Məhkəmə qərarları › İş №e-2-2(113)-4485/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4485/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4485/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, birgə fəaliyyətə dair müqaviləyə xitam verilməsi, əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyətə dair müqavilə, ləğv, xitam, rüsum) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndə və vəkilləri Vəkil3, Vəkil1, Cavabdehin nümayəndə və vəkilləri Nümayəndə, Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndə və vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, birgə fəaliyyətə dair müqaviləyə xitam verilməsi, əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən **********30-06301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, Cavabdeh ilə onun arasında bağanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək onunla cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində tələbin faktiki əsası kimi qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51.4 kv.m. ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası X12 mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o və onunla birlikdə kommersiya fəaliyyəti ilə məşğul olan X6 birgə kommersiya fəaliyyətindən qazandıqları pul vəsaiti ilə hər ikisinə məxsus olan əmlak kimi almışlar. Belə ki, X6 ilə iddiaçı 2002-ci ildən başlayaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Rusiya Federasiyasından müxtəlif taxta, digər tikinti materiallarının alınıb-satılması biznes fəaliyyəti ilə əvvəlcədən o, təkbaşına məşğul olmuş, Allahyarov Nurəli onunla birlikdə işləmək istədiyini bildirmişdir. Nurəli Allahyarovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN-i olmadığından işlərin aparılmasına, idarə olunmasına o rəhbərlik edirmiş. Biznesdə olan sərmayənin 60%-i ona, 40%-i isə Nurəliyə məxsus olub. X2 birgə biznes fəaliyyətinin Cavabdeh heç bir aidiyyətı olmamış, biznes fəaliyyətlərindən əldə edilən gəlirə şərik olmamış, Cavabdeh işsiz olduğundan atasının xahişi ilə işçi kimi işə qəbul etmiş, onunla əmək müqaviləsi bağlamış, 29.04. 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanalarında qeydiyyatda olmadığı üçün və aralarında olan şifahi razılaşmaya əsasən biznes fəaliyyətinə o rəhbərlik etmiş, pul vəsaitlərini, əldə olunmuş gəlirləri o idarə etmişdir. İddiaçı Bakı şəhəri şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51.4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasını almağa dair təklif vermiş, Nurəli Allahyarovun razılığını aldıqdan sonra əmlakı almaq məqsədi ilə əmlak üzərində mülkiyyət hüququnun yaranması əsaslarını araşdırmış, əvvəlki mülkiyyətçilərlə bağlanmış alqı-satqı müqvilələrini əldə etmiş, X9 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o almış, əmlakın alıcısı kimi Cavabdeh adına alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsinə razılıq vermişdir. Müqavilə və digər səndələr onun tərəfindən Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tədim edilmiş və Cavabdeh mülkiyyət hüququ Daşınmaz Əmlakların Dövlət ReyestriXidmətinin Bakı Şəhər Ərazi İdarəsində 03. 02. 2011-ci il tarixdə qeydə alınmışdır. Onun və Nurəli Allahyarovun məqsədi köhnə, yararsız tikililəri söküb, onun yerində yeni ictimai-iaşə obyeki-restoran (Şadlıq sarayı) tikmək olmuşdur. Bu məqsədlə də o, Cavabdeh adından Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək 22 aprel 2016cı il tarixdə 89 saylı sərəncam almışdır. Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 22 aprel 2016-cı il tarixli, 89 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda yerləşən qəzalı vəziyyətdə olan və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən xüsusi mülkiyyətdə olan 0,49905 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin R. Allahyarov tərəfindən layihələndirilməsinə razılıq aldıqdan sonra torpaq sahəsində tikinti işlərinin layihələndirilməsinə, müvafiq icra hakimiyyəti orqanlarından tikintinin aparılmasına razılıqların verilməsi işlərinə başlamışdır. Torpaq sahəsində olan köhnə tikililəri sökdürüb yerində yeni 2 korpusdan ibarət şadlıq sarayı inşa etdirmişdir. Şadlıq sarayının tikinti işlərinin aparılması, ərazinin abadlaşdırılması, binaların təmir etdirilməsi, şadlıq sarayı üçün zəruri inventarların, avadanlıqların, bütün malların alınması onun tərəfindən təmin edilmişdir. Şadlıq sarayı tikilib başa çatdıqdan, fəaliyyətə başladıqdan sonra əvvəlcədən olan razılaşmaya əsasən həmin əmlakın kimin adına mülkiyyət hüququnun rəsmiləşdirilməsindən asılı olmayaraq X2 birgə mülkiyyəti hesab edilmişdir. Şadlıq sarayının bir korpusu tam hazır olduqdan sonra 11 iyul 2018-ci il tarixində “Simfoniya Hall” Şadlıq Sarayının açılış mərasimini keçirilmiş, bir korpus fəaliyyətə başlamış, digər korpusda birinci mərtəbədə yarımçıq qalmış təmir işləri iddiaçı tərəfindən davam etdirilmişdir. Şadlıq sarayı fəaliyyətə başladıqdan sonra oranın işlədilməsinə o nəzarət etmişdir. “Simfoniya Hall” şadlıq sarayı 11 iyul 2018-ci il tarixdə fəaliyyətə başladıqdan sonra toy və şənlik məclisləri keçrilmişdir. Məclislərin keçrilməsinə görə qazandıqları pul vəsaiti onunla Nurəli Allahyarov arasında bərabər bölünməli idi. Şadlıq sarayını birgə işlətməli və şadlıq sarayının fəaliyyətindən əldə olunan gəlir aralarında bərabər surətdə bölünməli idi. Şadlıq sarayı fəaliyyətə başladıqdan bir müddət sonra, 2019-cu ilin iyun ayında həm şadlıq sarayının, həmdə ümumi bizneslərinin 6 aylıq hesabatı ilə tanış olarkən iddiaçı görmüşdür ki, Allahyarov Nurəli və ailə üzvləri xərc üçün artıq pul götürüblər. Nurəli Allahyarovun ailə üzvləri tərəfindən artıq pul xərcləmələri ilə əlaqədar aralarında narazılıq yarandı. İddiaçı Nurəliyə təklif etmişdir ki, “Şadlıq sarayına” çıxarış alınsın və əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar. Nurəli razılaşmışdır. O, təklif etmişdir ki, Rafiq ona etibarnamə versin, Daşınmaz Əmlakdan çıxarış alsın, əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar və gəlirin bölünməsinə razılaşsınlar. Nurəli onunla razılaşmış, əmlak üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasının sənədləşdirilməsinin aparılması üçün 12 iyul 2019-cu il tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisində ona etibarnamə vermiş, həm də həmin tarixdə “Birgə fəaliyyətə dair müqavilə” bağlamışlar. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. əmlak alınarkən və torpaq sahəsində ictimai-iaşə obyekti inşa etdildikləri vaxtdan şifahi olaraq razılaşmışlar ki, mülkiyyətin kimin adına sənədləşdirilməsindən asılı olmayaraq həmin əmlaklar hər ikisinin birgə mülkiyyətidir, obyektin fəaliyyətindən əldə olunmuş gəlir onunla X6 arasında bərabər bölünəcəkdir. Aralarında olan şifahi razılaşma 12 iyul 2019-cu il tarixdə müqavilənin yazılı formasında “Birgə fəaliyyətə dair” müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Müqavilənin 7.3-cü bəndi ilə razılığa gəlinmişdir ki, hazırkı müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir. Obyekt fəaliyyətə başladıqdan sonra xərclərin artması və qazanılmış pul vəsaitinin xərclənməsində aralarında narazılıq yarandı. 2019-cu il ərzində Nurəli Allahyarov özü və ailə üzvləri 296.500 manatı, o isə 72.500 manat pulu xərc olaraq götürmüşdür. O, buna etiraz etdikdə Nurəli ailə üzvlərinin işləyib əmək haqqı aldıqlarını, həmin pulun onlara əmək haqqı kimi hesablanmasını bildirmişdir. O, bununla razılaşmayıb. 2020-ci ilin yanvar ayında təklif etmişdir ki, ayrılsınlar, şadlıq sarayındakı paylarını bölsünlər. Nurəli ona bildirmişdir ki, kimə və neçəyə istəsə satsın və ona 10.000.000 ABŞ dolları pul versin. Fəxrəddin isə 10.000.000 ABŞ dolları istəmədiyini, ona 5.000.000 ABŞ dolları verməyini bildirmişdir. Nurəli onunla razılaşmış və 31 dekabr 2020-ci il tarixədək ona 5.000.000 ABŞ dolları verəcəyini bildirmişdir. Razılığa gəlsələr də pulu ona ödəyib qurtaranadək birgə fəaliyyətlərini davam etdirmişlər. 2020-ci ilin avqust ayında Nurəli heç bir razılaşmasının olmadığını bildirmişdir. Aralarında olan danışıqlar nəticə vermədiyinə görə cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya göndərərək onun tərəfindən çəkilmiş xərclərin ödənilməsini və yaxud aralarında bağlanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə uyğun olaraq müqavilənin ləğv edilməsini, müqaviləyə xitam verilməsini bildirmişdir. Təkrar olaraq 12 mart 2022-ci il tarixdə Cavabdeh ərizə göndərərək müqavilənin ləğv edilməsi və əmlakın aralarında bərabər qaydada bölünməsinə dair təklifini bildirməsini xahiş etmiş, Cavabdeh cavab verməmişdir. 2020-ci ilin avqust-sentyabr aylarından Nurəli Allahyarovun və oğlanlarının onunla mübahisə yaradaraq dalaşmağa cəhdlər etdiklərindən “Simfoniya Hall” Şadlıq Sarayına gedə bilmir, şadlıq sarayının işlədilməsində iştirak edə bilmir, qazanılmış pul vəsaitinin aralarında bölgüsü aparılmır.

3. İddia ərizəsinin dəyişdirilməsi barədə ərizədə qeyd olunmuşdur ki, iddianın əsasını tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə təşkil edir. Həmin müqavilənin 2, 3, 7-ci bəndlərinə istinad olunaraq qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında müqavilə ilə razılaşdırılmış şərtlərə dair mübahisə yaranmış, tərəflər arasında mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməmiş, mübahisənin həlli ilə əlaqədar cavabdehə yazılı qaydada müraciət edilmiş, müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan torpaq sahəsinin və üzərində olan əmlakın qiymətləndirilərək bölünməsi təklif edilmiş, cavabdeh tərəfindən mübahisənin həllinə dair təkliflərə cavab verilməmiş, mübahisənin həlli ilə əlaqədar təklif verilməmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf məhkəməyə yazılı izahat təqdim etmiş, eyni zamanda iddia ərizəsinin, iddia ərizəsinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edib iddianın əsassız olduğunu bildirirək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqavilədən cavabdehin xəbəri olmamış, cavabdeh notariusa etibarnamə vermək üçün getmiş, etibarnaməyə imza etdiyini hesab etmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müqavilə onlar tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, bildirmişdir ki, torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə bağlı sənədlərdəki imzaların kimə məxsus olduğunu mübahisələndirmirlər, həmin imzalar İddiaçı məxsus olsa belə, bu cavabdehin şifahi tapşırığı əsasında olmuş, qeyri-yaşayış sahələri cavabdehin vəsaiti hesabına inşa olunmuşdur. Eyni zamanda bildirmişdir ki, şadlıq sarayı fəaliyyətə başlayan gündən İddiaçı fəaliyyətə heç bir aidiyyətı olmamış, onunla gəlir bölüşdürülməmişdir.

6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndə və vəkili X8 izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh arasında olan hazırkı mübahisəyə X3 aidiyyətı yoxdur. Eyni zamanda iddianın rədd olunmasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binasına Cavabdeh mülkiyyət hüququnun ləğv edilməsi tələbi ilə bağlı

8. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən **********30-06301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi tələbini irəli sürmüş və tələbinin əsası olaraq göstərmişdir ki, qeyd olunan əmlak X2 birgə kommersiya fəaliyyətindən qazandıqları pul vəsaiti ilə hər ikisinə məxsus olan əmlak kimi alınmış, formal olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir.

9. İş materiallarında olan 15 dekabr 2010-cu il tarixli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsində 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 51,4 kv.m ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 1 500 000 manat müqabilində X15 tərəfindən Cavabdeh satılmışdır.

10. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı ş., Binəqədi rayonu, 7-ci mkr., X16, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsi 2011-ci ildə Cavabdeh adına rəsmiləşdirilmişdir.

11. Göründüyü kimi mülkiyyət hüququnun ləğv edilməsi tələbi irəli sürülən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə Cavabdeh mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada bağlanmış 15 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əsasında yaranmışdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

13. Məhkəmə qeyd edir ki, torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə Cavabdeh mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsi ləğv olunmadığından və ya etibarsız hesab olunmadığından daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən qeyd olunan əmlakın həqiqi mülkiyyətçisi cavabdeh hesab edilir.

14. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh mülkiyyət hüququnun ləğv edilməsi tələbi əsassızdır və təmin oluna bilməz.

b) “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqaviləyə xitam verilməsi tələbi ilə bağlı

15. İddiaçının tələblərindən biri tərəflər arasında bağlanmış 12 iyul 2019-ci il tarixli müqavilənin xitam verilməsindən ibarətdir.

16. Məhkəmə qeyd edir ki, əqdlərin ləğvetmə və xitam anlayışları hazırkı halda eynilik təşkil edir. Belə ki, ləğvetmə xitam hallarının xüsusi bir təzahür formasıdır, həm xitam anlayışı, həm də ləğvetmə anlayışı əqdlərlə bağlı olduqları halda hüquq münasibətlərinin və onlarının nəticələrinin aradan qalxmasını bildirir.

17. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə tərəflərdən birinin təşəbbüsü ilə də pozula bilər. Bu halda təşəbbüskar tərəf müqavilənin pozulması barədə 1 il qabaqcadan digər tərəfə yazılı surətdə məlumat verir. Müqavilənin 5.1.-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, müddətsizdir.

18. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə göndərilən və Cavabdeh tərəfindən qəbzə imza etməklə qəbul edilən pretenziyadan görünür ki, İddiaçı onun vəsaiti hesabına 2 ədəd şadlıq sarayının tikildiyini, içərilərini avadanlıq və əşyalarla təmin etdiyini, qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı bütün xərclərin onun tərəfindən çəkildiyini, uzun müddətdir ki, onu obyektlərə buraxmadığına, əldə olunan gəliri onunla bölüşdürmədiyinə görə müqaviləyə xitam vermək niyyətində olduğunu qeyd etmiş, “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin ləğv olunmasını, onun tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə, avadanlıqların alınmasına, əşyalarla təchiz edilməsinə xərclədiyi pul vəsaitinin 3 gün müddətində ödənilməsini xahiş etmiş, əks halda müqavilənin ləğv edilməsi və pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

19. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında (xx.xx.2022-ci il tarixli) qeyd olunan pretenziya məktubunu aldıqlarını bildirmiş, cavabdeh tərəf bu halı mübahisələndirməmişdir.

20. Bundan başqa, “Birgə fəaliyyətə dair” müqavilənin 3.1-ci bəndinə əsasən hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür.

21. İddiaçı tərəf bildirir ki, şadlıq sarayının fəaliyyəti nəticəsində əldə olunmuş gəlirdən bir müddət payını götürmüş, 2020-ci ildən münasibətlər pozulmağa başlamış, bundan sonra ona fəaliyyət nəticəsində əldə olunmuş gəlirdən pay verilməmiş, şadlıq sarayına buraxılmamışdır.

22. Cavabdeh tərəf bildirir ki, iddiaçının şadlıq sarayının fəaliyyəti ilə, ümumiyyətlə, əlaqəsi olmamış, ona heç vaxt şadlıq sarayının fəaliyyəti nəticəsində əldə olunmuş gəlirdən pay verilməmişdir.

23. Məhkəmə cavabdehin iddiaçının şadlıq sarayının fəaliyyəti ilə heç bir əlaqəsinin olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə tərəflərinin fotoşəkilləri çəkilməklə notariat ofisində bağlanmış və notarius tərəfindən təsdiq olunmuşdur. Həmin müqavilə Cavabdeh tərəfindən mübahisələndirilməmiş, etibarsızlığı tələbi irəli sürülməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş şadlıq sarayının açılışı ilə bağlı audio-video görüntüdən aydın olur ki, İddiaçı həmin açılış mərasimində şərik qismində iştirak etmişdir.

24. Məhkəmə bildirir ki, müqavilənin ləğvi tələbinin qanuni əsasları kimi aşağıdakı maddi hüquq normaları nəzərdən keçirilə bilər.

25. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

26. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

28. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

29. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallar.

30. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

31. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, bu qayda müqavilənin birtərəfli qaydada ləğv edilməsi halına aiddir və müqavilənin ləğvinin və dəyişdirilməsinin xüsusi prosedur qaydasını müəyyən etmişdir. Həmçinin qeyd edilən maddədə müəyyən olunmuş müddətdə təkliflə bağlı razılıq əldə olunmadığı təqdirdə müqavilənin məhkəmə yolu ləğv edilə biləcəyi imkanı nəzərdə tutulmuşdur. Eləcə də sözügedən norma ümumi norma kimi deyil, xüsusi norma kimi qəbul edilməlidir.

32. Məhkəmə müəyyən edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən 1 il əvvəl müqaviləyə xitam vermək niyyətində olduğunu qeyd edib müqavilənin ləğv olunmasını cavabdehdən xahiş etmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənən 3.1-ci bəndinin tələbləri pozularaq şadlıq sarayının fəaliyyəti nəticəsində əldə olunmuş xalis gəlir tərəflər arasında bərabər bölüşdürülməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilənin 3.1-ci bəndinin tələbləri məhz Cavabdeh tərəfindən pozulmuşdur. Qeyd olunan hal həm cavabdeh tərəfin məhkəmə iclasında vermiş olduğu izahatı, həm də iş materiallarına gəlirlərin bölüşdürülməsi barədə sənədin təqdim edilməməsi ilə təsdiqini tapır. Beləliklə, müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olduğundan qeyd olunan müqavilənin ləğvi üçün əsas yaranmışdır.

33. Belə olan halda işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilə ləğv olunması hissəsində iddia əsaslıdır və təmin olunmalıdır.

c) Torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək tərəflər arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması

34. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin: - 1.1-ci bəndinə əsasən tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlirlər. - 2-ci bəndinə əsasən birgə fəaliyyət həyata keçirilməsi məqsədilə “İ tərəf” Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X16 küçəsi, 13E ünvanında yerləşən torpaq sahəsini təqdim edir, “İİ tərəf” İddiaçı həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Əmlakın texniki xarakteristikaları: - qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhlükəsizlik və sanitar-gigiyenik normalara cavab verir; - yanğına qarşı müasir avtomatlaşdırılmış su çiləyici kranla təchiz olunub; - əmlakın ətrafyanı sahəsi abadlaşdırılmış və yaşıllaşdırılmış vəziyyətdədir.

- 3.1.-ci bəndinə əsasən hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. - 7.3.-cü bəndinə əsasən hazırkı müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir. - 1.2.2-ci bəndinə əsasən “İ tərəf” Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X16 küçəsi, 13E ünvanında yerləşən torpaq sahəsini və “İİ tərəf” İddiaçı həmin torpaq sahəsinin üzərində tikilməkdə və təmir edilməkdə olan 2 mərtəbəli, 2 korpuslu ictimai və iaşə xidmətləri göstərilməsi üçün qeyri-yaşayış obyektinin xərclərinin öz vəsaiti hesabına maliyyələşdirilməsini birgə fəaliyyətin məqsədləri üçün təqdim edirlər.

35. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və Mülki Məcəllənin 6.1.5-ci maddəsində qeyd olunan müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

36. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

37. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur.

38. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium).

41. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur. Həmin Qərarda qeyd olunmuşdur ki, mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.

42. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə birgə fəaliyyətə dair xüsusi müqavilə növü nəzərdə tutulmasa da, mülki qanunvericilikdə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatının verildiyi müqavilə azadlığı prinsipinin tələblərinə görə belə bir müqavilənin bağlanması qanuni olmaqla hazırkı iş üzrə tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə Mülki Məcəlləyə zidd deyildir. Ona görə də tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdən keçirilə bilər.

43. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilədən Cavabdeh xəbəri olmadığını qeyd etsə də, həmin müqavilə Cavabdeh tərəfindən mübahisələndirilməmiş, onun etibarsızlığı tələbi irəli sürülməmişdir. Bu səbəbdən də tərəflər arasında olan münasibətə qeyd olunan müqavilə çərçivəsində qiymət verilməli, müqavilə ilə tənzimlənən məsələlər müqavilənin şərtləri çərçivəsində dəyərləndirilməlidir.

45. Belə olan halda birgə fəaliyyətin həyata keçirilməsi məqsədi ilə tərəflərin müqavilənin bağlanması zamanı təqdim etdikləri əmlaklar və müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda həmin əmlakların bölünməsi ilə bağlı tərəflərin iradə ifadəsi şübhə altına alına bilməz.

46. İş materiallarında olan sənədlərdən (tikintiyə icazə verilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 89 saylı, xx.xx.2016-cı il tarixli sərəncam, tikinti işlərinə başlanılması üçün əsas olan xx.xx.2016-cı il tarixli xüsusi nişan, tikintiyə icazə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 143 saylı sərəncam, tikinti obyektlərinə dair şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli 159 saylı sərəncam, layihə məhsullarının yaradılması haqqında müqavilə, tikinti ilə bağlı xx.xx.2016-cı il tarixli podrat müqaviləsi və s.) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən 51,4 kv.m qeyri-yaşayış sahəsi sökülmüş, onun yerində 2 qeyri-yaşayış binası tikilmiş, tikinti obyektlərinə kod verilmiş, xx.xx.2021-ci il tarixdə isə 2 qeyri-yaşayış binasından ibarət olan tikinti obyektinin istismarına icazə verilmişdir.

47. İddiaçı bildirir ki, birinci korpus tam hazır olduğundan 2018-ci ilin iyul ayında açılışı olmuş, ikinci korpusda təmir-tikinti işləri davam etmiş və 2019-cu ilin payız ayında ikinci korpus da istifadəyə verilmişdir. Cavabdeh bu halı mübahisələndirməmişdir.

48. Məhkəməyə təqdim olunmuş sifarişçi Cavabdeh və icraçı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu arasında bağlanmış layihə məhsulunun yaradılması haqqında xx.xx.2016-cı il tarixli 14029 saylı müqavilə, müqavilə dəyərinin razılaşdırılması haqqında protokol, müqavilənin dəyərinin ödəniş qəbzi, "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli podrat müqaviləsində və qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı təqdim olunmuş digər sənədlərdə Cavabdeh adının qeyd olunduğu qrafalardakı imzaların İddiaçı məxsus olması halını cavabdeh tərəfindən mübahisələndirməmiş, iddiaçı tərəf həmin imzaların İddiaçı məxsus olmasını bildirmiş, cavabdeh tərəf isə belə hal olsa belə həmin sənədləri imzalaması və müvafiq işləri görməsi üçün Cavabdeh tərəfindən verilmiş tapşırıq əsasında İddiaçı tərəfindən edildiyini bildirmişdir.

49. Məhkəmə bildirir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh adına qeydə alındığı üçün onun üzərində tikiləcək tikililərlə bağlı sənədləşmələrdə Cavabdeh adının qeyd olunmasının zəruriliyi qanunvericiliyin tələbi baxımından ağlabatandır və tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədə İddiaçı torpaq sahəsinin üzərində tikilməkdə və təmir edilməkdə olan 2 mərtəbəli, 2 korpuslu ictimai və iaşə xidmətləri göstərilməsi üçün qeyri-yaşayış obyektinin xərclərinin öz vəsaiti hesabına maliyyələşdirilməsini birgə fəaliyyətin məqsədləri üçün təqdim etdiyinin razılaşdırıldığı nəzərə alındıqda sənədləşmələrdə Cavabdeh adının qeyd olunması iddiaçının ziyanına şərh oluna bilməz.

50. Məhkəmə iclasında şahid qismində dindirilən tikinti obyektinin podratçısı olmuş "xxxx" MMC-nin direktoru X10 ifadəsində bildirmişdir ki, müqavilədə Cavabdeh adı qeyd olunmuş, faktiki sifarişçi kimi İddiaçı və Allahyarov Nurəlini tanımış, rəhbərliyi onlar etmiş, ödənişləri çox vaxt İddiaçı etmiş, qiymət razılaşması olan zaman İddiaçı və Allahyarov Nurəli orada olmuş, Cavabdeh orada olub-olmaması və müqaviləni imzalayanın kim olduğu dəqiq yadında deyil.

51. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili şadlıq sarayların tikintisi ilə bağlı sərf olunan vəsaitin cavabdehə məxsus olmasını etirazının əsaslarından biri kimi qeyd etsə, də, məhkəməyə bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

52. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2020-ci il olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin ölçüsü 0,4991 ha kimi qeyd olunmuşdur.

53. Məhkəmə hesab edir ki, “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin 7.3-cü bəndinə istinadən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, 13 E ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən əmlakların ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiaçının tələbi əsaslıdır.

54. Mülki Məcəllənin tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

55. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsində yerləşən cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilən qeyriyaşayış binaları səlahiyyətli dövlət orqanının müvafiq icazəsi əsasında tikilmiş və tikinti obyektlərinin istismarına icazə verilmişdir.

56. Qanunvericiliyin tələbini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olur ki, qeyd olunan torpaq sahəsində tikilən qeyri-yaşayış binaları özbaşına tikili deyildir, sadəcə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Mülkiyyət hüququnun 3 elementdən ibarət olduğunu nəzərə alan məhkəmə Mülki Məcəllənin 146.2-ci maddəsinin tələblərindən çıxış edərək vurğulayır ki, əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun əmələ gəlmə əsası kimi çıxış edir.

57. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

58. Mülki Məcəllənin 139-1.1 və 139-1.1.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

59. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

60. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.

61. Tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli müqavilənin məqsədləri üçün təqdim olunmuş əmlakların bölünə bilməyən əmlaklar olduğunu nəzərə alan məhkəmə müqavilənin 7.3-cü bəndində əmlakların bərabər bölünməli olduğuna dair müqavilə şərtinə ağlabatan mühakimə əsasında qiymət verərək qeyd edir ki, qeyd olunan daşınmaz əmlak üzərində tərəflərin bərabər paylarla mülkiyyət hüququ tanına bilər.

62. Əmlakın bölünməsi ilə bağlı tələb hissəsinə məhkəmə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı Mülki Məcəllənin tələbləri baxımından qiymət verərək bildirir ki, əmlaklar üzərində iddiaçının paylı mülkiyyət hüququ yarandıqdan sonra Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada payının ayrılması tələbini irəli sürə bilər.

63. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvi tələbini irəli sürdüyündən və sözügedən tələbi həmin hissədə əsaslı olduğundan “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən olunmalıdır.

d) Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: əmlakın tələb edilməsi haqqındakı iddialarda-tələb edilən əmlakın dəyəri ilə (112.1.1).

67. İddia tələblərindən birini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək onunla cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması tələbi təşkil edir.

68. Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

69. İşə məhkəmədə baxılan zaman təqdim olunan xx.xx.2022-ci il tarixli QR-058-22 nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsinin qiyməti 3 193 920 manat, üzərində yerləşən əmlakların isə qiymətləri müvafiq olaraq 3 827 000 və 3 760 000 manat təşkil edir.

70. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən iddianın qiyməti 1.000.000 manatdan çox olduqda dövlət rüsumunun məbləği 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) kimi hesablanır.

71. İddiaçının üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyi əmlakların ümumi dəyəri 10 780 920 (3 193 920+3 827 000+3 760 000) manat təşkil edir, iddiaçı isə əmlaklar üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə olan halda iddianın qiyməti 5 390 460 manat (10 780 920:2) təşkil etdiyindən dövlət rüsumu qeyd olunan məbləğ əsasında hesablanmalıdır.

72. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ödənilməli dövlət rüsumunun məbləği 3485,23 manat (1290+((5 390 ***-*******) x0,05):100)) təşkil edir.

73. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

74. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

76. Mediasiya xərci olaraq ödənilmiş müvafiq məbləğ həddində iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, bu halda qanunun tələbinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı olduğundan məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun hesablanmış 3485,23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

77. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilə ləğv olunsun. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X16 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən olunsun. Dövlət rüsumunun əvəzi olaraq 6180 (altı min yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar