Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4480/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Lacoste SE” şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2021-cİ il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində xx.xx.2029-cu il tarixinə qədər qüvvədə olduğu qeyd edilir.
2. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2021-cİ il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE adına qeydiyyata alınan 437000 saylı “LACOSTE” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin beynəlxalq Nitsa təsnifatının 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 31, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində xx.xx.2028-ci il tarixinə qədər qüvvədə olduğu qeyd edilir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “Lacoste Se” şirkətinin etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/063 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş “LACOSTE” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir.
4. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1100/046Q saylı malların buraxılışının dayandırılması haqqında qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə daxil olunmuş mallara gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olması əlamətlərinin aşkar edilməsi səbəbindən malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır.
5. Həmçinin, Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025ci il tarixli, 3-39-1100/054Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla cavabdeh tərəfidən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş və **********52810 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların buraxılışının dayandırılmasının daha 10 iş günü müddətinə uzadılması qərara alınmışdır.
6. Bundan başqa, gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqında xx.xx.2025-ci il tarixdə gömrük əməkdaşı və iddiaçının nümayəndəsi tərəfindən tərtib edilmiş Akt əsasında ELMRUH20DEK saylı invoys əsasında idxal edilən 2 cüt idman ayyaqqabısı nümunə üçün götürülmüşdür.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli №3-33-1100/046Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh “tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış zamanı **********5810 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 672 cüt (560 kq) idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquq sahibi, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (“LACOSTE”) ünvanlanmış xx.xx.2025-ci il tarixli №3-33-1100/046Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərara və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” verdiyi xx.xx.2025-ci il tarixli №046Q saylı Bildirişə əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********5810 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 672 cüt (560 kq) idman ayaqqabıları, **********) kontrafakt olması əlamətləri aşkar olunmuş, həmin malların buraxılışı 10 iş günü müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) və bəyannaməçi olan cavabdehə dərhal yazılı bildiriş göndərilmiş, eyni zamanda, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli №3-33-1100/046Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarının təsdiqlənmiş surəti hüquq sahibinin “Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 xx.xx.2025-ci ildə təqdim olunmuşdur. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə mallardan prob və nümunələrin götürülməsi haqqında xx.xx.2025-ci il tarixli müvafiq Akt tərtib edilmişdir. Şirkətin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nəriman Ramazanov buraxılışı dayandırılmış malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Şirkətinin müraciəti əsasında AR DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli №3-33- 1100/054Q saylı qərarına həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 iş günü müddətinə uzadılmışdır. Malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə Nəriman Ramazanova, idxalçı (mal sahibi) və cavabdehə dərhal yazılı Bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq həmin qərarlar inzibati qaydada mübahisələndirilməmişdir. Şirkət müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 672 cüt (560 kq) idman ayaqqabıları, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 ay müddətinə həbsin qoyulmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-379/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixinədək həmin malların üzrəinə həbs qoyulmuşdur. Cavabdeh həmin qərarların ləğvinə dair şikayət verməmişdir. Bu fakt isə öz növbəsində cavabdehin Bakı Baş Gömrük İdarəsinin və Bakı Kommersiya Məhkəməsinin qərarları ilə razı olduğunu və idxal etdiyi malların kontrafakt olduğunu və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini təsdiqləyir. “İddiaçı” Şirkətinə məxsus “LACOSTE” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” Şirkətinə məxsus “LACOSTE” və digər əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh yazılı etirazını məhəməyə təqim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qadada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunu:
11. Maddə 25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
12. Maddə 26. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
13. Maddə 32. Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
14. Maddə 33. Bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
15. Maddə 34. Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu.
16. Maddə 1.0.1. Əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
17. Maddə 1.0.2. Əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
18. Maddə 1.0.11. Kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
19. Maddə 3. Əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
1. Maddə 7. Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
26. Məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi zəruridir.
27. İşin faktiki halalrı ilə müəyyən edilir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında LACOSTE adına qeydiyyata alınan ******* saylı təsviri xx.xx.2029-cu il tarixinə qədər, LACOSTE adına qeydiyyata alınan 437000 saylı “LACOSTE” beynəlxalq əmtəə nişanı isə xx.xx.2028-ci il tarixinə qədər Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq vardır.
28. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsi əqli mülkiyyət hüququnu tanıyır və bütün şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına təminat verir.
29. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində verilən anlayışdan da görünür ki, əmtəə nişanından istifadə hüququ əqli mülkiyyət hüququnun oyektlərindən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi qeydiyyata alınmış əmtəə nişanının sahibinin əqli mülkiyyət hüquqlarının qorunmasında müstəsna hüququnu tanıyır.
30. Həmçinin, 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6-da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur
31. Görünüdüyü kimi, əqli mülkiyyət hüququnun obyekti olan əmtəə nişanından istifadə həm yerli, həm də beynəlxalq hüquqla qrunmasına baxmayaraq iddiaçının “LACOSTE” beynəlxalq əmtəə nişanından istifadə hüququ cavbdeh tərəfindən pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1100/046Q saylı malların buraxılışının dayandırılması haqqında qərarından görünür ki, gömrük nəzarəti qaydasında mallara baxış keçirilən zaman cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı dəmir yolu nəqliyyatı vasitəsilə daxil olunmuş və gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (672 cüt (560 kq) idman ayaqqabıları) kontrafakt olması əlamətləri aşkar edilmiş, bu səbəbdən həmin malların buraxılışı 10 iş günü müddətinə dayandırılmışdır. Cavabdeh tərəfindən gömrük orqanının həmin qərarından şikayət verilməmiş, həmçinin işə məhkəmədə baxılması zamanı cavabdeh tərəfindən malların kontrafakt olmaması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
32. Şərh olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. İşdə olan sübutlar iddiaçının tələbinin təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
33. Məhkəmə hesab edir ki, iddia tələbi 10 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Belə ki, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə müvafiq olaraq iddia tam təmin edildiyindən iddiaçının çəkdiyi xərc onun özünə qaytarılmalı, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli ELMRUH20DEK saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 94314796 (BMOU 4494599) dövlət nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsilə idxal olunaraq **********5810 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 672 cüt (560 kq) idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin və ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “İddiaçı” Şirkətinin xeyrinə ödənilsin. 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı