhdəliyini tam icra etməyərək mart, aprel, may ayları üçün xidmət haqqını təşkil edən 10 620 (ƏDV daxil) manat məbləğində pulu ödəməmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və reklam yerləşdirilməsiındə ilk gündən qüsurlar olduğunu, müqavilənin 2.2-ci bəndinə əsasən müqaviləyə onlar tərəfindən xitam verildiyini bildirir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2022-ci ilin mart, aprel, may ayları üçün ödənilməmiş xidmət haqqı borcunun tutulmasını xahiş etmişdir. Belə olan halda hazırkı mübahisənin predmetini 2022-ci ilin mart, aprel, may ayları üçün ödənilməmiş xidmət haqqı borcunun olub-olmaması təşkil edir.
16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. İddiaçı cavabdehə reklam yerləşdirilməsi xidmətini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
17. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
18. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
19. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
20. Bu baxımdan iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Hazırkı işdə iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, mart, aprel, may ayları üzrə reklam yerləşdirilməsinı həyata keçirmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
22. Belə ki, xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 1.2-ci bəndinə əsasən xidmətin təsviri, həcmi, dəyəri, icra olunma və təhvil müddətləri və digər şərtlər Əlavədə əks olunur. Müqaviləyə xx.xx.2021- ci il tarixli 1 saylı Əlavə ilə tərəflər xx.xx.2021-xx.xx.2022-ci il tarixlər üçün xidmət göstərilməsi barədə razılaşıblar.
23. Xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixli 4 saylı Əlavədən görünür ki, tərəflər mart ayı üçün qiymət təsbit etmişdir. Tərəflərin möhür ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli 4 saylı aktdan isə görünür ki, icraçı mart ayı üzrə reklamların yerləşdirilməsinə görə bütün öhdəliklərini yerinə yetirmişdir.
24. Göründüyü kimi mart ayı üzrə icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsi sifarişçi tərəfindən təsdiq olunmuşdur və bu mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə aprel və may ayları üzrə xidmətin göstərildiyi və xidmət haqqının tutulması barədə iddiaçının mövqeyini əsaslı, müqaviləyə birtərəfli xitam verdiyi ilə bağlı cavabdehin arqumentini isə əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir.
25. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sifarişçi xidmət müqaviləsinin 2.2-ci bəndinə istinad edərək bildirmişdir ki, xidmətlərin göstərildiyi ilk gündən stendlərdə olan qüsurları onlara bildirməklərinə baxmayaraq nöqsanlar aradan qaldırılmamışdır. 3 iş günü ərzində göstərilən xidmətlərdəki qüsurlar tam aradan qaldırılmadığı təqdirdə müqavilənin 2.2 və 3.1.3-ci bəndlərinə əsasən müqaviləyə xitam veriləcəkdir.
26. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qüsurun tərkibi və açıqlamasının bildirilmədiyi qeyd olunaraq, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə reklam qurğusuna baxış keçirilməsi və qüsur aktı hazırlanması icraçı tərəfindən təklif olunmuş, qüsur aktı hazırlandıqdan sonra 3 iş günü və ya əgər qüsurun aradan qaldırılmasına daha çox vaxt lazım olarsa razılaşma yolu ilə müddət təyin edib müqavilədə olan öhdəliyin yerinə yetiriləcəyi bildirilmişdir.
27. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktdan tərəflərin nümayəndələrinin iştirakları ilə reklam qurğusuna baxış keçirildiyi, heç bir nöqsan aşkar edilmədiyi, baxışda iştirak edən sifarişçinin İlkin adlı nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyi görünür.
28. Əvvəla məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda göstərilən xidmətdə ilk gündən qüsur olduğunu qeyd etsə də, dekabr, yanvar, fevral, mart ayları üzrə xidmətin nəticəsinin sifarişçi tərəfindən qəbul edildiyi və icraçının bütün öhdəliklərini icra etdiyi işdə olan sübutlarla öz təsdiqini tapır. Belə olan halda xidmətdə ilk gündən qüsurun olması barədə cavabdehin məktubda qeyd etdiyi arqument əsaslı sayıla bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xidmətdə olan qüsurlarla bağlı dekabr ayının sonuna qədər tərəflər arasında yazışmanın olduğunu qeyd etsə də, həmin aydan sonrakı üç ay üçün sifarişçi tərəfindən xidmətin nəticəsinin qəbul edilməsi bir daha təsdiq edir ki, cavabdehin etirazının qeyd olunan əsası əsassızdır.
29. Məhkəmə qeyd edir ki, müqavilədə göstərilən xidmətdə qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunarsa müqaviləyə birtərəfli qaydada xitam verilməsi imkanı nəzərdə tutulsa da, bu imkan qüsur, nöqsan və ya çatışmazlığın aradan qaldırılması və ya xidmətlərin yenidən göstərilməsi üçün sifarişçi tərəfindən müəyyən müddət təyin edilməsi, bu müddət ərzində qeyd olunan hallar aradan qaldırılmazsa müqaviləyə birtərəfli xitam verilə bilməsi şərti ilə şərtləşdirilmişdir.
30. xx.xx.2022-ci il tarixli məktubda “stendlərdə qüsur”, “xidmətlərdəki qüsur” kimi ümumi ifadələr qeyd olunmuş, qüsurun nədən ibarət olması konket göstərilməmişdir.
31. İddiaçı tərəf bildirir ki, qüsurun nədən ibarət olmasının müəyyən olunması üçün həm xx.xx.2022-ci il tarixli məktubla, həm də şifahi qaydada dəvət olunsa da, cavabdeh stendə baxış keçirilməsi üçün nümayəndəsinin iştirakını xx.xx.2022-ci il tarixdə təmin etmişdir.
32. Məhkəmə iclasında X4 reklam qurğusuna onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirildiyini, reklamın üzərində toz olduğunu, işıqlandırmanın zəif olduğunu bildirmişdir. Reklam qurğusuna gec baxış keçirilməsinin səbəbi kimi bildirmişdir ki, onlar iddiaçı ilə əməkdaşlıqlarını daha 2 ay davam etdirmək niyyətində olublar, ona görə qeyd olunan tarixdə baxış üçün gedib.
33. Göründüyü kimi cavabdeh müqavilənin xitamı əsası olaraq istinad etdiyi müqavilə şərtinə əməl etməmiş, qüsurun nədən ibarət olmasını icraçıya bildirməmiş, qüsurun müəyyən olunması üçün reklam qurğusuna baxışda nümayəndəsinin iştirakını reklamın yayımının razılaşdırılmış son tarixinə (xx.xx.2022) az bir müdət qalmış, yəni xx.xx.2022-ci tarixdə təmin etmişdir. Xidmətdə qüsurun olması ilə bağlı hər hansı akt tərtib olunmamış, baxışdan sonra icraçıya bununla hər hansı müraciət olmamışdır.
34. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
35. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün xidmətlərin göstərilməsinə dair sənədlər sifarişçiyə göndərilmişdir.
36. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktdan və xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, aprel və may ayları üzrə xidmətlərin yerinə yetirildiyinə dair akt icraçı tərəfindən təsdiq olunaraq sifarişçinin təsdiq etməsi üçün göndərilmiş, sifarişçiyə hesab-faktura təqdim olunmuşdur.
37. Belə olan halda, məhkəmə hesab edir ki, sifarişçi yerinə yetirilmiş işi qəbul etməli və göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş pulu ödəməli idi.
38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
39. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
40. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi mart, aprel, may ayları üzrə tam icra etmiş, cavabdeh isə mart, aprel, may ayları üzrə göstərilmiş xidmət haqqlarını ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur.
43. Xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən 6 ay üçün xidmət haqqı 21240 ( 18000 manat xidmət haqqı+ 3240 manat ƏDV olmaqla) manat razılaşdırılmışdır.
44. Beləliklə, cavabdehin mart, aprel, may ayları üçün iddiaçıya ödənilməmiş 10620 ((21240:6)x3) manat borcu qalmışdır.
45. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalı, 10620 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə faiz məbləğinin ödənilməsi tələbi ilə bağlı
46. İddiaçı iddia ərizəsində pul öhdəliyinin icrasını gecikdirdiyinə görə illik beş faiz məbləğində 218,44 manat vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
47. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
48. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
49. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
50. Hazırkı iş üzrə cavabdeh tərəfindən 10620 manat pulun ödənilməsi gecikdirildiyindən məhkəmə hesab edir ki, iddiaçının borclunun icranı gecidirməsi səbəbindən əsas borca illik 5% həcmində pul tələb etmək hüququ yaranmış və məhkəmə qaydasında irəli sürülmüş həmin tələb qanuni və əsaslıdır. Lakin iddia həmin hissədə qismən əsaslıdır.
51. Belə ki, müqavilədə hesablaşma qaydasının Əlavə ilə müəyyən olunduğu qeyd olunmuş, müqaviləyə Əlavədə isə ödənişin edilməsinin dəqiq tarixi müəyyən olunmamışdır. Əvvəlki aylar üzrə ödənişlər müxtəlif tarixlərdə edilmişdir. İddiaçı 5%-in 28 iyul 2022-ci il tarixədək hesablanmasını tələb edir, 1 ay üçün xidmət haqqı isə 3540 manat təşkil edir. Ödənişlərin edildiyi əvvəlki tarixləri nəzərə alaraq məhkəmə qeyd edir ki, mart ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 125 gün, aprel ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 95 gün, iyun ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 64 gün üçün hesablanıb tutula bilər. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş əsas borca görə gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 137,17 ((3540x5%):100% (1 illik 177 manat) : 365 gün ( 1 gün 0,********** manat) x 284 (125+95+64)) manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
52. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
53. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
54. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 iyul 2022-ci il tarixli MSB/5-02430 nömrəli arayışdan görünür ki, Cavabdeh QSC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 4 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin arayışda qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
55. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 10620 (on min altı yüz iyirmi) manat əsas borc, 137 (yüz otuz yeddi) manat 17(on yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 10757 (on min yeddi yüz əlli yeddi) manat pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh QSC -dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova