Məhkəmə qərarları › İş №e-2-2(113)-448/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-448/2024

09.10.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-448/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qeyri yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi) X10 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qeyri yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2073-cü məhəllədə (Böyük Şor gölü ətrafında) sahəsi 800 kv.m olan anbarın Cavabdeh tərəfindən boşaldılması, anbardan istifadə nəticəsində 112,000.00 manat icarə haqqının, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 402 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Bələdiyyəsi ilə bağlanmış 14 avqust 2012-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsinə dair” 02 nömrəli müqavilə əsasında Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2073-cü məhəllədə (Böyük Şor gölü ətrafında) kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı 800.0 kv.m torpaq sahəsi ayrılmış, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 504 nömrəli Sərəncamına əsasən həmin torpaq sahəsində inşa edilmiş anbar binasının fərdi layihəsinə uyğun olaraq sənədləşdirilməsinə icazə verilmiş və 15 avqust 2014-cü il tarixində anbar binası fəaliyyət göstərməsi üçün Nərimanov RİH, FHN və Nərimanov Rayon GEM-in nümayəndələrinin iştirakı ilə istismara qəbul edilmişdir. Anbar əvvəllər iddiaçı tərəfindən icarəyə verilmiş və sonradan icarəçi icarə haqqını ödəyə bilmədiyindən anbardan çıxarılmışdır. İddiaçı X6 anbarı idarə etmək üçün xx.xx.2020-ci il tarixdə etibarnamə verilmiş və sonradan Etibarnamə tərəfindən xx.xx.2022-ci ildə ləğv edilmişdir. X7 etibarımdan sui istifadə edərək anbarı müxtəlif vaxtlarda iddiaçıya xəbər vermədən icarəyə vermiş, icarədən aldığı icarə haqqı barədə iddiaçıya məlumat verməmiş və icarə haqqını hesabıma ödəmədən mənimsəmişdir. Bu özbaşnalıq azmış kimi, hətta tutduğu əməllərə haqq qazandırmağa çalışaraq oğlum Şahlar Əliyevi təhdid etmişdir. Onun bu özbaşnalıqları ilə bağlı şikayətim əsasında Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində aparılan araşdırmada məlum olmuşdur ki,anbar sahibi kimi mənə məlumat vermədən "X11 X3 Temizlik Ürünleri Turizm Ticaret Limitşirketi"NİN Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********a)nbarı X5 2020-ci ilin mart ayından aylıq 4000 manata icarəyə götürmüş, ona icarə haqqı ödənilmişdir. Xüsusilə külli miqdarda təşkil edən icarə haqqı məbləği X7 tərəfindən mənimsənilmişdir və bu məbləğin dəqiq nə qədər təşkil etməsi barədə məlumatım yoxdur. Bu azmış kimi, X1 anbarı "xxxx" MMC-yə 2021-ci ilin fevral ayından aylıq 3500 manat ödəməklə icarəyə vermişdir və hazırda qanunsuz icarə münasibətləri davam edir. Bildirirəm ki, əvvəl "X11 X3 Temizlik Ürünleri Turizm Ticarlimited Şirketi"NİN Azərbaycan Respublikasındakı filialı və sonradan icarə münasibətinə girən "xxxx" MMC anbardan istifadəyə görə mənə icarə haqqı ödəməmişlər. "X11 X3 Temizlik Ürünleri Turizticaret Limited Şirketi"NİN Azərbaycan Respublikasındakı filialı və sonradan icarə münasibətinə girən "xxxx" MMC bütün hüquqmüəyyənedici sənədlərin mənə aid olmasına baxmayaraq anbardan istifadəyə görə mənə icarəı haqqı məbləğini ödəməmişdir. "xxxx" MMC-yə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2073-cü məhəllədə (Böyük Şor gölü ətrafında) sahəsi 800 kv.m olan anbarın 15 gün ərzində boşaldılması və dəymiş ziyanın ödənilməsi barədə Pretenziya və Mediasiyanın tətbiqinə dair Təklif göndərməyimizə baxmayaraq, Cavabdeh anbardan istifadə etməklə yanaşı icarə haqqı ödəməməkdə davam edir. Ümumiyyətlə "X11 X3 Temizlik Ürünleri Turizm Ticaret Limitşirketi"NİN Azərbaycan Respublikasındakı filialı və sonradan icarə münasibətinə girən "xxxx" MMC ilə bağlanmış icarə müqavilələrindən xəbərim olmamışdır və mənə təqdim edilməmişdir. Buna görə də, qanunsuz olaraq bağlanmış icarə müqaviləsi əsasında mənə məxsus anbar istifadə edilməkdədir və mən dəfələrlə anbara yaxınlaşıb istifadə edən şəxsin rəhbərliyi ilə görüşmək istəsəm də bu mümkün olmamışdır. Bu səbəbdən anbarın boşaldılmalı və 2021-ci ilin fevral ayından başlayaraq 2023-cü ilin sentyabr ayı daxil olmaqla mənə 112,000 manat icarə haqqı ödənilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, mən Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2073-cü məhəllədə (Böyük Şor gölü ətrafında) sahəsi 800 kv.m olan anbara sahiblik və istifadə edə bilmirəm. Bununla yanaşı mənim icarə hüququm pozulmuşdur, əgər bu hüququmdan istifadə edə bilsəydim onu girov qoyub işlər görülməklə gəlir əldə edə bilərdim.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi rədd edilməlidir, çünki iddaçının qeyd edilən əmlakın mülkiyyətçisi deyil, və heç bir hüququ yoxdur.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İş materiallarında olan icarə müqaviləsinin məzmunundan görünür ki, İddiaçı (“icarəçi”) Nərimanov rayon Nərimanov Bələdiyyəsi (“icarəyə verən”) arasında imzalanmış xx.xx.2012-ci il tarixdə 02 torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “icarəyəverən” icarə əsasında sahəsi Dərnəgül-Böyük Şor göl ətrafı 2073-cü məhəllə 800 m2 olan ərazini “icarəçiyə” 15 il müddətinə istifadəyə verir.

10. Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 03/332 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyə iclasının xx.xx.2023-cü il tarixli 16 saylı qərarına əsasən İddiaçı Təvəkkül oğlunun 13 avqust 2012-ci il tarixli, Ə-14 saylı ərizəsinə əsasən bağlanmış, 14 aqvust 2012-ci il tarixli 02 saylı torpaq icarə müqaviləsi ləğv olunmuşdur.

V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: -139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3.-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

13. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

15. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

16. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

18. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

20. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

21. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Vİ.Məhkəmənin mövqeyi:

22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

23. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2073-cü məhəllədə (Böyük Şor gölü ətrafında) sahəsi 800 kv.m olan anbarın Cavabdeh tərəfindən boşaldılması, anbardan istifadə nəticəsində 112,000.00 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir.

24. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, mübahisəli anbar özbaşına tikilidir, həmçinin hazırda iddiaçı və cavabdeh arasında heç bir icarə müqaviləsi mövcud deyil.

25. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Əliyev X2 rayon Nərimanov Bələdiyyəsi arasında xx.xx.2012-ci il tarixdə 02 torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanmış,həmin müqavilə Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyə iclasının xx.xx.2023-cü il tarixli 16 saylı qərarına əsasən ləğv olunmuşdur.

26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar kserosurət olduğundan, iddiaçının nümayəndəsinə hazırlıq iclaslarında təqdim edilmiş sübutların əslini və ya təsdiq olunmuş surətlərini təqdim etməsi təklif edilməsinə və bunun üçün vaxt verilməsinə baxmayaraq həmin sübutlar MPM-nin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən kserosurət olan sənədlər ümumiyyətlə sübut hesab edilə bilməz. (MPM-nin 89.3-cü maddəsi)

27. Halbuki iş materiallarından görünən odur ki, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçı tərəfindən təqdim edilən yeganə sübut xx.xx.2012-ci il tarixdə 02 torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə ləğv edilmişdir.

28. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

30. Məhkəmə iddia tələbinin anbarrın boşaldılaraq ona təhvil verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsassız hesab edərək qeyd edir ki, qeyd edilən mübahisəli anbarın iddiaçıya məxsus olmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı tərəfindən bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlakın cavabdehdən tələb edilməsi barədə iddia əsassızdır. Həmçinin icarə haqqı olaraq 112000 manat pul tələbinə dair tələbi məhkəmə əsassız hesab edərək qeyd edir ki, mübahisəli anbarın iddiaçıya məxsus olmasına dair heç bir sübut təqdim edilmədiyindən, hazrkı halda qeyd edilən əmlakla bağlı pul tələbi əsassızdır həmçinin tərəflər arasında ümumiyyətlə icarə müqavilə mövcud olmamışdır.

31. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddianı qaldırmağa sübyektiv hüququ olmamışdır.Belə olan halda iddiaçı cavabdehin hazırda mövcud olmayan öhdəliyinə əsaslanmaqla qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə görə 112 000 manat icarə haqqının ödənilməsini tələb etməkdə də haqlı olmamışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir.

32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qeyri yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar