Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4486/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4in cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X4in cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 58871.48 manat pulun və 400 manat mediasiya sessiyasına görə ödənilmiş haqqın və 500 vəkilə ödənən pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 58871.48 manat pulun və 400 manat mediasiya sessiyasına görə ödənilmiş haqqın və 500 vəkilə ödənən pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və X4 arasında 26 avqust 2021-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün texnika ilə bağlı sifariş edilmiş xidmətlər və Xidmət Sifarişində göstərilmiş texnikalarla cavabdehin əvvəlcədən müəyyən etdiyi iş yerlərində xidmətlər göstərmişdir. 26 avqust 2021-ci il tarixli müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilə tərəflər onu imzalayan andan qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədə olur. Müqavilənin qüvvədə olma müddəti 26 avqust 2022-ci il tarixində bitmişdir. Lakin müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq müddət bitən tarixdən bu günə kimi X4 tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin icrası davam etdirilmişdir. Müqaviləyə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Lakin 2022-ci ilin oktyabrından etibarən cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə ödənişlər dayandırlımışdır. Bununla belə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi 2023-cü ilin iyul ayına kimi davam etdirilmiş, yalnız bundan sonra 26 avqust 2021-ci il tarixli müqavilənin ləğv olunması, yerinə yetirilmiş xidmətlərə görə vəsaitlərin ödənilməsi xahiş olunmuşdur. Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmiş, sifarişçiyə verilmiş xidmət texnikaları onun tərəfindən icraçıya geri qaytarılmış, ancaq yerinə yetirilmiş xidmətlərə görə vəsaitləri ödəmək öhdəliyi yerinə yetirilməmişdir. Müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə görə 2022-ci ilin oktyabr ayı üçün 7438.08 manat, noyabr ayı üçün 7374.23 manat, dekabr ayı üçün 7342.31 manat, 2023-cü ilin yanvar ayı üçün 6576.15 manat, fevral ayı üçün 7661.54, mart ayı üçün 6145.19 manat, aprel ayı üçün 7076.28 manat, may ayı üçün 6863.46 manat və iyun ayı üçün 2394.24 manat olmaqla cəmi 58871.48 məbləğində ödəniş X3 ödənilməlidir. Lakin cavabdeh tərəfindən qeyd olunan aylar üçün X3 göstərilən xidmətlərə göstərilmiş ödənişlər edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi müqavilə üzrə ödənilməli məbləğ olan 58871.48 (əlli səkkiz min səkkiz yüz yetmiş bir manat qırx səkkiz qəpik) manat pul cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı müqavilə üzrə ödənilməli məbləğlə bağlı mübahisə etmir. Lakin vəkilə ödənilməli məbləğ və mediasiya xərci cavabdeh tərəfindən ödənilməmişdir. Sonda iddiaçının vəkili Qeyd olunan məsələnin, MPM-in 8-ci fəslinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X4 cavabdeh “X5 Transportation Services” MMC-yə qarşı pulun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir Həmin iş üzrə cavabdeh müqavilə üzrə qalıq borc məbləği tam şəkildə ödəmiş və hazırda mübahisə olunan məsələ aradan qalxmışdır. Həmin ödənişin aparılmasını təsdiq edən sənədlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, iddiaçı tərəfin nümayəndəsi və vəkili ilə əlaqə saxlanılmış və ödəniş edilməsi barədə məlumat verilmişdir. İddiaçı tərəf isə ödənişin olunmasını etiraf edərək qəbul etmiş və məhkəmə işinin baxılmamış saxlanılması barədə ərizə verəcəyini bildirmişdir. Sonda cavabdehin nümayəndəsi e-2-2(113)-4486/2023 saylı işə xitam verilməsini məhkəmədən xahiş etmişdir.
5. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 26 avqust 2021-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün texnika ilə bağlı sifariş edilmiş xidmətlər və Xidmət Sifarişində göstərilmiş texnikalarla cavabdehin əvvəlcədən müəyyən etdiyi iş yerlərində xidmətlər göstərmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 58871.48 məbləğində borcu qalmışdır.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. İş materiallarına əlavə olunmuş, tərəflərin ərizələrindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya olan borc mübahisə məhkəmənin icraatında oldugu müddətdə ödənilmişdir.
14. Məhkəmə hesab edir ki, borc cavabdeh tərəfindən ödənildiyindən iddia rədd edilməli, lakin iddianın verilməsi ilə baglı məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş taşırıgından müəyyən olunur ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 500 manat ödəniş edilmişdir.
17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, Mediasiya xərcinə görə ödənilmiş 400 manat və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia rədd edilsin. Mediasiya xərcinə görə ödənilmiş 400 manat və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev